Məhkəmə qərarları › İş №2(107)-1951/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1951/2020

12.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1951/2020 12.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Sabir oğluna qаrşı “əmlakın (mağazanın) məcburi çıxarılması” tələbinə dair mülki iş üzrə çıxarılmış Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(014)-1050/2019 nömrəliqərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin 2(014)-1050/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh Sabir oğluna qаrşı «əmlakın (mağazanın) məcburi çıxarılması» tələbinə dair mülki iş üzrə iddiası rədd edilmişdir. Qətnamədən iş üzrə İddiaçı xx xxxxxx 2020-ci il tarixdə apelyasiya şikayəti verilmişdir. Həmçinin iddiaçı R. Quluyeva ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 2019- cu il tarixli, 2(014)-1050/2019 saylı qətnaməsi ilə iddiasının rədd edildiyini, məhkəmə qətnaməsinin surətinin qanunla müəyyən olunmuş vaxtda və müddətdə ona göndərilmədiyini, məhkəmə qətnaməsini ancaq ərizəsi əsasında xx xxxxxx 2020-ci il tarixdə poçt vasitəsi ilə qəbul etdiyini əsas gətirərək apelyasiya şikayəti verilməsi ilə bağlı buraxılmış müddətin bərpasına dair ərizəsinin təmin edilməsini, apelyasiya şikayəti verilməsi ilə bağlı qanunla müəyyən edilmiş müddətin buraxılmamış hesab edilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(014)-1050/2019 nömrəli (hakim N.Əliyev) qərardadı ilə İddiaçı Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(014)-1050/2019 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi müddətinin bərpasına dair vəsatət rədd edilmişdir. İddiaçı Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(014)-1050/2019 nömrəli qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsini, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(014)-1050/2019 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(014)-1050/2019 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iclasının vaxt və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını məhkəmə kollegiyasından xahiş etmiş, lakin üzürlü səbəb barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli və Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(014)-1050/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılşaraq aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən apellyasiya şikayətini aldıqdan sonra birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 363.1.3-ci maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, qaytarılır. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər həmin Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1. maddəsinə müvafiq olaraq, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2007-ci il 13 fevral tarixli Qərarında göstərilmişdir: «İmperativ xarakterə malik prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.». Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. İş materialları ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin surəti tərəflərə, o cümlədən də Rəna Quliyevaya yaşadığı ünvana, yəni Ağdaş şəhəri H.Əliyev pr.14/5 ünvana rəsmi qaydada xəbərnaməli poçt vasitəsilə göndərilmiş, iddiaçı həmin qətnaməni xx xxxxxxxx 2019-cu il tarixdə qəbul etmişdir (mülki iş səh.43). İddiaçı xx xxxx 2020-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq qeyd edilən məhkəmə qətnaməsini almadığını və qətnamənin surətinin ona göndərilməsini xahiş etmiş, xx xxxx 2020-ci il tarixli, 2(014)-1050/2019 saylı məktubla qətnamənin surəti təkrarən İddiaçı poçt vasitəsi ilə göndərilmiş və xx xxxx 2020-ci il tarixdə ərizəçi tərəfindən imzalanaraq qəbul edilmişdir. Bundan sonra iddiaçı qətnamədən apelyasiya şikayəti, eyni zamanda buraxılmış prosessual müddətin bərpasına dair vəsatət vermişdir. Beləliklə iş materiallarından müəyyən edilir ki, sözügedən mübahisəli qətnamə Ağdaş şəhəri H.Əliyev pr.14/5 ünvana rəsmi qaydada xəbərnaməli poçt vasitəsilə göndərilmiş, iddiaçı həmin qətnaməni xx xxxxxxxx 2019-cu il tarixdə qəbul etmişdir. İddiaçı xx xxxx 2020-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq qeyd edilən məhkəmə qətnaməsini almadığını və qətnamənin surətinin ona göndərilməsini xahiş etmiş, xx xxxx 2020-ci il tarixli, 2(014)-1050/2019 saylı məktubla qətnamənin surəti təkrarən İddiaçı poçt vasitəsi ilə göndərilmiş və xx xxxx 2020-ci il tarixdə ərizəçi tərəfindən təkrarən imzalanaraq qəbul edilmişdir. Göründüyü kimi iddiaçı ilə məhkəmə arasındakı bütün yazışmalar, o cümlədən də məhkəmə qətnamələri iddiaçının yaşadığı (həmçinin rəsmi qeydiyyatda olduğu) Ağdaş şəhəri H.Əliyev pr.14/5 ünvana göndərilmiş, sonuncu da həmin qətnaməni birinci dəfə xx xxxxxxxx 2019-cu il tarixdə rəsmi qaydada qəbul etmişdir. İddiaçı məhkəməyə ünvanladığı teleqramda da məhz həmin ünvanı göstərmişdir. Lakin iddiaçı ötürülmüş prosessual müddətin üzrlü səbəbdən buraxılmasını qeyd etsə də, bununla bağlı məhkəməyə möhtəbər sübut təqdim edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya münasibətdə şikayəti təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-cü maddəsinə əsasən, iş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır. Məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. Həmin Məcəllənin 267-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın biləvasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(014)-1050/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(014)-1050/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar