Məhkəmə qərarları › İş №2(107)-156/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-156/2021

29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-156/2021 29.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Kərimli İsmayıl Aslan oğlunun katibliyi, Cavabdeh2 iştirakları ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya ödənişinin tutulması tələbi”nə dair iddiası ilə bağlı mülki iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(024)-87/2020 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(024)-87/2020 nömrəli qətnaməsi ilə (hakim Malik Qarayev) iddia qismən təmin edilmiş, Cavabdeh2 1750 (bir min yeddi yüz əlli) manat məbləğində dəymiş ziyan və 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı “xxxx” ASC-nə ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1750 (bir min yeddi yüz əlli) manat məbləğində dəymiş ziyan və 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı “xxxx” ASC iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixində, saat 14:08 radələrində, Qax rayonu Heydər Əliyev prospektində Cavabdeh2 etibarnaməsiz Cavabdeh1 məxsus olan və “xxxx” ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə mülki məsuliyyəti sığortalanmış “Opel Omega B cara” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələbini pozmuş, nəticədə “xxxx” MMC-yə məxsus olan və Ursula Katharina tərəfindən idarə olunan “Ford Tourneo” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Qax RPŞ tərəfindən təqdim olunmuş xx.xx.2018-ci il tarixli, TYP 066239 saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən “Opel Omega B cara” markalı, **- BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 təqsirli bilinmişdir. xx xxxxxx 2018-ci il tarixli 04795 saylı Ödəniş tapşırığından görünür ki, “xxxx” ASC tərəfindən X3 dəymiş zərərə görə 1750 (bir min yeddi yüz əlli) manat məbləğində ödəniş edilmişdir. Beləliklə, Cavabdeh1 məxsus olan “Opel Omega B cara” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 etibarnaməsiz idarə etməsi səbəbindən cəmiyyətin cavabdehlərə qarşı subroqasiya hüququ yaranmışdır. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Cavabdeh1 və Cavabdeh2 1750 (bir min yeddi yüz əlli) manat məbləğində dəymiş ziyan və 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutularaq “xxxx” ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məlumat verilməsinə baxmayaraq iddiaçı “xxxx” ASC-nin etibarnamə üzrə nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə ərizə göndərərək iddia tələbini müdafiə etdiyini və işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, Cavabdeh1 əvvəlki məhkəmə iclasında iştirak etməsinə baxmayaraq sonuncu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə iddiaçının etibarnamə üzrə nümayəndəsinin və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 birinci instansiya məhkəməsinin iclasında izahat verərək göstərmişdir ki, həmin yol-nəqliyyat hadisəsi onun deyil, xarici ölkə vətəndaşının idarə etdiyi icarə şirkətinə məxsus olan avtomobilin sürücüsünün təqsiri ucbatından baş vermişdir. Belə ki, həmin avtomobil onun idarə etdiyi “Opel Omega” markalı avtomobili arxadan vurmuşdur. Lakin buna baxmayaraq həmin hadisədə o təqsirli bilinmiş və inzibati məsuliyyətə cəlb olunmuşdur. İddianı qəbul etmir, rədd edilməsini xahiş edir. Cavabdeh1 əvvəlki məhkəmə iclasında göstərmişdir ki, mülkiyyətində olan “Opel Omega B cara” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili baş etibarnamə əsasında Cavabdeh2 yox, başqa şəxsə satmışdır. Cavabdeh2 həmin avtomobili etibarnamə əsasında alan dördüncü şəxsdir. Cavabdeh2 həmin avtomobili öz adına rəsmiləşdirməmiş, etibarnaməni müddəti bitdikdən sonra isə yol nəqliyyat hadisəsi törədərək başqa avtmobilə zərər vurmuşdur. Avtomobilin texniki pasportunda avtomobilin sahibi kimi onun adı qeyd olunduğundan iddiaçı Cavabdeh2 ilə yanaşı ona qarşı iddia qaldırmışdır. Həmin avtomobili başqa şəxsə satan zaman baş etibarnamə vermişdir ki, etibarnamə əsasında avtomobili öz adına rəsmiləşdirə bilsin. İddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh2 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qətnamənin qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, Qax Rayon Məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir və bu səbəbdən qətnamə ləğv edilməlidir və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, “xxxx” ASC məndən xx.xx.2018-ci il tarixdə baş vermiş avtoqəza zamanı “xxxx” MMC-yə məxsus olan və Ursula Katharina tərəfindən idarə olunan “Ford Tourneo” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan nəticəsində “xxxx” ASC tərəfindən X3 dəymiş zərərə görə ödənilmiş 1750 manatı tələb edir. Lakin onun tərəfindən “xxxx” MMC-yə məxsus olan və Ursula Katharina tərəfindən idarə olunan “Ford Tourneo” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə heç bir ziyan vurulmamışdır. Əksinə mənim idarə etdiyim avtomobilə yəni “Opel Omega B cara” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin avtomobil tərəfindən vurulmuşdur. Belə ki, o, xx.xx.2018-ci il tarixdə arvadı X2 və onun iş yoldaşı Quloşvili Cumbeni iş yerlərindən yəni Qax rayonu, Qaxingiloy kənd tam orta məktəbindən götürərək evlərinə aparırdım. Quloşvili Cumbenini yaşadığı evin yaxınlığında avtomobilini döndərib əks istiqamətinə keçmək istəyərkən avtomobilin dönmə işığını yandırıb sol tərəfə dönərkən digər istiqamətdən gələn avtomobilllərin gəlib keçməsini gözləyən zaman arxadan gələn “xxxx” MMC-yə məxsus olan və Ursula Katharina tərəfindən idarə olunan “Ford Tourneo” markalı, 90-PL- 930 dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi “Opel Omega B cara” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili sol arxa təkər istiqamətindən vurmuşdur. Həmin vaxt Ursula Katharina avtomobili həddən artıq yüksək surətlə idarə edirdi və onun avtomobilinin 45 metr əyləc izi qalmışdır. Təxmini 2 dəqiqə sonra DYP-nin əməkdaşları hadisə yerinə gəldilər və Elbrus adlı DYP-nin əməkdaşı hadisə yerini çəkərək ona bildirmişdir ki, onun heç bir təqsirin yoxdur. Bundan sonra onları polis şöbəsinə apardılar və orada onlara anlamadığı bir izahat yazmağı tələb etdilər. O, həmin vaxt bildirdikdə ki, ona tərcüməçi təqdim edin, Elbrus adlı DYP əməkdaşı bildirdi ki, sən mən deyəni yaz narahat olma. Etiraz edəndə Elbrus adlı DYP əməkdaşı ona təyziq və təsir göstərərək bildirmişdir ki, avtomobilini içəri salamışam ona görə yazmırsan, yazmasan maşınını içəri salaram. Həmin vaxt o, ona məlum olmayan izahatı yazmağa məcbur qaldım, lakin nə yazdığı ona məlum olmamışdır. Həmin vaxt ona bildirdilər ki, səni sadəcə olaraq etibarnaməsiz avtomobil idarə etməyə görə 40 manat cərimə edəcəyik. Həmin vaxt ona nə inzibati xəta haqqında protokol, nə də ki, inzibati tənbeh təqdim etmə barədə qərar təqdim edilməmiş və ya rəsmi qaydada gürcü dilinə tərcümə edilmiş variantı göndərilməmişdir. Onun belə bir protokolun və qərarın mövcudluğundan xəbəri olmamışdır. Təxmini 1 ildən artıq müddət keçdikdən sonra Qax Rayon Məhkəməsindən ona bildiriş gəldikdə görmüşdür ki, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti ona və avtomobilin sahibi Cavabdeh1 qarşı “subroqasiya ödənişinin tutulması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 1750 manat məbləğində dəymiş ziyan və 30.40 manat dövlət rüsumunun tutularaq “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax rayon məhkəməsi xx xxxx 2020-ci il tarixli, 2(024)-87/2020 nömrəli qətnaməsi ilə iddiaçı xxxx ASC-nin tələbini qismən təmin etmişdir. Həmçinin qətnamədə göstərildiyi kiimi iş materiallarında olan avtomobilə dəymiş zərərin hesablanmasına dair aktda da qeyd edilmişdir ki, “Ford Tourneo” markalı nəqliyyat vasitəsinin ön sağ farasının, ön buferinin sağ kranşteyni, ön sağ qanadın kranşteyni, knopkasından ibarət ehtiyat hissələrinin dəyəri cəmi 720 manat, ön kapot, ön sağ qanad, ön panel, ön buferaltı şvellerin təmiri 380 manat, ön bufer, ön buferin setkası, ön kapot, ön sağ qanad, ön sağ qapı və duman əleyhinə fara örtüyünün rənglənməsi 450 manat, ön hissənin sökülüb- yığılması 120 manat, ön bufer, ön buferin setkası, öz sağ duman əleyhinə fara körtüyünün təmiri 80 manat olmaqla avtomobilə çəkilən xərclərin ümumi məbləğinin 1750 manat təşkil etməsi qeyd edilmişdir. Lakin birinci instansiya məhkəməsinin qətnaməsinə nəzər saldıqda yuxarıda qeyd edilən aktın hansı tarixdə tərtib edilməsi, kimlər tərəfindən imzalanması, həmin aktda qeyd edilən “Ford Tourneo” markalı nəqliyyat vasitəsinin hansı dövlət qeydiyyat nişanlı avtomobil olması, həmin avtomobilin təmiri zamanı istifadə edilmiş ehtiyat hissələrinin hansı mənbədən əldə edilməsi, onun əldə edilərkən qiymətinin neçəyə olması, həmçinin avtomobilin təmirdən əvvəlki fotoşəkilləri, təmir zamanı avtomobildə zədələnməsinə görə dəyişdirilmiş detalların fotoşəkilləri, onların fərqlənmə məlumatları (yəni bəzi ehtiyat hissələrinin nömrələri, barkodları, hansı ölkə tərəfindən istehsal edilməsi badrə fərdiləşmə məlumatları), həmçinin təmir zamanı həqiqətəndə həmin hissəsnin təmir edilməsini təsdiq edən təmirdən əvvəlki və təmirdən sonrakı fotoşəkilləri qeyd edilməmişdir. Əgər həmin akt həqiqəti əks etdirsəydi həmin aktda qeyd etdiyim məlumatlar əks olunar, qeyd etdiyim fotoşəkillər əlavə edilər və avtomobildə dəyişdirilməsi qeyd edilən ehtiyat hissələrinin qaifə- fakturası və ödəniş qəbzləri əlavə edilərdi. Bilindiyi ki, həmin akt saxtadır və orada olan məlumatlar şişirdilmişdir. Həmin avtoqəza nəticəsində onun avtomobilinə dəymiş zərərin şəkillərinə nəzər saldıqda görürük ki, qarşı tərəfin avtomobilinə həmin həcmdə zərərin dəyməsi mümkün deyil. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçılar tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Həmçinin qətnamənin qət etdi hisəsində qeyd edilmişdir ki, 30.40 manat dövlət rüsumu ondan tutularaq “xxxx” ASC-yə ödənilməsi qət edilmişdir. Lakin birinci instansiya məhkəməsi dövlət rüsumu ilə xidmət haqqını ayırd edə bilmir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəyirlər. Qeyd edilən 0.40 manat isə dövlət rüsumunun ödənilməsi üçün bank tərəfindən tutulan xidmət haqqıdır. Lakin birinci instansiya məhkəməsi isə 30.40 manat dövlət rüsumunun ödənilməsini qət etmişdir. Buradan da görünür ki, birinci instansiya məhkəməsi iddia ərizəsini elə gözüyumulu təmin etmişdir ki, iddia ərizəsində iddiaçının qeyd etdiklərini baxmadan araşdırmadan təmin etmişdir. Yuxarıda qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(024)-87/2020 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(024)-87/2020 nömrəli qətnaməsini ləğv edərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(024)-87/2020 nömrəli qətnaməsi dəyişdirilməli, Cavabdeh2 vurulmuş zərərin əvəzi olaraq alınıb iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə verilməsi qət edilmiş olan 1750 (bir min yeddi yüz əlli ) manat pulun məbləği 1648 (bir min altı yüz qırx səkkiz) manat, cəmi məbləğ isə 1678,40 (bir min altı yüz yetmiş səkkiz manat qırx qəpik) manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 saylı qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan “xxxx” ASC-nin xx.xx.2018-ci il tarixli, PGU-182423 saylı sığorta aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Ford Tourneo markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə xxxx MMC-nə 1750 (bir min yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi hesablanmışdır. İş materiallarında olan avtomobilə dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, “Ford-Tourneo” markalı nəqliyyat vasitəsinin ön sağ farasının, ön buferin sağ kraşteyni, ön sağ qanadın kraşteyni, knopkasından ibarət ehtiyyat hissələrinin dəyəri cəmi 720 (yeddi yüz iyirmi) manat, ön kapot, ön sağ qanad, ön panel, ön buferaltı şvellerin təmiri 380 manat, ön bufer, ön buferin setkası, ön kapot, ön sağ qanad, ön sağ qapı və duman əleyhinə fara örtüyünün rənglənməsi 450 (dörd yüz əlli) manat, ön hissənin sökülüb-yığılması 120 (bir yüz iyirmi) manat, ön bufer, ön buferin setkası, öz sağ duman əlyehinə fara körtüyünün təmiri 80 (səksən) manat olmaqla avtomobilə çəkilən xərclərin ümumi məbləği 1750 (bir min yeddi yüz əlli) manat təşkil etmişdir. İş materiallarında olan “xxxx” ASC-nin xx xxxxxx 2018-ci il tarixli, № 04795 saylı ödəniş tapşırığından görünür ki, sığorta şirkəti avtomobilə dəymiş ziyan üzrə 1.750.00 manat sığorta ödənişi etmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X6” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi “xxxx” MMC-dir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Opel Omega B cara minik” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1dur. İş materiallarında olan “xxxx” MMC tərəfindən Ursula Katharinaya verilmiş № 93003/18 saylı etibarnamənin surətindən görünür ki, həmin MMC tərəfindən balansında olan “Ford Tourneo” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikası ərazisində idarə etmək üçün Ursula Katharinaya etibar edilmişdir. İş materiallarında olan ƏN-Vİ № 484493 saylı baş etibarnamənin surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan “Opel Omega B cara” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 Qriqoryeviçə etibarnamədə gösətrilən səlahəyiyətləri həyata keçirməyi etibar etmiş və həmin etibarnamə xx.xx.2019-cu il tarixədək qüvvədə olmuşdur. İş materiallarında olan № TYP 066239 nömrəli, inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 Qriqoryeviç Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40(qırx) manat məbləğində cərimə edilmişdir. İş materiallaırnda olan Seriya AZE № 15181748 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 Qriqoryeviç Qax rayonu Qax İngiloy kəndində qeydiyyatdadır. İş materiallarında olan Seriya AZE № 15181748 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cəlilov X4 şəhəri, Y.İsmayılov küçəsi, ev 9, mənzil 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli № ********* saylı ödəniş qəbzindən görünür ki, iddiaçı “xxxx” ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməsi üçün 30.40 manat ödəniş etmişdir. Qeyd olunan hüquq normalarını işin faktiki müəyyən edilmiş halları üzrə tətbiq edərək məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı baş vermiş yol nəqliyyat hadisəsinə görə etmiş olduğu sığorta ödənişinin geri tələb edilməsi üçün əsas kimi Cavabdeh1 məxsus olan “Opel Omega B cara” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 etibarnaməsiz idarə etməsi səbəbindən cəmiyyətin Cavabdeh2 ilə yanaşı Cavabdeh1 qarşı subroqasiya hüququ yarandığını qeyd etmişdir. Cavabdeh1 barəsində mülkiyyətində olan “Opel Omega B cara minik” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 etibarnamənin müddəti bitdiyi halda idarə etməsi ilə bağlı Cavabdeh1 inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı inzibati xəta haqqında protokol, həmin protokol üzrə inzibati xəta törətməkdə təqsirli bilinməsinə dair inzibati tənbeh tətbiq etmə barədə DYP-nin qanuni qüvvəyə minmiş müvafiq qərarı, yaxud da məhkəmə qərarı, o cümlədən Cavabdeh1 dəymiş zərərlə bağlı təqsirli bilinməsinə dair hər hansı bir sübut mövcud deyildir. Bu isə baş vermiş yol nəqliyyat hadisəsinə görə iddiaçı tərəfindən edilmiş sığorta ödənişinin geri tələb edilməsindən ötrü istinad etdiyi halların əsassız olması qənaətini qaçılmaz etməklə, həmin sığorta ödənişinin Cavabdeh1 subroqasiya qaydasında tələb edilməsini istisna edir. Ona görə də, iddiaçı tələbində qismən haqlıdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1, 1096.1, 1096.2, 1097.1 və 1110-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1110-cu maddəsinin tələbinə görə heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixində, saat 14:08 radələrində, Qax rayonu Heydər Əliyev prospektində Cavabdeh2 etibarnaməsiz Cavabdeh1 məxsus olan və “xxxx” ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə mülki məsuliyyəti sığortalanmış “Opel Omega B cara” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələbini pozmuş, nəticədə “xxxx” MMC-yə məxsus olan və Ursula Katharina tərəfindən idarə olunan “Ford Tourneo” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Qax RPŞ tərəfindən təqdim olunmuş xx.xx.2018-ci il tarixli, TYP 066239 saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən “Opel Omega B cara” markalı, **- BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 təqsirli bilinmişdir. Mülki Qanunvericiliyin tələblərinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Müvafiq normaya uyğun olaraq, sığorta ödənişi verildiyi andan sığortaçı hadisənin baş verməsində təqsirli olan şəxsə qarşı zərərçəkənin – sığorta müqaviləsi üzrə faydalanan şəxsin tələb hüququnu əldə edir. Bu tələb hüququ isə “İcbari sığortalar” haqqında Azərbaycan Respublikası Qanununun xüsusi normasına müvafiq olaraq əmələ gəlir. Belə ki, həmin qanunun 25.1.3-cü maddesinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğinda sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakin onu istifadə etməyə, idarə etməyə, işlətməyə və dəgər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında həmin şəxsə qarşı yaranır. Göründüyü kimi Cavabdeh2 Qriqoryeviç avtomobili etibarnamə olmadan idarə etdiyindən iddiaçının ona qarşı subroqasiya huquqları yaranmışdır. Birinci instansiya məhkəməsi həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab etmişdir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, zərərə görə pul vəsaiti cavabdehdən alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab etmişdir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyasının xx xxxxxx 2020-ci il tаrixli, 2(107)-2080/2020 nömrəli qərаrdаdı ilə iş üzrə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizаsı təyin edilərək ekspertizаnın аpаrılmаsı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvаlə edilmiş, rəy аlınаnаdək işin icrааtı dаyаndırılmışdır. Məhkəmə kollegiyasının qərardadına müvafiq olaraq xx xxxxxx 2021-ci il tarixdə Azərbаycаn Respublikаsı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən 9/5369 nömrəli, xx xxxxxx 2021-ci il tarixli ekspert rəyi Şəki Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Həmin rəydə göstərilmişdir ki, nəzəri hesablama yolu ilə, ”xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli qüsur aktı məlumatlarına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Ford Tourneo” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 1750 (bir min yeddi yüz əlli manat) müəyyən edilir. O cümlədən: - Dəyişilməli hissələrin qiyməti — 720 manat; - Təmir-bərpa işlərinin qiyməti ---------- 1030 manat. (Aparılmış tədqiqatın dəyəri 100 manat) Mərkəz tərəfindən işlənib hazırlanmış metodikaya əsasən illik 3% (2-6%) aşınma nəzərə alınmaqla, 5 il (2013-2018) istismarda olmuş dəyişilməli hissələrin qalıq dəyəri təxminən 618,0 manat müəyyən edilir. /720,0- 3%/ * 5 dəfə Nəzəri hesablama yolu ilə, “xxxx” ASC tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Ford Tourneo” **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1648,0 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddianı hazırki həcmdə təmin etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin dəyişdirilməsinə və apelyasiya şikayətinin qismən təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir. Məhkəmə kollegiyası ekspert rəyini sübut kimi qəbul edir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən maddi hüquq normalarını düzgün tətbiq etsə də, Cavabdeh2 zərərin əvəzi olaraq alınıb iddiaçı “xxxx” ASC-yə verilməli olan pulun məbləğini 1750 manat həcmində təmin etməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(107)-2080/2020 nömrəli qərаrdаdına əsasən Azərbаycаn Respublikаsı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/5369 nömrəli, xx xxxxxx 2021-ci il tarixli ekspert rəyində həmin məbləğ 1648 (bir min altı yüz qırx səkkiz ) manat müəyyən edilmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, Qax Rayon Məhkəməsi iddianı qismən təmin etməkdə düzgün nəticəyə gəlmiş olsa da, hazırki həcmdə iddianı təmin etməkdə düzgün nəticəyə gəlmədiyindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(024)-87/2020 nömrəli qətnaməsi dəyişdirilməli, Cavabdeh2 tərəfindən vurulmuş zərərin əvəzi olaraq alınıb iddiaçı “xxxx” ASC-nə verilməsi qət edilmiş olan 1750 (bir min yeddi yüz əlli ) manat pulun məbləği 1648 (bir min altı yüz qırx səkkiz) manat, cəmi məbləğ isə 1678,40 (bir min altı yüz yetmiş səkkiz manat qırx qəpik) manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpelyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(024)-87/2020 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh2 vurulmuş zərərin əvəzi olaraq alınıb iddiaçı “xxxx” ASC-nə verilməsi qət edilmiş olan 1750 (bir min yeddi yüz əlli ) manat pulun məbləği 1648 (bir min altı yüz qırx səkkiz) manat, cəmi məbləğ isə 1678,40 (bir min altı yüz yetmiş səkkiz manat qırx qəpik) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatını dəyəri olan 100 (bir yüz) manat iddiaçı “xxxx” ASC-dən tutularaq dövlət büdcəsinə verilsin. (AZ34CTRE**********0002088501; Az.MEM, VÖEN**********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar