Məhkəmə qərarları › İş №2(107)-1824/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1824/2020

26.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1824/2020 26.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakı ilə, Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(024)-174/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Qax rayonu Qum kəndində yerləşən ümumi mülkiyyətdə olan torpaq sahəsində yerləşən X8 məxsus evə Cavabdeh adına 1987-ci ildə və xx.xx.2019-cu ildə tərtib edilmiş Fərdi yaşayış evinin texniki pasportunun tam, həmin ümumi mülkiyyətdə olan torpaq sahəsində yerləşən evə ƏMDK Yanında DƏDRX tərəfindən Cavabdeh adına verilmiş xx.xx.2019-cu il tarixli RX seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət-reyestrindən X1 və X3 aid hissədə etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2020-ci ildə iddiaçının etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək Cavabdeh adına tərtib edilmiş 1987-ci il tarixli fərdi yaşayış evinin Texniki pasportunun və verilməsi əsası bilinməyən Vİİ 1988-ci il tarixli X5 verilən qeydiyyat vəsiqəsinin (Registrasionnoye udostvereniye), həmçinin DƏDRX-nin xx.xx.2019-cu il tarixdə verdiyi reyestr nömrəsi **********12-10301 olan fərdi yaşayış evinin texniki pasportunun və xx.xx.2019-cu il tarixdə verilmiş RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reysetrindən Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(024)-174/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən İddiaçı apellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, hazırki iş üzrə 2000-ci ilə qədər qüvvədə olan AR Mülki Məcəlləsinin müvafiq normaları tətbiq edilməli olduğu halda, birinci instansiya məhkəməsi hazırda qüvvədə olan mülki məcəllənin normalarını tətbiq etmişdir. Bundan əlavə sözügedən ev 1964-cü ildə tikilib. Araz da elə həmin ildə doğulub. Həmin evin bir yaşlı uşaq üçün tikilməsi absurddur. Bundan əlavə digər sənəddə evin 1978-ci ildə tikildiyi göstərilib. Bu zaman da Arazın 14 yaşı olmuş olur. 14 yaşlı şəxsin ev tikməsi də absurddur. Bundan əlavə həmin sənədlər Araza DƏDRX haqqında qanunun tələblərini pozaraq, pozulmuş-silinmiş formada verilmişdir. Bundan əlavə həmin torpaq sahəsi ümumi birgə mülkiyyət kimi qeydiyyata alınıbsa, onun üzərindəki ev də ümumi birgə mülkiyyət kimi qeydiyyata alınmalıdır. Ev kolxozçu həyəti olub. Qaunvericiliyin tələbinə görə paylar müəyyənləşdirilərkən bərabər olmalıdır. Bundan əlavə həmin həyətin əmlakına vərəsəlik açılmalıdır. Bundan əlavə iddia müddətinin tətbiq edilməsi də qanunsuz olmuşdur Çünki mübahisə əqd və ya müqavilə üzrə deyil, saxta sənədlər və onların etibarsızlığı üzrədir. Ona görə də iş üzrə apellyasiya şikayətinin təmin edilməsini və Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(024)- 174/2020 saylı qətnaməsinin ləğv edilərək iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətinin təmin edilməsini, Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(024)-174/2020 saylı qətnaməsinin ləğv edilərək iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxsin nümayəndəsi heç bir üzürlü səbəblər göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, proses iştirakçılarının izahatlarını dinləyərək, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(024)- 174/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya Apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin X15 verdiyi Qeydiyyat nömrəsi **********, Reyestr nömrəsi **********12-10301 olan, xx.xx.2019-cu il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən, Qax rayonunun Qum kəndində 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi Cavabdeh tam, həmin evin yerləşdiyi 0.12 ha torpaq sahəsi Cavabdeh, X6 və X4 ümumibirgə mülkiyyətinə verilmişdir. Bununla bağlı reyestr nömrəli, inventar nömrəsi 121 olan, xx.xx.2019-cu il tarixdə tərtib edilmiş texniki pasport verilmişdir. Həmin texniki pasportun verilməsinə əsas Qax rayon DT və XK-nin xx.xx.2002-ci il tarixli, JN-120F nömrəli torpağa daimi istifadə hüququna dair şəhadətnamə, 1988-ci il tarixli 2 nömrəli qeydiyyat vəsiqəsi olmuşdur. İş materialları ilə müəyyən edilir ki, iddiaçı, dörd tələblə məhkəməyə müraciət etmişdir. 1-ci tələb Cavabdeh adına tərtib edilmiş 1987-ci il tarixli fərdi yaşayış evinin Texniki pasportunun etibarsız hesab edilməsi, 2-ci tələb1988-ci il tarixli X5 verilən qeydiyyat vəsiqəsinin (Registrasionnoye udostvereniye), etibarsız hesab edilməsi 3-cü tələb DƏDRX-nin xx.xx.2019-cu il tarixdə verdiyi reyestr nömrəsi **********12-10301 olan fərdi yaşayış evinin texniki pasportunun etibarsız hesab edilməsi və 4-cü tələb xx.xx.2019-cu il tarixdə verilmiş RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reysetrindən Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbləri və apelyasiya şikayəti əsassızdır. Belə ki, iş materiallarında olan 1987-ci il tarixli fərdi yaşayış evinin Texniki pasportunun surətindən görünür ki, həmin texniki pasport Cavabdeh adına tərtib edilmişdir. İş materiallarında olan 1988-ci il tarixdə tərtib edilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Qax rayonu Qum kəndində yerləşən, 1918-ci ildə tikilmiş üç otaqlı fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan JN-120F, KOD 40312018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qax rayon X7 xx xxxxxx 1997-ci il tarixli, 20 saylı qərarına əsasən Qax rayonu Qaxbaş kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi X6, X2 və Cavabdeh ümumibirgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan reyestr nömrəsi **********12-10301, inventar nömrəsi 121 olan, xx.xx.2019-cu il tarixdə tərtib olunmuş fərdi yaşayış evinin Texniki pasportunun surətindən görünür ki, həmin sənədin verilməsinə əsas DTXK-nın Qax rayon şöbəsinin xx.xx.2002-ci il tarixli JN-120F nömrəli Torpağa daimi istifadə hüququna dair Şəhadətnamə və 1988-ci il tarixdə tərtib edilmiş Qeydiyyat Vəsiqəsi olmuşdur. İş materiallarında olan DƏDRX-nin RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, Qax rayonunun Qum kəndində 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi Cavabdeh tam, həmin evin yerləşdiyi 0.12 ha torpaq sahəsi Cavabdeh, X6 və X4 ümumibirgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan Qax rayon Qum kənd X13 üzrə Nümayəndəliyinin xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, nümayəndəliyin inzibati binası 2000-ci ildə tamamilə yanmış və nəticədə 1975-2000-ci illərə aid təsərrüfatbaşına kitablar və digər sənədlər yanaraq məhv olmuşdur. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evinə 1987-ci il tarixdə Cavabdeh adına fərdi yaşayış evinin Texniki pasportu tərtib edilmişdir. Bundan sonra həmin texniki pasport əsasında 1988-ci il tarixdə Qax rayonu Qum kəndində yerləşən, 1918-ci ildə tikilmiş üç otaqlı fərdi yaşayış evi Cavabdeh adına qeydiyyat vəsiqəsi verilmişdir. Daha sonra Qax rayon X7 xx xxxxxx 1997-ci il tarixli, 20 saylı qərarına əsasən Qax rayonu Qaxbaş kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi X6, X2 və Cavabdeh ümumibirgə mülkiyyətinə JN-120F, KOD 40312018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixdə həmin fərdi yaşayış evinə reyestr nömrəsi **********12-10301, inventar nömrəsi 121 olan, Texniki pasport tərtib edilmişdir. Həmin texniki pasportun verilməsinə əsas DTXK-nın Qax rayon şöbəsinin xx.xx.2002-ci il tarixli JN-120F nömrəli Torpağa daimi istifadə hüququna dair Şəhadətnamə və 1988-ci il tarixdə tərtib edilmiş Qeydiyyat Vəsiqəsi olmuşdur. Daha sonra DƏDRX-nin RX seriyalı ******* nömrəli çıxarışı ilə Qax rayonunun Qum kəndində 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi Cavabdeh tam, həmin evin yerləşdiyi 0.12 ha torpaq sahəsi Cavabdeh, X6 və X4 ümumibirgə mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsində göstərilir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.1-146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Kollegiya iddia tələbinə münasibət bildirərək qeyd edir ki, iddiaçı tərəf Cavabdeh adına tərtib edilmiş 1987-ci il tarixli fərdi yaşayış evinin Texniki pasportunun nəyə görə etibarsız hesab edilməsi, 1988-ci il tarixli X5 verilən qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsini əsaslandıra bilməmiş, eyni zamanda həmin fərdi yaşayış evinin iddiaçıların adına qeydiyyata alınmalı olmasını əsaslandıra bilməmişdir. Yəni həmin fərdi yaşayış evinin texniki pasportu və Qeydiyyat vəsiqəsi tərtib edilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Məhkəmə kollegiyası iddia tələbinin xx.xx.2019-cu il tarixdə verilmiş reyestr nömrəsi **********12-10301 olan fərdi yaşayış evinin texniki pasportunun etibarsız hesab edilməsi və xx.xx.2019-cu il tarixdə verilmiş RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reysetrindən Çıxarışın etibarsız hesab edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, həmin tələblər də əsassızdır. Belə ki, Həmin texniki pasportun verilməsinə əsas DTXK-nın Qax rayon şöbəsinin xx.xx.2002ci il tarixli JN-120F nömrəli Torpağa daimi istifadə hüququna dair Şəhadətnamə və 1988-ci il tarixdə tərtib edilmiş Qeydiyyat Vəsiqəsi olmuşdur. Daha sonra DƏDRX-nin RX seriyalı ******* nömrəli çıxarışı ilə Qax rayonunun Qum kəndində 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi Cavabdeh tam, həmin evin yerləşdiyi 0.12 ha torpaq sahəsi Cavabdeh, X6 və X4 ümumibirgə mülkiyyətinə verilmişdir. Göründüyü kimi texniki pasport və qeydiyyat vəsiqəsi verilərkən DƏDRX-i tərəfindən qnunvericiliyin tələbləri pozulmamışdır. Digər tərəfdən kollegiya qeyd edir ki, Qax rayon X7 xx xxxxxx 1997-ci il tarixli, 20 saylı qərarına əsasən Qax rayonu Qaxbaş kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi X6, X2 və Cavabdeh ümumibirgə mülkiyyətinə JN-120F, KOD 40312018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə verildiyindən, nə qədər ki, Qax rayon X7 xx xxxxxx 1997-ci il tarixli, 20 saylı qərarı qüvvədədir həmin tələblər təmin edilə bilməz. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri və sair. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq rədd etmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli, Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(024)-174/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(024)-174/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar