Məhkəmə qərarları › İş №2(107)-1955/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1955/2020

26.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1955/2020 26.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(025)-809/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya hüququ əsasında pul tələbi” barədə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh subroqasiya qaydasında iddiaçı «xxxx» ASC-nin xeyrinə dəymiş ziyana görə 1.450,00 (bir min dörd yüz əlli) manat sığorta ödənişinin, ödənilmiş 30 , 40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(025)-809/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 1.450,0 (bir min dörd yüz əlli) manat sığorta ödənişi məbləği və 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu, cəmi 1.480,40 (bir min dörd yüz səksən manat qırx qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı «xxxx» ASC-nin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, həmin qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, qanunsuz və əsassız qətnamə qəbul olunmuşdur. Belə ki, həmin yol nəqliyyat hadisəsi hər iki sürücünün təqsiri üzündən deyil, digər sürücünün təqsiri üzündən olmuşdur. Onun həmin yol nəqliyyat hadisəsində heç bir təqsiri yoxdur. Əgər elə olsaydı, onun barəsində protokol tərtib edilərdi. Hansı ki, digər sürücü barəsində protokol tərdib edilmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(025)-809/2020 saylı qətnaməsinin ləğv edilməsini və qanuni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçı heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(025)-809/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən iddia tələbini təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, xx.xx.2015-ci il tarixində **-AK-*** dövlət qeydiyyat nişanlı “BAİC” markalı avtonəqliyyat vasitəsi “xxxx” ASC tərəfindən “Girov qoyulan korporativ avtomobil sığortası” növü üzrə sığortalanmışdır. “xxxx” ASC ləğv olunmuş və xx.xx.2016-cı il tarixində sığorta müqavilələrinin ötürülməsi ilə bağlı “xxxx” ASC və «xxxx» ASC arasında müqavilə bağlanmışdır. xx.xx.2017ci il tarixində Cavabdeh tərəfindən idarə olunan “JT 507 TR 17” dövlət qeydiyyat nişanlı “VAZ 21310” markalı avtonəqliyyat hadisə nəticəsində sığortalı **-AK-*** dövlət qeydiyyat nişanlı “BAİC” markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. «xxxx» ASC tərəfindən tərtib olunmuş zərər aktına əsasən **-AK-*** dövlət qeydiyyat nişanlı “BAİC” markalı avtonəqliyyat vasitəsinin təmir üçün dəymiş ziyanın ümumi miqdarı 3500,00 (üç min beş yüz) manat müəyyən edilmişdir. Həmin məbləğdən 600,00 (altı yüz) manat azadolma çıxılmışdır. «xxxx» ASC-nin xx.xx.2018-ci il tarixli sığorta aktına əsasən «xxxx» ASC tərəfindən dəymiş ziyana görə 2900,00 (iki min doqquz yüz) manat məbləğində sığorta ödənişinin zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün zərərçəkən şəxsin hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Təmir edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətini icbari sığortasının olmadığı müəyyənləşdirilmişdir. Yol-nəqliyyat hadisəsinin hər iki hadisə iştirakçısının təqsirindən baş verdiyini nəzərə alaraq, subroqasiya hüququna əsasən 1.450,00 (bir min dörd yüz əlli) manat məbləğində vəsaitin cavabdeh tərəfindən ödənilməsi barədə tərəflərindən bildiriş göndərilmişdir. Sığorta tərəfindən sığortalıya ödənilmiş 1.450,00 ( bir min dörd yüz əlli) manat məbləğində vəsaitin «xxxx» ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmiş, lakin cavabdeh dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096,2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə (reqres tələbi hüququ) əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, cavabdeh baş vermiş sözügedən yol nəqliyyat hadisəsinin onun deyil, **-AK-*** dövlət qeydiyyat nişanlı “BAİC” markalı avtonəqliyyat vasitəsinnin sürücüsü X1 təqsiri üzündən baş verdiyini bildirsə də, iş materiallarında olan Qəbələ rayon Polis şöbəsinin xx xxxxxx 2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından məlum olur ki, həmin yol nəqliyyət hadisəsində digər sürücü ilə yanaşı Cavabdeh da AR CM-nin 236.1-1-ci maddəsi ilə təqsirli bilinmiş, barəsində cinayət işi başlanılmış, lakin zərərçəkmişlə barışıq əldə etdiyindən cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə kollegiya hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən iddia tələbini təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(025)-809/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(025)-809/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar