Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1738/2021 25.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh ƏMDK yanında DƏDRXnin 12 saylı Ərazi İdarəsinə qarşı tikintiyə mülkiyyyət hüququnun tanınması tələbinə dair iddiası üzrə çıxarılmış iddianın icraata qəbul edilməsindən imtina edilməsi haqqında Şəki Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 2 (075)-1551/2021 saylı qərardadından İddiaçı nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, 20 Yanvar küçəsində yerləşən, mülkiyyətində olan 0,0114 hektar torpaq sahəsində inşa etdiyi 2016-cı ildən istismara tam yararlı olmaqla, istifadədə olan qeyri-yaşayış binasına (mağaza binasına) onun mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2 (075)-1551/2021 nömrəli qərardadına əsasən İddiaçı cavabdeh ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı tikintiyə mülkiyyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilməsi qərara alınmışdır. Həmin qərardaddan İddiaçı nümayəndəsi (vəkili) Vəkil 02 avqust 2021-ci il tarixdə şikayəti birinci instansiya məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3-cü maddəsində qeyd edilmişdir ki, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azrbaycan Respublikası Torpaq Məcəlləsinin 80-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin torpaq sahəsi üzərində torpağın məqsədli təyinatına uyğun olan yaşayış evləri, istehsal, mədəniməişət təyinatlı və digər tikililər və qurğular inşa etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. “Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyetri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Qanunun 8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərindəhüquqların dövlət qeydiyyatı üçün əsasdır. Şəki Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli 2(075)-1551/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclası 25.08.2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Hümmətov X5 Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 2 (075)-1551/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Hacı-X1 Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 2 (075)-1551/2021 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 2 (075)-1551/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, çəhkəmə kollegiyasının qənaətinə əsasən məhkəm haqlı olaraq hesab etmişdir ki, Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsi rəhbər tutularaq iddia ərizəsinin qəbul olunmasından imtina olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Resublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılması inzibati mübahisələrə dair işlər üzrə məhkəmələr tərəfindən həyata keçirilir. Azərbaycan Resublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılması inzibati mübahisələrə dair işlər üzrə məhkəmələr tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatının 36-cı maddəsinə görə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi inzibati orqan sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlər konkret olaraq göstərilmişdir. İşdə olan sənədlərdən də göründüyü kimi İddiaçı Şəki şəhəri, 20 Yanvar küçəsində yerləşən, mülkiyyətində olan 0,0114 hektar torpaq sahəsində tikdirdiyi qeyri-yaşayış binasına mülkiyyət sənədinin alınması ilə bağlı cavabdeh DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı göndərilmiş 17 may 2021-ci il tarixli məktubda həmin qeyri-yaşayış binasına dair hüquqmüəyyənedici zəruri sənədlərin ərazi idarəsinə tam şəkildə təqdim ediəcəyi təqdirdə, ərizəsinin icrasına qanunamüvafiq şəkildə baxılacağı bildirilmişdir. Həmin imtina məktubunun verilməsindən 1 aydan artıq müddət keçmişdir. Buna baxmayaraq İddiaçı cavabdeh DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən göndərilmiş 17 may 2021-ci il tarixli məktubla hansı hüquqmüəyyənedici sənədlərin təqdim edilməsi zəruriliyini dəqiqləşdirməmiş və təqdim edilməsi zəruri olan hüquqmüəyyənedici sənədləri təqdim etməklə öz tələbinin icrasının nəticəsini əldə etməmişdir. Həmçinin, İddiaçı cavabdeh DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin ona göndərdiyi 17 may 2021-ci il tarixli məktubda göstərilənlərlə razı deyildirsə o, həmin orqanın hərəkəti (hərəkətsizliyi), həmin orqanın üzərinə əmlakın mülkiyyəti kimi adına qeydə alınması öhdəliyinin qoyulması tələbi ilə bağlı Şəki İnzibati Məhkəməsinə müraciət etməli olduğu halda yanlış olaraq Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, qaldırılan tələb Şəki İnzibati Məhkəməsinin səllahiyyətinə aid olduğundan həmin tələbə Şəki Rayon Məhkəməsində baxılması yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə bununla bağlı qərardad qəbul edərkən düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır. MPM-in: 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 2 (075)-1551/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1738/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1738/2021
25.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver