Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1775/2021 05.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh və Şəki rayon qeydiyyat şöbəsinə qarşı «doğum akt qeydinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(075)-907/2021 saylı qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 04 mart 2013-cü il təvəllüdlü uşağı Nihatın adına Şəki rayon qeydiyyat şöbəsi tərəfindən 05 may 2013-cü il tarixdə verilmiş AZ-İİİ 094605 nömrəli doğum haqqında şəhadətnamədə həmin uşağın atası kimi Cavabdeh ilə bağlı göstərilmiş qeydlərin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının razılığı ilə Şəki rayon qeydiyyat şöbəsi cavabdeh qismində cəlb edilmişdir Şəki Rayon Məhkəməsinin (hakim P.Hacıyev) 21 iyun 2021-ci il tarixli, 2(075)-907/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan iddiaçı İddiaçı Şəki Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(075)-907/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1970-ci il tarixdə, Cavabdeh isə xx xxxxx 1962-ci il tarixdə Şəki şəhərində anadan olmuşlar. O, iş üzrə Cavabdeh birlikdə bir müddət Şəki şəhərində yerləşən şadlıq evində işləmişdir. Onlar birlikdə işlədikləri müddətdə iş yoldaşı kimi yaxşı münasibətləri olmuşdur. Həmin ərəfələrdə o, bir nəfər türk vətəndaşı ilə qeyri-rəsmi qaydada ailə quraraq həmin türk vətəndaşı ilə birlikdə yaşamışdır. Lakin sonradan ailə qurduğu həmin türk vətəndaşı ondan ayrılmış və bundan da bir müddət sonra yəni, 04 mart 2013-cü il tarixdə onun həmin türk vətəndaşından Nihat adlı uşağı anadan olmuşdur. Onun həmin türk vətəndaşı ilə rəsmi nikahı olmadığına, həmin türk vətəndaşının yerini müəyyən etmək mümkün olmadığına, nəticə etibarı ilə həmin türk vətəndaşı 04 mart 2013-cü il təvəllüdlü Nihatın atasının olması barədə ərizə təqdim etməkdən yayındığına görə o, uşağına həmin şəxsin atalığını tanıtdıra bilməmişdir. Buna görə o və digər iş yoldaşları kömək etmək məqsədi ilə 04 mart 2013-cü il təvəllüdlü uşağı Nihata müvəqqəti olaraq atalıq verməsini Cavabdeh xahiş etmişlər. Cavabdeh da kömək etmək məqsədi ilə 04 mart 2013-cü il təvəllüdlü uşağı Nihatın atası kimi onun adının yazılmasına razılıq vermişdir. Halbuki, Cavabdeh 04 mart 2013-cü il təvəllüdlü uşağı Nihatın faktiki olaraq atası deyildir. Cavabdeh belə bir məsələyə razılıq verməsinin gələcəkdə hansı məsuliyyətlər, vəzifələr və öhdəliklər daşıyacağını bilməmişdir. Hazırda ona kömək etmiş bir şəxsin gələcəkdə ailəsində çətinliklərin yaranmasını istəmir. Həqiqətən də, onunla Cavabdeh arasında ər-arvad münasibətləri olmamışdır. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 47.2-ci maddəsinə əsasən bu Məcəllənin 46.2-ci maddəsini düzgün şərh etmədən, həmin maddənin tələblərini onun əleyhinə şərh edərək, iddia üzrə heç bir araşdırma aparmadan, şahidlərini dindirmədən, o cümlədən işin faktiki hallarını müəyyən etmək üçün müvafiq tibbi ekspertiza təyən etmədən qanuni və əsası olmayan qətnamə qəbul etmişdir. Bu isə onun və övladı Konstitusion hüquqlarının, yəni məhkəməyə müraciət etmək hüquqlarının pozulması ilə nəticələnir. Qeyd edilənlərə əsasən Şəki Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2 (075)-907/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı haqqında tərəflərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına iclasına gəlməmişlər. İddiaçı tərəf məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, üzrlü səbəb barədə məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə əsasən, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(075)-907/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş; AZ-İİİ seriyalı, 094605 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 04 mart 2013-cü il təvəllüdlü X1 atası Cavabdeh, anası isə İddiaçıdır. Şəki rayon qeydiyyat şöbəsi tərəfindən 09 fevral 2021-ci il tarixdə verilmiş 05/Q-508/15 nömrəli arayışdan görünür ki, İddiaçı atalığı müəyyən etmək haqqında ilkin akt qeydinin ləğv edilməsindən imtina edilmiş, ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin tələblərinə əsasən qeyd edir ki, məhkəmələr pozulmuş hüquqların müdafiəsinə təminat verir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 43-cü maddəsinə əsasən valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. 47.1-ci maddəsinə əsasən bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. 47.2-ci maddəsinə əsasən bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, 04 mart 2013-cü il təvəllüdlü X2 doğum haqqında şəhadətnamə verilərkən İddiaçı rəsmi nikahda olduğu şəxs mövcud olmamış, uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında aparılmışdır. Hazırda iddiaçı uşağın atasının Cavabdeh olmadığını, bunu cavabdehin özünün də bildiyini, cavabdehin uşağa doğum haqqında şəhadətnamə verilərkən ona kömək etmək üçün razılıq verdiyini, lakin sonrakı hüquqi nəticələrindən xəbərdar olmadığını bildirərək doğum qeydinin ata qrafası ilə bağlı hissəsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassız olduğundan, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Əvvəla ona görə ki, Ailə məcəlləsinin 43-cü maddəsinin müəyyən etdiyi prinsipə görə ata-ananın və uşaqların hüquq və öhdəlikləri uşağın qanunla bəlliləşən qaydada qeydə alınaraq təsdiqlənmiş kökünə (mənşəyinə) əsaslanır. Uşağın kökü (mənşəyi) onun doğumunun, anasının və atasının qeydə alındığı doğumun qeydiyyat yazılarına əsasən müəyyən olunur. İkincisi, AM-in 44-cü maddəsinə görə, uşağın konkret şəxslərdən törəməsi doğumun yazıldığı kitabda valideynlər haqqında qanunla müəyyən olunmuş qaydada yazılan qeydlərlə sübut olunur. Lakin belə yazılar məhkəmə yolu ilə mübahisələndirilə bilər. Üçüncüsü, analıq və ya atalıq o halda mübahisələndirilir ki, doğumun qeydiyyat kitabında uşağın anası və ya atası kimi faktik olaraq ana və ya ata olmayan şəxsin yazıldığı iddiası ortaya çıxsın. Doğumun qeydiyyatı kitabında ata və ya ana kimi yazılmış şəxslər, eləcə də özünü uşağın gerçək ata-anası sayan şəxslər atalığı (analığı) mübahisələndirə bilərlər. Yetkinlik yaşına çatmamış ata və ana uşaqla bağlı analıq və ya atalığı ümumi əsaslara uyğun mübahisələndirə bilərlər. Dördüncüsü, Nikahdankənar doğulmuş uşağın anası uşağın doğulmasını təsdiq edən sənədlər və ananın ərizəsi əsasında, atası isə ata ilə ananın birgə ərizəsi, AM-in 44.4-cü maddəsində göstərilən hallarda isə atanın ərizəsi əsasında, AM-in 44.4 və 45-ci maddələrində göstərilən hallarda məhkəmənin qərarı əsasında qeydə alınır. Nikahdankənar doğulmuş uşağın valideynlərinin birgə ərizəsi, atanın ərizəsi və ya uyğun məhkəmə qərarı olmadığı halda, doğum haqqında şəhadətnamədə uşağın soyadı kimi atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və ata babasının adı uşağın anasının göstərişi ilə yazılır. Beşincisi, Ailə Məcəlləsinin 46.2-ci maddəsinin tələbindən də göründüyü kimi uşağın atası kimi yazılmış şəxs ata kimi qeydə alınarkən uşağın gerçək atasının başqa şəxs olduğunu bilməyərək ona verilən yanlış məlumat əsasında uşağı özününkü saymaqla uşağın atası kimi yazılmağa razılıq veribsə, o bu barədə sübutlar təqdim etməklə atalığı mübahisələndirə bilər. Həmin şəxs eləcə də hədə-qorxu, zorakılıq və ya öz hərəkətlərinin mənasını anlamaq və onu idarə etmək iqtidarında olmadığı halda ata kimi yazılmaq barədə ərizə verdiyini sübut etdiyi halda atalığın mübahisələndirilməsi tələbini irəli sürə bilər. Beləliklə yuxarıda qeyd olunan normaların tələbindən göründüyü kimi hazırki halda iddiaçı həmin qeydi mübahisələndirmək hüququna malik şəxs kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında «mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı» olmasını göstərmiş, sonra isə Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla onlara münasibətdə, ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(075)-907/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1775/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1775/2021
05.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver