Məhkəmə qərarları › İş №2(107)-1678/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1678/2021

28.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1678/2021 28.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4 iştirakı ilə` İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdən onun və övladlarının payının naturada ayrılıb verilməsi” tələbinə dair ilk, Cavabdeh və X2 İddiaçı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İradəsi və maraqlı şəxs Mingəçevir regional “Asan Xidmət” mərkəzində notariat ofisinə qarşı “çıxarışın etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(051)-67/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə ünvan 1 ünvanda, 0,0652 ha torpaq sahəsi üzərində yerləşən 77,9 kvm fərdi yaşayış evinin 2/4 hissə payla Cavabdeh ilə aralarında naturada bölünməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 26 may 2021-ci il tarixli 2(051)-67/2021 nömrəli (hakim Ə.Hüseynov) qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə əlavə tikinti-texniki ekspertizasının təyin edilməsini, ekspert qarşısında Mingəçevir şəhəri, Koroğlu küçəsində yerləşən 0.0652 ha torpaq sahəsində 2 tikilinin, yəni fərdi yaşayış evlərinin naturada ayrılmasının mümkün olub-olmaması sualı qoyulmaqla, alınmış rəy əsasında iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı X6 tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1956-cı ildə anadan olmuşdur. Ali təhsilli tarix müəllimidir. Hal-hazırda yaşa görə əmək pensiyaçısıdır. ünvan 2 ünvanda 0,0652 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 77,9 kvm 3 yaşayış otağından 1 mətbəxdən və 1 bağlı eyvandan ibarət olan fərdi yaşayış evi xüsusi və paylı mülkiyyət hüququ əsasında ona məxsusdur. Bu barədə ona Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən 03.05.2018-ci il tarixli Seriya RX1226908 “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” verilmişdir. Çıxarış daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində qeydiyyata alınmışdır. 0,0652 ha torpaq sahəsi və onun üzərində olan 77,9 kvm fərdi yaşayış evi ¼ hissə payla ona ¼ hissə payla qızı X5 və 2/4 hissə payla Cavabdeh məxsusdur. Fərdi yaşayış evi naturada bölünmədiyinə görə 2/4 hissə payla mülkiyyətçi Cavabdeh qanunsuz olaraq yaşayış sahəsindən istifadə edir. Bu isə onun və qızı X3 qanunla qorunan mülkiyyət hüquqlarını pozur. Dəfələrlə Cavabdeh paylı mülkiyyətin naturada bölünməsi üçün razılığa gəlməsini təklif etmişdir. Lakin Reyhan məsələnin razılıq yolu ilə həllindən yayınmışdır. Buna görə də ünvan 3 ünvanda 0,0652 ha torpaq sahəsi üzərində yerləşən 77.9 kvm fərdi yaşayış evinin 2/4 hissə payla Cavabdeh ilə aralarında naturada bölünməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin 02 aprel 2021-ci il tarixli rəyinə əsasən Mingəçevir şəhərinin koroğlu küçəsindəki 45/11 ünvanda yerləşən 0,0652 ha torpaq sahəsi üzərində yerləşən 77,9 kv.metr fərdi yaşayış evinin naturada təcrid mənzillər şəklində bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə qətnamə qəbul edərkən ekspertin rəyinə əsaslanaraq iddia tələbini təmin etməmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Cavabdeh (apellyator) rəsmi poçt vasitəsilə yanaşı, müvafiq olaraq 050 416-10-99 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin məzmunundan görünür ki, apellyator Mingəçevir şəhəri, Koroğlu küçəsində yerləşən 0.0652 ha torpaq sahəsində 2 tikilinin, yəni fərdi yaşayış evlərinin naturada ayrılmasının mümkün olub-olmamasını mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Mingəçevir şəhərinin R.Koroğlu küçəsi 45/11 mənzilinin 2/4 hissəsi mülkiyyət hüququ üzrə Cavabdeh 1/4 hissəsi mülkiyyət hüququ üzrə İddiaçı Allhaverdi qızının ¼ hissəsi mülkiyyət hüququ üzrə X3 adına 03.05.2018-ci il tarixdə qeydə alınmışdır Məhkəmə Ekspertiza Mərkəzinin 02 aprel 2021-ci il tarixli təqdimatının nəticəsindən görünür ki, Mingəçevir şəhərinin koroğlu küçəsindəki 45/11 ünvanda yerləşən 0,0652 ha torpaq sahəsi üzərində yerləşən 77,9 kv.metr fərdi yaşayış evinin naturada təcrid mənzillər şəklində bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin; 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinin tələbinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsində göstərilmişdir ki, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Kollegiya iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Mingəçevir şəhərinin Koroğlu küçəsi 45/11 mənzilinin ¼ hissəsi mülkiyyət hüququ üzrə İddiaçı Allhaverdi qızının, 2/4 hissəsi mülkiyyət hüququ üzrə Cavabdeh və ¼ hissəsi mülkiyyət hüququ üzrə X3 adına qeydə alınmışdır. Məhkəmə araşdırılmasının daha obyektiv aparılması məqsədi ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/4071 saylı rəyindən görünür ki, Mingəçevir şəhəri, koroğlu küçəsi 45/11 mənzilinin naturada təcrid mənzillər şəklində bölünməsi texniki cəhətdən mümkün deyil. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və apellyasiya şikayətində göstərilən qaydada yeni qətnamə qəbul edilməsi üçün əsas ola bilməz. Birincisi ona görə ki, iddia tələbindən görünür ki, iddiaçı mübahisəli Mingəçevir şəhəri, Koroğlu küçəsi 45/11 ünvanda, 0.0652 ha torpaq sahəsi üzərində yerləşən 77.9 kv.m fərdi yaşayış evinin paylara uyğun bölünməsini xahiş etmişdir. İddia tələbi ekspert rəyinə uyğun olaraq təmin edilməmişdir. Bundan narazı qalan cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv olunmasını xahiş etməklə yanaşı, mövcud payların deyil, həmin ünvanda yerləşən fərdi yaşayış evlərinin bölünməsini xahiş etmişdir. Hansıki, iddia ərizəsində belə bir tələb mövcud deyil, o cümlədən cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsində də belə bir tələb olmamışdır. Apellyasiya şikayətinin dəlillərinə qiymət verən məhkəmə kollegiyası bildirir ki, iddia ərizəsində, o cümlədən qarşılıqlı iddia ərizəsində belə bir tələb olmadığı halda, apellyasiya şikayətinin həmin hissəsinə qiymət vermək iddia tələbindən kənara çıxamaq kimi qiymətləndirilə bilər. Belə ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İkincisi, Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və apellyasiya şikayətində xahiş olunan tələb daxilində yeni qətnamə qəbul edilməsi üçün əsas ola bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(051)-67/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar