Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1622/2021 23.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Çovdar oğlunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- maddi və mənəvi ziyanın ödənilməsi, pul tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı Çovdar oğlunun, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, Göyçay Rayon Məhkəməsinin 2(046)-111/2017 saylı, 07 fevral 2017 -ci il tаrixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş аpellyаsiyа şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Çovdar oğlu məhkəmədə iddia qaldıraraq, cabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada dəymiş maddi zərərə görə 10.000 ABŞ dolları məbləğində pulun və vurulmuş mənəvi zərərə görə 15000 manat pulun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 işləmək məqsədi ilə son bir neçə ildir ki, Ukrayna Respublikasının Luqansk şəhərinə getmişdir. Həmin müddət ərzində oğlu Vüsal bir neçə dəfə Azərbaycana yaşadıqları evə gəlmiş, lakin hər dəfə az müddət qalıb yenidən Luqansk şəhərinə qayıtmışdır. Sonuncu dəfə Vüsal 2014-cü ilin fevral ayında Luqansk şəhərinə getmişdir. Həmin vaxtlarda Rusiya ilə Ukrayna Respublikası arasında ərazi üstündə yaranmış mübahisəyə görə, Vüsalın olduğu ərazidə də gərginlik yaşanmışdır, Vüsalın orada qalması üçün təhlükə yarandığından o, Vüsal ilə əlaqə saxlamış və tez bir zamanda Azərbaycana qayıtmasını xahiş etmişdir. Vüsal 29 iyun 2014-cü il tarixdə Azərbaycana qayıdacağını, narahatçılığa heç bir əsas olmadığını bildirmişdir. Vüsal ilə 23 iyun 2014-cü il tarixdə telefon əlaqəsi saxlamağa çalışsa da, buna nail olmamışdır. Vüsalın telefonuna zəng çatmamışdır. Ona görə də Vüsalın ona dediyi kimi, Rasim Uğurquliyev adlı şəxslə əlaqə yaratmışdır. Vüsalın barəsində soruşanda, Rasim adlı şəxs guya oğlu Vüsalı Luqansk şəhərində döyüşən separatçılar tərəfindən girov götürüldüyünü demişdir. Bunun səbəbini soruşanda Rasim ona Vüsalın dostu ilə avtomobildə gedərkən separatçılar avtomobili saxlatmaq istədiyini, avtomobili saxlamadığına görə separatçılar avtomobilə atəş açdığını, nəticədə Vüsalın ayağından güllə yarası aldığını və separatçılar tərəfindən saxlanıldığını demişdir. O, Rasimdən Vüsal ilə əlaqə saxlamasına və Vüsalın tapılmasında köməklik göstərməsini xahiş etmişdir. Rasim ona əslən Gürcüstan vətəndaşı olan Kiyev-Luqansk qatarında bələdçi kimi çalışan Telman adlı şəxsin telefon nömrəsini verib, əlaqə saxlamasını məsləhət görmüşdür. O, Telman adlı şəxslə əlaqə yaratmışdır. Telman ona köməklik etməyə çalışacağını bildirsə də, köməklik edə bilməmişdir. Bir neçə dəfə Telman adlı şəxslə telefon əlaqəsi saxlamış, lakin Telman ona Vüsalın barəsində məlumatsız olduğunu bildirmişdir. Həmin ərəfələrdə diaspora sədri Rasim Uğurquliyev ona yenidən özü zəng vurub tanışı, əslən Sabirabad rayonundan olan, Luqansk şəhərində yaşayan Mais İbrahimov adlı şəxsin Vüsalın barəsində maraqlandığını və Vüsalın buraxılması üçün danışıb separatçılara təxminən 1000 ABŞ dolları pul verdiyini bildirmiş, ona görə də Mais adlı şəxslə əlaqə yaratmasını demişdir. O, Maislə bir neçə dəfə əlaqə saxlasa da, Mais də ona heç bir köməklik edə bilməmişdir. Mais isə Luqansk şəhərində yaşayan Göyçay rayonu Ləkçiplaq kənd sakini Elmar adlı şəxslə əlaqə saxlamağını ona məsləhət görmüşdür. Mais ona bildirmişdir ki, Elmar Vüsalın barəsində məlumatlı ola bilər, çünki tələbədir və orada uzun müddətdir ki, yaşayır. Mais adlı şəxs Elmarın telefon nömrəsini ona vermişdr. O, Elmar ilə 2015-ci ilin aprel ayının sonunda əlaqə saxlamışdır. Elmar ona Vüsalı şəxsən gördüyünü, Vüsalın sağ-salamat olduğunu və kazaklar tərəfindən girov saxlandığını bildirmişdir. Elmar oğlu Vüsal ilə əlaqəyə girmək üçün pul lazım olacağını bildirmişdir. O, Elmara inanıb az-az, cəmi 10.000 ABŞ dolları pulu Kapitalbank-dan «WESTERNUNİON» pul köçürmə sistemi vasitəsi ilə Cavabdeh1 adına göndərmişdir. Lakin Elmar hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Bundan sonra o, daha çox nigaran qalmış və Elmarın Göyçay rayonu Ləkçiplaq kəndində yaşayan atası Cavabdeh2la əlaqə saxlamışdır ki, o özü də Elmar ilə əlaqə saxlasın və ona hər hansı bir məlumat versin. Elmarın atası Vüqar isə onun narahat olmağına heç bir əsas olmadığını, oğlu Vüsalın sağ-salamat Elmar ilə bir yerdə olduğunu və tezliklə onların bir yerdə Göyçaya qayıdacaqlarını bildirmişdir. Elmar 2015-ci ilin iyul ayının 17-si tarixində öz yaşadığı evə Göyçay rayonu Ləkçiplaq kəndinə qayıtmışdır. Səhəri gün o da ailə üzvləri ilə birlikdə Elmarın yaşadığı ünvana getmişdir. Elmardan Vüsalın harada olduğunu, Azərbaycana gəlib-gəlmədiyini soruşmuşdur. Elmar isə ona Vüsalın sağ-salamat olduğunu, Azərbaycana gələrkən bir yerdə Rusiyanın Rostov şəhərinə keçdiklərini, lakin Rostov şəhərində Vüsalın ikisi kişi, biri qadın olmaqla, milliyyətçə rus olan şəxslərlə Moskva şəhərinə getdiyini və bir neçə gündən sonra özünün evə qayıdacağını bildirmişdir. O, Elmardan nə səbəbdən Vüsalın ailə üzvləri ilə əlaqə saxlamadığını və dediyi şəxslərlə Moskva şəhərinə getdiyini soruşmuş, Elmar isə ona cavabında Vüsalın özünün belə məsləhət gördüyünü bildirmişdir. Elmar ona tez bir zamanda Luqansk şəhərinə qayıdacağını və Vüsal ilə onu harada olur-olsun görüşdürəcəyini bildirmişdir. Həmin vaxt o, Elmara onunla bir yerdə Luqanska gedəcəyini söyləmişdir. Lakin Elmar ona etiraz edərək, özü tək 20.07.2015-ci il tarixdə yenidən Luqansk şəhərinə qayıtmışdır. O, artıq çarəsiz qaldığına görə 26.07.2015-ci il tarixdə təyyarə ilə Ukrayna Respublikasının Kiyev şəhərinə getmişdir. Hava limanından Elmara zəng vurub onu qarşılamasını xahiş etmişdir. Elmar isə əsəbiləşərək Luqansk şəhərində olduğunu və onu qarşılaya bilməyəcəyini bildirmişdir. Telefonla Elmar ona Borisoviç adlı şəxsin adına 3000 ABŞ dolları keçirəcəyi halda Vüsal ilə görüşə biləcəyini söyləmişdir. Həmin vaxt o artıq anlamışdır ki, Elmar əvvəlcədən onu aldadıb və oğlu Vüsalın barəsində ona yalan məlumatlar verərək, ona göndərdiyi pulları alıb mənimsəmişdir. Elmarla əlaqə saxlayıb dəfələrlə görüşə çağırsa da Elmar onunla görüşməmişdir. O, yad ölkədə qalmamaq üçün öz yaşadığı ünvana qayıtmışdır. Faktla bağlı Göyçay rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Cavabdeh1 haqqında cinayət işi başlanmış, istintaq aparıldıqdan sonra işə baxılması üçün məhkəməyə göndərilmişdir. Göyçay Rayon Məhkəməsinin 08 iyun 2016-cı il tarixli hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin hökmünə əsasən isə Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Buna görə də iddianın təmin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat Göyçay Rayon Məhkəməsinin 2(046)-111/2017 saylı, 07 fevral 2017 -ci il tаrixli qətnaməsi ilə (hakim F.Əfədniyev) iddia qismən təmin edilmiş, Cavabdeh1 maddi zərərə görə 6200 (altı min iki yüz) manat pul, mənəvi zərərə görə 1000 (bir min) manat olmaqla, cəmi 7200 (yeddi min iki yüz) manat pul alınaraq İddiaçı Çovdar oğluna qaytarılması, iddiaçının ödədiyi dövlət rüsumunun əvəzinə Cavabdeh1 8,64 (səkkiz manat altmış dörd qəpik) manat məbləğində pulun alınaraq iddiaçıya qaytarılması, İddiaçı Çovdar oğlunun Cavabdeh2 qarşı olan tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh1 İddiaçı Çovdar oğlunun 10.000 ABŞ dolları məbləğində pulunu yox, 6200 manat məbləğində pulunu aldatma və etibardan sui istifadə etmə yolu ilə ələ keçirmiş, lakin sonradan həmin pulları iddiaçıya qaytarmamışdır. Cavabdeh1 məhkəməyə ərizə göndərək, İddiaçı Çovdar oğlundan 6200 manat pul aldığını etiraf etmişdir. Məhkəmədə Cavabdeh2 iddiaçıdan aldadaraq pul alması sübuta yetməmişdir. İddiaçı bu barədə məhkəməyə sübut təqdim etməmişdir. Buna görə də Cavabdeh2 qarşı olan tələb təmin edilməmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab etmişdir ki, dəymiş maddi zərərə görə 6200 manat Cavabdeh1ndən alınaraq, iddiaçıya ödənilməlidir. İddianın mənəvi ziyana görə cavabdehlə 15000 manat alınıb iddiaçının xeyrinə verilməsi hissəsi qismən təmin edilməlidir. Belə ki, cavabdeh iddiaçının çətin vəziyyətə düşərək oğlunu axtarmasını bilərək, onu aldatmış, heç bir məlumatı olmadığı halda iddiaçıya oğlunun sağ olmasını bildirərək onun iztirab və sarsıntı keçirməsinə səbəb olmuş, onun əmlakını ələ keçirməklə yanaşı həm də ona mənəvi ziyan vurmuşdur. Məhkəmə işi faktiki hallarını, mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətlərin, iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini, Cavabdeh1 təqsirini, iddianın mənəvi zərərə görə Cavabdeh1 15000 manat tələb edilməsinə dair hissəsinin qismən təmin olunması qənaətinə gəlmiş və mənəvi zərərin məbləğinin 1000 manat qiymətləndirilməsini ağlabatan və ədalətli hesab etmişdir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlmişdir ki, iddiaçının tələbi qismən təmin edilməli, Cavabdeh1 dəymiş maddi zərərə görə manat pul, mənəvi zərərə görə isə 1000 manat pul alınaraq, İddiaçı Çovdar oğluna verilməlidir. İddiaçı Çovdar oğlunun Cavabdeh2 qarşı olan tələbi sübuta yetmədiyinə görə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci, 21-ci, 23-cü, 386.1-ci, 443.1-ci, 1097-ci maddələri, “İnsan Hüquqlarının və X1 Haqqında” Konvensiyanın 41-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may, 2002-ci il tarixli qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 07 saylı saylı qərarının 4-cü, 10-cu bəndi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyətləri onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, İddiaçı Çovdar oğlu hələ bu işlə bağlı 2015-ci ilin sentyabr ayında Göyçay Rayon Polis şöbəsinə ərizə ilə müraciət edərkən, nə istintaq araşdırması zamanı, nə Göyçay Rayon Məhkəməsində, nə də Şəki Apellyasiya Məhkəməsində ona vurulmuş maddi ziyanın ödənilməsini tələb etməmişdir. O, məhkəmədən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş ən ağır həddə cəza təyin edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsi 08 iyun 2016-cı il tarixdə 1(046)-48/2016 saylı hökmü ilə (hakim Elxan Babayev) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə onu təqsirli bilib 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Hökmdən narazı qalan zərərçəkmiş İddiaçı Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsi zərərçəkmişin şikayəti əsasında məhkumluq cəza müddətini bir il də artıraraq onu 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Barəsində 19 fevral 2016-cı ildə “həbs” qətimkan tədbiri seçildiyindən cəza çəkmə müddəti 19 fevral 2016-cı ildən hesablanmışdır. O cəzaçəkmə müəssisəsində cəza çəkərkən zərərçəkmiş İddiaçı Çovdar oğlu ona və atasına qarşı yuxarıda qeyd olunan iddia ilə Göyçay Rayon Məhkəməsinə müraciət etmiş və Göyçay Rayon Məhkəməsi (hakim F.Əfəndiyev) də onun və atası Cavabdeh2 iştirak etmədiyi məhkəmədə 07 fevral 2017-ci il tarixdə 2(046)-111/2017 saylı qətnamə çıxarmışdır. Bildirir ki, o həmin məhkəmə prosesində iştirak etməmiş və onun heç belə bir məhkəmə prosesindən məlumatı belə olmayıb. Məhkəmə çıxardığı qətnaməni onunla əsaslndırıb ki, (qətnamənin təsvir hissəsinin 5-ci səhifəsi) guya o Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 5 saylı Cəzaçəkmə Müəssisəsindən məhkəməyə göndərdiyi ərizəsində İddiaçı hissə-hissə 6200 manat pul aldığını etiraf etmişdir. Halbuki qeyd etdiyi kimi onun nə bu məhkəmə prosesindən xəbəri olmayıb, nə də ki, o belə bir ərizə yazmamışdır. Göyçay Rayon Məhkəməsinin 07 fevral 2017-ci il tarixli, 2(046)-l11/2017 saylı qətnaməsindən o yalnız Göyçay Rayon Məhkəməsinin (hakim X2) 16 may 2021-ci il tarixdə Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Göyçay rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola əsaslanaraq onun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib ona 15 gün müddətinə inzibati həbs tənbeh növü təyin edilməsi barədə 3(046)-140/2021 saylı qərar çıxaranda məlumatlı olmuşdur. Qeyd etdiyi kimi, o İddiaçı vurduğu ziyana görə 5 il azadlıqdan məhrum edilərək cəza çəkmişdir. Hesab edir ki, iddiaçıya qarşı törətdiyi əmələ görə cəza çəkdiyindən eyni əmələ görə ona qarşı heç bir iddia irəli sürülə bilməz. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin 2(046)-111/2017 saylı, 07 fevral 2017 -ci il tаrixli qətnaməsinin ləğv edilərək iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin 2(046)-111/2017 saylı, 07 fevral 2017 -ci il tаrixli qətnaməsinin ləğv edilərək iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Çovdar oğlu apellyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin 2(046)-111/2017 saylı, 07 fevral 2017 -ci il tаrixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə ( zərərçəkənə ) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd ( mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin 2(046)-111/2017 saylı, 07 fevral 2017 -ci il tаrixli qətnaməsinin ləğv edilərək iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Göyçay Rayon Məhkəməsinin 2(046)-111/2017 saylı, 07 fevral 2017 -ci il tаrixli qətnaməsini Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq Cavabdeh1 münasibətdə qismən təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 2(046)-111/2017 saylı, 07 fevral 2017 -ci il tаrixli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçının X4 işləmək məqsədi ilə Ukrayna Respublikasının Luqansk şəhərinə getmişdir. Rusiya ilə Ukrayna Respublikası arasında ərazi üstündə yaranmış mübahisəyə görə, Vüsalın olduğu ərazidə də gərginlik yaşanmışdır, Vüsalın orada qalması üçün təhlükə yarandığından o, Vüsal ilə əlaqə saxlamış və tez bir zamanda Azərbaycana qayıtmasını xahiş etmişdir. Vüsal 29 iyun 2014-cü il tarixdə Azərbaycana qayıdacağını, narahatçılığa heç bir əsas olmadığını bildirmişdir. Vüsal ilə 23 iyun 2014-cü il tarixdə telefon əlaqəsi saxlamağa çalışsa da, buna nail olmamışdır. İddiaçı Elmar ilə 2015-ci ilin aprel ayının sonunda əlaqə saxlamışdır. Elmar ona Vüsalı şəxsən gördüyünü, Vüsalın sağ-salamat olduğunu və kazaklar tərəfindən girov saxlandığını bildirmişdir. Elmar oğlu Vüsal ilə əlaqəyə girmək üçün pul lazım olacağını bildirmişdir. Elmar onu aldadıb və oğlu Vüsalın barəsində ona yalan məlumatlar verərək, ona göndərdiyi 6200 manat pulu alıb mənimsəmişdir. Cavabdeh1 haqqında cinayət işi başlanmış, istintaq aparıldıqdan sonra işə baxılması üçün məhkəməyə göndərilmişdir. Göyçay Rayon Məhkəməsinin 08 iyun 2016-cı il tarixli hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin hökmünə əsasən isə Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Belə ki, apellyasiya şikayətlərində qeyd edilmişdir ki, o həmin məhkəmə prosesində iştirak etməmiş və onun məhkəmə prosesindən məlumatı olmamışdır. Məhkəmə kollegiyası şikayətin bu hissəsi ilə razılaşmır. Belə ki, iş materiallarının 42-ci səhifəsində olan ərizədən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, eyni zamanda iddia ərizəsinin ona təqdim edilməsi və iddia ərizəsinə dair mülahizələrinin məhkəməyə göndərilməsi barədə 5 saylı cəzaçəkmə müəssisəsinə göndərilmişdir. Cavabdeh1 həmin ərizədə iddiaçıya 6200 manat pul borclu olduğunu etiraf etmiş, eyni zamanda iddiaçıya mənəvi ziyan vurmadığını bildirmişdir. Kollegiya qeyd etməyi lazım bilir ki, cavabdehin birinci instansiya məhkəməsinin iclasında iştirak etmək hüququ olsa da, iştirak etmə barədə hər hansı bir tələbi olmamışdır. Birnci instansiya məhkəməsi də haqlı olaraq onun iştirakı olmadan işə baxmışdır. Şikayətin digər dəlili ondan ibarətdir ki, o İddiaçı vurduğu ziyana görə 5 il azadlıqdan məhrum edilərək cəza çəkmişdir. Hesab edir ki, iddiaçıya qarşı törətdiyi əmələ görə cəza çəkdiyindən eyni əmələ görə ona qarşı heç bir iddia irəli sürülə bilməz. Kollegiya şikayətin həmin dəlili ilə də razılaşmır. Belə ki, Mülki Məcəllənin delikdən bəhs edən normalarına əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göründüyü kimi apelyatorun 5 il azadlıqdan məhrum edilərək cəza çəkməsi onu iddiaçıya vurduğu maddi ziyanı ödəmək vəzifəsindən azad etmir. Ona görə də kollegiya hesab edir ki, şiakyətin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə əsas ola bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın Cavabdeh1 münasibətdə qismən təmin etməyi barədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli Göyçay Rayon Məhkəməsinin 2(046)-111/2017 saylı, 07 fevral 2017 -ci il tаrixli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 2(046)-111/2017 saylı, 07 fevral 2017 -ci il tаrixli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1622/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1622/2021
23.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver