Məhkəmə qərarları › İş №2(107)-160/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-160/2024

24.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-160/2024 24.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: pul tələbi, yaxşılaşdırmalar) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X3 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh və maraqlı şəxs X5 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 5 oktyabr 2023-cü il tarixli 2(075)-75/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Şəki rayonu Aqrar İslahat Komissiyasının 9 sentyabr 2002-ci il tarixli, 06 saylı qərarına əsasən Cavabdeh və onun ailə üzvlərinə birlikdə Şəki rayon Birinci Biləcik kəndi ərazisindən 1,13 hektar pay torpaq sahəsi ayrılmışdır. Həmçinin Şəki rayonu Aqrar İslahat Komissiyasının 9 sentyabr 2002-ci il tarixli, 06 saylı qərarına əsasən X2 Şəki rayon Birinci Biləcik kəndi ərazisindən 0.40 hektar pay torpaq sahəsi ayrılmışdır. 29 noyabr 2007-ci il tarixdə təsdiq edilmiş vəkalətnamədə Cavabdeh ailə üzvlərinin razılığı ilə JN-276 KOD 40404068 nömrəli dövlət aktına əsasən onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin 0.88 hektarını və JN-275 KOD 40404068 nömrəli dövlət aktına əsasən mərhum atası X1 mülkiyyətinə verilmiş torpaq sahəsindən 0.04 hektarı olmaqla, cəmi 0.92 hektar torpaq sahəsini İddiaçı birdəfəlik olaraq satdığını göstərmişdir. İddiaçı 2007-ci il tarixdən 2022-ci il tarixədək mübahisəli torpaq sahəsini yaxşılaşdırmış və istifadə etmişdir. Cavabdeh 2022-ci ildə mübahisəli torpaq sahəsinə öz adına çıxarış alaraq iddiaçını həmin torpaq sahəsindən çıxarmışdır. Ona görə də, iddiaçı cavabdehin mülkiyyətində olan, onun sahibliyinə verilmiş və hazırda yenidən cavabdehə qaytarılmış mübahisəli torpaq sahəsinin dəyərinin, həmin torpaq sahəsinin yaxşılaşdırması üçün çəkilmiş xərclərin və əldən çıxmış faydanın əvəzi olaraq ümumilikdə 12400 manatın cavabdehdən alınaraq ona verilməsi barədə hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən verilmiş JN-276, KOD- 40404068 nömrəli dövlət aktı üzrə Şəki rayonu Aqrar İslahat Komissiyasının 09 sentyabr 2000-ci il tarixli, 6 saylı qərarına əsasən Şəki rayonu İkinci Biləcik kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində ayrılmış 1,13 hektar torpaq sahəsinin yaxşılaşdırması üçün çəkdiyi xərclərin əvəzi olaraq 12400 manatın və 128 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İşə məhkəmədə baxılarkən İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən verilmiş JN-276, KOD40404068 nömrəli dövlət aktı üzrə Şəki rayonu Aqrar İslahat Komissiyasının 09 sentyabr 2000-ci il tarixli, 06 saylı qərarına əsasən Şəki rayonu İkinci Biləcik kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində ayrılmış 1,13 hektar torpaq sahəsinin dəyəri olan 4611 manat pul vəsaiti, torpaq sahəsinin yaxşılaşdırması üçün çəkdiyi xərclərin əvəzi olaraq 1446 manat pul vəsaiti və əldən çıxmış faydanın əvəzi olaraq 6336 manat pul vəsaiti olmaqla ümumilikdə 12400 manat pul vəsaitinin və 128 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 09 sentyabr 2002-ci il tarixli, 6 saylı qərarına əsasən Cavabdeh və onun ailə üzvlərinə birlikdə Şəki rayonu İkinci Biləcik kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 1,13 hektar pay torpaq sahəsi ayrılmışdır. Bununla bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən JN-276, KOD 40404068 nömrəli dövlət aktı verilmişdir. Cavabdeh ailə üzvlərinin razılığı ilə həmin torpaq sahəsini ona 3000 manata satmışdır və o, həmin məbləği Cavabdeh tam şəkildə ödəmişdir. Həmin vaxtdan qeyd edilən torpaq sahəsi onun islifadəsindədir. O, həmin torpaq sahəsində bir çox yaxşılaşdırma işləri aparmışdır. Yaxşılaşdırma işlərinə 12400 manat xərc çəkmişdir. Yaxşılaşdırma işləri kimi həmin torpaq sahəsini kol-kosdan təmizləmiş, torpaq sahəsinin ortasından çıxaraq torpağı yararsız hala salan qrunt sularının axmasının qarşısını almış, həmin torpaq sahəsinin kənarlarını bağlamış, torpaq sahəsinə uzaq məsafədən su çəkdirmişdir. Torpaq sahəsinin tam yararlı vəziyyətə gətirilməsi üçün həmin torpaq sahəsindən 50 maşın daş yığıb tullatmış və həmin torpaq sahəsinə kənardan gətirərək 45 maşın peyin tökmüşdür. Qeyd edilən torpaq sahəsinin ona satılması ilə bağlı Cavabdeh və ailə üzvləri gələcəkdə heç bir narazılıqlarının olmayacaqlarını bildirmişlər Lakin həmin vaxt aralarında notarial qaydada müqavilə bağlanmamışdır. Hazırda isə həmin torpaq sahəsini adına sənədləşdirə bilmir. Hesab edir ki, qeyd edilən torpaq sahəsinin satılması ilə bağlı onunla cavabdeh arasında bağlanmış alqı-satqı əqdi etibarlı sayılmalı və bununla bağlı aralarında alqı-satqı əqdi bağlanmış hesab edilməlidir.

5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı bu qətnamənin 1-ci bəndində göstərilənlər müəyyən edilmişdir.

6. Məhkəmə qeyd etmi.dir ki, tərəflər arasında rəsmi qaydada alqı-satqı müqaviləsi bağlanmasa da, üçüncü şəxslərin vasitəsi ilə torpaq sahəsini iddiaçıya satmışdır. Cavabdeh qeyd edilənləri inkar etsə də, bu hallar tərəflər arasında bağlanmış vəkalətnamə ilə sübuta yetirilir. İddiaçı da, öz növbəsində həmin torpaq sahəsini qeyrirəsmi özününküləşdirərək yaxşılaşdırmış və uzun müddət istifadə etmişdir.

7. Məhkəmə, onun və ailə üzvləri tərəfindən boş kağıza imza atılması ilə bağlı Cavabdeh izahatına tənqidi yanaşır. Belə ki, cavabdeh məhkəmə iclasında torpaq sahəsini 3 illik olmaqla iddiaçıya (iddiaçının qudasına) icarəyə verildiyini qeyd etmişdir. Lakin həmin vaxtdan, yəni 2007-ci ildən 2022-ci ilədək 15 il ötməsinə baxmayaraq bu müddət ərzində iddiaçıdan torpaq sahəsini geri tələb etməmişdir. Odur ki, cavabdehin qeyd etdiyi xüsusatlar məhkəmə tərəfindən inandırıcı hesab edilmir.

8. Məhkəmə iddia tələbinin torpaq sahəsinin alınması və yaxşılaşdırılması ilə əlaqədar çəkilmiş xərclər hissəsinə Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı regional Ekologiya və təbii Sərvətlər İdarəsi və "xxxx" MMC tərəfindən rəylərlə qarşılıqlı münasibət bildirərək qeyd edir ki, torpaq sahələrinin alınması üçün ümumilikdə 4611 manat (3080+1531=4611), həmin torpaq sahələrinin hamarlanmasına 33 manat, kollardan təmizlənməsinə 198 manat, qrunt sularının qarşısının alınması və torpağın suvarılması üçün arx çəkilməsinə 240 manat olmaqla, həmin işlərə ümumilikdə 471 manat məbləğində xərc çəkilməsi müəyyən olunur.

9. İddia tələbinin torpaq sahəsinə peyin səpilməsi, yonca toxumunun səpilməsi, əkilməsi ilə bağlı hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, qeyd edilən işlər bir dəfəyə deyil, iddiaçı tərəfindən istifadə edilərkən hər il olmaqla görülmüş və görülən işlərin bəhrəsi, yəni əkilən toxumun, eyni zamanda həmin əkin məhsulunun cücərməsi üçün səpilən peyinin qarşılığı olaraq əmələ gəlmiş məhsul məhz iddiaçının özü tərəfindən yığılaraq mənfəət əldə edilmişdir. Ona görə də, həmin hissələrdə görülmüş işlərin dəyəri cavabdehdən tələb edilə bilməz.

10. Məhkəmə, həmçinin iddia tələbinin torpaq sahəsinin daşlardan təmizlənməsi hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı özü məhkəmə iclasında torpağın daşlardan təmizlənmədiyini etiraf etmiş, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin mütəxəssləri tərəfindən mübahisəli torpaq sahəsinə baxış keçirilən zaman torpaq sahəsinin daşlardan təmizlənmədiyi, ümumiyyətlə buna lüzum olmadığı müəyyən olunmuşdur.

11. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbinin əldən çıxmış fayda hissəsinə tənqidi yanaşaraq, qeyd edir ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir.

12. Məhkəmə qeyd edir ki, iddiaçı 2022-ci ilədək mübahisəli torpaq sahəsini əkibbecərmişdir. Cavabdeh tərəfindən həmin torpaq sahəsi 2022-ci ilin axırlarına yaxın iddiaçının istifadəsindən alınmış, həmin ilin sentyabr ayında da iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi torpaq sahəsi iddiaçının istifadəsində olan dövrlərdə o, torpaqdan istədiyi kimi istifadə etmişdir. Cavabdeh tərəfindən torpaq sahəsi onun istifadəsindən alındıqdan sonra isə o, dərhal məhkəməyə müraciət etmişdir. Həmin dövr ərzində də ona dəymiş zərər barədə tutarlı əsas gətirməmiş, cavabdeh tərəfindən ona ziyan vurulması nəticəsində, itirdiyi və adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərinin məbləğini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

13. Şəki Rayon Məhkəməsinin 5 oktyabr 2023-cü il tarixli 2(075)-75/2023 nömrəli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) iddia qismən təmin olunmuş, Cavabdeh Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən verilmiş JN-276, KOD-40404068 nömrəli dövlət aktı üzrə Şəki rayonu Aqrar İslahat Komissiyasının 09 sentyabr 2000-ci il tarixli, 06 saylı qərarına əsasən ayrılmış 1,13 hektar torpaq sahəsinin dəyəri olan 4611 manat və torpaq sahəsinin yaxşılaşdırması üçün çəkilən xərclərin əvəzi olaraq 471 manat, ümumilikdə 5082 manat məbləğində pul, 52.46 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 75.54 manatının iddiaçının özünə aid edilməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 157, 1091 və 1092-ci maddələrinə istinad etmişdir.

15. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: torpağa mülkiyyət hüququna dair JN-275 KOD 40404068 nömrəli dövlət aktı torpağa mülkiyyət hüququna dair JN-276 KOD 40404068 nömrəli dövlət aktı 29 noyabr 2007-ci il tarixdə təsdiq edilmiş vəkalətnamə Şəki rayonu X6 tərəfindən verilmiş 25 aprel 2022-ci il tarixli, 09 nömrəli arayış "xxxx" MMC tərəfindən verilmiş 29 iyun 2022-ci il tarixli qiymətləndirmə rəyi məhkəmənin sorğusuna Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş 21 iyul 2023-cü il tarixli cavab məktubu məhkəmənin sorğusuna Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş 15 avqust 2023-cü il tarixli cavab məktubu

16. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

17. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə işə baxarkən tələbin hüquqi əsasını düzgün müəyyən etməmiş, 29 noyabr 2007-ci il tarixli vəkalətnaməni alqı-satqı müqaviləsi kimi qəbul etmiş, həmin vəkalətnaməni və iddiaçının izahatını mötəbər sübut kimi dəyərləndirmiş, onun etirazını, izahatını, dəlillərini isə qəbul etməmiş, qəbul etməməyinin də səbəbini qətnamədə əsaslandırmamışdır. Məhkəmənin alqı-satqı müqaviləsi kimi dəyərləndirdiyi vəkalətnamədə heç də ailə üzvlərinin imzası olmamışdır. Bundan başqa, İddiaçı məhkəmə iclasında izahat verərkən bildirmişdir ki, “cavabdeh mübahisəli torpaq sahəsini Nərminə Kərimlinin vasitəsilə ona satmışdır. Belə ki, cavabdeh mübahisəli torpaq sahəsini Nərminə Kərimliyə satmış, sonuncu da cavabdehdən aldığı torpaq sahəsi ilə ona məxsus torpaq sahəsini dəyişmişdir. Həmin vaxt cavabdehlə onun arasında mübahisəli torpaq sahəsinə dair cavabdeh tərəfindən torpağın ona satılması ilə bağlı vəkalətnamə verilmişdir”(qətnamənin 2-ci vərəqinin 2-ci bazası). İddiaçının verdiyi izahatdan da aydın olur ki, o, iddiaçıya torpaq sahəsini satmamışdır. Əgər o iddiaçıya torpaq sahəsini satmışdısa, nəyə o, məhkəmə iclasında izahat verərək “cavabdeh mübahisəli torpaq sahəsini Nərminə Kərimliyə satmış, Nərminə Kərimli də cavabdehdən aldığı torpaq sahəsi ilə ona məxsus torpaq sahəsini dəyişmişdir” deyərək bildirmişdir. Əgər o torpaq sahəsini Nərminə Kərimliyə satmışdısa, bəs onda nəyə görə iddiaçı tərəfindən ona satılmayan torpaq sahəsi üçün ondan pul tələb edir? Bundan başqa məhkəmə tərəfindən torpağın dəyəri 4611 manat necə müəyyən edilmişdir? Axı iddiaçı tərəfindən bununla bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi məhkəmə tərəfindən bu ziddiyyətli məqamlar aydınlaşdırılmamışdır. Beləliklə, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü cavabdehin iddiaçıya ödənilməsini tələb etdiyi ziyanın sübut edilməsidir. İddiaçı tərəfindən isə belə bir sübut məhkəməyə təqdim edilməmişdir. Mülki qanunvericiliyin daşınmaz əmlaka və paylı mülkiyyətdə olan əşyaya sərəncam verilməsi ilə bağlı normalarının tələblərinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir, həmçinin daşınmaz əmlaka dair əqdlər notariat qaydasında bağlandıqda etibarlı olur. Bundan başqa atası X4 2000-ci ildə vəfat edib. Belə olan halda onun adına olan torpaq sahəsi necə və kim tərəfindən satıla bilərdi?

18. Ona görə də, Şəki Rayon Məhkəməsinin 5 oktyabr 2023-cü il tarixli 2(075)- 75/2023 nömrəli qətnaməsinin “iddia qismən təmin edilsin” hissəsinin ləğv edilməsini və iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

21. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 5 oktyabr 2023-cü il tarixli 2(075)-75/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

22. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs X8 işə üzrə cavabdehin izahatına uyğun izahat verərək cavabdehin apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

25. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

26. Cavabdeh Şəki Rayon Məhkəməsinin 5 oktyabr 2023-cü il tarixli 2(075)-75/2023 nömrəli qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilmiş 1611 manata aid hissəsində gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

28. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsinin tələbindən görünür ki, əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda əmlakın sahibi vicdansız sahib adlanır. Əks halda əmlakın sahibi vicdanlı sahibdir. Hazırki iş üzrə vəkalətnamənin rəsmi olaraq daşınmaz əmlakın alqı-satqısı sənədi olmadığı mübahisəsiz olsa da, eyni zamanda mübahisəli torpaq sahəsinin Cavabdeh tərəfindən İddiaçı təhvil verilməsi, bununla bağlı vəkalətnamə imzalanması, o cümlədən, həmin torpaq sahəsinin 15 il müddətində İddiaçı tələb edilməməsi də işin mübahisəsiz hallarındandır. Belə olan halda, İddiaçı mübahisəli torpaq sahəsinə Cavabdeh məlumatı daxilində onun razılığı ilə 15 il müddətində sahiblik etmişdir. Torpağın dəyərinin və yaxşılaşdırmaların əvəzinin ödənilməsi ilə bağlı hazırki iddia tələbi ilə müraciət etmək hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən vicdanlı sahibə verilir. Yəni, iddiaçının həmin normaya əsasən hazırki tələbi irəli sürməsi üçün rəsmi daşınmaz əmlakın alqı satqısı müqaviləsi ilə əmlakın mülkiyyətçisi olması deyil, daşınmaz əmlaka sahibliyinin qanunsuz olduğunu bilməyən vicdanlı sahib olması zəruridir. Hazırki halda iddiaçının vicdanlı sahib olduğu, hazırki bənddə izah olunduğu kimi, təsdiq edildiyindən iddianın əsaslılığı da sübut edilir.

29. Bununla bərabər, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tələbində torpaq sahəsinin dəyəri olaraq 4611 manat göstərməsinə və ekspert rəyində də həmin məbləğin qeyd edilməsinə baxmayaraq, iddiaçının cavabdehdən tələb etmə hüququ olan hazırki vaxtda həmin torpaq sahəsinin bazar dəyəri deyil, mübahisəli vəkalətnamə verilərkən razılaşdırılmış və cavabdehə verilmiş məbləğdir. Hazırki iş üzrə iddia ərizəsində iddiaçı mübahisəli torpaq sahəsi müqabilində cavabdehə 3000 manat ödədiyini göstərmişdir. Məhkəmə kollegiyasının iclasında isə iddiaçı ona məxsus torpaq sahəsinin 3000 manat miqdarında qiymətləndirildiyini, lakin həmin pulun ödənilmədiyini, əvəzində cavabdehə məxsus torpaq sahəsi ilə dəyişdirildiyini bildirmişdir. Göründüyü kimi, hazırki halda iddiaçı özü də etiraf edir ki, mübahisəli vəkalətnamə imzalanan vaxt torpaq sahəsi 3000 manat qiymətləndirilmiş və razılaşdırılmışdır. Ona görə də, hazırki halda iddiaçı torpaq sahəsinin dəyəri olaraq 4611 manat deyil, 3000 manat tələb etməkdə haqlıdır. Həmin məbləğin nağd olaraq cavabdehə verilib-verilməməsi təsdiq edilməsə də, 3000 manat qiymətləndirilmiş və əvəzləşdirildiyi iddia olunan torpaq sahəsinin iddiaçıya qaytarılması da təsdiq edilmədiyindən iddiaçı həmin pulu tələb etməkdə haqlıdır.

30. Məhkəmə kollegiyаsı əlavə olaraq qeyd edir ki, X2 Şəki rayon Birinci Biləcik kəndi ərazisindən 0.40 hektar pay torpaq sahəsi Şəki rayonu Aqrar İslahat Komissiyasının 9 sentyabr 2002-ci il tarixli, 06 saylı qərarına əsasən ayrılmış, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin nəticə hissəsində həmin qərarın tarixi 2000-ci il kimi qeyd edilmişdir ki, kollegiya bu halı texniki yanlışlıq olaraq qəbul etmişdir.

31. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddianın təmin edilmiş 1611 manata aid hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyinəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Şəki Rayon Məhkəməsinin 5 oktyabr 2023-cü il tarixli 2(075)-75/2023 nömrəli qətnaməsi qismən – iddianın torpaq sahəsinin dəyəri olaraq təmin edilmiş 1611 manata aid hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnjamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin dəyəri, həmin torpaq sahəsinin yaxşılaşdırması üçün çəkilmiş xərclər və əldən çıxmış fayda tələbinə dair iddiası həmin hissədə rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Şəki Rayon Məhkəməsinin 5 oktyabr 2023-cü il tarixli 2(075)-75/2023 nömrəli qətnaməsi qismən – iddianın torpaq sahəsinin dəyəri olaraq təmin edilmiş 1611 manata aid hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin dəyəri, həmin torpaq sahəsinin yaxşılaşdırması üçün çəkilmiş xərclər və əldən çıxmış fayda tələbinə dair iddiası həmin hissədə rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar