Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-191/2021 09.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X14, İddiaçı, onun vəkili X4, cavabdeh “Mingəçevir Maşın-Təmir” X26 Cəmiyyətinin nümayəndəsi X15 və 3-cü şəxs ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 8 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin nümayəndəsi X2 (sonuncu prosesdə iştirak etmirlər) iştirakı ilə İddiaçı cavabdeh “Mingəçevir Maşın-Təmir” X26 Cəmiyyəti və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 8 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə qarşı qeyri “İstehsalat qəzası nəticəsində sağlamlığının pozulmasına görə ödəncin və vəkil xidmətinə görə ödədiyi pulun cavabdehdən alınaraq ona verilməsi” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-585/2020 nömrəli qətnaməsindən cavabdeh “Mingəçevir Maşın-Təmir” X26 Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, xx xxxxxxx 2013-cü ildə “Mingəçevir Maşın-Təmir” ATS-də istehsalat xəsarəti aldığına görə ona aylıq 244,57 manat ödəncin müəyyən edilməsi, hadisənin baş verdiyi vaxtdan bu günə qədər ödənilməmiş 18,504 manat 16 qəpik cəmi aylıq ödəncin, habelə ömrünün axırına qədər hər ay 244,57 manat ödəncin və vəkil xidmətinə görə ödədiyi 1800 manat pulun cavabdeh “Mingəçevir Maşın-Təmir” ATSC-dən alınaraq ona veriməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək cavabdeh “Mingəçevir MaşınTəmir” ATSC-nin daş aqlay emalı sexində işləyərkən aldığı istehsalat xəsarətinə görə ömrünün axırına qədər hər ay 258,43 manat aylıq ödəncin müəyyən edilməsi və xx.xx.2013-cü ildən bu günə qədər 82 ay 15 gün üçün ödənilməmiş 21307,47 manat ödəncin cavabdeh “Mingəçevir Maşın-Təmir” ATS-dən alınaraq ona veriməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-585/2020 nömrəli (hakim H.Mirzəliyev) qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh “Mingəçevir Maşın-Təmir” ATSC-dən İddiaçı daş emalı sexində işləyərkən aldığı istehsalat xəsarətinə görə xx xxxxxxx 2013-cü il tarixdən ömrünün axırına qədər hər ay 258,43 manat ödənc müəyyən olunması və həmin ödənc hər ay İddiaçı ödənilməsi, iddiaçının tələb etdiyi 21307.47 manat məbləğdə ödəncin verilməsi iddiaçıya ömrünün axırına kimi təyin olunmuş ödəncə daxil edilməklə müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan cavabdeh “Mingəçevir Maşın- Təmir” X26 Cəmiyyəti Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-585/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İşin faktiki halları: İddia tələbini onunla əsaslandırılmışdır ki, xx xxxxxxx 2013-cü ildə cavabdeh "Mingəçevir Maşın-Təmir" ATSC-nin daş-aqlay sexində kantçı vəzifəsində işləyərkən iş başında sağ əlinin 4 barmağının kəsilməsi ilə nəticələnən istehsalat xəsarəti almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx.xx.2013-cü il tarixli, 171 -T saylıəmrinə əsasən bədbəxt hadisənin təhqiqatı aparılmış, onun həqiqətən də istehsalatda xəsarət almağı barədə təhqiqat aktı tərtib edilmişdir. Buna baxmayaraq cavabdeh "Mingəçevir Maşn-Təmir" ATSC onun istehsalatda xəsarət almağıyla əlaqədar "İZ" formalı aktı tərtib edərək təsdiq edib ona verməmişdir. O, "İZ" formalı aktı Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(051)-383/2018 saylı qətnaməsinə əsasən 2019-cu ilin may ayında ala bilmişdir. 7-ci ildir ki, o, məhkəmələrdə əziyyət çəkir. Cinayət işi ilə əlaqədar o, Mingəçevir şəhərində fəaliyyət göstərən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri- Ömərov Cianşa Cavanşir oğlu və X12 ilə müqavilələr bağlamışdır. Bu müqavilələr üçün Ömərov Cianşa Cavanşir oğluna 350 manat, X7 isə 1.450 manat pul vermişdir. Onların hər ikisi Azərbaycan Respublikasının "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanununun tələblərini və vəkil andını kobud surətdə pozaraq onun əleyhinə iş apararaq qarşı tərəfi müdafiə etmişlər. Mingəçevir Şəhər Prokurorluğunun bu işlə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə başlatdığı cinayət işinin ibtidai istintaq materialları baxılmaq üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. İşə baxan Mingəçevir Şəhər Məhkəməsi (hakim Məhburə Kərimova) "Mingəçevir Maşın- Təmir" ATSC-nin İdarə Heyətinin sədri X5 bəraət verilməsi barədə xx xxxxxx 2015-ci il tarixli, 1(051 )-3/2015 saylı hökm çıxarmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 1 (051 )3/2015 saylı hökmündən dövlət İttihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X8 apellyasiya protesti əsasında işə baxan Şəki Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx xxx 2015-ci il tarixli, 1(107)-73/2015 saylı hökmü ilə apellyasiya protesti təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1 (051)- 3/2015 saylı hökmü ləğv edilmiş və "Mingəçevir Maşn-Təmir" ATSC-nin İdarə Heyətinin sədri X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə ittiham hökmü çıxarılmışdır. Şəki Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx xxx 2015-ci il tarixli, 1(107)-73/2015 saylı hökmündən X1nun verdiyi kassasiya şikayətinə baxan Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının xx xxxxxx 2015-ci il tarixli, 1(102)-1370/15 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx xxx 2015-ci il tarixli, 1 (107)-73/2015 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. X1 tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının xx xxxxxxx 2015-ci il tarixli, 1(102)-1370/15 saylı qərarından Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna əlavə kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri cənab Ramiz Rzayevin xx.xx.2016-cı il tarixli, 2(102)- 15/2016 saylı qərarı ilə əlavə kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun baxışına çıxarılmamışdır. Onun istehsalatda sağ əlinin 4 barmağının kəsilməsi və əmək qabiliyyətinin 45 faiz itirilməsi ilə nəticələnən istehsalat xəsarəti almağı məhkəmə hökmü ilə təsdiq edilmişdir. Bütün bu qərarlar əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə ona əlilliyin səbəbi "əmək zədəsi" olmaqla müddətsiz 3-cü dərəcəli əlillik verilmişdir. O, "Mingəçevir MaşınTəmir" ATSC-nin daş-aqlay sexində kantçı vəzifəsində işləyərək orta aylıq 400-500 manat və əvəzçilik üzrə gözətçi işləyərək orta aylıq 93,50 manat əmək haqqı almışdır. İstehsalat xəsarəti nəticəsində əmək qabiliyyətinin 45 faizini itirmişdir. Onun hər 2 vəzifə üzrə orta aylıq əmək haqqı 543,50 manat təşkil edir. Ona görə də cavabdeh "Mingəçevir Maşın-Təmir" ATSC tərəfindən ona ödənilməli olan aylıq ödəncin məbləği 244,57 manat (543,50 X 45 %) təşkil edir. O, istehsalat xəsarətini xx xxxxxxx 2013-cü ildə almışdır. Həmin vaxtdan bu günə kimi 75 ay 20 gün müddət keçmişdir. Ona görə də həmin vaxtdan bu günə qədər ona çatası, lakin ödənilməmiş aylıq ödənclərin cəmi məbləği 18.504 manat 16 qəpik təşkil edir. Bundan əlavə, cavabdeh "Mingəçevir Maşın-Təmir" ATSC hər ay ona ömrünün axırına qədər 244,57 manat aylıq ödənc verməlidir. O, bu barədə cavabdeh "Mingəçevir MaşınTəmir" ATSC-nin İdarə Heyətinin sədri X16 müvafiq sənədləri əlavə etməklə xx.xx.2019-cu il tarixli ərizə ilə müraciət etmişdir. Ərizəni onun ünvanına poçt vasitəsi ilə xx.xx.2019-cu ildə göndərmişdir. Ərizənin "Mingəçevir Maşm-Təmir" ATSC-də xx.xx.2019-cu ildə "Məhyəddinov" tərəfindən qəbul edilməsi barədə xəbərnaməni poçt vasitəsi ilə xx.xx.2019-cu ildə almışdır. xx.xx.2020-ci ildə saat 15:05-də o, X15 ***-***-**-** nömrəli mobil telefonuna zəng edərək ondan ərizəyə baxılması barədə məlumat verməsini xahiş etmiş, o isə bildirmişdir ki, "Siz bu barədə məhkəməyə müraciət edin. Məhkəmənin qətnaməsi əsasında tələbin ödənilməsinə razıdır. Ona görə də cavabdeh “Mingəçevir Maşın-Təmir” ATSC-nin daş-aqlay emalı sexində işləyərkən aldığı istehsalat xəsarətinə görəömrünün axırına qədər hər ay 258,43 manat aylıq ödəncin müəyyən edilməsi və xx.xx.2013-cü ildən bu günə qədər 82 ay 15 gün üçün ödənilməmiş 21307,47 manat və vəkil xidmətinə görəödədiyi 1800 manat pulun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətləri onunla əsaslandırmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, İddiaçı 2018-ci ildə “istehsalat xəsarəti alması ilə əlaqədar tərtib və təstiq edilmiş “İZ” formalı aktın cavabdeh “Mingəçevir Maşın-Təmir” ATSC və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhakinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin 8 saylı Dövlət Əmək Müfəttişliyindən alınıb ona verilməsi, “Mingəçevir Maşın-Təmir” ATSC-dən ona verilməli olan 3000 manat maddi zərərin, 34595 manat əmək haqqının və 100000 manat mənəvi zərərin Cavabdeh “Mingəçevir Maşın-Təmir” ATSC -dən alınaraq ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir şəhər məhkəməsinin 2(051)-383/2018 saylı xx xxxx 2018-ci.il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, “istehsalat xəsarəti alması ilə əlaqədar tərtib və təstiq edilmiş “İZ” formalı aktın cavabdeh “Mingəçevir Maşın-Təmir” ATSC və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhakinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin 8 saylı Dövlət Əmək Müfəttişliyindən alınıb ona verilməsini, əmək kitabçasının cavabdehdən alınıb iddiaçıya verilməsini, əmək haqqının dəyəri olan 4955.50 (dörd min doqquz yüz əlli beş manat əlli qəpik) manat pulun, vurulmuş mənəvi zərərə görə 10000 (on min) manat məbləğdə pulun cavabdeh “Mingəçevir Maşın-Təmir” ATSC-dən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Qanuni qüvvəyə minmiş həmin məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı “Mingəçevir Maşın-Təmir” ATSC-də gözətçi vəzifəsində işləmişdir. Həmin qətnamə ilə də iddiaçının gözətçi kimi aylıq əmək haqqı məbləğinin 93,50 manat olması müəyyən edildiyindən ona ödənilməmiş əmək haqqı olaraq 4955,50 manat cavabdeh “Mingəçevir Maşın-Təmir” ATSC-dən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Mingəçevir şəhər məhkəməsinin sözügedən qətnaməsində istinad olunan “Mingəçevir Maşın-Təmir” ATSC-nin xx xxxx 2018-ci il tarixli 03 nömrəli arayışdan görünür ki, İddiaçı xx xxxxxxx 2010-cu il tarixdən xx xxxxxxx 2013-cü il tarixədək ATSC-də gözətçi işləmiş və onun əmək haqqısı 93,50 manat məbləğində olmuşdur. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İddiaçı 2013-cü ilin oktyabr ayında “Mingəçevir Maşın-Təmir” ATSC- nin yerləşdiyi ərazidə əmək xəsarəti alarkən o, ATSC-də gözətçi vəzifəsində işləmişdir. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər arasında olan mübahisəyə baxan başqa məhkəmə üçün məcburi xarakter daşıyır. Lakin hazırki işə baxan Mingəçevir şəhər məhkəməsi nədənsə mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinin nəzərə almamış, Mingəçevir Şəhər Məkəməsinin xx.xx.2018-ci il tarixli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş halları sanki görməmişdir. Lakin yuxarıda qeyd edildiyi kimi İddiaçı əmək xəsarəti alarkən xx.xx.2020-ci il tarixli qətnamədə göstərildiyi kimi işəgötürən “Mingəçevir Maşın-Təmir” ATSC-də kantçı vəzifəsində deyil gözətçi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Əmək Məccələsinin 191.1-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhədliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Göründüyü kimi qanunvericilik yalnız əmək münasibətlərində olan işəgötürən və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyət daşıyır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının xx.xx.20121-ci il tarixli iclasında iştirak edən cavabdeh “Mingəçevir Maşın-Təmir” X26 Cəmiyyətinin nümayəndəsi X23 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçının istehsalat qəzası nəticəsində sağlamlığının pozulması məsələsinin onlara heç bir aidiyyatı yoxdur. Onlar müəssisə olaraq həmin yeri “E-Tornado” şirkətinə icarəyə vermişdir. İddiaçı onların müəssisəsində gözətçi vəzifəsində işləyib və 85 manat əmək haqqı alıb. Həmin hadisədən sonra müəssisə olaraq iddiaçıya ödəməli olduğuqları əmək haqqı əvəzi və mənəvi zərərə görə 10.000 pul ödəmişlər. Yenə də humanistlik göstərəfək iddiaçını işlə təmin edə bilərlər. İddiaçının hazırki iddiası əsassızdır, ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının xx.xx.20121-ci il tarixli iclasında izahat verən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o həmin xəsarəti cavabdeh “Mingəçevir Maşın-Təmir” X26 Cəmiyyətində işləyərkən almışdır. Cavabdeh tərəfindən ödənilən pulun hazırki iddiaya heç bir aidiyyəti yoxdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili X13 apellyasiya şikayətinə etiraz edərək, sonda birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının xx.xx.20121-ci il tarixli iclasında iştirak edən 3-cü şəxs ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 8 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin nümayəndəsi X9 bildirdi ki, məlum hadisə ilə bağlı tədqiqat aktı tərtib olunub. “İZ” aktı müəssisə ilə tərəflər arasında tərtib edilir. Hazırki iş üzrə də hadisə ilə bağlı məsuliyyət ASC-nin üzərinə düşür. Əmək haqqı məbləği müəyyən olunmaqla iddiaçı ona dəymiş ziyanı tələb edə bilər. Məhkəmə kollegiyasının sonuncu-xx.xx.2021-ci il tarixli iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və 3-cü şəxsin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər : Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Аzərbаycаn Respublikаsı MPM-nin 89.3-cü mаddəsinə əsаsən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-585/2020 nömrəli qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında xx xxx 2019-cu il tarixli İZ AKT-dan müəyyən edilir ki, müəssisənin adı Mingəçevir Maşın-Təmir” ATSC olmaqla, bədbəxt hadisə nəticəsində zərərçəkmiş şəxsin adı İddiaçıdur. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə istehsalat xəsarətinin alınması ilə bağlı tərtib və təsdiq edilmiş İZ formalı aktın cavabdeh “Mingəçevir Maşın-Təmir” ATSC-dən alınıb iddiaçıya verilməsi, cavabdehdən ödənilməli olan əmək haqqının dəyəri 4955,50 manat məbləğində pulun və mənəvi zərərə görə 10000 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi qət edilmiş, həmin qətnamə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)-8201/18 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş işçiyə ödənclərin verilməsi qaydalarının 2.1-ci bəndinə əsasən iddiaçının xəsarət almazdan əvvəl malik olduğu orta əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faiz miqdarında müəyyən edilib ödənilir. Zərərə görə aylıq ödəncin məbləği müəyyənlişdirilərkən zərərçəkənə təyin edilmiş əlilliyə görə pensiya nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur. Mövcud şəraitdə zərərçəkənin peşəsinin adı dəyişdirildikdə və yaxud ləğv edildikdə təqsirkar müəssisədə müvafiq peşə (vəzifə) və yaxud peşə qrupları müəssisə üzrə orta əmək haqqından müəyyən edilərək hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” Qaydalarına əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü Dövlət Əmək Müfəttişliyi Xidmətinin yerli bölməsinə, Fövqəladə Hallar Nazirliyinə məlumat verməyə borcludur (1.7 bəndi). İstehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirilməsinə işəgötürən cavabdehdir (1.8 bəndi). Ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlər, bir nəfərin həlak olması və qrup halında baş vermiş bədbəxt hadisələrin təhqiqatı Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisinin (və ya onun tapşırığı ilə Dövlət Əmək Müfəttişliyi Xidmətinin yerli bölməsinin) əmri ilə yaradılmış komissiya tərəfindən aparılır (2.1 bəndi). Təhqiqat komissiyası bədbəxt hadisənin səbəbini və iş yerinin şəraitini təhqiq edir, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının standartlarının pozulmasına yol vermiş şəxsləri aşkar edir. Hadisənin şahidlərindən və zərərçəkəndən izahatlar alır, bədbəxt hadisənin səbəblərini və onların aradan qaldırılması üzrə tədbirləri göstərməklə lazımi nüsxələrdən ibarət təhqiqat aktı tərtib edir və müəssisə tərəfindən hadisə barədə İZ formalı aktın düzgün tərtib olunmasına nəzarət edir (2.5 bəndi). Bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericilikdə müəyyən edilmiş qaydada İZ formalı akt tərtib edilməli və onun 1 nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır. İşçinin əmək qabiliyyətinin bir gündən artıq müddətə itirilməsinə və ya tibbi rəy əsasında gündən artıq müddətə başqa işə keçirilməsinə səbəb olmuş bədbəxt hadisə İZ formalı aktla rəsmiləşdirilir və istehsalatda bədbəxt hadisələrin qeyd jurnalında qeydə alınır. Təhqiqat komissiyası İZ formalı aktın işəgötürən tərəfindən düzgün tərtib olunmadığını müəyyən edərsə, onun yenidən tərtib edilməsini tələb etmək hüququna malikdir (2.6 bəndi). Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 191-ci maddəsinə əsasən tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yalnız 3 şərtin (ziyanın həqiqətən vurulduğu aşkar olduqda; təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda) eyni zamanda hər üçü olduqda yaranır. 239-cu maddəsinin 1-ci bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. 239-cu maddəsinin 2-ci bəndinə əsasən işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenumunun "Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair" xx xxxx 2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət, həmin Məcəllənin 191-ci maddəsinin tələbləri baxımından yalnız işəgötürən təqsirli olduqda yaranır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; Mülki Məcəlləsinin 1119.1-ci maddəsinə əsasən zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi üçün əsaslı olsa da, iddianın tam rədd edilməsi üçün əsaslı deyildir. Birincisi ona görə ki, məhkəmə kollegiyasının iclasında təqdim olunmuş sənədlərdən, eləcə də tərəflərin izahatından müəyyən edildi ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən iddiaçı sonuncuya məxsus ATSC-də əmək fəaliyyətinə başlamış (gözətçi kimi işə götürülmüş), xx.xx.2013-cü il tarixli bədbəxt hadisənin baş verməsi nəticəsində istehsalat xəsarəti almış, aldığı xəsarət nəticəsində sağ əlinin 2-3-4 və 5-ci barmaqlarının əsas falanqalarının orta 1/3 səviyyədən travmatik amputasiya edilmişdir. Göründüyü kimi, bədbəx hadisənin səbəbləri Əmək Məcəlləsinin 215-ci maddəsinin 4cü hissəsinin və həmin Məcəllənin 216-cı maddəsinin 3-cü hissəsinin tələblərinin pozulması olmuşdur. İkincisi, məhkəmə kollegiyasının iclasında təqdim olunmuş sənədlərdən, eləcə də tərəflərin izahatından müəyyən edildi ki, “Mingəçevir MaşınTəmir” ATSC-nin İdarə heyətinin sədri “Mingəçevir Maşın-Təmir” ATSC-də texniki təhlükəsizlik və ya əməyin mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs olmuş və onun daşıdığı vəzifəyə qanunvericiliyin tələb etdiyi tərzdə yanaşmaması və bu qaydaların pozulması nəticədə ehtiyatsızlıqdan həmin ATSC-də işləyən İddiaçı sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur Yuxarıda qeyd olunanlardan göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan məhz iddiaçının səhhətinə zərər vurulması ilə cavabdehin hərəkətləri arasında səbəbli əlaqə vardır. Lakin məhkəmə kollegiyasının araşdırması zamanı məhkəmə tərəfindən dəfələrlə təklif olunmasına, bununla bağlı məhkəmə iclasları bir neçə dəfə təxir edilməsinə baxamayaraq iddiaçı tərəf xəsarət almazdan və yaxud peşə-əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta əmək haqqının məbləği barədə məhkəməyə mötəbər sübut təqdim etməmiş, tələb etdiyi əmək haqqınım məbləğini öz mülahizəsi əsasında əsaslandırmağa çalışmışdır. İş materiallarına əlavə edilmiş (1-ci cild, 243-cü səhifə) əmək müqaviləsinin surətindən müəyyən edilir ki, iddiaçı Məmmədov X10 Maşın Təmiri ASC-də gözətçi işləməklə 120 manat məbləğində əmək haqqı almışdır. Kollegiya cavabdeh tərəfindən təqdim edilmiş bu müqaviləyə və əmək haqqı barədə verilmiş arayışa tənqidi yanaşaraq, bu halda iddiaçının və ya cavabdehin vermiş olduğu izahat və arayışa deyil, həmin il üçün (2013-cü il üçün) yaşayış minimumunu əsas götürməyi məqsədə müvafiq hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasında 2013-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunua əsasən 2013-cü il üçün yaşayış minimumu ölkə üzrə 116 manat, əmək qabiliyyətli əhali üçün 125 manat, pensiyaçılar üçün 94 manat, uşaqlar üçün 93 manat məbləğində müəyyən edilmişdir. Beləlilkə kollegiya hesab edir ki, 2013-cü ildə əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 125 manat təşkil etdiyindən, iddia tələbi Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2003-cü il tarixli qərarına istinadən iddiaçının xəsarət almazdan əvvəl malik olduğu orta əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faiz miqdarında müəyyən edilərək (125 x 45:100=56.25) ödənilməlidir. Kollegiya iddia tələbinin “ömrünün sonuna qədər” hissəsi ilə də razılaşmayaraq qeyd edir ki, ödəmələr iddiaçının pensiya yaşına qədər həyata keçirilməlidir. Belə ki, müəyyən yaş həddindən sonra iddiaçıya dövlət tərəfindən müvafiq müavinət (pensiya) ödəniləcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh “Mingəçevir Maşın-Təmir” X26 Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-585/2020 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilsin. Cavabdeh “X22” ATSC-də işləyərkən aldığı istehsalat xəsarətinə görə İddiaçı hər ay 56.25 (əlli altı manat iyirmi beş qəpik) manat aylıq ödənc müəyyən edilsin. Cavabdeh “X22” ATSC-də işləyərkən aldığı istehsalat xəsarətinə görə xx xxxxxxx 2013-cü il tarixdən başlayaraq hər ay 56.25 (əlli altı manat 25 qəpik) manat “X22” ATSCdən alınaraq (son yaş həddinədək) pensiya yaşınadək İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-191/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-191/2021
09.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver