Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1659/2020 28.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədоv İlyаs Səməd oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər “xxxx” MMC-yə, Cavabdeh2nə və üçüncü şəxs “X3 Azərbaycan” QSC-nə qarşı hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi, fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən üçüncü şəxs “X3 Azərbaycan” QSC tərəfindən verilmiş şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Kənan Hüseynov) İddiaçı iddiasının qismən təmin edilməsi, Gəncə şəhəri Nizami rayonu, İ.Əliyev küçəsində 0,04 ha torpaq sahəsində yerləşən iki mərtəbəli, dörd otaqlı, 98kvm yaşayış, 188,6kvm köməkçi sahədən ibarət 58 nömrəli fərdi yaşayış evinə dair “xxxx” MMC-nin xx xxx 2018-cı il tarixli, 30/02 saylı hərracın yekunları barədə protokolu və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 122 (yüz iyirmi iki) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. işin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxx 2018-ci il tarixdə keçirilmiş hərracın etibarsız hesab edilməsi, onun icrası nəticəsində əmələ gəlmiş hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi və Gəncə şəhəri Nizami rayonu, İ.Əliyev küçəsində 0,04 ha torpaq sahəsində yerləşən iki mərtəbəli, dörd otaqlı, 98kvm yaşayış, 188,6kvm köməkçi sahədən ibarət 58 nömrəli ünvanda yerləşən fərdi yaşayış evinə yeni ilkin satış qiymətinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirib izahatında göstərdi ki, Gəncə şəhəri Nizami Rayon Məkhəməsinin xx xxx 2016-cı il tarixli, 2(044)-2317/2016 saylı qətnaməsinə əsasən, ondan ümumilikdə 86456 manat məbləğində borcun tutularaq “X3 Azərbaycan” ASC-yə ödənilməsi, tutmanın onun mülkiyyətində olan, Gəncə şəhəri Nizami rayonu, İ.Əliyev küçəsində 0,04 ha torpaq sahəsində yerləşən iki mərtəbəli, dörd otaqlı, 98kvm yaşayış, 188,6kvm köməkçi sahədən ibarət 58 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, evin ilkin satış qiymətinin 138600 manat müəyyən edilməklə həmin qiymətə açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, həmin məbləğ kifayət etmədikdə məbləğin qalan hissəsinin onun digər əmlakı hesabına təmin edilməsi qərara alınmışdır. O, həmin qətnamədən apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək cərimə məbləği dəyişdirilib 50 manat, ümumi məbləğ isə 85866,49 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra icra məmuru onun xəbəri olmadan ipoteka predmeti olan evini açıq hərraca çıxarmış və xx xxx 2018-ci il tarixdə keçirilmiş hərracda ev cəmi 88357 manata satılmışdır. İcra məmuru ona icra barədə heç bir məlumat verməmiş və hərrac mərkəzi harracın vaxtı barədə ona bildiriş göndərməmişdir. Həmçinin evin satış qiyməti 138600 manat müəyyən edilsə də, hərracda yarı qiymətə, 88357 manata satılmışdır. Halbuki o, həmin evə alıcı taparaq daha baha qiymətə sata bilərdi. Evin bugünkü bazar qiyməti ən azından 500000 manat təşkil edir. Sonda iddiaçı göstərilənləri nəzərə alıb məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsini xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X3 Azərbaycan” ASC-nin nümayəndəsi iddianı qəbul etmədiyini, iddianın əsassız olduğunu bildirərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələbinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 icra məmuru X1 iddianı qəbul etməyərək bildirdi ki, o, icra sənədinin icrası ilə bağlı iddiaçıya məlumat vermiş, həmçinin iddiaçı tələbin könüllü icrası barədə bildirişə öz xətti ilə yazaraq kassasiya şikayəti verəcəyini bildirmişdir. Hərracın vaxtı və yeri barədə məlumatı isə hərracı keçirən təşkilat məlumat verir və Daşınar Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi onlara məktublaməlumat vermiş və həmin məktubda iddiaçının da adı qeyd edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən narazı qalan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X3 Azərbaycan” ASC apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı tələbin könüllü icrası barədə bildirişi əldə etdiyi vaxtdan məlum olmuşdur ki, əmlaka tutma yönəldildiyi halda əmlak hərrac yolu ilə satışa çıxarılaraq satılması həyata keçiriliçəkdir. Bundan başqa İddiaçı tərəfindən müxtəlif vaxtlarda məhkəmələrdə banka qarşı əsassız iddialar qaldırmışdır ki, həmin məhkəmə iclaslarında əmlakın bank tərəfindən hərrac yolu ilə əldə olunması barədə məhkəmələrə məlumat verilmişdir və İddiaçı bu barədə məlumatlı olmuşdur. Sonda İddiaçı iddia tələbləri məhkəmələr tərəfindən təmin olunmamışdır. Hesab edirik ki, İddiaçı yetərincə hərracın keçirilməsi ilə bağlı məlumatı olmuşdur. Proses iştirakçıları lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası Məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “X3 Azərbaycan” QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və həmin qətnamə ilə İddiaçı cavabdehlər “xxxx” MMC-yə, Cavabdeh2nə və üçüncü şəxs “X3 Azərbaycan” QSC-nə qarşı hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi, fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(104)-127/2017 saylı icra sənədindən görünür ki, “X3 Azərbaycan” QSC-nin İddiaçı qarşı borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı ümumilikdə 85866 manat məbləğində borcun tutularaq “X3 Azərbaycan” ASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş, İddiaçı mülkiyyətində olan Gəncə şəhəri Nizami rayonu, İ.Əliyev küçəsində 0,04 ha torpaq sahəsində yerləşən iki mərtəbəli, dörd otaqlı, 98kvm yaşayış, 188,6kvm köməkçi sahədən ibarət 58 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, evin ilkin satış qiymətinin 138600 manat müəyyən edilməklə həmin qiymətə açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, həmin məbləğ kifayət etmədikdə məbləğin qalan hissəsinin onun digər əmlakı hesabına təmin edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin xx xxx 2018-ci il tarixli, 30/02 saylı “Hərracın nəticələri haqqında yekun protokol”undan görünür ki, İddiaçı mülkiyyətində olan həmin əmlak ilkin satış qiyməti 138600 manat olmaqla açıq hərraca çıxarılmış, sonradan qiyməti 15 faiz, daha sonra isə 25 faiz endirilərək 88357,50 manata “X3 Azərbaycan” ASC-yə satılmışdır. İş materiallarına əlavə edilmiş xx xxxx 2019-cu il tarixli, 14931 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, mülki işə əlavə edilmiş icra işinin 9-cu vərəqəsində olan xx.xx.2017-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdə “Bildireşe aldım. Qətnamədən Ali Məhkəməyə şikayət verəcəm xx.xx.2017-ci il” yazıları və tarix göstəricisindən yuxarıda olan imza- İddiaçı tərəfindən icra olunmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən hesab etmişdir İddiaçı iddiasının əsası kimi hərracın keçirilmə vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmədiyini, eləcə də əmlakın aşağı qiymətə satıldığını göstərmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 337.1-ci maddəsində müəyyən edilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, almanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən almanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər və 416.2 maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinin tələbinə görə hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Həmin Qanunun 42.6-cı maddəsində müəyyən edilmişdir ki, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Həmin Qanunun43.1-ci və 43.1.2-ci maddələrində müəyyən edilmişdir ki, hərracın iştirakçısı olmadıqda, hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir. Həmin Qanunun 43.2-ci maddəsinin tələbinə əsasən, bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Həmin Qanunun 43.3-cü maddəsində müəyyən edilmişdir ki, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Həmin Qanunun 43.5-ci maddəsində müəyyən edilmişdir ki, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin Qanunun 43.8-ci maddəsinin tələbinə görə ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Həmin Qanunun44-cü maddəsinə görə bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Broniovski Polşaya qarşı xx xxxx 2004-cü il tarixli qərarında göstərilir ki, 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli normadan ibarətdir, birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir, birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, razılığa gələn Dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müyyən edilmiş hesab edilmişdir ki, Məhkəmə işin obyektiv həlli baxımından Cavabdeh2ndən Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(104)-127/2017 saylı icra sənədi ilə bağlı icra işini tələb etmiş, 104536/17 saylı icra işinin materiallarında İddiaçı tələbin könüllü icrası barədə bildirişdən məlumatı olsa da, hərracın keçirilmə vaxtı və yeri barədə öncədən xəbərdar edilməsinə dair heç bir sübuta rast gəlinməmişdir. İcra işinin materiallarından görünür ki, hərrac təşkilatı tərəfindən göndərilmiş bildirişlərdə İddiaçı adı qeyd edilsə də, onun həmin bildirişləri alması barədə heç bir sübut yoxdur. Həmçinin cavabdeh Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Harrac Mərkəzi MMC-yə sorğu verilərək İddiaçı hərracın keçirilməsi ilə bağlı rəsmi qaydada xəbər verilməsi və həmin məlumatın çatması barədə məhkəməyə məlumat verilməsi tələb olunsa da, sorğuya cavab verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməs iddianı qismən təmin edərkən iddianın təmin olunması ilə bağlı maddi və prosessual hüquq normalarını pozduğundan, məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmadığından və məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilmədiyindən birinci instansiya məhkəməsinin iddianın qismən təmin olunması ilə bağlı gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apelyasiya məhkəməsi araşdırması zamanı cavabdeh Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Harrac Mərkəzi MMC-yə iş üzrə obyektiv məhkəmə araşdırılmasının təmin edilməsi məqsədi ilə xx xxx 2018-ci il tarixdə hərracın keçirilməsi barədə İddiaçı məlumatlı olub-olmaması, olduğu təqdirdə həmin məlumatı təsdiq edən sənədlərin surətlərinin Şəki Apelyasiya Məhkəməsinə təqdim edilməsi barədə müraciət edilmiş, cavabdeh Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Harrac Mərkəzi MMC tərəfindən, o cümlədən üçüncü şəxs “X3 Azərbaycan” QSC tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, İddiaçı xx xxx 2018-ci il tarixdə keçiriləcək hərracın, o cümlədən əvvəllər də keçirilmiş hərracların yeri və vaxtı barədə məlumatlı olmuşdur. Belə ki, cavabdeh Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Harrac Mərkəzi MMC 01/2329 saylı xx xxxx 2017-ci il tarixli məktub ilə xx xxxx 2017-ci il tarixdə saat 11:00-da keçiriləcək hərracın vaxtı və yeri barədə İddiaçı məlumatı alması 028913 seriyalı xəbarnamə, xx xxxxx 2018-ci il saat 11:00-da keçiriləcək hərracın vaxtı və yeri barədə İddiaçı məlumatı alması 046215 saylı xəbərnamə, o cümlədən cavabdeh Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Harrac Mərkəzi MMC 01/1386 saylı xx xxx 2018-ci il tarixli məktub ilə İddiaçı hərracın keçirilməsi ilə bağlı məlumat verilmiş, həmin məktubu İddiaçı almasına dair 048761 seriyalı xəbərnamə iş materiallarına əlavə edilmişdir. Həmçinin üçüncü şəxs “X3 Azərbaycan” QSC-nin apellyasiya şikayətində qeyd etdiyi “İddiaçı tələbin könüllü icrası barədə bildirişi əldə etdiyi vaxtdan məlum olmuşdur ki, əmlaka tutma yönəldildiyi halda əmlak hərrac yolu ilə satışa çıxarılaraq satılması həyata keçiriliçəkdir. Bundan başqa İddiaçı tərəfindən müxtəlif vaxtlarda məhkəmələrdə banka qarşı əsassız iddialar qaldırmışdır ki, həmin məhkəmə iclaslarında əmlakın bank tərəfindən hərrac yolu ilə əldə olunması barədə məhkəmələrə məlumat verilmişdir və İddiaçı bu barədə məlumatlı olmuşdur. Sonda İddiaçı iddia tələbləri məhkəmələr tərəfindən təmin olunmamışdır..” dəlilləri ilə bağlı məhkəmə kollegiyası onların əsaslı və inandırıcı olması qənaətindədir və hesab edir ki, İddiaçı yetərincə hərracın keçirilməsi ilə bağlı məlumatı olmuşdur. Bundan başqa məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, sözügedən hərrac keçirilərkən iş üzrə iddiaçıya hərracda iştirak etmək üçün bildiriş göndərilmiş, iddiaçı həmin bildirişin almasını öz imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.1-ci maddəsinə əsasən auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 415.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 415.4-cü maddəsinə əsasən hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Lakin hazırkı halda hərracın keçirilməsi barədə iddiaçı məlumatlı olduğundan həmin hərracın etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Bundan başqa iddiaçı iddianın faktiki əsaslarından digəri kimi hərrac nəticəsində əmlakın aşağı qiymətə satılmasına istinad etmiş və ipoteka predmetinə yeni ilkin satış qiymətinin müəyyən edilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. İş materialları ilə müəyyən olunur ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxx 2016-cı il tarixli, 2(044)-2317/2016 saylı qətnaməsində İddiaçı məxsus əmlak 138600 manat məbləğində qiymətləndirilmişdir. Göründüyü kimiİddiaçı onun mülkiyyətində olan, Gəncə şəhəri Nizami rayonu, İ.Əliyev küçəsində 0,04 ha torpaq sahəsində yerləşən iki mərtəbəli, dörd otaqlı, 98kvm yaşayış, 188,6kvm köməkçi sahədən ibarət 58 nömrəli fərdi yaşayış evinə dair hərracın keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verildiyindən “xxxx” MMC-nin xx xxx 2018-cı il tarixli, 30/02 saylı hərracın yekunları barədə protokolu və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənın etibarsız hesab edilməsi barədə iddia tələbi əsassızdır. Hərracın keçirilməsi və onun yekunu olaraq ipoteka predmetinin “X3 Azərbaycan” QSC tərəfindən əldə edilməsi prosesində hərhansı bir qanun pozuntusuna yol verildiyi müəyyən edilməmişdir. Ona görə məhkəmə kollegiyası mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs ”X3 Azərbaycan” QSC-nin apellyasiya şikayətində göstərdiklərini əsaslı və inandırıcı hesab edir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozaraq əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin təmin edilməsinə və qətnamənin ləğv olunmasına əsas olan hallar müəyyən edilmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəməkollegiyаsıiş üzrə toplаnmış sübutlаrıyuxаrıdаşərholunаnmаddivəprosessuаlhüquqnormаlаrıiləəlаqəlişəkildətədqiqedərəkhesаb edirki, birinciinstаnsiyаməhkəməsi iddianı təmin etməklə düzgünnəticəyəgəlmədiyindən, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilmədiyindən, qətnamə qəbul edərkən qətnamənin ləğv edilməsinə əsas ola biləcək maddi və prosessual hüquq normalarının pozulmasına yol verdiyindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “X3 Azərbaycan” QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və həmin qətnamə ilə İddiaçı cavabdehlər “xxxx” MMC-yə, Cavabdeh2nə və üçüncü şəxs “X3 Azərbaycan” QSC-nə qarşı hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi, fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 389-ci maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-ci maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi araşdırması zamanı məhkəmə – xətşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 122 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “X3 Azərbaycan” QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixliqətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər “xxxx” MMC-yə, Cavabdeh2nə və üçüncü şəxs “X3 Azərbaycan” QSC-nə qarşı hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi, fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi tələbinə dair iddiası rədd edilsin. İş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 122 (yüz iyirmi iki) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən, tərəflər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov.
Məhkəmə qərarları › İş №2(107)-1659/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1659/2020
28.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver