Məhkəmə qərarları › İş №2(107)-190/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-190/2024

11.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-190/2024 11.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment borcunun silinməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi tələbi, maddi hüquq normasının düzgün tətbiq edilməməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı nümayəndəsi, həmçinin vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment borcunun silinməsi tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2(037)-1029/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 aprel 2015ci il təvəllüdlü X6 və 20 avqust 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 130 (yüz otuz) manat olmaqla cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq Əsədova (Piriyeva) Səbinə Kazım qızına ödənilməsinə dair İsmayıllı Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(037)-537/2021 saylı qətnaməsi üzrə verilmiş 04 oktyabr 2021-ci il tarixli icra vərəqəsinə əsasən yaranmış 2600 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(037)-537/2021 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması, 15 aprel 2015-ci il tarixdə doğulmuş X6 və 20 avqust 2016-cı il tarixdə doğulmuş X7 adlı uşaqların cavabdehin yanında saxlanılması və uşaqların maddi təminatı üçün iddiaçıdan hər ay hər uşağa 130 manat olmaqla cəmi 260 manat sabit pul məbləğində alimentin tutularaq cavabdehə ödənilməsi qət olunmuşdur. İddiaçı qətnamə üzrə çıxarılmış 04 oktyabr 2021-ci il tarixli icra vərəqəsinə əsasən alimenti vaxtında ödəmişdir. Nikahları pozulduqdan sonra xx.xx.2022-ci il tarixdə tərəflər barışaraq iddiaçının valideynlərinə məxsus ünvan 1 ünvanda birgə yaşamışlar. Cavabdehlə təsərrüfatı birgə idarə etmiş, uşaqlarının saxlanılması xərclərini, hətta cavabdehin xərclərini iddiaçı ödəmiş, X5 Bakı şəhəri üzrə Təhsil İdarəsinin 274 nömrəli tam orta məktəbin 1g sinfində təhsil almasını təmin etmişdir. İddiaçı ilə cavabdeh arasında ər-arvad münasibətləri bərpa olunmuş və hətta cavabdeh hamilə qalmışdır. xx.xx.2022-ci il tarixdə cavabdeh yenidən ayrıldığını bildirmiş və İsmayıllı rayonu Keyvəndi kəndinə köçmüşdür. Həmin vaxtdan iddiaçı yenidən icra vərəqəsi üzrə alimenti ödəməyə davam etmişdir. Bundan sonra cavabdeh İsmayıllı rayon İcra və Probasiya şöbəsinə müraciət edərək xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdədək olan müddət üçün yığılmış alimentin ödənilməsini tələb etmişdir. Qeyd edilən müddət ərzində iddiaçı uşaqları ilə birgə yaşayaraq onların maddi təminatını, xərclərini ödəmişdir. Ona görə də iki uşağın saxlanması üçün İsmayıllı Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(037)-537/2021 saylı qətnaməsi üzrə verilmiş 04 oktyabr 2021-ci il tarixli icra vərəqəsinə əsasən yaranmış 2600 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İsmayıllı Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2(037)-1029/2023 saylı (sədrlik edən hakim İ.Hüseynov) qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı aliment borcunun silinməsi tələbinə dair iddianın təmin edilməməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(037)-537/ 2021 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması, 15 aprel 2015-ci il tarixdə doğulmuş X6 və 20 avqust 2016-cı il tarixdə doğulmuş X7 adlı uşaqlar cavabdehin yanında saxlanılmış və uşaqların maddi təminatı üçün iddiaçıdan hər ay hər uşağa 130 manat olmaqla cəmi 260 manat sabit pul məbləğində alimentin tutularaq cavabdehə ödənilməsi qət olunmuşdur. Tərəflərin birgə nikahından doğulmuş Aydan və Aysel adlı uşaqlar əvvəllər olduğu kimi hazırda da cavabdehin yanında yaşayırlar. İddiaçı nikah pozulduqdan sonra xx.xx.2022-ci il tarixdə cavabdehlə barışaraq valideynlərinə məxsus ünvan 1 ünvanda birgə yaşadıqlarını, cavabdehlə təsərrüfatı birgə idarə etdiyini, uşaqlarının saxlanılması xərclərini, hətta cavabdehin xərclərini ödədiyini, X5 Bakı şəhəri üzrə Təhsil İdarəsinin 274 nömrəli tam orta məktəbin 1g sinfində təhsil almasını təmin etdiyini, birgə yaşadıqları üçün cavabdehin hamilə qaldığını, xx.xx.2022-ci il tarixdə cavabdehin yenidən onunla ayrıldığını, buna baxmayaraq cavabdehin birgə yaşadıqları xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdədək olan müddət üçün yığılmış alimentin ödənilməsini tələb etdiyini qeyd edərək İsmayıllı Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(037)-537/2021 saylı qətnaməsi üzrə verilmiş 04 oktyabr 2021-ci il tarixli icra vərəqəsinə əsasən yaranmış 2600 manat borcun silinməsini xahiş edir. Cavabdeh nikah pozulduqdan sonra övladı 15 aprel 2015-ci il təvəllüdlü Aydan Əsədovanın təhsili ilə bağlı iddiaçının valideynlərinə məxsus ünvan 1 ünvanda övladları ilə birgə yaşadığını, iddiaçı ilə bir otaqda deyil, övladları ilə ayrı otaqda qaldığını, həmin vaxt Müşviqabad qəsəbəsində yerləşən “Bəyaz” paltar mağazasında satıcı işləməklə ayda 350 manat əmək haqqı aldığını, özünün və uşaqlarının təminatını, dolanışığını özü ödədiyini, iddiaçı ilə aralarında barışıq olmadığından yenidən rəsmi nikaha daxil olmadıqlarını, alimentə xitam verilməsi ilə bağlı İsmayıllı Rayon İcra və Probasiya şöbəsinə ərizə vermədiyini, onun uşağın təhsilinə görə müvəqqəti olaraq iddiaçı ilə bir evdə qalması, hətta həmin müddətdə hamilə qalması uşaqların saxlanması üçün təyin olunmuş alimentin həmin müddət üçün silinməsinə əsas olmadığını qeyd edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Göründüyü kimi qanunvericilik iddiaçının yuxarıda qeyd etdiyi xüsusiyyətləri aliment öhdəliyindən azad olunması əsası kimi müəyyən etməmişdir. Belə ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(037)-537/ 2021 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulduqdan sonra cavabdehin 15 aprel 2015-ci il tarixdə doğulmuş X6 və 20 avqust 2016-cı il tarixdə doğulmuş X7 adlı uşaqları ilə birgə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək bir ünvanda yaşaması həmin müddət üçün yığılmış aliment borcunun silinməsi üçün əsas ola bilməz. Bundan başqa tərəflər arasında barışıq olmadığından yenidən rəsmi nikaha daxil olmamışlar və cavabdeh alimentə xitam verilməsi ilə bağlı İsmayıllı Rayon İcra və Probasiya şöbəsinə ərizə verməmişdir. İddiaçı yaranmış aliment borcunun silinməsi əsasları barədə məhkəməyə sübut təqdim etməmiş, habelə həmin hallar məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı aliment borcunun silinməsi tələbinə dair iddia təmin edilməməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 75.1, 107.1, 107.2 və 112.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 77.2 və 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1029/2023 saylı, 24 oktyabr 2023-cü il tarixli qətnaməsi onun Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. O, İsmayıllı rayon Məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. İş materiallarından göründüyü kimi məhkəmə iddianın təmin edilməsinə dair belə nəticəyə gəlmişdir ki, iddiaçı yaranmış aliment borcunun silinməsi əsasları barədə məhkəməyə sübut təqdim etməmiş, habelə həmin hallar məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni sayıla bilməz. İlk növbədə qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesinin ilk addımı kimi onun tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Göründüyü kimi iş materiallarından və eləcə də, iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarından bəlli olur ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(037)-537/2021 saylı qətnaməsi ilə onunla cavabdeh aralarında bağlanmış nikah pozulduqdan sonra iddiaçı ilə cavabdeh bir ünvanda yaşamışlar, 15 aprel 2015-ci il tarixdə doğulmuş X3 və 20 avqust 2016-cı il tarixdə doğulmuş X2 qidalanması, saxlanılması və digər təminatları iddiaçının vəsaiti hesabına təmin edilmişdir. Həmçinin Cavabdeh özü də birinci instansiya məhkəməsində verdiyi izahatında, əslində iddianı etiraf etmişdir. Belə ki, birinci instansiya məhkəməsində verdiyi izahatında göstərmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(037)-537/ 2021 saylı qətnaməsi ilə iddiaçı ilə aralarında bağlanmış nikah pozulduqdan sonra övladı 15 aprel 2015-ci il təvəllüdlü Aydan Əsədovanın təhsili ilə bağlı onun valideynlərinə məxsus ünvan 1 ünvanda övladları ilə birgə yaşamışdır. Məhkəmə qətnaməni belə əsaslandırmışdır ki, cavabdehin hamilə qalması alimentin silinməsinə əsas vermir. Guya onun iddiasının əsasını cavabdehin hamilə qalması təşkil edir. Odur ki, qeyd edilənlər nəzərə alınaraq İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1029/2023-nömrəli, 24 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməsini, iş üzrə yeni qətnamənin qəbul edilməsini, onun Cavabdeh qarşı “15 aprel 2015-ci il təvəllüdlü X6 və 20 avqust 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 130 (yüz otuz) manat olamqla cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq Əsədova (Piriyeva) Səbinə Kazım qızına ödənilməsinə dair İsmayıllı Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(037)-537/2021 saylı qətnaməsi üzrə verilmiş 04 oktyabr 2021-ci il tarixli icra vərəqəsinə əsasən yaranmış 2600 manat borcun silinməsi” barədə iddiasının təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi, həmçinin vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, İsmayıllı Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2(037)-1029/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini və İsmayıllı Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2(037)- 1029/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Konvensiya: “Uşaq Hüquqları” haqqında Konvensiya 27.2-ci maddəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.1-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1029/2023-nömrəli, 24 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamənin qəbul edilməsini, onun Cavabdeh qarşı “15 aprel 2015-ci il təvəllüdlü X6 və 20 avqust 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 130 (yüz otuz) manat olmaqla cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq Əsədova (Piriyeva) Səbinə Kazım qızına ödənilməsinə dair İsmayıllı Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(037)-537/2021 saylı qətnaməsi üzrə verilmiş 04 oktyabr 2021-ci il tarixli icra vərəqəsinə əsasən yaranmış 2600 manat borcun silinməsi” barədə iddiasının təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya İsmayıllı Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2(037)-1029/2023 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2(037)-1029/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(037)-537/2021 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması, 15 aprel 2015-ci il tarixdə doğulmuş X6 və 20 avqust 2016-cı il tarixdə doğulmuş X7 adlı uşaqlar cavabdehin yanında saxlanılmış və uşaqların maddi təminatı üçün iddiaçıdan hər ay hər uşağa 130 manat olmaqla cəmi 260 manat sabit pul məbləğində alimentin tutularaq cavabdehə ödənilməsi qət olunmuşdur. Tərəflərin birgə nikahından doğulmuş Aydan və Aysel adlı uşaqları əvvəllər olduğu kimi hazırda da cavabdehin yanında yaşayırlar. İddiaçı nikah pozulduqdan sonra xx.xx.2022-ci il tarixdə cavabdehlə barışaraq valideynlərinə məxsus ünvan 1 ünvanda birgə yaşamışlar. Cavabdehlə birgə təsərrüfatı idarə etdiklərini, uşaqlarının saxlanılma xərclərini, hətta cavabdehin xərclərini ödəmişdir. X5 Bakı şəhəri üzrə Təhsil İdarəsinin 274 nömrəli tam orta məktəbin 1g sinfində təhsil almasını təmin etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə yenidən İddiaçı ayrılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməyərək əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin olunmaması barədə mövqeyini onunla əsaslandırmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(037)-537/2021 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulduqdan sonra cavabdehin 15 aprel 2015-ci il tarixdə doğulmuş X6 və 20 avqust 2016-cı il tarixdə doğulmuş X7 adlı uşaqları ilə birgə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdədək bir ünvanda yaşaması həmin müddət üçün yığılmış aliment borcunun silinməsi üçün əsas ola bilməz. Bundan başqa tərəflər arasında barışıq olmadığından yenidən rəsmi nikaha daxil olmamışlar və cavabdeh alimentə xitam verilməsi ilə bağlı İsmayıllı Rayon İcra və Probasiya şöbəsinə ərizə verməmişdir. İddiaçı yaranmış aliment borcunun silinməsi əsasları barədə məhkəməyə sübut təqdim etməmiş, habelə həmin hallar məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. İrəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment borcunun silinməsindən ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 107.2 və 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırkı mübahisə üzrə iddiaçı, 15 aprel 2015-ci il təvəllüdlü X6 və 20 avqust 2016cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 130 (yüz otuz) manat olamqla cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq Əsədova (Piriyeva) Səbinə Kazım qızına ödənilməsinə dair İsmayıllı Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(037)-537/2021 saylı qətnaməsi üzrə verilmiş 04 oktyabr 2021-ci il tarixli icra vərəqəsinə əsasən yaranmış 2600 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kollegiya qeyd edir ki, 26 fevral 2022 – 14 dekabr 2022-ci illər ərzində tərəflər faktiki nikah münasibətlərində olmuş və həmin nikahdan doğulmuş uşaqlar hər iki valideynin himayəsində olmuşdur. Belə olan halda iddiaçının qeyd olunan müddət ərzində aliment öhdəliyinin yaranmasından və həmin məbləğin cavabdehə ödənilməsindən də söhbət gedə bilməz. Kollegiya hesab edir ki, şərh olunan diqqətəlayiq hallar nəzərə alınmalı, iddiaçı 26 fevral 2022-ci il tarixdən 14 dekabr 2022-ci il tarixə qədər hesablanmış aliment borcunu ödəməkdən və uşaqların onun himayəsində olduğu müddətdə aliment ödəməkdən azad olunmalıdır. Kollegiyası qeyd edir ki, İsmayıllı Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(037)-537/2021 saylı qətnaməsinin qüvvədə olması həmin qətnamə əsasında hesablanmış aliment borcunun silinməsinə mane olmur. Belə ki, Ailə Məcəlləsinin 107.2-ci maddəsinin dispozisiyası məhz aliment ödənilməsi barədə qətnamə qəbul edildikdən və qüvvəyə mindikdən sonra həmin maddədə sadalanan halların baş verməsi halında aliment ödəməli şəxsin aliment borcunu ödəməkdən azad edilməsi mümkünlüyünü müəyyən etmişdir. Aliment borcunun silinməsi apellyasiya şikayətində tələb edildiyi qaydada deyil, uşaqların hər iki valideynin yanında yaşadıqları dövrü əhatə etməlidir. Başqa sözlə, nə qədər ki, uşaqlar ana və ataları ilə yaşayıb, onların bütün xərclərini qarşılıqlı şəkildə valideynləri qarşılayıb, həmin dövr üçün iddiaçının yaranmış aliment borcu silinməlidir. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2(037)-1029/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2(037)-1029/2023 saylı qətnаməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. İddiaçı 15 aprel 2015-ci il təvəllüdlü X6 və 20 avqust 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 130 (yüz otuz) manat olamqla cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq Əsədova (Piriyeva) Səbinə Kazım qızına ödənilməsinə dair İsmayıllı Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(037)-537/2021 saylı qətnaməsi üzrə verilmiş 04 oktyabr 2021-ci il tarixli icra vərəqəsinə əsasən yaranmış 2600 manat borc silinsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar