Məhkəmə qərarları › İş №2(107)-1919/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1919/2020

10.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1919/2020 10.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası, Cavabdeh İddiaçı qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə çıxarılmış İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-341/2020 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh maddi ziyanın əvəzi kimi 84000 manat məbləğinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək İddiaçı 17500 manat maddi, 10000 manat mənəvi ziyana görə olmaqla, cəmi 27500 manat məbləğinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-341/2020 nömrəli (hakim R.Şirinov) qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı 84000 (səksən dörd min) manat pul tələbinə dair iddiasının rədd edilməsi, Cavabdeh İddiaçı qarşı 17500 (on yeddi min beş yüz) manat maddi və 10000 (on min) manat mənəvi ziyan tələbinə dair qarşılıqlı iddiasının da rədd edilməsi qət olunmuşdur. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ilkin iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhərində antikvar maqazinində işləyir. X5 adlı yüksək vəzifədə işləmiş tanışı olmuşdur. Əhməd Əliyev xəstəliyini müalicə etdirmək üçün ondan borc olaraq 34000 manat pul və 50000 manat dəyərində xalı almışdır. Əhməd Əliyev onun borcunu ən geci 2012-ci ilin dekabr ayında geri qaytaracağını bildirsə də bir müddət ondan cavab olmamışdır. 2014-cü ilin may ayının əvvələrində Qədir adlı şəxs ona zəng edərək Qəbələdə oteldə qaldığını, ona çatası pulun olduğunu və gəlib götürməyini bildirmişdir. Onun qonaqları olduğundan Bakı şəhərindən kənara çıxa bilməmiş və İsmayıllı rayonunda yaşayan dost bildiyi Cavabdeh zəng edib Qəbələdə oteldə qalan Qədir adlı şəxslə əlaqə saxlamağı və Qədirdə olan pulu götürüb ona çatdırmağı xahiş etmişdir. Rəşadəddin Qədirin nömrəsin götürüb onunla əlaqə saxlayacağını bildirmişdir. Bir müddət Rəşadəddindən xəbər çıxmamışdır. O sonra Rəşadəddinə zəng vurmuş, Rəşadəddin isə Qəbələ şəhərində Qədiri tapmadığını və onunla görüşə bilmədiyini bildirmişdir. Bir müddət keçdikdən sonra Bakı şəhərində Nizami metrosunun yaxınlığında Əhmədlə birlikdə maqazininə gələn qadını görmüş və ondan Əhmədi soruşmuşdur. Həmin qadın Əhmədin İstanbul şəhərində qadına pulu almadığını bildirmişdir. Bir müddət sonra o, İsmayıllı rayon Prokurorluğuna dəvət olunmuş, orada ondan və Rəşadəddindən izahatlar alınmışdır. Sonradan o, Qəbələ rayon Polis şöbəsinə dəvət olunmuş və ondan izahat alınmışdır. 2017-ci ildə İstanbul şəhərinə gedərək Əhmədi tapmış və hadisəni danışmışdır. Əhməd onun telefonu ilə Rəşadəddinə zəng vuraraq pulun geri qaytarmasını tələb etmişdir. O bir neçə dəfə İstanbul şəhərində olmuş və ona məlum olmuşdur ki, Rəşadəddin pulu Qədirlə bölmüş və Qədir Dubaya qaçmışdır. O, Rəşadəddinə zəng vurub niyə belə hərəkət etdiyini soruşduqda Rəşadəddin pulu qardaşının aldığını bildirmişdir. 2018-ci ildə Bakıda Rəşadəddini Əhmədin bacısı ilə görüşdürmüş və orada Rəşadəddin pulu verəcəyini bildirmişdir. O, Rəşadəddinə onun pulunu verməsi qarşılığında həmin puldan 4000 manat bağışlayacağını bildirmişdir. Bir müddət sonra Rəşadəddin Nəriman adlı qohumu ilə ona 12000 manat pul göndərmiş, lakin o, qalan pulu da istədiyindən geri qaytarmışdır. 2019-cu ilin axırında yenidən Nəriman ona 19000 manat gətirmiş, lakin o yenə də pulu götürməmişdir. Rəşadəddin ona olan borcunu ödəməkdən boyun qaçırmaq üçün ona qarşı uydurma qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Onun qarşılıqlı iddia tələbinin heç biri əsası və sübutu yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla özünün 84000 manat məbləğində iddia tələbinin təmin edilməsini, Cavabdeh qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh özünün qarşılıqlı tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçılə dostu İsa Əkbərov vasitəsilə tanış olmuşdur. 2011-ci ilin noyabr ayının ortalarında İsa ondan işlərinin nə yerdə olduğunu soruşmuşdur. O, işdən çıxdığını və iş tapa bilmədiyini bildirmişdir. İsa ona iş tapmasına köməklik etmək üçün tanışı Qurban adlı şəxslə əlaqə saxlamış və Qurbanın nömrəsini verərək əlaqə saxlamağını məsləhət bilmişdir. O, Qurbanla Bakı şəhərində görüşmüş və bir qədər özü haqqında məlumat vermişdir. Qurban yüksək vəzifədə işləyən Əhməd Əliyev adlı tanışının olduğunu və iş tapmasına köməklik edə biləcəyini bildirmişdir. Bir neçə gündən sonra Qurban ona zəng edərək Əhmədlə danışdığını və köməklik edəcəyinə söz verdiyini bildirmişdir. Əhməd onun işdən çıxarılmasını səbələrinə dair iki ədəd ərizə yazmağı və müvafiq sənədləri göndərməyi bildirmişdir. Qurban 2011-ci ilin dekabrında yeni il bayramı ərəfəsində ona zəng edərək bayramla əlaqədar Əhməd üçün sovqat və 2500 manat pul gətirməyi demişdir. Dekabr ayının 30-da Qurban vasitəsilə sovqatı və 2500 manat pulu Qurbanın Əhmədin bacısı oğlu kimi təqdim etdiyi şəxsə vermişdir. Yanvar ayının axırlarında Qurban ona bir neçə sənəd göstərərək işinin tezliklə həll olunacağını bildirmişdir. Bir neçə gündən sonra Qurban ona və dostu İsaya zəng edərək iş üçün təcili pul lazım olduğundan Əhmədə 1600 manat pul verdiyini və həmin pulu ona qaytarmağı bildirmişdir. O məcbur olub tanışlarından 1600 manat pul borc götürərək bank vasitəsilə Qurbanın hesabına köçürmüşdür. Bir müddət sonra Əhmədin həyat yoldaşı Rahidə zəng edərək sonuncunun müalicəsi üçün İrana aparılıdığını bildirmişdir. Əhməd İranda olarkən bir neçə dəfə zəng vuraraq onun işini tapşırdığını və yaxın vaxtlarda həll olunacağını bildirmişdir. Əhməd telefon danışıqları zamanı İsmayıllı rayonunda ev və şirniyyat sexi tikdirəcəyini bildirmiş, həmin vaxt tikinti üçün ona eskiz layihəsi də hazırlatmışdır. Həmin vaxtlar Əhməd Qurban vasitəsilə ona müxtəlif sifarişlər vermiş, o da həmin sifarişləri mümkün qədər yerinə yetirmişdir. Həmin ərəfədə Əhməd ona zəng edərək Qurbanla banka getməyi və orada guya ev tikintisi üçün Qurbanın Əhməddən 40000 manat, onun da Qurbandan 20000 manat pul alması barədə sənədi imzalamağı tapşırmışdır. O bu hərəkətlərdən şübhələnmiş və onların dediyinə etiraz edərək verdiyi pulları qaytarmağı tələb etmişdir. Bir müddət keçdikdən sonra Qurban ona 800 manat qaytarmışdır. 2013-cü ilin yanvar-fevral aylarında Əhməd yenidən ona zəng edərək işə düzəlməyi ilə əlaqədar qəti olaraq danışdığını və Qurbanla birlikdə yüksək dövlət idarələrindən birinə getməyini bildirmişdir. O həmin vaxt Qurbanla birlikdə həmin dövlət idarəsinə getmiş, Qurban həmin dövlət idarəsinə daxil olub oradan bir məktubla qayıtmış və həmin məktubu ona göstərmişdir. O, həmin məktubla tanış olmuş və işinin düzələcəyinə inanmışdır. Bundan sonra Qurban ondan müxtəlif adlar altında pul tələb etməyə başlamış və o, müxtəlif banklardan aldığı kreditlər hesabına Qurbanın tələb etdiyi pulları vermişdir. Bir müddət sonra isə Əhmədin həyat yoldaşı Rahidə ondan müxtəlif məbləğdə pul və digər sovqat istəməyə başlamışdır. O, bu xərclərdən azad olmaq üçün evini satmağa məcbur olmuşdur. Həmin müddət ərzində Əhməd İrana, oradan Türkiyəyə, daha sonra Almaniyaya və sonradan isə İsveçrəyə getmiş və geri qayıtmamışdır. Əhməd Türkiyə olarkən Qurban Əhməddən borcunu almaq üçün Türkiyəyə getmiş, lakin pulunu ala bilməmiş və ona zəng edərək geri qayıtmaq üçün 200 ABŞ dolları istəmişdir. O da həmin pulu Qurbana göndərmişdir. Qurban Türkiyədən qayıtdıqdan bir müddət sonra ona və İsaya zəng edərək Qədir adlı şəxsin Qəbələ şəhərinə gəldiyini və otellərin birində qaldığını, Qəbələ şəhərində Qədirlə görüşüb vacib bir əşyanı götürməyini bildirmişdir. O və İsa Qəbələyə gedərək Qurbanın verdiyi nömrəyə, oteldə işləyən Rəşadət adlı şəxsə zəng vuraraq Qədiri soruşmuş, Rəşadət isə Qədir adlı şəxsin 3-4 ay bundan əvvəl oteldə qaldığını, hazırda isə burada olmadığını bildirmişdir. Sonra o, zəng vuraraq bu barədə Qurbanı məlumatlandırmışdır. O, Əhmədlə bir dəfə də olsun görüşməmiş, yalnız telefon vasitəsilə əlaqə saxlamışdır. Bütün işlər Qurban vasitəsilə həyata keçirilmişdir. O, Qədiri tanımamış, onunla görüşməmiş və telefon vasitəsilə əlaqə saxlamamışdır. Onun Nəriman adlı qohumu yoxdur. Bütün bunlar hamısı Qurbanın uydurmasıdır. O, Qurbandan pulunu tələb etdikdə adamları onu şantaj etməyə başlamışlar. İddiaçı iddia tələbini əsassız hesab edir. İddiaçı 17500 manat maddi, 10000 manat məbləğində mənəvi ziyana görə olmaqla, cəmi 27500 manat məbləğinin alınaraq ona ödənilməsini tələb edir. Qeyd etdikləri nəzərə alınmaqla özünün qarşılıqlı iddia tələbinin təmin edilməsini, İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-341/2020 nömrəli qətnaməsi qəbul edilərkən maddi və prosesual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamış, qəbul olunmuş həmin qətnaməni qanunsuz, əsassız və ədalətsizdir. Hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verilməli və apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, ilk iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o 2012-ci il tarixdə müvafiq vəzifədə işləmiş tanışı Əhməd Əliyev adlı şəxsə 34000 manat pul və 50.000 manat dəyərində xalı vermişdir. Əhməd Əliyev onun borcunu ən geci 2012-ci ilin dekabr ayında geri qaytaracağını bildirsə də bir müddət ondan cavab olmamışdır. 2014-cü ilin may ayının əvvələrində Qədir adlı şəxs ona zəng edərək Qəbələdə oteldə qaldığını, ona çatası pulun olduğunu və gəlib götürməyini bildirmişdir. Həmin vaxt onun qonaqları olduğundan Bakı şəhərindən kənara çıxa bilməmiş və İsmayıllı rayonunda yaşayan tanışı Cavabdeh zəng edib Qəbələdə oteldə qalan Qədir adlı şəxslə əlaqə saxlamağı və Qədirdə olan pulu götürüb ona çatdırmağı xahiş etmişdir. Rəşadəddin Qədirin nömrəsin götürüb onunla əlaqə saxlayacağını bildirmişdir. Bir müddət Rəşadəddindən xəbər çıxmamışdır. Sonra Rəşadəddinə zəng vurmuş, Rəşadəddin isə Qəbələ şəhərində Qədiri tapmadığını və onunla görüşə bilmədiyini bildirmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi işi obyektiv araşdırmamışdır. Ona görə də İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, əksinə iddiaçı onu aldadaraq işə düzəltmək adı ilə ondan pul almış, ona maddi ziyan vurmuşdur. O, nə Qədir, nə də Əhməd tanıyır. İddiaçı gah onu polis orqanı, gah da məhkəmələrə verməklə təhdid edir. İddiaçının dediklərinin hamısı şər və böhtandır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qəbul olunmuş qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, işdə iştirak edən şəxsin izahatını iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-341/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: xx xxxxxx 2019-cu il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh Bakı şəhərindən İstanbul şəhərinə İddiaçı 200 ABŞ dolları göndərmişdir. xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsinin ödəniş cədvəlindən görünür ki, “xxxxxxxxx” ASC-nin İsmayıllı filialı tərəfindən Cavabdeh və X1 illik 30 faiz dərəcəsi ilə 18 ay müddətinə hərəsinə 1500 manat məbləğində kredit verilmişdir. İsmayıllı rayon Prokurorluğunun xx xxxx 2020-ci il tarixli 332 X-20 nömrəli məktubundan görünür ki, 2013-cü il və sonrakı illərdə Nərminə Əliyeva, Cavabdeh, İddiaçı və Qədir Abiyev barəsində araşdırılan material olmamışdır. Qəbələ rayon Polis şöbəsinin xx xxxx 2020-ci il tarixli 8/144-16120-1220 nömrəli məktubundan görünür ki, Nərminə Əliyeva, Cavabdeh, İddiaçı və Qədir Abiyev barəsində toplanmış material məhv edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, iddiaçı 2012-ci ildə Əhməd Əliyev adlı şəxsə 34000 manat pul və 50.000 manat dəyərində xalı, ümumilikdə 84000 manat məbləğində pul verdiyini, həmin pulun Ə.Əliyev tərəfindən Qədir adlı şəxsin vasitəsilə cavabdehə verildiyini və sonda pulun cavabdeh tərəfindən qaytarılmadığını iddia edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesabedirki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinin tələbinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddianın dəlilləri əsassız olduğundan, başqa sübutlarla təsdiqini tapmadığından iş materialında olan heç bir mötəbər sübutla təsdiq olunmadığından rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbi və apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət düzgün olmuşdur. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Hazırki iş üzrə, iddia tələbinin faktiki halları qanuni əsasların şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğun olmadığından birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Şahid ifadələrinə gəldikdə isə kollegiya qeyd edir ki, iş üzrə dindirilmiş şahidlər Cavabdeh Qədir adlı şəxsdən İddiaçı məxsus 84000 manat pulu aldığını və bunu gördüklərini təsdiq etməmişlər. Bununla yanaşı, iddiaçı tərəfindən hər hansı bir şəxsə pul verilmiş olsa belə, bunun hazırki iş üzrə cavabdeh olan şəxs olmadığı müəyyən olunur. Ona görə də, birinci instansiya məhkəməsi iddia tələbini əsassız olduğundan rədd edərkən haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi, iddiаnın təmin оlunmаsı və yeni qətnаmə qəbul edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla iddiaçıya münasibətdə dəyişdirilə bilməz. Şərholunanlaraəsasən vəMülkiProsessualMəcəllənin 382, 384.0.1, 392, 393 və 405-cimaddələrinirəhbərtutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-341/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar