Məhkəmə qərarları › İş №2(107)-179/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-179/2022

05.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-179/2022 05.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X13, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2(033)-964/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə müraciət edərək, ona dəymiş 15 000 manat ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin (hakim V.Məmmədov) 06 oktyabr 2021-ci il tarixli, 2(033)-964/2021 nömrəli qətnaməsi ilə İddiaçı ona dəymiş 15 000 (on beş min) manat ziyanın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq ona ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı vəkili Vəkil apellyasiya şikayəti vermişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, 10 yanvar 2003-cü il tarixli vəsiyyətnaməyə əsasən mərhum əri X1 rayonu Əliabad bələdiyyəsində tərtib edilən vəsiyyətnamə əsasında 41 top fındıq ağacı olan 0.40 ha pay torpaq sahəsini (fındıq bağını) faktiki olaraq cavabdehlərin mərhum atası - X14 almışdır. Bu barədə Zaqatala rayonu Əliabad bələdiyyəsində "müvafiq akt (vəsiyyətnamə) tərtib edilmişdir. Həmin fındıq bağının faktiki alqı-satqısı zamanı mərhum əri-Mütəllib Xasməmmədov cavabdehlərin mərhum atası - Harun İmranovdan 25 000 ABŞ dollarına alınmışdır. Bunu cavabdehlər də, Əliabad qəsəbə sakinləri də bilir. 10 yanvar 2003-cü ildən bu günə kimi həmin torpaq sahəsini onlar istifadə edirlər və torpaq sahəsinə dair torpaq vergiləri tərəfindən ödənilmişdir. Cavabdehlər 10 yanvar 2003-cü ildə faktiki olaraq onlara satdığı fındıq bağını onlara sənədləşdirməkdən imtina edir və onun xəbəri olmadan öz adlarına sənəd almışlar. Onlar həmin torpaq sahəsini vəsiyyətnamə ilə aldıqlarına görə və həmin dövrdə çıxarış sənədi olmadığına görə elə bilmişlər ki, torpaq sahəsini almışlar və sənədləri də budur. Həmçinin Zaqatala Rayon Məhkəməsinin 2(033)-1926/2017 saylı, 29 noyabr 2017-ci il tarixli qətnaməsində göstərilmişdir ki, həmin torpaq sahəsi mərhum X14 əri X8 faktiki olaraq almışdır. Həmin qətnamə adı göstərilən şahid X17 faktiki olaraq mərhum X3 2003-cü ildə mərhum X14 almasını təsdiq etmişdir. Digər şahidlər X23 və X24 da alqı-satqını təsdiq etmişlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Zaqatala Rayon Məhkəməsinin 2(033)- 1926/2017 saylı, 29 noyabr 2017-ci il tarixli qətnaməsi qanuni qüvvəsindədir. Hal-hazırda Zaqatala rayonu Əliabad qəsəbəsində fındıq bağlarının qiyməti 15000 -20000 manat təşkil edir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-1926/2017 saylı, 29 noyabr 2017-ci il tarixli qətnaməsində göstərilmişdir ki, həmin torpaq sahəsi mərhum X14 əri X8 tərəfindən faktiki olaraq alınmışdır. Həmin qətnamə adı göstərilən şahid X17 faktiki olaraq mərhum X3 2003-cü ildə mərhum X14 almasını təsdiq etmişdir. Digər şahidlər X23 və X24 da alqı-satqını təsdiq etmişlər. Qeyd edilənlərə əsasən Zaqatala Rayon Məhkəməsinin 06.10.2021 tarixli, 2(033)-964/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili (nümayəndəsi) Vəkil apellyasiya şikayətini müdafiə edərək, sonda şikayətin təmin olunmasını və Zaqatala Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər səbəb və mümkünsüzlüyü bildirmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər : Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2(033)- 964/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Zaqatala rayonu Əliabad bələdiyyəsində təsdiq edilmiş 10 yanvar 2003-cü il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X25 özünə məxsus qəsəbə daxilində 41 topa fındıq bağını, onun yerləşdiyi 40 ha pay torpaq sahəsini qəsəbə sakini X5 vəsiyyət etmişdir. Vəsiyyətnamə şahidlər X10 və X18 iştirakı ilə yazılmışdır. Zaqatala Rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli 2(033)-1926/2017 saylı qətnaməsinin surətindən görünür ki, mərhum X25 tərəfindən 10 yanvar 2003-cü il tarixdə mərhum əri X5 vəsiyyət edilmiş Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,40 ha torpaq sahəsinin miras əmlak olmaqla, qanun üzrə birinci növbə vərəsə olan arvadı İddiaçı Heybulla qızı tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi və həmin əmlak üzərində İddiaçı Heybulla qızının vərəsəlik hüququnun təmin edilməsi qət edilmişdir. Reyestr nömrəsi **********38, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 22 fevral 2017-ci il və 20 iyun 2018-ci il tarix olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarış və torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsində 0,3886 ha həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh1, X27, Cavabdeh2, Cavabdeh3 və İddiaçı adına daşınmaz əmlakın dövlət reystrində 105 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində qeydiyyata alınmışdır. 06 oktyabr 2017-ci il tarixdə İddiaçı, X19, X15, X4, X2, X11 və X9 iştirakı ilə tərtib edilmiş akdan görünür ki, mərhum X8 mərhum X14 onun evinin yanından 40 ha fındıq bağını 2003-cü ildə almışdır. Aktda həm də bildirilir ki, həmin ildən bu günə qədər həmin fındıq bağından məhsulu mərhum X3 ailə üzvləri yığırlar. Həmin 40 ha fındıq bağını mərhum X8 dəmir hasara almışdır və həmin hasar indi də durur. Zaqatala Rayon Məhkəməsinin 2(033)-1926/2017 saylı mülki iş materiallarında olan Zaqatala rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında arayış və Zaqatala RİHB-ın Əliabad qəsəbə İƏD-si nümayəndəliyi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 08 sentyabr 2007-ci ildə, X8 isə 28 noyabr 2012-ci ildə vəfat etmişdir. Həmin iş materiallarında olan Zaqatala rayonu Əliabad kənd icra nümayəndəliyi tərəfindən 23.11.1992-ci il tarixdə verilmiş Vİ-JQ seriyalı 328001 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 ilə iddiaçı X6 23.11.1992-ci il tarixdə nikahlarını başlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 71 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada – “Xasməmmədova” soyadı verilmişdir. Zaqatala rayonu Əliabad kənd icra nümayəndəliyinin 05.10.2021-ci il tarixli 246 saylı arayışından görünür ki, 1996-cı ildə torpaq islahatı ilə bağlı tərtib edilmiş siyahıya əsasən X25, Cavabdeh1, X27, Cavabdeh2 və Cavabdeh3 (5 nəfər) 0,12 ha həyətyanı, 0,37 ha bağ və 1,64 ha əkin pay İİ keyfiyyət qrupu torpaq sahəsi verilmişdir, hər bir mülkiyyətçinin payı 0,40 ha təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbi və apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət düzgün olmuşdur. Birincisi, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, 1996-cı ildə torpaq islahatı zamanı Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,12 ha həyətyanı, 0,37 ha bağ və 1,64 ha əkin pay İİ keyfiyyət qrupu torpaq sahəsi X25, Cavabdeh1, X27, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətinə verilmişdir. X25 10.01.2003-cü il tarixli vəsiyyətnamə ilə digər torpaq sahələrini deyil, yalnız 41 topa fındıq bağını, onun yerləşdiyi 40 ha pay torpaq sahəsini X5 vəsiyyət etmişdir ki, bağın sahəsi də vəsiyyətnamədə qeyd edilənin əksinə 0,37 ha olmuş, eyni zamanda bağ sahəsinin onların ümumi birgə mülkiyyətinə verilməsi barədə qərar öz hüquqi qüvvəsini saxladığından, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, ümumi birgə mülkiyyətdə olan bağ sahəsindəki payları Cavabdeh1, X27, Cavabdeh2 və Cavabdeh3 özlərinə aid olmaqla, mərhum X20 verdiyi 10.01.2003-cü il tarixli vəsiyyətnamə üzrə ondan qalan mirasa daxil olmamışdır. İkincisi, iddiaçı tərəf torpağın alqı-satqısı üçün mərhum əri Mütəllib Xasməmmədov tərəfindən cavabdehlərin mərhum atası Harun İmranova 25000 ABŞ dollar verildiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmiş, yalnız 2003-cü il tarixli vəsiyyətnaməyə istinad edərək özünün haqlı olmasını bildirmişdir. Kollegiya şikayətin bu dəlili ilə bağlı bildirir ki, mərhum Harun İmranovun verdiyi 10.01.2003-cü il tarixli vəsiyyətnamə, cavabdehlərin ümumi birgə mülkiyyətlərində olan bağ sahəsinə dair mülkiyyətçi hüquqlarına xitam verilməsinə əsas olmadığından, eləcə də mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalı olduğundan, onların bağ sahəsinin ümumi birgə mülkiyyətə qeydiyyata aldırmaları iddiaçıya zərərvurmaya yönəlmiş hərəkət sayıla bilməz. Çünki, Mülki Məcəllənin 152.1ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Üçüncüsü, kollegiya qeyd edir ki, bu halda işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2(033)-964/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar