Məhkəmə qərarları › İş №2(107)-1564/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1564/2021

10.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1564/2021 10.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı "maddi zərər” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(033)-305/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3̇ , Cavabdeh4 və Cavabdeh5 onun xeyrinə, hazırda mübahisə predmeti olan və sonuncuların mülkiyyətindəki Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində onun tərəfindən əkilmiş 119 ədəd fındıq kolunun və 120 ədəd çinar ağacının əkilməsi, qulluq göstərilməsinə və s. çəkilmiş xərclərin əvəzi olan 16710 manat pulun və iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin (hakim T.Həsənov) Zaqatala Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(033)-305/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı maddi zərər tələbinə dair iddiası rədd edilməsi və İddiaçı ödədiyi 30 (otuz) manat dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2006-cı il tarixdən istifadə edir. Həmin torpaq sahəsini 14 ildir ki, öz mülkiyyəti zənn edərək istifadə edir. Belə ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 26 sentyabr 1996-cı il tarixli 17/19 nömrəli qərarına əsasən qeyd olunan torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilsə də, 2018-ci ildə aparılmış çöl-ölçmə işləri zamanı həmin torpaq əmisi-Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsini 2007-ci il tarixdən 2018-ci ilə kimi o, istifadə etmişdir. Qeyd olunan torpaq sahəsinin vergilərini bu günədək ödəmiş, orada 119 ədəd fındıq kolu, 120 ədəd çinar ağacı əkmiş, o cümlədən 14 il ərzində həmin ağaclara qulluq göstərmişdir. Hər bir fındıq kolu üçün sərf etdiyi vəsaitin miqdarı ortalama 80-100, çinar ağacına sərf etdiyi vəsaitin miqdarı isə 50 manatdır. Bütün bu qeyd olunanlar nəticəsində isə ona 16710 manat maddi zərər dəymişdir.. İddiaçı birinci instansiya məhkəməsinin həmin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(( 305/2021 iş nömrəli qətnaməsini aşağıda qeyd olunan səbəblərdən qanunsuz və əsassız hesab edir. Belə ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 26 sentyabr 1996-cı tarixli, 1 nömrəli qərarına əsasən qeyd olunan torpaq sahəsi onun ailə üzvlərinin mülkiyyətinə verilsə də, sonradan, yəni, 2018-ci ildə aparılmış çöl-ölçmə işləri zamanı həmin torpaq əmisi - Cavabdeh1 İsa oğlu və ailə üzvlərinin mülkiyyətinə vermişdirlər. İşin bu halı iş materiallarında olan Zaqatala ra Əliabad bələdiyyəsi tərəfindən verilmiş arayış və sxem əsasında öz təsdiqini tapır. Bununla yanaşı, məhkəmə iclası zamanı cavabdehlər Cavabdeh1, X4, X5 və İsrafı lov Ələddin Vəli oğlu etiraf etmişdirlər ki, 2007-ci ildən 2018-ci il tarixinədək qeyd olunan torpaq sahəsindən o istifadə etmişdir. Həmin ağaclar tərəfindən həmin torpaq sahəsində əkilmiş və qulluq göstərilmişdir. Cavabdehlər həmçinin iddia etmişdirlər ki, güya ki onlar dəfələrlə onun həmin torpaq sahəsindən çıxmağını tələb etmiş, lakin, o bundan imtina etmişdir. Cavabdehlərin 2007-ci ildən onun həmin torpaq sahəsindən çıxmağı tələb etmələri barədə ifadələri həqiqəti əks etdirmir. Belə ki, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan göründüyü kimi cavabdehlərin qeyd olunan torpaq sahəsinə mülkiyyət hüququ 2018-ci il tarixdə yaranmışdır. Həmçinin, əgər ki, həqiqətən də 2007-ci ildən 2018-ci il tarixinədək cavabdehlər qeyd olu torpaq sahəsinin onun yox, öz mülkiyyətlərində olmasını bilmişdirlərsə, onda nəyə görə qeyd olunan müddət ərzində 1 dəfə də olsun aidiyyatı qurumlara, idarə və təşkilatlara, o cümlədən, məhkəməyə müraciət etməmişdirlər. Qeyd edilənlərə əsasən Zaqatala Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(033 305/2021 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Cavabdehin vəkili Vəkil elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(033)-305/2021 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlər: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Zaqatala Ərazi İdarəsi tərəfindən 01 may 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 1,50 hektar kənd təsərrüfatı təyinatlı torpaq (əkin) sahəsi Cavabdeh1, X2, Cavabdeh3̇ , Cavabdeh4 və Cavabdeh5 ümumi birgə mülkiyyətləri kimi adlarına daşınmaz əmlakın dövlət reyestrində 131 nömrəli reyestr kitabının 66 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Torpağın mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair 4586 nömrəli şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayonu Əliabad qəsəbə sakini Cavabdeh1 mülkiyyətinə Zaqatala rayon İcra Hakimiyyəti yerli islahat komissiyasının qərarı ilə 1,79 ha torpaq sahəsi verilmiş,rayon torpaq şöbəsində, dövlət qeydiyyat kitabında 31 mart 1997-ci il tarixdə 4586 sayda qeydiyyata alınmışdır. Zaqatala Rayon Məhkəməsinin 2(033)-9/2021 nömrəli, 27 yanvar 2021-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçılar Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mülkiyyətində olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışda göstərilən 1,50 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin iddiaçılara təhvil verilməsi qət edilmişdir. Zaqatala rayonu Əliabad bələdiyyəsi tərəfindən 03 oktyabr 2018-ci il tarixdə verilmiş 1852 nömrəli arayışdan görünür ki, Əliabad qəsəbə sakini təsərrüfat nömrəsi 338 olan X1 və ailəsinə 1996-cı il tarixdə torpaq islahatı ilə bağlı tərtib edilmiş siyahıda 0,26, 033 ha bağ və 1,12 ha əkin pay İİ keyfiyyət qrupu torpaq sahəsi verilmişdirdi. Qəsəbədə islahat başa çatmadığına görə ona dövlət aktı təhkim edilməmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ümumi birgə mülkiyyətlərində Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 1,50 ha kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsi vardır. Həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınaraq 01.05.2018-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan, RX seriyalı ******* nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Həmin torpaq sahəsi 1996-cı il tarixdən 2007-ci il tarixədək cavabdehlər tərəfindən, 2007- ci il tarixdən 2018-ci il tarixədək İddiaçı tərəfindən istifadə edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-9/2021 nömrəli, 27 yanvar 2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlərin mülkiyyətində olan 1,50 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 157-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2.-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə: 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir: 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1090.1.-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. 1090.2.-ci maddəsinə əsasən işlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahəsi qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır Məhkəmə kоllegiyаsı hesаb edir ki, аpelyаsiyа şikаyətində göstərilən dəlillər əsаssız оlduğundаn qətnаmənin ləğv edilməsi və iddiа tələbinin təmin edilməsi üçün əsаs оlа bilməz. Birincisi ona görə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İkincisi, iddia tələbinin faktiki halları tələbin qanuni əsasının şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğun deyildir. Çünki, iddiaçı cavabdehdən maddi zərərə və digər tələblərə görə pul tələb edir. Bu tələblərə dair iddiaçının izahatından başqa iş materiallarında hər hansı bir mötəbər sübut mövcud deyildir. İddiaçının izahatı isə iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir ki, belə bir sübutlar da iddiaçı tərəfindən təqdim edilməmiş və apellyasiya şikayətində də təqdim ediləcəyinin mümkünlüyü barədə hər hansı bir dəlil irəli sürülməmişdir. Kollegiya qeyd edir ki, bu halda işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Üçüncüsü, işin faktiki hallarından da görünür ki, iddiaçı zəbt etdiyi torpaq sahəsinə məhsul götürmək və qazanc əldə etmək məqsədilə aqrotexniki qulluq göstərmiş və özünün qeyd etdiyi kimi 2007-2018-ci illər ərzində həmin fındıq kollarından məhsul götürmüşdür. Göründüyü kimi iddiaçı əldə etdiyi gəlilərdən yalnız öz maddi vəziyyətinin yaxşılaşdırılması üçün istifadə etmiş və bu illər ərzində zəbt etdiyi torpaq sahəsinə çəkdiyi xərclərinin əvəzi əldə etmiş olduğu qazancdan qarşılıqlı olaraq ödənilmişdir. Kollegiya həmçinin çəkilən xərcə münasibətdə qeyd edir ki, əgər qeyd olunan ərazi göstərilən illər ərzində qorunmasaydı, qulluq göstərilməsəydi, yəqin ki, iddiaçı da istədiyi məhsulu əldə edə bilməyəcəıkdi. Dördüncü, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında torpağın istifadəyə verilməsi, habelə vurulmuş zərərin ödənilməsi barədə heç bir razılaşma olmamışdır. Ona görə də cavabdehlər iddiaçı qarşısında hər hansı bir zərərin ödənilməsinə görə mülki məsuliyyətin daşıyıcısı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə hüquqi qiymət verərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Zaqatala Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(033)-305/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(033)-305/2021 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar