Məhkəmə qərarları › İş №2(107)-172/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-172/2022

01.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-172/2022 01.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, X9 məhkəmə iclas katibiyi, İddiaçı vəkili Nümayəndə3 və Cavabdeh1 nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə və İsmayıllı Rayon Notariat Ofisinə qarşı “çıxarışın ləğv edilməsi və miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair” mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(037)-812/2019 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi və İsmayıllı rayon Notariat Ofisinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən 0.023 hektar həyətyanı torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinə dair Cavabdeh1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 11 mart 2019-cu il tarixli ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın ləğv edilməsi və İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən, miras qalmış 0.023 hektar həyətyanı torpaq sahəsinin və onun üzərindəki fərdi yaşayış evinin ½ hissəsinin onun tərəfindən qəbul olunmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin (hakim R. Şirinov) 29 noyabr 2019-cu il tarixli, 2(037)- 812/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən 0.023 hektar həyətyanı torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinə dair Cavabdeh1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 11 mart 2019-cu il tarixli ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın ləğv edilməsi, İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən, miras qalmış 0.023 hektar həyətyanı torpaq sahəsinin və onun üzərindəki fərdi yaşayış evinin ½ hissəsinin İddiaçı tərəfindən qəbul olunması faktının müəyyən edilməsi qət edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(037)-812/2019 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən аpellyаsiyа şikаyəti verilmişdir. Şəki Apellyаsiyа Məhkəməsinin Mülki kollegiyаsının 01 iyun 2020-ci il tarixli, 2(107)- 632/2020 nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək, İsmayıllı Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(037)-812/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edimiş, İddiaçı cavabdehlər Cavabdeh1, DƏDRX-nin 9 saylı Ərazi İdarəsi və İsmayıllı Rayon Notariat Ofisinə qarşı “çıxarışın ləğv edilməsi və miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair” iddiasının təmin edilməsi, İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən 0.023 hektar həyətyanı torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinə dair Cavabdeh1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 11 mart 2019-cu il tarixli ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın ləğv edilməsi, İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən, İddiaçı 18 aprel 1972-ci ildə ölmüş atası X2 atası Ağasəlim Cavadovdan və bacısı X1 miras qalmış 0.023 hektar həyətyanı torpaq sahəsinin və onun üzərindəki fərdi yaşayış evinin X5 tərəfindən qəbul edilmiş ½ hissəsinin İddiaçı tərəfindən qəbul olunması faktının müəyyən edilməsi qət edilmişdir. Şəki Apellyаsiyа Məhkəməsinin Mülki kollegiyаsının 01 iyun 2020-ci il tarixli, 2(107)- 632/2020 nömrəli qətnaməsindən Cavabdeh1 və onun nümayəndəsi (vəkili) X17 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 19 oktyabr 2020-ci il tarixli, 2(102)-5078/2020 nömrəli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilərək, Şəki Apellyаsiyа Məhkəməsinin Mülki kollegiyаsının 01 iyun 2020-ci il tarixli, 2(107)- 632/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən apellyasiya baxışına qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-569/2021 saylı, 07 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.M.Hüseynov (sədrlik edən və məruzəçi), E.Ş.Hüseynov və V.İ.Məlikov) Cavabdeh1 apellyasiya şikayəti təmin edilərək İsmayıllı Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(037)-812/2019 saylı qətnaməsi ləğv edilmiş, iddianın rədd olunmasına dair qətnamə qəbul edilmişdir. İddiaçı və onun vəkili Nümayəndə3 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 22 sentyabr 2021-ci il tarixli, 2(102)-5034/2021 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-569/2021 nömrəli iş üzrə 07 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin halları İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun əmisidir. Atasıgil ailədə beş övlad olmuşlar. Onlar 1900-cu ildə inşa edilmiş Basqal qəsəbəsində yerləşən babası Ağasəlim Cavadova məxsus evdə yaşamışlar. Nənəsi və babası vəfat etdikdən sonra ailə başçısı kolxozçu həyətinin növbəti üzvü kimi bibisi X3 olmuşdur. X14 1948-ci ildə vəfat etmişdir. Digər iki bibisi ailə quraraq başqa evdə yaşamışlar. Atası və birinci cavabdeh olan əmisi miras qalmış evdə yaşamaqla faktiki qəbul edərək idarə etmişlər. 1960-cı ildə atası Bakı şəhərinə, əmisi isə Sumqayıt şəhərinə köçmüş və sonra hər ikisi evlənərək şəhərdə yaşamağa başlamışlar. Atası və əmisi Basqal qəsəbəsindəki miras qalmış evi şifahi razılığa əsasən öz aralarında bölmüşlər. İki mərtəbəli, dörd otaqlı evin alt və üst mərtəbələr olmaqla iki otağı atasının, digər iki otağı isə əmisinin istifadəsinə keçmişdir. Atası vəfat etdikdən sonra miras əmlakın ona çatan hissəsini faktiki qəbul edərək idarə etməyə başlamışdır. Miras ev istifadəyə yararsız olduğundan təmir etmiş, dəmir qapı qoymuş və həyəti təmizləyərək səliqəyə salmışdır. O, həmçinin evin işıq xəttini təzələyərək işıq sayğacı qoydurmuşdur. Bunlara ümumilikdə 8000 manata yaxın xərc çəkmişdir. Hazırda Bakı şəhərində yaşamağına baxmayaraq, hər il yay aylarında Basqal qəbəsinə gələrək ailəsi ilə birlikdə həmin evdə qalır. Evdə yaşayış üçün zəruri əşyalar var. Bu illər ərzində birinci cavabdehlə aralarında heç bir narazılıq olmamış, evin ümumi qapısının açarı hər ikisində olmuş və evdən hər ikisi istifadə etmişdir. 2019-cu ildə bilmişdir ki, birinci cavabdeh ona məlumat vermədən Basqal qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən həmin evdə özünün tək yaşaması ilə bağlı həqiqəti əks etdirməyən arayışlar əldə edərək həyətyanı torpaq sahəsinin və onun üzərindəki fərdi yaşayış evinin tam mülkiyyətçisi kimi Çıxarış almışdır. O, babasından atasına, atasından isə ona miras qalmış əmlaka cavabdehin öz şəxsi əmlakı kimi mülkiyyət sənədi almasını qanunsuz hesab edir. Ona görə də İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən 0.023 hektar həyətyanı torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinə dair Cavabdeh1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 11 mart 2019-cu il tarixli ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın ləğv edilməsini və İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən, miras qalmış 0.023 hektar həyətyanı torpaq sahəsinin və onun üzərindəki fərdi yaşayış evinin ½ hissəsinin onun tərəfindən qəbul olunması faktının müəyyən edilməsini tələb edir. Bu barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyаsiyа şikаyətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv olunmalı və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, qətnamə qəbul edilərkən nəticəyə gəlmək üçün məhkəmə maddi hüquq normaları kimi hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2, 1 159.1, 1159.1.3. 1243.1, 1243.2, 1252-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinn 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddia ərizəsində iddiaçı onun mərhum atasından miras qalmış İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən, 0.023 hektar həyətyanı torpaq sahəsinin və onun üzərindəki fərdi yaşayış evinin ½ hissəsinin qəbul olunması faktının müəyyən olunmasını xahiş etmişdir. İddia ərizəsində iddiaçının mərhum atası X2 18.04.1972-ci ildə rəhmətə getməsi qeyd olunmuşdur. Belə olan halda məhkəmə əsassız olaraq hazırda qüvvədə olan Mülki Məcəlləyə istinad etməklə Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələblərini pozmuşdur. İşin faktiki hallar ilə müəyyən olunur ki, iddiaçının mərhum atası X4 18.04.1972-ci ildə rəhmətə getmişdir. Bundan 6 ay ərzində iddiaçının İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən, miras qalmış 0.023 hektar həyətyanı torpaq sahəsini və onun üzərindəki fərdi yaşayış evini faktiki qəbul etməsi ilə bağlı hər hansı mötəbər sübut iş materiallarında mövcud deyil. İddiaçı 2011-2012-ci illərdən sonra İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən, miras qalmış 0.023 hektar həyətyanı torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinə gəlib arada orada yaşaması, müəyyən təmir işləri görməsi onun 1972-ci ildən mirası faktiki qəbul etməsi hesab oluna bilməz. İddiaçının hazırkı iddianı irəli sürmək üçün subyektiv hüququ yoxdur. Belə olan halda iddia rədd olunmalı idi. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(037)-812/2019 nömrəli qətnaməsini ləğv edərək iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Proses iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə düzgün qərar verməyib. Belə ki, Reyestr Xidməti onlardan hansı sənədləri tələb etmişdirsə, onlar da həmin sənədləri təqdim edərək mübahisəli əmlaka dair Çıxarış almışlar. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Nümayəndə3 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mübahisəli əmlaka dair cavabdehin adına çıxarış verilərkən qanunvericiliyin tələblərinə riayət edilməmiş, sonda iddiaçının hüquqları pozulmuşdur. Belə ki, Reyestr Xidməti tərəfindən sənədləşmə aparılarkən nə RX-i, nə də ki, cavabdeh digər vərəsələri məlumatlandırmamışdır. Halbuki iş materiallarında olan arxiv arayışından görünür ki, cavabdehdən başqa dörd vərəsə, ümumilikdə beş vərəsə vardır. İddiaçının vəkili sonda apellyasiya şikayətini təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq cavabdehlər DƏDRX-in 9 saylı Əİ-nin və İsmayıllı rayon Notariat Ofisinin nümayəndələri səbəb və mümkünsüzlüyünü bildirmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Kollegiya qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin 01.02.2022-ci il tarixli qərardadı ilə İsmayıllı Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(037)-812/2019 nömrəli qətnaməsi iddianın təmin olunmuş “İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən yaşayış evi və 0.23 ha həyətyanı torpaq sahəsinə Cavabdeh1 adına verilmiş DƏDRX-in 9 saylı Əİ tərəfindən tərtib edilmiş 11.03.2019-cu il tarixli ******* saylı dövlət reyestrindən Çıxarışın ləğv edilməsi” hissəsində ləğv edilərək, bu hissədə iş üzrə icraata xitam verildiyindən araşdırma yalnız tələbin ikinci hissəsi üzrə, yəni İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən, miras qalmış 0.023 hektar həyətyanı torpaq sahəsinin və onun üzərindəki fərdi yaşayış evinin ½ hissəsinin İddiaçı tərəfindən qəbul olunması hissəsində aparılır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin; 372.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. 372.6-cı mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını onun bаrəsində аçıq və dolаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpellyаsiyа şikаyətində və onа etirаzlаrdа ifаdə olunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz olduqdа isə tаm yoxlаyır. 372.7-ci maddəsinə əsasən аpelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 22 sentyabr 2021-ci il tarixli, 2(102)-5034/2021 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-569/2021 nömrəli iş üzrə 07 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(037)-812/2019 nömrəli qətnaməsi iddia tələbinin 2-ci hissəsinə münasibətdə-İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən, miras qalmış 0.023 hektar həyətyanı torpaq sahəsinin və onun üzərindəki fərdi yaşayış evinin ½ hissəsinin onun tərəfindən qəbul olunmasının müəyyən edilməsi hissəsində ləğv edilərək, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; 11 mart 2019-cu il tarixli RX seriyalı ******* nömrəli Çıxarışın və 407- 0016/457 nömrəli Texniki Pasportun surətindən görünür ki, İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0.023 ha torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına qeydə alınmışdır İsmayıllı rayon Dövlət Arxivi tərəfindən verilmiş 26 avqust 2019-cu il tarixli 191 nömrəli arxiv arayışından görünür ki, İsmayıllı rayonu 85 nömrəli Arxiv fondunda saxlanan İsmayıllı RİHB-nın Basqal qəsəbə İƏD üzrə nümayəndəliyinin 1948-1950-ci illərin təsərrüfatbaşına kitabında 1920-ci il təvəllüdlü X6 ailə başçısı olmaqla ailə tərkibi kimi bacısı - 1926-cı il təvəllüdlü X7, bacısı - 1928-ci il təvəllüdlü X8, qardaşı - 1930-cu il təvəllüdlü X5 və qardaşı - 1932-ci il təvəllüdlü Cavabdeh1 qeyd olunmuşlar. Şəki Apellyasiya Məhkəməsinin 01.02.2022-ci il tarixli qərardadı ilə İsmayıllı Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(037)-812/2019 nömrəli qətnaməsi iddianın təmin olunmuş “İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən yaşayış evi və 0.23 ha həyətyanı torpaq sahəsinə Cavabdeh1 adına verilmiş DƏDRX-in 9 saylı Əİ tərəfindən tərtib edilmiş 11.03.2019-cu il tarixli ******* saylı dövlət reyestrindən Çıxarışın ləğv edilməsi” hissəsində ləğv edilərək, bu hissədə iş üzrə icraata xitam verilmişdir. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çalışmışdır. Apellyasiya instansiya məhkəməsi yuxarıda göstərilən hallarla bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarında qeyd olunur ki, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir... Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir... MPM-in 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının 01 avqust 1927-ci il tarixdən qüvvədə olmuş Mülki Məcəlləsinin 488-ci maddəsinə əsasən, qanun üzrə vərəsələr – uşaqlar (o cümlədən, övladlığa götürülən uşaqlar), ər-arvad və vəfat edənin əmək bacarığı olmayan ata-anaları, həmçinin vəfat edən şəxs vəfat etməzdən əvvəl azı bir il onun himayəsində olan əməyə bacarıqsız digər şəxslərdir. Göstərilən vərəsələr olmadığı və ya onlar vərəsəliyi qəbul etmədikləri halda, qanun üzrə vərəsələr vəfat edən şəxsin əməyə bacarıqlı ata-anası, onlar olmadıqda isə - qardaş-bacıları hesab olunurlar. Həmin Məcəllənin 499-cu maddəsinə əsasən, vərəsəlik açılan yerdə olan vərəsə, vərəsəlik açıldığı gündən etibarən 3 ay ərzində vərəsəlikdən imtina etmək barəsində əlaqədar notariat orqanına ərizə verməzsə, o, vərəsəliyi qəbul etmiş hesab olunur. Həmin Məcəllənin 500-cü maddəsinə əsasən, vərəsəlik açılan yerdə olmayan vərəsələr, vərəsəlik açıldığı gündən etibarən 6 ay ərzində şəxsən və ya nümayəndələri vasitəsilə vərəsəlik əmlakını qəbul edə bilərlər. Vərəsəlik hüququ 488-ci maddənin üçüncü hissəsinə əsasən əmələ gələn şəxslər, yalnız digər vərəsələr olmadığı və ya onlar vərəsəliyi qəbul etmədikləri halda, onların vərəsəliyə dəvət edilib-edilməmələrindən asılı olmayaraq, eyni müddətlərdə, irs qalmış əmlakı qəbul etməyə razılıq verdiklərini bildirə bilərlər Azərbaycan Respublikasının 01 mart 1965-ci ildən (01 sentyabr 2000-ci ilədək) qüvvədə olmuş Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən, vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyаtа keçirilir. Vərəsəlik о vаxt qаnun üzrə оlа bilər ki, о, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən, vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri bu hissədə də əsaslı olmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində ləğv və iddianın təmin olunmaması üçün əsaslıdır. Kollegiyanın qənaətinə görə hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Çünki sübutetmə vəzifəsi prinsipcə pozitiv və baş vermiş halların təsdiq olunmasına yönəlmiş fəaliyyətdir, ona görə də, bir qayda olaraq olmayan şeyləri yox, baş vermiş olan hadisələri sübut etmək mümkündür. Bu səbəblərdən də birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının tədqiqi zamanı tərəflərin izahatından, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, İsmayıllı rayonunun Basqal qəsəbə sakini Ağasəlim Cavadov 1900-cü ildə 0.023 ha torpaq sahəsində 2-mərtəbəli 4-otaqlı ev inşa etmişdir. Onun ailəsində beş övladı olmuşdur: 1920-ci il təvəllüdlü X6, 1926-cı il təvəllüdlü X7, 1928-ci il təvəllüdlü X8, 1930-cu il təvəllüdlü X5 və 1932-ci il təvəllüdlü Cavabdeh1. Ağasəlim Cavadovun vəfatından sonra təsərrüfatbaşına kitablarda ailə başçısı onun böyük qızı Qərənfil Cavadova göstərilmişdir. 1960-cı illərdə qeyd edilən evdə 1930-cu il təvəllüdlü X5 və 1932-ci il təvəllüdlü Cavabdeh1 yaşamağı davam etdirmişlər (bacıları ailə qurub evdən köçmüşlər). İddiaçının atası Ağacavad Cavadov 1972-ci ildə vəfat etmişdir. İddiaçının əmisi Cavabdeh1 özünü mərhum atasından qalmış mirası qəbul edən yeganə birinci növbəli vərəsə hesab edərək 2019-cu ildə evi və 0,023 ha həyətyanı torpaq sahəsini öz mülkiyyətinə sənədləşdirmişdir. İddiaçı isə hesab edir ki, atasının həmin əmlakın ½ hissəsində mülkiyyət payı olmuş və atasının vəfatından sonra bu payı vərəsə kimi o qəbul etmişdir. Əmisi olan cavabdeh əmlakı tək öz mülkiyyətinə keçirməklə onu miras paydan məhrum etmişdir. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərək Cavabdeh1 adına tərtib olunmuş mülkiyyət hüququna dair Çıxarışın ləğv edilməsini və İsmayıllı rayonu Basqal qəsəbəsində 0.023 hektar həyətyanı torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin ½ hissəsinin İddiaçı tərəfindən miras kimi qəbul olunması faktının müəyyən edilməsini qət etmişdir. Lakin yeni apellyasiya araşdırması zamanı sənədlərin əlaqəli təhlili nəticəsində müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin birinci hissəsi (11 mart 2019-cu il tarixli RX seriyalı ******* nömrəli Çıxarışın ləğvi) ilə bağlı mahiyyəti üzrə işə baxıb iddia tələbini təmin etməklə məhkəmə aidiyyətini pozmuşdur.. Kollegiya qeyd edir ki, hazırki iddia tələbinin ikinci hissəsi, yəni İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən, miras qalmış 0.023 hektar həyətyanı torpaq sahəsinin və onun üzərindəki fərdi yaşayış evinin ½ hissəsinin İddiaçı tərəfindən qəbul olunmasının müəyyən edilməsi tələbin birinci hissəsi ilə qarşılıqlı surətdə əlaqəlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən mübahisələndirilən əmlak hazırda tam mülkiyyət hüququ ilə Cavabdeh1 adına olduğundan və həmin əmlakla bağlı verilmiş Çıxarış qüvvədə olduğundan, hazırki vəziyyətdə iddia tələbinin ikinci hissəsinə münasibət bildirmək mümkün deyil. Kollegiyanın qənaətinə görə iddia tələbinin bu hissəsinə cavabdehin adına verilmiş çıxarışın hüquqi vəziyyəti, yəni reyestrin məzmununun qeyri-dəqiqliyinin müəyyən olunmasına qiymət verildikdən sonra baxılması mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstrilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Məhkəmə kollegiyası reyestrin məzmununun qeyri-dəqiqliyinin müəyyən olunmasını iddiaçının bunu sübut etməsi ilə əlaqələndirir. Məhz iddiaçı reyestrin məzmununun qeyridəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti bu hissədə də əsaslıdır, birinci instansiya məhkəməsi iddianı təmin etməklə işin müəyyən olunmuş halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmənin qətnaməsi maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməklə çıxarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin; 385.1.1-ci mаddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası yekun olaraq bu nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(037)-812/2019 nömrəli qətnaməsi iddia tələbinin 2-ci hissəsinə münasibətdə-İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən, miras qalmış 0.023 hektar həyətyanı torpaq sahəsinin və onun üzərindəki fərdi yaşayış evinin ½ hissəsinin onun tərəfindən qəbul olunmasının müəyyən edilməsi hissəsində ləğv edilərək, iddia tələbi bu hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384, 387, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(037)-812/2019 nömrəli qətnaməsi iddia tələbinin təmin olunmuş 2-ci hissəsinə münasibətdə, yəni “İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən, miras qalmış 0.023 hektar həyətyanı torpaq sahəsinin və onun üzərindəki fərdi yaşayış evinin ½ hissəsinin onun tərəfindən qəbul olunmasının müəyyən edilməsi hissəsində” ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi bu hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gundən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikаyət verilmədiyi hаldа qəbul edildiyi gündən 2 (iki) аy keçdikdə qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar