Məhkəmə qərarları › İş №2(107)-1932/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1932/2021

21.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1932/2021 21.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Niyazi qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyan” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia-maddi ziyan, mənəvi zərər, kompensasiya ) Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin 2(075)-1118/2021 saylı, 27 iyul 2021-ci il tаrixli qətnaməsindən İddiaçı Niyazi qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Niyazi qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 3000 manat maddi ziyan, ona cinayətlər törətməkdə böhtan ataraq şərəf və ləyaqətin alçaldılmasına görə vurulmuş mənəvi zərərin əvəzi olaraq hər birinin 20000 (iyirmi min) manat kompensasiya ödənilməsi, onun ətrafında cavabdeh tərəfindən yayılmış yalan məlumatların təkzib edilməsi, cavabdehin ünvanına yazılı məktub göndərməklə üzr istəməsi vəzifəsinin qoyulması və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Niyazi qızı iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona vurulmuş 50000 manat mənəvi ziyanın Cavabdeh1, 20000 manat mənəvi ziyanın Cavabdeh2 və 3000 manat maddi ziyanın, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Şəki şəhər sakini Cavabdeh2 və Cavabdeh1 barəsində bilə-bilə yalan xəbərçilik edərək onun guya Cavabdeh2 qarşı cinayət törədilməsi barədə yalan xəbərçilik etmişlər (CM-nin 296-ci maddəsi). Belə ki, guya o, 02 yanvar 2021-ci il tarixdə, saat 19-20 radələrində əlinə bıçaq götürərək Elnura hədə qorxu gəlmiş, küçədə söyüşlər söymüşdür. Hər iki şəxs – Cavabdeh2 və Cavabdeh1 onun guya 2 (iki) cinayət törətməyini (CM-nin 134 və 221-ci maddələrində nəzərdə tutulan) Şəki şəhər-rayon Polis Şöbəsinə vermiş olduğu izahatlarında göstərmişlər. Həmin izahatlar onlardan alınan zaman hər iki şəxs şahid formasında CMnin 297-ci maddəsi ilə məsuliyyət daşımaları barədə xəbərdar edilmişlər. Lakin bu xəbərdarlığa məhəl qoymayaraq Cavabdeh2 və Cavabdeh1 bilə-bilə yalan ifadə vermişlər. O, 02 yanvar 2021-ci il tarixdə, saat 19-20 radələrində oğlunun avtomobili ilə Balakən rayonunda olmuşdur. Bu müşahidə kameralarında da əks olunmuşdur. Onun heç bir cinayət törətmədiyi tam sübuta yetirilərək 02 fevral 2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Polisə ünvanlanmış ərizələrdə cavabdehlər guya onun Elnuru ölümlə hədələməyini göstərmişdir. Həmçinin aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, o, həmin tarixdə, yəni 02 yanvar 2021ci il tarixdə, saat 19-20 radələrində Balakən rayonunda olmuşdur. Həmin tarixdə Balakən rayonundan satmaq üçün gül və meyvə tingləri almışdır. O, həmin tinglərə təxminən 2500- 3000 manat pul xərcləmişdir. Həmin gün müstəntiq Zəfər müəllim onu təcili polis şöbəsinə çağırdığından sözügedən tingləri torpağa basdıra bilməmiş, nəticədə ona 3000 manat maddi ziyan dəymişdir. Həmin ziyanı da cavabdehlərdən tələb edir. O, xuliqanlıq – yəni, ətrafda kənar şəxslərin rahatlığını pozan, o cümlədən ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcəli laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafeyinə toxunan hərəkətlərə yol verməmişdir. Yəni cavabdeh onu xuliqan kimi də tutdurmaq istəmişdir. 02 fevral 2021-ci il tarixdə DİN-nin Şəki ŞRPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis baş leytenantı Zəfər Cəlilov HK-1/12 nömrəli material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Nəticə etibarilə cavabdehlərin onu şərləyərək, yəni üzərinə şər ataraq tutdurmaq, həbs etdirmək niyyəti olmuşdur. Belə ki, onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin həm 134-cü, həm də 221.3-cü maddələri ilə tutdurmaq istəmiş, cinayətlər törətməkdə ittiham etmişlər. Bunun nəticəsində o, stress, əzab, sarsıntı və mənəvi ağrılar çəkmişdir. 3 aya yaxındır ki, onun bu böhtan və şərlər nəticəsində psixiologiyası pozulmuşdur. Hətta bu məsələləri ətrafı bilmişdir. Belə ki, o, Şəki Mərkəzi Rayon Xəstəxanasının poliklinika şöbəsində tibb bacısı işləyir. Bu məsələ ilə bağlı bir neçə dəfə Zaqatala Rayon Polis Şöbəsinə çağırılmışdır. Əslində bütün bu olanlara səbəb Cavabdeh1 onu 2 (iki) müxtəlif tarixlərdə döyməsi barədə şikayətlərindən sonra olmuşdur. O, etdiyi şikayətləri geri götürsün deyə cavabdehlər bu yollara əl atır. Onun hansısa qadına qarşı cinayət törətməkdə şərlənməyi cəmiyyətdə qazandığım hörmətə kölgə salır, onun cəmiyyətdə nüfuzunun aşağı düşməsinə gətirib çıxarır. Ona bu cinayətlərlə ittiham verilsə idi, o, cəmiyyət içinə çıxa bilməzdi. Barəsində yalandan edilmiş şikayət onun şərəf və ləyaqətini alçaltmadır. Hesab edir ki, cavabdehlərin etmiş olduqları şər və böhtan xarakterli hərəkətlər nəticəsində onun şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gəlmişdir. Bu səbəbdən hesab edir ki, yayılan yalan məlumat əxlaqi prinsiplər baxımından həyat yoldaşı, ailə üzvləri və öz ətrafı arasında mənfi rəy yaratmışdır. Cavabdehlər yaşadığı ünvana məktub göndərməklə ondan yazılı formada üzr istəməli və mənəvi zərərin əvəzi kimi ona 20000 manat pul ödəməlidir. Məlumatların yayılması onda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuş, nəticədə mənəvi sarsıntı keçirərək mənəvi zərər çəkmişdir. Mənəvi zərərin əvəzinin 20000 manat müəyyən edilməsi ağlabatandır. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı əlavə olaraq qeyd etmişdir ki, aldığı gül və meyvə tingləri aşağıdakılardır: 30 ədəd lyupin 1 ədədi 10 manatdan olmaqla – 300 manat, 5 ədəd Ağ pion 35 manata – 175 manat, 5 ədəd arkideya 25 manat – 125 manat, 4 ədəd auterim 20 manata manat, 3 ədəd ağ prenses 10 manat – 30 manat, 50 ədəd liliya 10 manata – 500 manat, 4 ədəd həmişəyaşıl ağac 20 manat – 80 manat, meyvə ağacları yapon əzgili, yapon alçası, yapon şaftalısı – 16 ədəd 4 manat – 64 manata, 5 ədəd çiyələk ağacı 6 manata – 30 manat, 3 ədəd palma – 35 manata 105 manat, 4 ədəd kivi 8 manata – 32 manat, 5 ədəd yolka budaqları aşağı sallanan 35 manata 175 manat, 6 ədəd gürgü alması 4 manata – 24 manat, 10 ədəd karalyok 8 manata – 80 manat, 12 ədəd gülaçan ağac 35 manata – 420 manat, moruq qırmızı və qara rəngdə iridən 20 ədəd – 160 manat, tənək 10 kök 5 manat – 50 manat, gül 1 gülün içində 5 cür rəngi olan 10 ədəd 100 manat olmaqla, cəmi 2530 manat, toxumlar gül 350 manat, 10 ədəd maqluniya 80 manat olmaqla, cəmi 430 manat. O, aldığı tinglərə, ağaclara və s. cəmi 2960 manat pul sərf etmişdir. Yol xərci olaraq həm yanacaq xərci və yeməyə də 40 manat sərf etmişdir. Beləliklə, ona ümumilikdə 3000 manat maddi ziyan dəymişdir. Həmçinin qeyd etdi ki, Cavabdeh1 onu vurmuş, nəticədə beyin silkələnməsi keçirmiş və qulağının pərdəsi deşilmişdir. Onun xəsarət alması faktı ilə bağlı Şəki ŞRPŞ-nin İstintaq Bölməsində Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsilə 01 iyul 2021-ci il tarixdə ********* nömrəli cinayət işi başlanılmışdır və hazırda ibtidai istintaqı aparılır. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 2(075)-1118/2021 saylı, 27 iyul 2021-ci il tаrixli qətnaməsi ilə (hakim P.Hacıyev) İddiaçı Niyazi qızının “ona vurulmuş 50000 manat mənəvi ziyanın Cavabdeh1, 20000 manat mənəvi ziyanın Cavabdeh2 və 3000 manat maddi ziyanın, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi” tələbinə dair iddiası təmin edilməmiş, ödəlilmiş dövlət rüsumunun iddiaçının özünə aid ediməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh1 04 yanvar 2021-ci il tarixdə Şəki şəhər-rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək İddiaçı adlı qadının 02 yanvar 2021-ci il tarixdə oğlu Vasifin idarə etdiyi avtomaşınla yanlarında iki nəfər tanımadığı qadın olmaqla onun qızının yaşadığı evə getdiyini, oğlunun və qadının avtomaşında qaldığını, İddiaçı əlində bıçaqla evə girib yeznəsi Cavabdeh2 ilə qızı Aliyə Nurəlizadəyə hücum edib onları öldürəcəyi ilə hədələdiyini və onların ünvanına nalayiq ifadələr işlətdiyini bildirərək müraciəti ilə bağlı qanuni tədbir görülməsini xahiş etmişdir. Həmçinin, ünvan 3 ünvanında yaşayan Cavabdeh2 04 yanvar 2021-ci il tarixdə Şəki şəhər-rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək 02 yanvar 2021-ci il tarixdə, təxminən saat 19 radələrində evdə olarkən İddiaçı adlı qadının əlində bıçaq ilə onun yaşadığı ünvana gedərək onun və həyat yoldaşı Aliyə Nurəlizadənin ünvanına nalayiq ifadələr işlədərək onları öldürəcəyini ilə hədələdiyini bildirmiş və müraciəti ilə bağlı qanuni tədbir görülməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı Niyazi qızı bаrəsində mürаciətlərini məhz dövlət оrqаnınа – Şəki ŞRPŞ-yə etmişlər. Bu isə onların Konstitusiyada təsbit olunan hüquqlarıdır. İş üzrə müvafiq araşdırma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İddiaçı Niyazi qızı Cavabdeh1 və Cavabdeh2 3000 manat maddi ziyanın alınıb ona verilməsini xahiş etməsinə baxmayaraq, cavabdehlərin hərəkət və ya hərəkətsizliyi ilə ona hər hansı bir maddi ziyan vurması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, öz tələbini təsdiq edən sübut qismində yalnız qurumuş və ya qurumaqda olan ağac (ting) fotoşəkilləri təqdim etmişdir. Lakin iddiaçıya həmin miqdarda ziyanın vurulması və bu ziyanın məhz cavabdehlər tərəfindən yetirilməsi iş materialları ilə öz təsdiqini tapmır. İddiaçı qurumuş ağac tinglərinin dəyərini tələb etsə də, həmin ağac tingləri qurumuş olsa belə, cavabdehlərin dövlət orqanına şikayəti ilə həmin maddi ziyan arasında səbəbli əlaqə müəyyən edilmir. İddiaçı Niyazi qızı ona dəymiş mənəvi zərər görə 50000 manatın Cavabdeh1 və 20000 manatın Cavabdeh2 alınıb ona verilməsini xahiş etməsinə baxmayaraq, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsinə əsas ola biləcək cavabdehlərin qanunsuz hərəkətlərinin nədən ibarət olması müəyyən olunmur. Cavabdehlərin iddiaçıdan polisə şikayət etməsi isə qeyri-hüquqi hərəkət kimi qiymətləndirilməməlidir. Həmçinin iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Lakin iddiaçı tərəfindən bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmiş, bu hallar şahid ifadələri ilə təsdiqlənməmişdir. Bundan başqa İddiaçı Niyazi qızının xəsarət alması ilə bağlı hallara münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının müraciəti əsasında Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsilə cinayət işi açılmışdır və hazırda ibtidai istintaqı aparılır. Hal-hazıradək təqsirləndirilən şəxs və ya şəxslərin dairəsi müəyyən edilməmiş və ümumiyyətlə həmin işin nəticələrinə hüquqi qiymət verilməmişdir. Məhkəmə hesab etmişdir ki, İddiaçı Niyazi qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maddi və mənəvi ziyan» tələbinə dair iddiası təmin edilməməlidir. İddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni, Azərbaycan Respublikası Konstitusiyanın 46-cı, 71-ci maddəsinin 1-ci bəndi, 68-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 23.1-ci, 23.4-cü, 1096.1-ci, 1096.2-ci 1097.1-ci, 1115-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 31 may 2002-ci il tarixli qərarı, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarının 7-ci bəndi, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 №-li qərarı, “Vətəndаşlаrın mürаciətləri hаqqındа” Аzərbаycаn Respublikаsı Qаnununun 1.1-ci mаddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 20 sentyabr 2012-ci il tarixli (iş №2(102)-2916/2012) qərarı, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı, Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan qanunsuz və əsassızdır. Belə ki, guya o 02.01.2021-ci il tarixdə saat 19:00-20:00 radolərində əlinə bıçaq götürərək Elnura hədə-qorxu gəlmişdir, küçədə söyüşlər söymüşdür. O, 02.01.2021-ci 11 taridə saat 19:00-20:00 radələrində oğlunun avtomobili ilə Balakən rayonunda olmuşdur. Bu, müşahidə kameralarında da əks olunmuşdur. Onun heç bir cinayət törətmədiyi tam sübuta yetirilərək, 02 fevral 2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Polisə ünvanlanmış ərizələrdə cavabdeh guya onun Elnuru ölümlə hədələdiyimi göstərmişdir. 02.01.2021 -ci il tarixində Balakən rayonundan satmaq üçün gül və meyvə tingləri almışdır. O, həmin tinglərə təxminən 2500-3000 manat pul xərcləmişdir. Həmin gün onu təcili müstəntiq polis şöbəsinə çağırmış və o həmin tingləri torpağa basdıra bilməddiyi üçün nəticədə, ona 3000 (üç min) manat maddi ziyan dəymişdir. Həmin ziyanı da cavabdehlərdən tələb edir. Yəni, o ətrafda kənar şəxslərin rahatçılığım pozan, o cümlədən ətrafdakı şəxslər və özləri üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcəli laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və ya cəmiyyətin hər hansı üzvünün qanuni mənafeyinə toxunan hərəkətlərə yol verməmişdir. Ona bu cinayətlərlə ittiham verilsəydi, o cəmiyyət içinə çıxa bilməzdi. Onun barəsində yalandan edilmiş şikayət onun şərəf və ləyaqətimi alçaltmadır. Hesab edir ki, cavabdehlər bu etmiş olduğu şər və böhtan xarakterli hərəkətlər nəticəsində onun şərəf və ləyaqətini, işgüzar nüfuzuna xələl gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, Şəki Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(075)-1118/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəmə kollegiyasına apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktiki məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsinə əsasən, şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi və fiziki sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi və fiziki sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirilməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur; mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olaraq iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid ( şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Konstitusiya Məhkəməsinin sözügedən 31 may 2002-ci il tarixli qərarına görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli, 7 saylı qərarı: «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli, 7 saylı qərarının 3-cü bəndinə əsasən, şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç hal aydınlaşdırılmalı və onlara məcmu halda hüquqi qiymət verilməlidir: məlumatların vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olmaması, bu məlumatların yayılması. Məlumat əxlaq prinsipləri, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradarsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə, onun həqiqətə uyğun olmaması, yəni yalan olması başa düşülür. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Qeyd edilən Plenum qərarının 4-cü bəndində göstərilir ki, qanunla xüsusi şikayət verilmə qaydası müəyyən edilmiş rəsmi sənədlərdə (məsələn, məhkəmə, istintaq orqanlarının qərarlarında və s. rəsmi sənədlərdə) olan məlumatların təkzib edilməsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin qaydaları tətbiq edilmir. Belə rəsmi sənədlərdən şikayətlərə müvafiq qanunvericilik aktlarında (mülki, əmək, cinayət və mülkiprosessual və s. qanunvericilik aktlarında) müəyyən edilmiş qaydalarda baxılır. Lakin cinayət, mülki və inzibati hüquq pozuntusu haqqında işin materiallarına əsasən hazırlanıb kütləvi informasiya vasitəsində istifadə olunmuş yazılarda verilən məlumatlar maraqlı şəxslər tərəfindən onların şərəf və ləyaqətlərinin ləkələnməsi kimi qiymətləndirildikdə bu cür iddialara da şərəf və ləyaqətin müdafiəsi kimi baxıla bilər. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə, yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərdə səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlarda çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir və qətnamənin tamamilə ləğv edilməsini xahiş edir. Kollegiya qeyd edir ki, tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(075)-1118/2021 saylı qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi və apellyasiya şikayəti əsassızdır. Kollegiya gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı cavabdehlər tərəfindən onun şərəf və ləyaqətin alçaldılmasını iddia etsə də, həmin alçaldılmanın nədən ibarət olmasını əsaslandıra bilməmiş, bunun nəticəsində ona hər hansı formada zərər dəyməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda iddiaçının cavabdeh tərəfindən ona maddi ziyan vuruulması barədə verdiyi izahatları iş materialları ilə də öz təsdiqini tapmamışdır. Beləliklə, sübutetmə yükü üzərinə düşən iddiaçı iddia tələbi ilə bağlı hər hansı mötəbər sübutu, yəni cavabdeh tərəfindən onun barəsində həqiqətə uyğun olmayan məlumatlar yayılmaqla açaldılması və bunun nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsi və maddi ziyan çəkməsi barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri əsassızdır və formal mülahizələrdən ibarətdir. Cavabdeh hüquq mühafizə orqanalrına şəxsi müracətində iddiaçının ona və yaxınlarına xəsarət yetirə bilmə ehtimalı barədə məlumatları göstərmiş, heç də iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatlar yayması məqsədlərini həyata keçirməmiş, onun belə bir qəsdi olmamışdır. Bu hala görə isə cavabdehin mülki-hüquqi məsuliyyətinə cəlb edilməsi şübhəsiz ki, onun öz fikrini ifadə etmək azadlığına qeyri-adekvat və demokratik cəmiyyətdə zəruri olmayan müdaxiləyə gətirib çıxarardı ki, bu da yolverilməzdir. Məhkəmə kollegiyası nəzərə çatdırır ki, cavabdehin dövlət hakimiyyəti orqanına müraciət etməklə iddiaçının barəsində müvafiq tədbirin görülməsini xahiş etməsinə görə hər hansı formada hüquqi məsuliyyətə cəlb olunması cavabdehərin Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilmiş hüuqlarına qeyri-adekvat bir müdaxilə üçün zəmin yaradır. Beləliklə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri əsassızdır və formal mülahizələrdən ibarətdir. Apelyator cavabdehlərin hüquq mühafizə orqanlarına yazdığı müraciətində onun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumatlar yaymasını və bunu qəsdən etməsini göstərsə də, cavabdehin yazdığı müraciətində onun haqqında şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən yalan məlumatlar yaymasını və bunu qəsdən etməsini, bu müraciətin və orada göstərdiyi məlumatların onun dövlət orqanının rəhbər vəzifəli şəxslərinə həmin məlumatları çatdırmaqla onların araşdırılması və bu barədə müvafiq qərarın çıxarılmasını tələb etməsində ifadə olunan müraciət hüququnun həyata keçirilməsinə aid olmamasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, tələbini əsaslandırdığı bu halları sübut edə bilməmişdir. Eyni zamanda iddiaçı tərəf mənəvi zərər çəkməsini və cavabdehlərin müraciəti ilə əlaqədar maddi ziyan çəkməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, etirazının əsası kimi istinad etdiyi halları əsaslandırmamışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(075)- 1118/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı Niyazi qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(075)-1118/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar