Məhkəmə qərarları › İş №2(107)-1840/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1840/2021

28.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1840/2021 28.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(033)-714/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin (hakim Vüqar Məmmədov) 08 iyul 2021-ci il tarixli, 2(033)-714/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 10.000 (on min) manat və vəkil xərci olaraq 100 (bir yüz) manat alınıb İddiaçı verilməsi və İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq iddiaçıya verilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 10.000 manat pulun, ödənilmiş 30 manat dövlət rüsumunun və vəkilə ödənilmiş 100 manat pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 may 2017-ci il tarixli, 1(101)-691/2017 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Cavabdeh dələduzluq edərək etibardan sui istifadə edərək, aldatma yolu ilə ona 10.000 manat məbləğində ziyan vurmuşdur. Həmin fakt 29 sentyabr 2015-ci il tarixli 3M-413 reyestr nömrəli Bakı şəhəri 44 saylı notariat kontorunda bağlanmış Kredit müqaviləsində, eyni zamanda qeyd etdiyi hökmdə əksini tapmışdır. Hazırda cavabdeh cəza çəkməkdən vaxtından əvvəl azad olunmuşdur. Cavabdeh ona olan borcunu ödəməkdən boyun qaçırır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, Zaqatala rayonunun Aşağı Tala kəndində yaşayır. Oğlu Katib epilepsiya xəstəsidir, həkimlər oğluna Bakı şəhərində yaşasa xəstəliyinin keçəcəyini bildirdiklərinə görə Bakı şəhərində oğluna ev almaq qərarına gəlmişdir. 7 may 2015-ci il tarixdə Ramana qəsəbəsi, Südçülük Sovxozu adlanan ərazidə ev alğı-satqısı ofisində Cavabdeh ilə tanış olub torpaq sahəsi almaq istədiyini ona bildirmişdir. Aqil ona bu işdə kömək edəcəyini deyərək Ramana qəsəbəsi, Südçülük Sovxozunda torpaq sahəsi göstərərək həmin torpaq sahəsinin sotunu 2.500 manata satdığını bildirmişdir. Həmin yeri bəyəndiyi üçün 4 sot torpaq alacağını ona demişdir. 7 may 2015-ci il tarixdə oğlu Katiblə Ramana qəsəbəsində torpaq sahəsini almaq üçün Aqillə görüşüb alacağı torpağı alğı-satqı etmək istədiyini ona demişdir. Sonra Aqillə bir yerdə alacaqları torpaq sahəsinə getmişlər və orada 10.000 manat pulu Aqilə vermiş, sonuncu da 4 sot torpaq sahəsi aldığına dair notarial qaydada təsdiq olunmuş etibarnamə vermişdir. Aqil etibarnaməni verdikdən sonra 2015-ci ilin iyun ayının əvvəllərində qardaşı oğlu X2 aldığı torpaq sahəsinin yaxınlığında torpaq sahəsi almaq istədiyini bildirdiyindən bu barədə Aqilə bildirmiş və sonuncu da 2 sot torpaq sahəsi üçün 5.000 manat alacağını bildirmişdir. 5 iyun 2015-ci il tarixdə Rəhman 5.000 manat pulu ona verərək Aqilə çatdırmağını demişdir, elə həmin gün saat 14:00 radələrində Ramana qəsəbəsi, "Hallavar" kafesində Aqillə görüşərək 5.000 manat pulu ona vermişdir. Cavabdeh pulu aldıqdan sonra şəxsiyyət vəsiqəsini alaraq 2 sot torpaq sahəsi üçün etibarnamə vermişdir. Sonradan torpaq sahəsinin sənədləri barədə soruşduqda, Aqil yaxın müddət ərzində sənədlərin düzələcəyini bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, Aqilin heç bir yerdə torpaq sahəsi olmamışdır. Ona görə də pulunu Aqildən tələb etmişdir. 2015-ci ilin sentyabr ayında Aqil Rəhmana 3.000 manatı qaytarmışdır və pulu tam şəkildə 4 dekabr 2015-ci il tarixdə qaytaracağını demişdir. Ona görə də 44 saylı notariusa gedib onunla borc müqaviləsi bağlamışlar. Lakin Aqil ondan aldığı pulu qaytarmamışdır. Cavabdeh ona vurmuş olduğu 10.000 manat maddi ziyanın ödənilməsini tələb edir. Odur ki, iddianın təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(033)-714/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştiarkçılarının dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, onun 10.000 manat pulu bir dəfəyə ödəməyə maddi imkanı yoxdur. Həmin pulu yalnız aylıq 150-200 manat olmaqla ödəyə bilər. Çünki həbsdən yeni azad olmuşdur. Həmçinin məhkəmə qətnaməsində göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri barədə o, xəbərndar edilmiş, ancaq məhkəməyə gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. O, Zaqatala rayonunda qeydiyyatda olsa da faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Ramanı qəsəbəsi Südçülük savxozu ərazisindən kirayə mənzildə qalır və məhkəməyə gəlib iştirak etməsinə maddi imkanı olmamışdır. Həbsdən yeni çıxmışdır. Hal-hazırda işsizdir. 55 yaşı olmasına görə onu heç yerdə işə götürmürlər. Hesab edir ki, onun məhkəmədə dinlənilmək hüququ vardır. Həmin hüququ Zaqatala Rayon Məhkəməsi tərəfindən kobud şəkildə pozulmuşdur. Göründüyü kimi barəsində şikayət verilən qətnaməni qəbul etmiş məhkəmə maddi və prosessual qanunvericiliyin tələblərini açıq-aşkar kobud surətdə pozmuşdur. Ona görə də Zaqatala Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(033)-714/2021 nömrəli qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, məhkəmə qətnaməsi ilə razı deyil, qətnamə qanunsuz və əsassızdır. Onun 10.000 manat pulu bir dəfəyə ödəmək imkanı yoxdur. Həmin pulu hissə-hissə ödəyə bilər. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, apellyasiya şikayəti ilə razı deyil. Cavabdeh bir neçə şəxsin pulunu alıb verməyib. Onun pulunu və torpaq sahəsini vermədiyindən onunla birlikdə notariusa gedib borc müqaviləsi bağlamışlar. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini Zaqatala Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(033)-714/2021 nömrəli qətnaməsinin qüvvəsində saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahat və çıxışını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(033)-714/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər MPM-in 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 4 saylı Notariat Kontorundan bağlanmış və notarial qaydada təsdiq olunaraq reyestrdə 3M-413 nömrə ilə qeydə alınmış 29 sentyabr 2015-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı 10.000 manat məbləğində pulu Cavabdeh borc olaraq vermişdir. İş materiallarında olan Müqavilənin 1.2-ci bəndinə görə borcalan Cavabdeh kredit borcunu 04 oktyabr 2015-ci il tarixədək borcverən İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 may 2017-ci il tarixli, 1(101)-691/2017 nömrəli hökmün surətindən görünür ki, Cavabdeh İddiaçı etibarından sui istifadə edib onu aldadaraq ona 10 000 manat məbləğində ziyan vurması hökmdə öz təsdiqini tapmış və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Zərərçəkmiş şəxslər İddiaçı və digərlərinə Cavabdeh qarşı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah edilmişdir. Oxşar münasibətləri tənzimləyən MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan MM-in 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. MM-inin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu baxımdan da, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri inandırıcı qəbul etmir. Çünki, MM-in 433.3-çü maddəsində qeyd edilir ki, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. MM-in 529.3-cü maddəsinə görə isə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Hazırda öyrənilən işdən aydın olur ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq Cavabdeh borc müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilədən irəli gələn borcun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən öyrənilən işdən aydın olur ki, cavabdeh faktiki olaraq iddianı qəbul edir, lakin bildirir ki, Onun 10.000 manat pulu bir dəfəyə ödəmək imkanı yoxdur. Həmin pulu hissə-hissə ödəyə bilər. Bu baxımdan da, məhkəmə kollegiyası bu fikirdədir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93) MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(033)-714/2021 nömrəli qiyabi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və MPM-in 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(033)-714/2021 nömrəli qiyabi qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: İmanverdi Şükürov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar