Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1675/2021 12.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh1 nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(075)-1350/2021 nömrəli qərardadından iş üzrə Cavabdeh1 tərəfindən verilmiş şikayətə, Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 adına 10 iyul 2018ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə birlikdə 17 iyun 2021-ci il tarixdə daxil olmuş ərizəsində məhkəmə hazırki iş baxılıb yekun qərar qanuni qüvvəsini alanadək Cavabdeh1 adına 10 iyul 2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində tikinti-söküntü işlərinin aparılmasına və özgəninkiləşdirilməsinə qadağa qoyulması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir.. Şəki Rayon Məhkəməsinin (hakim P.Hacıyev) 21 iyun 2021-ci il tarixli, 2(075)- 1350/2021 nömrəli qərardadı ilə hazırki iddia tələbinə baxılıb iş üzrə çıxarılacaq qətnamə qanuni qüvvəsini alanadək, Cavabdeh1 adına 10 iyul 2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində tikinti-söküntü işlərinin aparılması və özgəninkiləşdirilməsi qadağan edilməklə üzərinə həbs qoyulması barədə ərizəsi təmin edilmişdir. Qərardaddan Cavabdeh1 şikayət verərək, Şəki Rayon Məhkəməsinin 21 iyun 2021ci il tarixli, 2(075)-1350/2021 nömrəli qərardadının əsassız olduğundan ləğv edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin 21 iyun 2021-ci tarixli, 2(075)-1350/2021 nömrəli qərardadı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, məhkəmə ərizədə göstərilən həmin əmlaklara həbs qoymaqla mövcud olmayan iddianın təmin edilməsi üçün tədbir görmüşdür. Hazırki vəziyyətdə isə iddianın təmin edilməsi tədbirinin görülməsi zərurəti yoxdur. Eyni zamanda qeyd etmək istəyir ki, mübahisəyə mahiyyəti üzrə baxılarkən araşdırılmalı olduğundan və iş üzrə iddianı təmin etmə tədbiri görülməsi üçün əsas olmadığından əsassızdır. Şəki Rayon Məhkəməsinin 26 iyun 2021-ci il tarixli, 2(075)-1350/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili X2 şikayəti müdafiə edərək bildirmişdir ki, iddiaçının hazırki tələblə bağlı iddia qaldırmağa subyektiv hüququ yoxdur. Belə ki, iddiaçının mübahisələndirdiyi ev mülkiyyət hüququ ilə cavabdehə məxsusdur. İddiaçının əlində olan çıxarışın heç bir hüquqi qüvvəsi yoxdur. Həmin çıxarış Ali Məhkəmənin qərarı əsasında ləğv edilmişdir. Ona görə də hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı tam əsassızdır. Odur ki, şikayətin təmin olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı şikayətə etiraz edərək bildirmişdir ki, sözügedən mübahisəli ev mülkiyyət hüququ ilə ona məxsusdur. O, həmin evin cavabdehin adına neçə sənədləşməsindən tam xəbərsizdir. Bu məsələdən evi oğluna bağışlayan zaman xəbərdar olmuşdur. Notariat orqanında bağışlama müqaviləsi rəsmiləşdirilərkən heç bir problem olmamış, əmlak onun adına çıxmışdır. Lakin bağışlama müqaviləsini qeydiyyata aldırmaq istəyərkən DƏDRX bundan imtina etmişdir. Hesab edir ki, iş mahiyyəti üzrə həll olunanadək əmlak üzərində qadağalar olmalıdır. Ona görə də birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi şikayət ərizəsini tərəflərin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Şəki Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(075)-1350/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. 158.1-ci və 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi kimi tədbirlər görülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Konstitusiya Məhkəməsinin Plenumunun 14 mart 2018-ci il tarixli qərarında qeyd olunru ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə,... ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Qüvvədə olan Mülki Prosessual Məcəllənin şübhəsiz üstünlüklərindən biri məhz iddianı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasibliyi prinsipinin tətbiq edilməsidir. Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş hansı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olması göstərilmir. Lakin həmin maddənin mənasından aydın olur ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin tədbirinin tətbiqinə dair ərizəni təmin edərkən tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, iddianın məzmunundan da görünür ki, iddiaçı məhz mübahisə olunan əmlak tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Həmin əmlakın da üzərinə qadağa, həbs qoyulması isə müvəqqəti xarakter daşıyan bir məhkəmə aktıdır və cavabdehin mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qəbul edilə bilməz. Apellyasiya instansiya məhkəməsi həmçinin hesab edir ki, ümumiyyətlə iddianı təmin etmək tədbirləri iddianın məhkəməyə verilməsi ilə qorunan əmlak mənafelərinin müdafiəsinin sürətləndirilmiş və çevik vasitəsi olduğuna görə bu tədbirlərin tətbiqindən ötrü sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə məhkəməyə təqdim edilməsi tələb olunmur. Əks halda iddianı təmin etmə tədbirləri öz əhəmiyyətini itirmiş olar. Ona görə də işdə iştirak edən şəxsin iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizəsi məhkəməyə daxil olduqda, onun pozulmuş və ya mübahisəli hüququnun mövcudluğunu təsdiq edən sübutların təqdim olunması iddianı təmin etmək haqqında tədbirlərin görülməsi üçün kifayətdir. Yuxarıda şərh olunan mülki prosessual qanunvericiliyin normalarının mənasından da göründüyü kimi iddianın təmin tədbiri qətnamənin icrasını gələcəkdə qeyri-mümkün edə biləcək halların qarşısının alınmasına yönəlmiş müvəqqəti xarakterli prosessual tədbir kimi tətbiq edilir. Həmin tədbirlər işi mahiyyəti üzrə qabaqcadan həll etmir. Məhz bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıdığından və işi qabaqcadan mahiyyəti üzrə həll etmədiyindən, hazırki iş üzrə də iddianın təmini tədbiri iddia tələbinin məzmununa, həddinə və ruhuna uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək etmək hüququ vardır. Şərh olunanları nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilmədən Şəki Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(075)- 1350/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Mülki Prosessual Məcəllənin 402-ci maddəsinin tələbinə görə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(075)-1350/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1675/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1675/2021
12.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver