Məhkəmə qərarları › İş №2(107)-1940/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1940/2020

24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1940/2020 24.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X17, Cavabdeh nümayəndəsi X5 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dаir iddia ərizəsi üzrə çıxarılmış Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(014)- 406/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2200 (iki min iki yüz) manat məbləğində verilmiş sığorta ödənişinin və 30 manat məbləğində dövlət rüsumunun əvəzinin İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(014)-406/2020 nömrəli(hakim N.Əliyev) qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh xx.xx.1983cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Ağdaş şəhəri, H.Cavid küç 46-da qeydiyyatda olan Cavabdeh 1500 (bir min beş yüz) manat məbləğində dəymiş ziyan və 30 manat dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə verilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı Sığorta Şirkəti ASC tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Sığorta Şirkəti ASC-də xx xxxxx 2013-cü il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “VAZ21011” markalı 66BD837 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində xx xxxxxx 2013-cü il tarixdə Bakı şəhərinin ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X10 idarə etdiyi “VAZ-2101” markalı 66BD837 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Hadisə zamanı sürücü X18 az ağır dərəcəli bədən xəsarətləri almışdır. Qəbul edilmiş qərara əsasən Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, o, avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Zərərçəkənin avtomobilinin zədələnməsi və xəsarət alması ilə əlaqədar ona ümumilikdə 2200 (iki min iki yüz) manat sığorta ödənişi verilmişdir. Zərərçəkənin avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə (sığorta ödənişini alan şəxs- faydalanan şəxs sayılır) ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, onun nəqliyyat vasitələrini idarə etmək hüququ yoxdur. Hadisə zamanı idarə etdiyi avtomobil atası X7 məxsus olmuşdur. Onun nəqliyyat vasitələrini idarə etmək hüququnun olmaması avtomobilin sahibinə və hadisə baş verəndən dərhal sonra isə İddiaçı Sığorta Şirkəti ASC-nin məlumatı olmuşdur. Lakin iddiaçı nəqliyyat vasitələrini idarə etmək hüququnun olmaması barədə məlumatı olduğuna görə o hadisə zamanı zərərçəkən şəxs X11 avtomobilin zədələnməsi və xəsarət alması ilə əlaqədar 2000 manat sığorta ödənişi etməməli idi. Çünki nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə etmək və qəza törətmək kobud qanun pozuntusu sayılır və sığorta düşmür. Məlumat üçün bildirir ki, hadisə zamanı X8 avtomobilinə və sağlamlığına dəymiş zərərə görə tərəfindən ona ümumilikdə 1911 manat pul vəsaiti ödənilmişdir. Həmin məbləğ məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Lakin işə baxan məhkəmə “İcbari sığortalar” haqqında Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsini əsas göstərməklə məndən subroqasiya qaydasında 1500 manat pulun alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyirinə tutulmasına dair qətnamə qəbul etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Yəni işə baxan məhkəmə iddianın qismən təmin edilməsinə dair qətnamə qəbul edərkən hüququn tətbiq edilməsində səhv buraxaraq tətbiq edilməli olan səhv təfsir etmişdir. İş materiallarından görünür ki, onun sığorta olunan avtomobili nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etməyi barədə iddiaçının xəbəri olmuşdur. Ona görə də iddiaçı tərəfindən həmin qanunun qeyd edilən maddəsinə əsasən iddiaçı tərəfindən hadisə ilə əlaqədar sığorta ödənişi etməməli idi. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X13 apellyasiya şikayətini müdafiə edərək, sonda şikayətin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; xx.xx.2013-cü il tarixli pAX********** saylı icbari sığorta müqaviləsindən məlum olur ki, İddiaçı ASC ilə X14 arasında müqavilə bağlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2019-cu il tarixli Dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, xx.xx.2013-cü il tarixdə VAZ 2101 markalı, avtomobilə 700 manat zərər dəymişdir. xx.xx.2019-cu il tarixli ********** saylı Qüsur aktından məlum olur ki, “VAZ-2101” markalı 66BD837 dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 700 manat xərclənmişdir. xx xxxxxxx 2019-cu il tarixli Dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, X1 dəymiş ziyanın məbləği 1500 manatdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2019-cu il tarixli 005- 22778-1219 saylı Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan məlum olur ki, AR DİN BİTİ-nin YNH dair işlər üzrə istintaq şöbəsi bildirir ki, xx xxxxxx 2013-cü il tarixə saat 22:00-da Bakı-Şamaxı- Yevlax yolunun 250-ci km-də yol nəqliyyat hadisəsi baş vermiş, zərərçəkən X1 az ağır dərəcəli ziyan dəymişdir. Məhkəmə-Tibbi Ekspertiza və X16 tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 418 saylı ekspert rəyinin surətindən məlum olur ki, X8 bədənində olan xəsarətlər –döş sümüyünün qapalı yerdəyişən sınığı küt əşyanın təsirindən xərərçəkənin göstərdiyi müddətdə və şəraitdə yəni xx.xx.2013-cü il tarixdə avtoqəza nəticsində əmələ gələ bilərdi, ağırlıq dərəcəsinə görə sağlamlığı uzun müddətə müvəqqəti pozduğundan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Nəticədə qeyd olunan xəsarətlər qərarın təsviri hissəsində göstərilən yolnəqliyyat qəzası zamanı əmələ gəlmişdir. Ağdaş Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxx 2014-cü il tarixli Hökmün surətindən məlum olur ki, Cavabdeh xx xxxxxx 2013-cü il tarixdə saat 22:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Ağdaş rayon ərazisindən keçən 250-ci km-də “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmə hüququ olmadan idarə etdiyi “VAZ-21011” markalı ** DC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Yevlax rayonu, Xaldan kənd istiqamətindən Ağdaş şəhər istiqamətində hərəkət edərkən Ağdaş rayon Şıxlı kəndinin bərabərliyində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduöu halda buna əməl etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olsa da, almayıb, idarə etdiyi avtomobili əks hərəkət zolağına çıxardaraq Ağdaş şəhərindən Yevlax rayonunun Xaldan kəndi istiqamətində hərəkət edən X8 idarə etdiyi “VAZ-21011” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “VAZ- 21011” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X11 döş sümüyünün qapalı yerdəyişən sınığı xəsarətinin əmələ gəlməsi ilə nəticələnən sağlamlığının uzun müddətə müvəqqəti pozulmasına səbəb olan az ağır bədən xəsarəti yetirmiş, X19 Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib 02 il (iki il) müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il 06 ay (iki il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxx 2014-cü il tarixli 2(014)-908/2014 saylı qətnamənin surətindən məlum olur ki, X3 cavabdeh X15 qarşı “1911 manat məbləğində minik avtomobilinə vurulmuş zərərin əvəzinin ödənilməsi və 2000 manat məbləğində sağlamlığa vurulmuş zərərlə bağlı müalicə xərclərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X6 1911 manat məbləğində minik avtomobilinə vurulmuş zərərin əvəzinin ödənilməsi və 2000 manat məbləğində sağlamlığa vurulmuş zərərlə bağlı müalicə xərclərinin (cəmi 3911 manat) alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, Məhkəmədən, Cavabdeh 1911 manat məbləğində minik avtomobilinə vurulmuş zərərin əvəzinin ödənilməsi və 2000 manat məbləğində sağlamlığa vurulmuş zərərlə bağlı müalicə xərclərinin (cəmi 3911 manat) alınıb ona verilməsi tələbinə dair iddiası üzrə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olaraq iddia üzrə azaldılmasına dair ərizə təqdim edərək, cavabdeh X4 2000 manat məbləğində sağlamlığına vurulmuş zərərlə bağlı müalicə xərclərinin ödənilməsi tələbinə dair hissədən imtina etdiyini, iddianın qalan hissədə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia qismən təmin edilmiş Cavabdeh 1911 ( bir min doqquz yüz on bir) manat alınıb X3nun xeyrinə verilməsi qət edilmişdir. xx xxxxxx 2019-cu il tarixli Ə-47 saylı Ağdaş rayon İcra və Probasiya Şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri cənab Şaiq X2 tərəfindən verilmiş ərizədən məlum olur ki, X9 ona olan 1911 manat pul borcunu tam olaraq Ağdaş rayon İcra və probasiya şöbəsi vasitəsilə almışdır. Ağdaş rayon Məhkəməsinin 2(014)-908/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsinin icrası ilə tam razıdır X12 qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, Ağdaş rayon Məhkəməsinin 2(014)-908/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsinin icrasına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. Həmin Məcəllənin 1114-cü maddəsinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır. Təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanları vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. “İcbari sığorta haqqında” Azərbaycan Respublikası qanunun 25.1-ci maddəsinə görə sığortaçının mülki məsuliyyətin icbarı sğortası üzrə verdiyi sğorta ödənişi məbləğində sğortalıya və (və ya) müvafiq hallarda sğorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır; Sğorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sğortalının və ya sğorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərkətlərinin nəticəsi olduqda (maddə 25.1.1.) İcbari sğorta şəhadətnaməsində göstərilən əmlakın onu istfadə etməyə, idarə etməyə, işlətməyə və diğər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən cğortalının və ya sğorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. (maddə 25.1.3.) Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, Mülki Məcəllənin 935.1.9-cu maddəsi cavabdehə sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda sığortaçı olaraq sığorta ödənişindən imtina etməsi üçün əsas versə də, bu imtina bütövlükdə sığorta institutunun mahiyyətinə zidd olmaqla ədalətli hesab edilə bilməz. Bu cür münasibət ayrı-ayrı şəxslər tərəfindən sığorta institutuna və sığortaçı təşkilatlara olan inamın və etibarın itirilməsi ilə nəticələnə bilər. Nəticədə isə, bu inamın və etibarın itirilməsindən ən çox sığorta təşiklatları zərər çəkə bilər. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki cavabdehin iddiaçıya sığorta ödənişini ödəməkdən imtina etməsi sığorta hüququnun ümumi prinsiplərinə zidd olmuşdur. Çünki, bu imtina sığorta institutunun mahiyyətinə zidd olmaqla ədalətli hesab edilə bilməz. Bu cür münasibət ayrı-ayrı şəxslər tərəfindən sığorta institutlarına və sığorta təşkilatlarına olan inamın və etibarın itirilməsi ilə nəticələnə bilər. Nəticədə isə, bu inamın və etibarın itirilməsindən ən çox sığorta təşiklatları zərər çəkə bilər. Çünki, iddiaçının güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd cavabdehin hüququnu həyata keçirməsi və aralarında yaranmış mülki hüquq münasibətlərini nəzərə almaq istəməməsi yalnız və yalnız hüquqdan sui-istifadə kimi qiymətləndirilə bilər. Əks halda, cavabdeh apellyasiya şikayətində bu hallara, yəni iddiaçının sığorta haqqını gecikdirdiyini gördüyü və bildiyi halda buna reaksiya verməməsinin, həmçinin sığorta hadisəsi baş verdikdən sonra gecikdirilmiş sığorta haqqını qəbul etməsinin səbəblərinin izahı barədə nə isə göstərərdi. Göründüyü kimi, cavabdeh bu halları izah etmək üçün hər hansı bir arqument gətirməmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçünheç bir hüquqi əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(014)-406/2020 nömrəli qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar