Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1761/2021 30.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı çəkilmiş xərclərin cavabdehdən alınaraq ödənilməsi tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 21 iyul 2019-cu il tarixli 2(033)-37/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin 21 iyul 2019-cu il tarixli 2(033)-37/2020 nömrəli qətnaməsi ilə (hakim Tural Həsənov) İddiaçı Cavabdeh qarşı çəkilmiş xərclərin cavabdehdən alınaraq ödənilməsi tələbinə dair iddiası rədd edilmiş, İddiaçı 50 (əlli) manat ekspertiza xərcinin alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4) qət edilmişdir. Qətnаmədən nаrаzı qаlаn İddiaçı apellyasiya şikаyəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 22 fevral 2021-ci il tarixli, 2(107)- 125/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 21 iyul 2019-cu il tarixli, 2(033)-37/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 23 iyun 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 fevral 2021-ci il tarixli, 2(107)-125/2021 saylı qətnaməsi ləğv edilərək, iş apellyasiya qaydasında yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu Qarqay kəndində yerləşən fərdi yaşayış evinə və 0,30 ha torpaq sahəsinə dair çəkmiş olduğu xərclərin cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh Zaqatala rayonu Qarqay kəndində yerləşən fərdi yaşayış evinə və 0,30 ha torpaq sahəsinə dair çəkmiş olduğu xərclərin əvəzi olaraq 20000 manat məbləğin alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Zaqatala Rayon Məhkəməsinin 17 may 2018-ci il tarixli, 2(033)-346/2018 nömrəli qətnaməsinə əsasən torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 141C nömrəli (kod ********) şəhadətnamənin Cavabdeh qanuni istifadəsində olan Zaqatala rayonu Qarqay kəndində yerləşən 1948-1950-ci illərdə inşa olunmuş fərdi yaşayış evinin yerləşdiyi 0,30 ha torpaq sahəsinin naturada yerləşmə koordinatlarına münasibətdə, yəni yaşayış evinin yerləşdiyi yola yaxın hissədə etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilmişdir. Zaqatala Rayon Məhkəməsinin qətnaməsi Şəki Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları ilə dəyişdirilmədən saxlanılmışdır. Mübahisəli torpaq sahəsi və yaşayış evi uzun illər onun tərəfindən qulluq olunmuş, yaşayış evinin döşəməsi, tavanı, dam örtüyü təmir olunmuş, giriş qapısı salınmış, açıq eyvan artırılmış, həyətdə tikili inşa olunmuş və ağaclar əkilmişdir. Bunun üçün qeyd etdiklərini əsas gətirərək onun həmin yaşayış evinə və torpaq sahəsinə dair çəkmiş olduğu xərclərin əvəzini tələb etmək hüququ yaranır. Buna görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək Cavabdeh Zaqatala rayonu Qarqay kəndində yerləşən fərdi yaşayış evinə və 0,30 ha torpaq sahəsinə dair çəkmiş olduğu xərclərin əvəzi olaraq 20000 manat məbləğin alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirmiş və göstərmişdir ki, İddiaçı onun qardaşı X2 ilə 23 iyul 1992-ci ildə rəsmi qaydada evlənərək, hazırda mübahisələndirilən evə gəlin gəlmişdir. 26 iyun 1997-ci il tarixdə onlar arasında bağlanmış nikah pozulmuşdur. O, qardaşı evləndikdən sonra 1993-cü il tarixdən həmin mübahisələndirilən evdən köçmüşdür. İddiaçı həmin evdə müvəqqəti yaşamışdır. Mübahisələndirilən fərdi yaşayış evi 1948-ci ildə tikilmişdir. Zaqatala Rayon Məhkəməsinin 17 may 2018-ci il tarixli qətnaməsinə əsasən torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 141 C nömrəli (kod ********) şəhadətnamənin, onun qanuni istifadəsində olan Zaqatala rayonu Qarqay kəndində yerləşən 1948 (1950)-ci ildə inşa olunmuş fərdi yaşayış evinin yerləşdiyi yola yaxın hissədə etibarsız hesab edilməsi qət edilmişdir. Yəni həmin evin yerləşdiyi torpaq sahəsi qanunsuz iddiaçının mülkiyyətinə verildiyindən şəhadətnamə etibarsız hesab edilmişdir. Fərdi yaşayış evi onun mülkiyyətindədir. İddiaçı tərəfindən həmin evdə hər hansı yenidən qurma işləri aparılmamış və əlavə xərclər çəkilməmişdir. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh vəkili X3 cavabdehin izahatına uyğun çıxış edərək iddiaçının belə bir iddia qaldırması hüququnun olmadığını, iddiaçıya cavabdeh tərəfindən hər hansı məbləğdə ziyan dəymədiyini, onların arasında hər hansı öhdəlik münasibətləri yaranmadığından iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan Zaqatala Rayon Xalq Məhkəməsinin 2-199/1997 nömrəli, 26 iyun 1997-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Məmməd qızının X2 ilə aralarında olan Zaqatala rayonu Əlibayramlı kənd sovetliyi tərəfindən 27 iyul 1992-ci il tarixdə qeydə alınmış nikahlarının pozulması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 06.11.2017-ci il tarixli RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Zaqatala rayonu Qarqay kəndində yerləşən 45,70 kv.m. fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 41 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********85-10301 olmaqla, Cavabdeh adına qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24326 nömrəli, 08 iyun 2020-ci il tarixli ekspert rəyindən görünür ki, Zaqatala rayonu Qarqay kəndində yerləşən fərdi yaşayış evində və 0,30 ha torpaq sahəsində tikintitəmir və yenidənqurma işləri aparılmışdır. Zaqatala rayonu Qarqay kəndində yerləşən fərdi yaşayış evində və həyətyanı sahədə yenidənqurma və təmir işlərinə çəkilmiş xərclərin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 4920 manat məbləğində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən aydın olur ki, keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 2(033)-346/2018 nömrəli, 17 may 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 141 C nömrəli (kod ********) şəhadətnamənin Cavabdeh qanuni istifadəsində olan Zaqatala rayonu Qarqay kəndində yerləşən 1948 (1950)-ci ildə inşa olunmuş fərdi yaşayış evinin yerləşdiyi yola yaxın hissədə etibarsız hesab edilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 1017/2019 nömrəli, 06 fevral 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 2(033)-346/2018 nömrəli, 17 may 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin və birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatının dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, həmin qətnamə qanuni və əsaslı verilməmiş, tərəflər arasındakı həqiqi faktlara əsaslanmamışdır. Belə ki, şəhadətnamənin fərdi yaşayış evinin yerləşdiyi yola yaxın hissədə etibarsız hesab edilməsinə dair qətanmə qəbul edilmişdir. Fərdi yaşayış evi və 0.30 ha torpaq sahəsinə onun tərəfindən qulluq olunmuş, evdə təmir tikinti işləri aparılmış, həyətdə meyvə ağacları əkilmişdir. Hesab edir ki, çəkdiyi xərclərin əvəzi tam ödənilməlidir. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 21 iyul 2019-cu il tarixli 2(033)-37/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, məhkəmə mühəndis texniki ekspertizasının rəyinə əsasən təyin olunmuş, 4920 (dörd min doqquz yüz iyirmi) manat məbləğin Cavabdeh alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin 21 iyul 2019-cu il tarixli 2(033)-37/2020 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 21 iyul 2019cu il tarixli 2(033)-37/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının iclasında mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən cavabdehlərin miras paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edərkən düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılmamış, maddi və prosessual hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün olmayan qətnamə çıxarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Zaqatala Rayon Məhkəməsinin 21 iyul 2019-cu il tarixli 2(033)-37/2020 nömrəli qətnaməsi ləğv edilməlidir. Birinci instansiyası məhkəməsi İddiaçı iddia tələbinin rədd edilməsini qanuni və əsaslı hesab edərkən cavabdehin ona ziyan vurmasını və əsassız varlanmasını sübuta yetirə bilməməsini əsas göstərmiş və bu zaman gəldiyi nəticənin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 560.1, 1090, 1091, 1092, 1096 və 1097ci maddələrinə istinad etmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi həmin nəticəyə qanunun qüvvəsini düzgün tətbiq etmədən gəldiyindən qətnamə qanuni sayıla bilməz. İş üzrə müəyyən olunmuşdur ki, mübahisəli ev və torpaq sahəsi uzun müddət iddiaçının istifadəsində olmuş və onun tərəfindən həm evdə təmir işləri aparılmış həm də evin həyətində ağacların əkilməsi və sair işlər görülmüşdür. İddiaçı həmin işlərin görülməsinə 20.000 manat məbləğində vəsait sərf etməsini iddia etsə də, iş üzrə aparılmış ekspertiza tədqiqatı nəticəsində müəyyən olunmuşdur ki, orada görülmüş tikinti-təmir və yenidənqurma işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 4920 manat təşkil edir. Müəyyən olunduğu kimi iddiaçı onun mülkiyyətində olmuş torpaqdan və orada yerləşən evdən uzun illər ərzində istifadə etməklə orada iş materialları ilə təsdiq olunan yaxşılaşdırma işləri görmüş və hazırkı tələbində vicdanlı sahib kimi həmin yaxşılaşdırmaların dəyərini tələb etmişdir. İddiaçının tələbi cavabdeh tərəfindən ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə deyil, cavabdehdə qalmış yaxşılaşdırmanın dəyərinin ödənilməsi ilə bağlı olduğundan, belə vəziyyətdə mübahisənin Mülki Məcəllənin 21, 1090, 1096, 1097-ci maddələrinin tələbləri baxımından həll edilməsi qanuni sayıla bilməz. Belə ki, həmin normalar mübahisəli hüquq münasibətini tənzimləmir və iddia tələbinin qanuni əsası kimi həmin normalara istinad olunmamışdır. İşdən görünür ki, cavabdeh tərəfindən iddiaçıya hər hansı bir ziyan vurulmamış, lakin son nəticədə cavabdeh onda qalmış yaxılaşdırma işlərinin dəyərini qaytarmaqdan imtina etdiyi üçün iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Belə olduqda, məhkəmə kollegiyası hesab edir ki, mübahisə Mülki Məcəllənin 157.7ci maddəsinin tələblərinə uyğun həll edilməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə görə vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslıdır. Ona görə Zaqatala Rayon Məhkəməsinin 21 iyul 2019-cu il tarixli 2(033)-37/2020 saylı qətnаməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apelyasiya instansiyasında ləğv olunması əsaslarından biri maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsidir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 21 iyul 2019-cu il tarixli 2(033)-37/2020 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh Zaqatala rayonu Qarqay kəndində yerləşən fərdi yaşayış evinə və 0,30 ha torpaq sahəsinə dair çəkilmiş xərc 4920 (dörd min doqquz yüz iyirmi) manat alınıb İddiaçı ödənilsin. Cavabdeh 50 (əlli) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. 30 (otuz) manat dövlət rüsumu Cavabdeh aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-1761/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1761/2021
30.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver