Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2003/2020 15.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlu oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-716/20 nömrəli qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikаyətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə müraciət edərək cinayət prosesini həyata keçirmiş cavabdehlərin qəbul etdiyi qərarların məhkəmə tərəfindən ləğv edilməsi nəticəsində mənafelərinə vurulmuş 10000 manat maddi ziyan, daşınar əmlaklardan məhrum olduqlarına görə 8980 manat maddi ziyan, enerji blokunun dağılması nəticəsində fəaliyyətlərinin məcburi dayandırılması ilə bağlı 400000 manat əldən çıxmış fayda, işgüzar nüfuzlarına vurulmuş 500000 manat mənəvi ziyanın Maliyyə Nazirliyi vasitəsi ilə onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini, İsmayıllı rayon Polis Şöbəsinin təhqiqatçıları barəsində Azərbaycan respublikası Cinayət Prosessual Məcəlləsinin 451.3-cü maddəsinin tələblərində nəzərdə tutulan prosessual hərəkətlərin yerinə yetirilməsinin təmin olunması və bu prosessual şəxslərin reqress iddia qaydasında məsuliyyətə cəlb olunmaları məsələsinə baxılmasını xahiş etmişlər. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-716/20 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 həmin qərardaddan şikayət vermişdirlər. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh qismində iştiraka cəlb edilmiş İsmayıllı rayon Polis Şöbəsi və rayon Prokurorluğu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun yerli qurumlarıdır və bu qurumlar təsnifatlarına görə inzibati orqanlardır. Həmin inzibati orqanları hüquqi şəxs adlandırmaqla iddia ərizəsinin geri qaytarılması əsassızdır. İddia ərizəsi düzgün olaraq hər iki inzibati orqanların rəsmi qeydə alındıqları ərazi üzrə İsmayıllı rayon Məhkəməsinə verilmişdir. Bundan başqa iddia ərizəsi MPM-nin 151.1, 152.1.1 və 152.1.7-ci maddələrinin tələblərinə istinad edilərək qaytarılsa da iddia ərizəsinin 152.1.1 və 152.1.7-ci maddələrə istinad edilərək qaytarılmasını əsassız hesab edirlər. Ona görə də məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilərək iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişlər. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-716/20 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Şəki Apellyаsiyа Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər heç bir üzürlü səbəblər göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-716/20 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İsmayıllı rayon Polis Şöbəsinin və rayon Prokurorluğunun qərarları məhkəmə tərəfindən ləğv olunduğu üçün iddiaçılar həmin təşkilatları cavabdeh qismində cəlb edərək onlara dəymiş maddi və mənəvi ziyanın ödənilməsini tələb edirlər. Məhkəmə kollegiyası şikayətə münasibət bildirərək qeyd edir ki, şikayət əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, İsmayıllı rayon Prokurorluğu Azərbaycan Respublikası Prokurorluğunun, rayon Polis Şöbəsi isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rayon ərazisində fəaliyyət göstərən orqanlarıdır. Həmin orqanlar hüquqi şəxs olmadıqlarından onlar məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malik deyildirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 151.1-ci maddəsində göstərilir ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.7-ci maddəsinin tələbinə əsasən bir və ya bir neçə cavabdehə birbiri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-716/20 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayət təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-716/20 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-2003/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2003/2020
15.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver