Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1987/2021 26.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “əldən çıxmış faydanın və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(033)-515/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə əldən çıxmış fayda qismində dəymiş maddi zərərin əvəzi olan 10.000 manat pulun və mənəvi zərərin əvəzi olan 10.000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin (hakim T.Həsənov) 30 iyul 2021-ci il tarixli, 2(033)- 515/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti vermişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində Zaqatala rayonu, Yuxarı Tala kəndində 0,1426 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 75,4 m2 olan fərdi yaşayış evi vardır. Həmin əmlak üzərində mülkiyyət hüququ 09 fevral 2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, MA seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla" rəsmiləşdirilmişdir. Cavabdeh 2009-cu ilin avqust ayından bu günədək onu mülkiyyətindən məhrum etmək üçün bir çox yola əl atmışdır. Belə ki, həmin hərəkətlər iddiaçının mülkiyyətində olan Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən fərdi yaşayış evinə sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə maneələr yaratmaq, mülkiyyət hüququndan məhrum etmək, əmlakına ziyan vurmaqdan və sairdən ibarət olmuşdur. Cavabdeh 2009-cu ildən bu yana çəkmiş məhkəmə mübahisələrində heç bir nəticə əldə etməməsinə baxmayaraq, hal-hazırda da onun qeyd olunan əmlaklara sahiblik, istifadə və sərəncam vermək hüquqlarına birbaşa və yaxud dolayı yollarla qəsd edir. Belə ki, onun mülkiyyətində olan Zaqatala rayonu, Yuxarı Tala kəndində 0,1426 ha həyətyanı torpaq sahəsini və ümumi sahəsi 75,4 m2 olan fərdi yaşayış evini satmaq istəyir, lakin Cavabdeh ev almaq məqsədi ilə gələn şəxsləri hədələyir, təhqir edir, əmlakın özünə məxsus olduğunu bildirir və yaxud onları əmlak üzərində məhkəmə mübahisəsinin davam etməsi adı altında aldadır. Bununla yanaşı, Cavabdeh onun mülkiyyət hüququnu pozaraq, sərbəst surətdə istədiyi vaxt sonuncuya məxsus əmlaka daxil olur və oradan istifadə edir. O Cavabdeh qanunsuz hərəkətləri ilə bağlı dəfələrlə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Lakin, iddiaçının şikayətlərinin müəyyən bir qisminin mülki xarakterli olması əsası ilə məhkəməyə müraciət etməsi ona tövsiyyə olunmuşdur. Cavabdeh qanunsuz hərəkətləri nəticəsində ona, həm mülkiyyətində olan əmlakı sata bilməməklə əldən çıxmış fayda qismində maddi zərər, həm də mülkiyyətində olan əmlakdan sahiblik, istifadə etmə və sərəncam verə bilməməklə çəkdiyi sıxıntılar nəticəsində mənəvi zərər dəymişdir. Ona əldən çıxmış fayda qismində dəymiş maddi zərər 10.000 (on min) manat, mənəzi zərər qismində dəymiş zərər isə 10000 (on min) manat olmuşdur. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(033)- 515/2021 iş nömrəli qətnaməsini qanunsuz və əsassız hesab edir. Ona görə də qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, cavabdehlə aralarında olan torpaq mübahisəsi nəticəsində ona xeyli məbləğdə maddi və mənəvi ziyan dəymişdir. Cavabdeh torpaq sahəsini almaq istəyən alıcılara təsir göstərərək bildirir ki, hazırda həmin torpaq sahəsi ilə bağlı mübahisə gedir. Ona görə də alıcıların heç biri torpağı almaq istəmir. Odur ki birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, sonda təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, düzdür əvvəllər aralarında torpaqla bağlı mübahisə olmuşdur, lakin son vaxtlar iddiaçıya qarşı heç bir iddiası və təzyiqi yoxdur. Alıcılara da məhkəmə çəkişmələri dövründə həmin sözü demişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(033)- 515/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MA seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,1426 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 75,4 kv.m olan yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın reyestrində 06 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində 09.02.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Zaqatala Rayon Məhkəməsinin 2(033)-660/2018 nömrəli 14 iyun 2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən fərdi yaşayış evinə vurduğu maddi zərərin əvəzi olan 20000 (iyirmi min) manatın, 10800 (on min səkkiz yüz) manat əldən çıxmış faydanın, hüquqlarının müdafiəsi üçün vəkilə ödədiyi 1000 (bir min) manatın, məhkəmələrə gedib-gəlməsi üçün xərclədiyi 2000 (iki min) manat nəqliyyat xərclərinin və əsassız tələblərlə məhkəmələrə müraciət etdiyi üçün 5000 (beş min) manat mənəvi zərərin əvəzinin cavabdehdən onun xeyrinə tutulması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsini 01 noyabr 2018-ci il tarixli 2(107)-2450/2018 nömrəli qətnaməsinə əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Zaqatala Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli 2(033)-660/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 28 mart 2019-cu il tarixli 2(102)-1985/19 nömrəli qərarına əsasən İddiaçı kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X1 izahat verərək göstərmişdir ki, torpaq almaq məqsədi ilə İddiaçı müraciət etmişdir, torpağın dəyəri barədə də onunla razılığa gəlmişdir. Almağı planlaşdırdığı torpaq sahəsinin qonşuluğunda yaşayan Cavabdeh həmin torpaq sahəsinin mübahisəli olduğunu bildirmişdir. O, da mübahisə olacağı ehtimalına görə həmin torpaq sahəsini almamışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmişTahirova Səadət Tacəddin qızı izahat verərək göstərmişdir ki, torpaq almaq məqsədi ilə İddiaçı müraciət etmişdir, onun mülkiyyətində olan torpaq sahəsini almaq üçün onunla razılığa gəlmişdir. Torpaq sahəsinin yerləşdiyi əraziyə getdikdə orada Cavabdeh ilə rastlaşmış və o həmin torpağa dair məhkəmənin icraatında mübahisənin olduğunu, torpaq sahəsinə dair sənədlərdə problemlər olduğunu bildirərək onu həmin torpaq sahəsini almaq fikrindən daşındırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” konvensiyanın müddəaları və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri -əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin qərarın 4-cü bəndində müəyyən edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin qərarının 8-ci bəndində məhkəmlərə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbi və apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət düzgün olmuşdur. Birincisi ona görə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İkincisi, iddia tələbinin faktiki halları tələbin qanuni əsasının şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğun deyildir. Çünki, iddiaçı cavabdehdən maddi zərərə və digər tələblərə görə pul tələb edir. Bu tələblərə dair iddiaçının izahatından başqa iş materiallarında hər hansı bir mötəbər sübut mövcud deyildir. İddiaçının izahatı isə iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir ki, belə bir sübutlar da iddiaçı tərəfindən təqdim edilməmiş və apellyasiya şikayətində də təqdim ediləcəyinin mümkünlüyü barədə hər hansı bir dəlil irəli sürülməmişdir. Üçüncüsü, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Lakin iddiaçı bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. Dördüncü, kollegiya qeyd edir ki, bu halda işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə olan vəziyyətdə bu qənaəti əsaslı hesab etmək olarmı, ələbttə ki, açıqlanmamış və əsaslandırılmamış bu qənaəti işin hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun hesab etmək olmaz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 384.0.1-ci maddəsinə əsasən, apelyasaiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi və yeni qətnаmə qəbul edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla iddiaçıya münasibətdə dəyişdirilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(033)-515/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1987/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1987/2021
26.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver