Məhkəmə qərarları › İş №2(107)-164/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-164/2021

01.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-164/2021 01.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Həmin oğlunun katibliyi ilə, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(037)-270/2020 nömrəli qətnaməsindən cavabdeh ləğv prosesində olan İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikаyətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin (hakim Rəfayel Şirinov) xx xxxxxx 2020-ci il tarixli 2(037)-270/2020 nömrəli qətnaməsi ilə İddiaçı1 cavabdehlər Cavabdeh1, ləğv prosesində olan İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, “X1 Mərkəzi” MMC və üçüncü şəxs ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı hərracın yekunlarına dair protokolun etibarsız sayılması, onun əsasında ləğv prosesində olan İddiaçı2 ASC-yə verilmiş çıxarışın ləğv edilməsi və ipotekaya xitam verilməsi tələbinə dair iddiası qismən təmin edilərək “X1 Mərkəzi” MMC tərəfindən İddiaçı1 məxsus olan və İsmayıllı şəhəri ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının açıq hərracda satılması üçün keçirdiyi hərracın yekunları barədə xx xxxxxxxx 2016-cı il tarixli Y- 565 saylı protokolun etibarsız hesab edilməsi və İddiaçı1 məxsus olan və İsmayıllı şəhəri ünvan 1 ünvanında 0.0072 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 57.2 kv.metr olan bir mərtəbəli qeyri-yaşayış binasının ipotekadan azad edilməsi qət edilmişdir. İşin halları İddiaçı1 (bundan sonra iddiaçı və ya İddiaçı1) cavabdehlər Cavabdeh1, ləğv prosessində olan İddiaçı2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, “X1 Mərkəzi” MMC və üçüncü şəxs DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət edərək, “X1 Mərkəzi” MMC tərəfindən ona məxsus olan və İsmayıllı şəhəri ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının açıq hərracda satılması üçün keçirdiyi hərracın yekunları barədə xx xxxxxxxx 2016-cı il tarixli Y-565 saylı protokolun etibarsız hesab edilməsi, DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən ləğv prosesində olan İddiaçı2 ASC-yə verilmiş çıxarışın ləğv edilməsi və ona məxsus olan və İsmayıllı şəhəri ünvan 1 ünvanında 0.0072 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 57.2 kv.metr olan bir mərtəbəli qeyri-yaşayış binasının ipotekadan azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla İddiaçı2 ASC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 57/14/SKMF saylı kredit müqaviləsinə əsasən sonuncu tərəfindən ona 36 ay müddətinə illik 6% dərəcəsi ilə 20.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi ona məxsus olan və İsmayıllı şəhəri ünvan 1 ünvanında 0.0072 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 57.2 kv.metr olan bir mərtəbəli qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(037)–1215/2015 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 20632 manat borc məbləğinin ondan alınaraq İddiaçı2 ASC-yə ödənilməsi, 20632 manat borc məbləğinin xx xxxxxx 2014cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən ipoteka ilə yüklü edilmiş ona məxsus olan və İsmayıllı şəhəri ünvan 1 ünvanında 0.0072 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 57.2 kv.metr olan bir mərtəbəli qeyri-yaşayış binasına açıq hərracda satılmaqla yönəldilməsi və ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinin 38000 manat məbləğində müəyyən edilməsi qərara alınmışdır. İsmayıllı rayon İcra Şöbəsi tərəfindən ipoteka ilə yüklü edilmiş qeyriyaşayış sahəsinin açıq hərracda satılması üçün xx xxx 2016-cı il tarixdə “X1 Mərkəzi” MMCyə sifariş verilmişdir. Sifarişə əsasən təkrar hərrac xx xxxxxx 2016-cı il tarixdə olmaqla 2 dəfə hərrac keçirilmişdir. İkinci hərracda ipoteka predmeti satılmadığı üçün həmin əmlak “İpoteka haqqında” Qanunun tələbinə əsasən ilkin satış qiymətindən 25% aşağı qiymətə 24225 manata ləğv prosesində olan İddiaçı2 ASC-yə təklif edilmiş və sonuncu tərəfindən əmlakın dəyəri olan 24225 manat məbləği İsmayıllı rayon İcra Şöbəsinin depozit hesabına köçürülmədən balansa keçirilmişdir. Onun mülkiyyətində olan və İsmayıllı şəhəri ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının açıq hərracda satılmasına dair “X1 Mərkəzi” MMC tərəfindən keçirilmiş hərraclardan məlumatı olmamışdır. İpoteka ilə yüklü edilmiş ona məxsus qeyri-yaşayış sahəsi hərracın yekunlarına dair xx xxxxxxxx 2016-cı il tarixli Y-565 saylı protokol əsasında ləğv prosesində olan İddiaçı2 ASC tərəfindən balansa keçirildikdən sonra onun X1 Mərkəzi” MMC tərəfindən keçirilmiş hərraclardan məlumatı olmuşdur. O, hərracın yekunlarına dair protokol imzalananadək qətnamə üzrə olan 20632 manat borcdan 3275 manatını müxtəlif vaxtlarda hissə-hissə ləğv prosesində olan İddiaçı2 ASC-yə ödəmişdir. Ləğv prosesində olan İddiaçı2 ASC “X1 Mərkəzi” MMC-nin hərracın yekunlarına dair xx xxxxxxxx 2016-cı il tarixli Y-565 saylı protokolu əsasında ipoteka ilə yüklü edilmiş və ona məxsus olan İsmayıllı şəhəri ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini onun xəbəri olmadan keçirilmiş qanunsuz hərraclar nəticəsində ilkin satış qiymətindən 25% aşağı qiymətə 24225 manata əldə etsə də, ipoteka qoyana çatacaq 20.000 manatdan artıq məbləğin bu günədək İcra Şöbəsinin depozit hesabına ödəməmişdir. “İpoteka haqqında” Qanunun 42.7-ci maddəsində qeyd edilir ki, hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci yeddi təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. “İpoteka haqqında” Qanunun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konustitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2014-cü il tarixli qərarında tələbkarın ipoteka predmetini əldə etməməsi əsası və ona xitam verilməsi proseduru şərh edilmiş və həmin şərhdə qeyd edilmişdir ki, ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə ipoteka qoyanın iddiası ilə məhkəmə icraatı qaydasında ipotekaya xitam verilə bilər. Ləğv prosesində olan İddiaçı2 ASC ikinci hərracda ipoteka predmeti satılmadığından, hərracın keçirilməsindən sonra ipoteka predmetinin dəyərinin 24225 manat məbləğini İsmayıllı Rayon İcra Şöbəsinin depozit hesabına ödəmədən balansa keçirmişdir. “İpoteka haqqında” Qanunun tələblərindən görünür ki, heç bir hüquqi əsası olmayan xx xxxxxxxx 2016-cı il tarixli hərracın yekunları barədə Y-565 saylı protokola əsasən ləğv prosesində olan İddiaçı2 ASC DƏDRX-nin 9 saylı Ərazi İdarəsi ilə razılaşaraq, protokolda qeyd edilən ödəniş sənədləri tələb edilmədən sonuncu tərəfindən ona məxsus qeyri-yaşayış sahəsi ləğv prosesində olan İddiaçı2 ASC-nin adına sənədləşdirilmişdir. O, heç bir hüquqi əsası olmayan protokola əsasən ləğv prosesində olan İddiaçı2 ASC-yə qanunsuz olaraq verilmiş çıxarışın ləğv edilməsi barədə DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə müraciət etmiş və sonuncu tərəfindən ona pozulmuş hüququnun bərpası üçün məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Ona görə də pozulmuş hüququnun bərpası üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. O, “X1 Mərkəzi” MMC tərəfindən ona məxsus olan və İsmayıllı şəhəri ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının açıq hərracda satılması üçün keçirdiyi hərracın yekunları barədə xx xxxxxxxx 2016-cı il tarixli Y- 565 saylı protokolun etibarsız hesab edilməsi, DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən ləğv prosesində olan İddiaçı2 ASC-yə verilmiş çıxarışın ləğv edilməsi və ona məxsus olan və İsmayıllı şəhəri ünvan 1 ünvanında 0.0072 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 57.2 kv.metr olan bir mərtəbəli qeyri-yaşayış binasının ipotekadan azad edilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirmiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X2 izahat verərək göstərmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(037)–1215/2015 saylı qətnaməsinə əsasən iddiaçıdan 20632 manat borcun tutulması, 20632 manat borc məbləğinin tutulmasının iddiaçının mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş İsmayıllı şəhəri ünvan 1 ünvanında 0.0072 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 57.2 kv.metr olan bir mərtəbəli qeyri-yaşayış sahəsinə açıq hərracda satılmaqla yönəldilməsi, ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin hərracda ilkin satış qiymətinin 38000 manat məbləğində müəyyən edilməsi qərara alınmışdır. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(037)-1215/2015 saylı qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında xx xxxxxx 2015-ci il tarixli icra vərəqəsi icra olunması üçün İsmayıllı rayon İcra Şöbəsinə göndərilmişdir. İsmayıllı rayon İcra Şöbəsi tərəfindən ipoteka ilə yüklü edilmiş qeyri-yaşayış sahəsinin açıq hərracda satılması üçün xx xxx 2016-cı il tarixdə “X1 Mərkəzi” MMC-yə sifariş verilmişdir. Sifarişə əsasən təkrar hərrac xx xxxxxx 2016-cı il tarixdə olmaqla 2 dəfə hərrac keçirilmişdir. İkinci hərracda ipoteka predmeti satılmadığı üçün həmin əmlak “İpoteka haqqında” Qanunun tələbinə əsasən ilkin satış qiymətindən 25% aşağı qiymətə 24225 manata ləğv prosesində olan İddiaçı2 ASC-yə təklif edilmiş və sonuncu təklifi qəbul etmişdir. “X1 Mərkəzi” MMC tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2016-cı il tarixli hərracın yekunları barədə Y-565 saylı protokol sifarişçi İsmayıllı rayon İcra Şöbəsi tərəfindən imzalanmamışdır. Ləğv prosesində olan İddiaçı2 ASC ipoteka predmetinin dəyəri olan 24225 manat məbləğini İsmayıllı rayon İcra Şöbəsinin depozit hesabına köçürmədən balansa götürmüşdür. Ləğv prosesində olan İddiaçı2 ASC əmlakı balansa götürdükdən sonra DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə müraciət etmiş və sonuncu tərəfindən Ləğv prosesində olan İddiaçı2 ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(037)-270/2020 nömrəli qətnaməsi qəbul edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(037)-270/2020 nömrəli qətnaməsindən ləğv prosesində olan İddiaçı2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Ləğv prosesində olan İddiaçı2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyаsiyа şikаyəti belə əsaslandırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-270/2020 nömrəli mülki iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsində əsassız olaraq, cavabdeh kimi ləğv prosesində olan İddiaçı2 ASC- nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun mənafeləri nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, İsmayıllı Rayon İcra Şöbəsi tərəfindən ipoteka ilə yüklü edilmiş iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin hərracda satılması üçün xx xxx 2016-cı il tarixdə “X1 Mərkəzi” MMC-ə verilən sifarişə əsasən təkrar hərrac xx xxxxxx 2016-cı il tarixdə olmaqla 2 dəfə hərrac keçirilmişdir. İkinci hərracda ipoteka predmeti satılmadığı üçün həmin əmlak ilkin satış qiymətindən 25% aşağı qiymətə 24225 manata ləğv prosesində olan İddiaçı2 ASC-yə təklif edilmiş və sonuncu təklifi qəbul edərək təkrar hərracın keçirilməsindən 28 gün keçdikdən sonra əmlakın dəyəri olan 24225 manat məbləği İsmayıllı Rayon İcra Şöbəsinin depozit hesabına köçürmədən balansa keçirmişdir. “X1 Mərkəzi” MMC tərəfindən təkrar hərrac keçirildikdən sonra İsmayıllı Rayon İcra Şöbəsi tərəfindən İddiaçı1 məxsus İsmayıllı şəhəri ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binasının ləğv prosesində olan İddiaçı2 ASC-ə satış qiyməti olan 24225 manatın İsmayıllı Rayon İcra Şöbəsinin depozit hesabına köçürülməsi barədə Banka heç bir məlumat verilməmişdir. Hərracın yekunları barədə xx xxxxxxxx 2016-cı il tarixli Y-565 saylı protokol ləğv prosesində olan İddiaçı2 ASC-nin nümayəndəsi tərəfindən imzalanmışdır. Deməli, məhkəmə əsassız olaraq İddiaçı1 məxsus İsmayıllı şəhəri ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasını ipotekadan azad etmişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2014-cü il tarixli RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, İddiaçı1 məxsus olan, ipoteka ilə yüklü edilmiş, İsmayıllı şəhəri ünvan 1 ünvanında 0.0072 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 57.2 kv.metr olan bir mərtəbəli qeyri-yaşayış binası ləğv prosesində olan İddiaçı2 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(037)–1215/2015 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən müəyyən edilir ki, xx xxxxxx 2014-cü il tarixli 57/14/SKMF saylı kredit və xx xxxxxx 2014-cü il tarixli 057/14/SKMF nömrəli ipoteka müqavilələri üzrə 20000 manat əsas, 373 manat faiz və 200 manat cərimə borcu, habelə ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 29 manat dövlət rüsumu olmaqla, cəmi 20632 manat məbləğin İddiaçı1 alınaraq ləğv prosesində olan İddiaçı2 ASC-yə ödənilməsi, 20632 manat məbləğinin tutulmasının xx xxxxxx 2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən ipoteka ilə yüklü edilmiş İsmayıllı şəhəri ünvan 1 ünvanında 0.0072 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 57.2 kv.metr olan bir mərtəbəli qeyri-yaşayış binasına açıq hərracda satılmaqla yönəldilməsi, ipoteka predmeti olan qeyri-yaşayış binasının hərracda ilkin satış qiymətinin 38000 manat məbləğində müəyyən edilməsi qərara alınmışdır. xx xxxxxx 2015-ci il tarixli icra vərəqəsindən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra xx xxxxxx 2015-ci il tarixdə icra olunması üçün İsmayıllı rayon İcra Şöbəsinə göndərilmişdir. İsmayıllı rayon İcra Şöbəsinin xx xxx 2016-cı il tarixli hərracın keçirilməsinə dair sifariş məktubundan görünür ki, xx xxxxxx 2015-ci il tarixli icra vərəqəsinin icrasının təmin edilməsi məqəsdi ilə İsmayıllı rayon İcra Şöbəsi tərəfindən xx xxx 2016-cı il tarixdə ipoteka predmeti olan İsmayıllı şəhəri ünvan 1 ünvanında 0.0072 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 57.2 kv.metr olan bir mərtəbəli qeyri-yaşayış binasının açıq hərracda satılması üçün “X1 Mərkəzi” MMC-yə sifariş məktubu göndərilmişdir. xx xxxxxxxx 2016-cı il tarixli “X1 Mərkəzi” MMC tərəfindən tərtib edilmiş Hərracın yekunları barədə Y-565 nömrəli Protokolun surətindən görünür ki, İddiaçı1 məxsus olan və İsmayıllı şəhəri ünvan 1 ünvanında 0.0072 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 57.2 kv.metr olan bir mərtəbəli qeyri-yaşayış binası ilkin satış qiyməti 38000 manat olmaqla hərraca çıxarılmış, əmlak təkrar hərracda satılmadığı üçün ilkin satış qiymətindən 25% aşağı qiymətə, yəni 24225 manata ləğv prosesində olan İddiaçı2 ASC-yə təklif edilmiş və sonuncu əmlakı qəbul edərək balansa keçirmişdir. “X1 Mərkəzi” MMC tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2016-cı il tarixli Hərracın yekunları barədə Y-565 nömrəli Protokol “X1 Mərkəzi” MMC-nin direktoru və ləğv prosesində olan İddiaçı2 ASCnin nümayəndəsi tərəfindən imzalansa da, hərracın sifarişçisi İsmayıllı rayon İcra Şöbəsinin nümayəndəsi tərəfindən imzalanmamışdır. xx xxxxxxxx 2016-cı il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə Müqavilədən görünür ki, İddiaçı1 məxsus olan və ipoteka predmeti olan İsmayıllı şəhəri ünvan 1 ünvanında 0.0072 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 57.2 kv.metr olan bir mərtəbəli qeyri-yaşayış binasına dair hərrac təşkilatçısı “X1 Mərkəzi” MMC ilə tələbkar ləğv prosesində olan İddiaçı2 ASC-nin nümayəndəsi arasında hərracın keçirilməsi məqsədi ilə müqavilə bağlanmış və müqaviləyə əsasən qeyri-yaşayış binasının ləğv prosesində olan İddiaçı2 ASC tərəfindən 24225 manata əldə edildiyi qeyd edilmişdir. xx xxxxxxxx 2016, xx xxxxxxxx 2016, xx xxxxxx 2016, xx xxxxxx 2017, xx xxxxxx 2017, xx xxxx 2017, xx xxxxx 2017, xx xxx 2017, xx xxxx 2017, xx xxxx 2017, xx xxxxxx 2017, xx xxx 2018, xx xxxx 2018, xx xxxxxxxx 2018, xx xxxxxx 2018, xx xxxxxx 2019 və xx xxxxxx 2020-ci il tarixli ödəniş qəbzlərinin surətindən görünür ki, “X1 Mərkəzi” MMC tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2016-cı il tarixli Hərracın yekunları barədə Y-565 nömrəli Protokol əsasında ipoteka predmeti olan qeyri-yaşayış binası ləğv prosesində olan İddiaçı2 ASC-nin balansına keçirildikdən sonra İddiaçı1 tərəfindən ləğv prosesində olan İddiaçı2 ASC-nin hesabına ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla, ümumilikdə 1000 manat məbləğində vəsait ödənilmişdir. Problemli kreditlərin kompensasiyasına dair mərkəzi bazadan çıxarılmış məlumatda göstərilir ki, İddiaçı1 xx xxxx 2019-cu il tarixə ləğv prosesində olan İddiaçı2 ASC-yə 18812.92 manat borcu olmuş, 1444.99 manat kompensasiya məbləği 18812.92 manat borcun ödənilməsinə yönəldildikdən sonra İddiaçı1 ləğv prosesində olan İddiaçı2 ASC-yə 17367.93 manat borcu qalmışdır. İşin həqiqi hаllаrındаn görünür ki, İsmayıllı rayon İcra Şöbəsi tərəfindən ipoteka ilə yüklü edilmiş iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin hərracda satılması üçün xx xxx 2016-cı il tarixdə “X1 Mərkəzi” MMC-yə sifariş verilmişdir. Sifarişə əsasən təkrar hərrac xx xxxxxx 2016-cı il tarixdə olmaqla 2 dəfə hərrac keçirilmişdir. İkinci hərracda ipoteka predmeti satılmadığı üçün həmin əmlak ilkin satış qiymətindən 25% aşağı qiymətə 24225 manata ləğv prosesində olan İddiaçı2 ASC-yə təklif edilmiş və sonuncu təklifi qəbul edərək təkrar hərracın keçirilməsindən 28 gün keçdikdən sonra əmlakın dəyərini 24225 manat məbləğini İsmayıllı rayon İcra Şöbəsinin depozit hesabına köçürmədən balansa keçirmişdir. İsmayıllı rayon İcra Şöbəsinin nümayəndəsi əmlakın dəyərinin ləğv prosesində olan İddiaçı2 ASC tərəfindən İsmayıllı rayon İcra Şöbəsinin depozit hesabına köçürülməsini tələb etməmiş və hərracın keçirilməsinə dair xx xxxxxxxx 2016-cı il tarixli hərracın yekunları barədə Y-565 saylı protokolu imzalamamışdır. İpoteka predmeti olan qeyri-yaşayış binası xx xxxxxxxx 2016-cı il tarixli hərracın yekunları barədə Y-565 saylı protokol əsasında İddiaçı2 ASC-nin balansına keçirildikdən sonra ipoteka saxlayan ipoteka predmetinin satışından əldə edilmiş 24225 manat məbləğinin 20632 manat borcun ödənilməsinə yönəldilməsindən artıq qalmış məbləği ipoteka qoyana qaytarmamışdır. Bundan əlavə ləğv prosesində olan İddiaçı2 ASC ipoteka predmetini balansa keçirdikdən sonra iddiaçı tərəfindən ödənilmiş 1000 manat məbləğini də özünün hesabına keçirmişdir. xx xxxx 2019-cu il tarixə iddiaçının ləğv prosesində olan İddiaçı2 ASC-yə 18812.92 manat borcu olmuş, 1444.99 manat kompensasiya məbləği 18812.92 manat borcun ödənilməsinə yönəldildikdən sonra iddiaçının ləğv prosesində olan İddiaçı2 ASC-yə 17367.93 manat borcu qalmasına baxmayaraq, ləğv prosesində olan İddiaçı2 ASC ipoteka predmetinin dəyəri olan 24225 manat məbləğinin 17367.93 manat kredit borcunun ödənilməsinə yönəldilməsindən sonra artıq qalmış məbləği bu günədək iddiaçıya qaytarmamışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 40-cı maddəsinə əsasən, tutmanın yönəldilməsi haqqında bildiriş “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verildikdən azı 30 təqvim günü keçdikdən sonra ipoteka predmeti bu qanunla müəyyən edilmiş qaydada satıla bilər. 42.7-ci maddəsinə əsasən, hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. 47.4-cü maddəsinə əsasən, bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. 44-cü maddəsinə əsasən, bu qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. İstinad olunan qanunvericilik normalarından göründüyü kimi, hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. (“İpoteka haqqında” Qanunun 42.7-ci maddəsi). Yuxarıda şərh edildiyi kimi İddiaçı2 ASC ipoteka predmeti əmlakın dəyəri olan 24225 manat məbləğində pulu İsmayıllı rayon İcra Şöbəsinin depozit hesabına köçürmədən həmin əmlakı özünün balansına keçirmiş, bununla da “İpoteka haqqında” Qanunun tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 416.1-ci maddəsinə görə, müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2-ci maddəsinə görə, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin ““X1 Mərkəzi” MMC tərəfindən İddiaçı1 məxsus olan və İsmayıllı şəhəri ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının açıq hərracda satılması üçün keçirdiyi hərracın yekunları barədə xx xxxxxxxx 2016-cı il tarixli Y-565 saylı protokolun etibarsız hesab edilməsi və İddiaçı1 məxsus olan və İsmayıllı şəhəri ünvan 1 ünvanında 0.0072 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 57.2 kv.metr olan bir mərtəbəli qeyri-yaşayış binasının ipotekadan azad edilməsinə dair hissəsini” təmin etməkdə haqlı olmuşdır. Digər tələblə bağlı birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbinin DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən ləğv prosesində olan İddiaçı2 ASC-yə verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı2 ASC-yə DƏDRXnin 9 saylı Ərazi İdarəsi tərəfindən çıxarış verilməsini təsdiq edən sənədləri məhkəməyə təqdim etmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin xx xxxxx 2021-ci il tarixli 2(107)-164/2021 nömrəli qərardadı ilə iddia tələbinin DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən ləğv prosesində olan İddiaçı2 ASC-yə verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair hissəsi baxılmamış saxlanılmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçıların üzərinə düşür. İddiaçı tərəf öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(037)-270/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi : Cavabdeh ləğv prosesində olan İddiaçı2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikаyəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(037)-270/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar