Məhkəmə qərarları › İş №2(107)-194/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-194/2020

21.01.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-194/2020 21.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(046)-2105/2018 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 12.000 manat borc pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(046)-2105/2018 nömrəli(hakim İ.Fəttahov) qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh 12.000 manat məbləğində borc pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi qət edilmişdir. . Qətnamədən narazı qalan Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin qismən təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2013-cü il tarixdə Cavabdeh Göyçay rayon Notariat kontorunda kredit müqaviləsi əsasında 12.000 manat pul vermişdir. Cavabdeh həmin pulu 1 il müddətinə qaytaracağını öhdəsinə götürməsinə baxmayaraq, bu vaxta qədər borclu olduğu pulu qaytarmamışdır. Cavabdeh dəfələrlə həmin pulu qaytarmasına dair vədlər vermiş, lakin heç bir nəticəsi olmamışdır. Buna görə də məhkəmədən xahiş etmişdir ki, Cavabdeh 12.000 manat miqdarında pulu alınaraq ona verilməsi barədə qətnamə qəbul edilsin. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, birinci instansiya məhkəməsinin iclasında Cavabdeh ödəniş qəbzlərini təqdim etməsinə və buna dair izahat verməsinə baxmayaraq məhkəmə ödənişləri nəzərə almamış, cavabdehin sübut kimi təqdim etdiyi ödəniş qəbzləri iş materiallarına əlavə edilməmiş, qətnamədə ödənişlərin hansı səbəbdən nəzərə alınmadığı göstərilməmişdir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, Cavabdeh onun qardaşıdır. İddiaçı ilə Vüqar arasında 12000 manat pul məbləğinə dair xx.xx.2013-cü il tarixdə notarial qaydada kredit müqaviləsi bağlanmış, həmin müqavilə şərtinə görə də cavabdeh pulu bir il müddətinə qaytarmalıdır. Qeyd olunan pulun bir hissəsi, yəni 5550 manatı iddiaçıya qaytarılmış, qalan hissəsini isə qaytarmaq üçün müəyyən müddət istəmişlər. Lakin iddiaçı cavabdehi məhkəməyə verərək pulun hamsını tələb etmiş, işə baxan birinci instansiya məhkəməsi də onların sübutlarını nəzərə almadan iddianı tam təmin etmişdir. Halbuki, qeyd olunan borcun 5550 manatı qaytarılmış, cavabdehin cəmi 6450 manat borcu qalmışdır. Həmin qalıq borcu da hissə-hissə qaytaracaqdır. Ona görə də apelyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdehlə onun arasında 12000 manat məbləğə dair notarial qaydada müqavilə rəsmiləşdirilmişdir Cavabdeh tərəfindən qaytarılmış 5550 manatın həmin borca heç bir aidiyyəti yoxdur. Belə ki, cavabdehin bacısının əri Çingizin də ona 5000 ABŞ dollar pul borcu var idi. Cavabdeh özü ona bildirmişdir ki, Çingizin borcunu da özü ödəyəcəkdir. Ödənilən pul da Vüqarın borcuna deyil, Çingizin borcuna aiddir. Odur ki, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(046)-2105/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini tərəflərin izahatları və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, işdə iştirak edən şəxsin izahatını iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli və iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(046)-2105/2018 nömrəli qətnaməsi qismən ləğv edilməlidir. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən iddiaçıya bank və poçt şöbəsi vasitəsilə ödənilmiş pula münasibət bildirməyərək, ödənilmiş pula münasibətdə iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: Göyçay rayon Notariat Kontorunda bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 1 il müddətinə 12.000 manat məbləğində pul vermişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləndirilmiş vaxtda və yerdə lazımi şəkildə müqavilənin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə işin faktiki hallarından, eləcə də yuxarıda sadalanan hüquq normalarından görünür ki, tərəflər arasında borc predmeti olan pul məbləği ilə bağlı kredit müqaviləsi olduğundan onlar arasında yaranmış münasibət də məhz öhdəlik hüquq münasibətlərinin yaranmasının əsası kimi qəbul edilməli və iddiaçının tələbi də məhz müqavilə (öhdəlik) hüququ çərçivəsində dəyərləndirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 2015-ci ildə İddiaçı 12.000 manat borc pul almış, lakin həmin pulu 1 il müddətinə iddiaçıya qaytarmağı öhdəsinə götürsə də, bu müddət ərzində tam olaraq qaytarmamışdır. Apelyasiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh borc olaraq götürmüş puldan ayrı-ayrı vaxtlarda, 2014-cü il tarixdə 4000 ABŞ dolları (həmin vaxtın məzənnəsi üzrə 3200 manat) , 2019-cu il tarixdə 500 ABŞ dolları (məzənnə üzrə 850 manat) və poçt şöbəsi vasitəsilə 1500 manat, ümumilikdə 5550 manat pulu iddiaçıya qaytarmışdır. İddiaçı özü də həmin məbləğin ona qaytarılmasını məhkəmə iclasında etiraf etmişdir. Lakin qeyd olunan 5550 manat məbləğin hazırki kredit müqaviləsi üzrə deyil, digər bir borc üzrə, yəni cavabdehin yeznəsi (bacısının əri) olan Çingiz adlı şəxsin borcundan ödənildiyini mübahisələndirmişdir. Lakin məkəhkəmə kollegiyası tərəfindən təklif olunmasına baxmayaraq iddiaçı Çingiz adlı şəxsin ona borcu olmasını, qaytarılan pulun da məhz həmin şəxsin borcundan ödənildiyini sübut edə bilməmiş, bunu yalnız öz izahatı ilə əsaslandırmağa çalışmışdır. Cavabdehin nümayəndəsi isə cavabdehin ümumilikdə 12000 manat borcunun olduğunu, ödənilən 5550 manatın məhz həmin borca aid olduğunu bildirmişdir. İddiaçının izahatının bu hissəsinə münasibətdə isə kollegiya nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bundan əlavə kollegiya belə qənaətə gəlir ki, cavabdehin özünün 12000 manat məbləğində borcu olduğu halda, digər şəxsin əvəzinə borc qaytarması heç də inandırıcı və ağlabatan görünmür. Göründüyü kimi cavabdeh iddiaçıdan pul vəsaiti almaq hüququna malik olduğu kimi üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə dair vəzifələrin də daşıyıcısı olmuşdur. Lakin, cavabdeh iddiaçıdan pul vəsaitinin almasına dair hüququndan istifadə etmiş, üzərinə götürülmüş öhdəliklərin yerinə yetirilməsinə dair vəzifəsini isə icra etməmişdir. Odur ki, iddiaçı pul vəsaitinin qaytarılmasını tələb etməkdə haqlı olsa da, ona ödənilmiş 5550 manatı yenidən tələb etməkdə haqlı deyildir. Beləliklə də məhkəmə kollegiyası apelyasiya tələbi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri və işin həqiqi halları üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Halbuki, MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh nümayəndəsi X3 tərəfindən verilmiş apelyasiya şikаyəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(046)-2105/2018 nömrəli qətnaməsi qismən, yəni Cavabdeh 5550 (beş min beş yüz əlli manat) məbləğində pulun alınaraq İddiaçı verilməsi ilə bаğlı hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilməklə bu hissədə iddia tələbi təmin edilməsin. Qətnаmə “cаvаbdeh Cavabdeh 6450 (altı min dörd yüz əlli) manat məbləğində borc pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi” hissəsində dəyişdirilmədən sаxlаnsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar