Məhkəmə qərarları › İş №2(107)-2010/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2010/2020

10.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2010/2020 10.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X2 iclas katibliyi, iddiaçı (həmçinin digər iddiaçılar İddiaçı5 və İddiaçı4 etibarnamə üzrə nümayəndəsi) İddiaçı1 və Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-386/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5000 (beş min) manat pul və 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-386/2020 nömrəli(hakim P.Hacıyev) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 1274 (bir min iki yüz yetmiş dörd) manat pul və 8 (səkkiz) manat dövlət rüsumu olmaqla, cəmi 1282 (bir min iki yüz səksən iki) manat alınaraq İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, 30 (otuz) manat dövlət rüsumunun 22 (iyirmi iki) manatı İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 özlərinə aid edilməsi, 300 (üç yüz) manat ekspertiza xərci Cavabdeh tutularaq «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin “xxxxxxxxxxx” ASC-nin Gənclik Mall filialındakı hesabına – Kod 201025, VÖEN **********, SWİFT kod AİİBAZ2X, Müxbir hesab AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB******************** hesaba ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X5 tərəfindən xx xxxx 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən Şəki rayonu Cəfərabad kəndində yerləşən 0.11 ha torpaq sahəsi onların, yəni İddiaçı1, X1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 ümumi birgə mülkiyyətlərindədir. Həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etmişlər. Belə ki, torpaq sahəsi dörd tərəfdən çərçivəyə alınmış, yabanı bitkilərlə əhatə edilmişdir. Həyətin giriş-çıxışı üçün darvaza açılaraq qıfıllanmışdır. Həmin ərazi 1987-ci ildən onların istifadəsində olmuşdur. Cavabdeh həyətin qıfılını qıraraq əraziyə daxil olmuş, min bir zəhmətlə əkilmiş çinar ağaclarını kəsmiş, əraziyə mal-qara buraxaraq onlara maddi ziyan vurmuşdur. Həmin çinar və qovaq ağaclarının yaşı 30-dan çox olmaqla, diametrləri 30-45 sm-dir. Sözügedən çinar ağaclarının səkkizi tamamilə məhv olmuşdur. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir və məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmamışdır. Ona görə də Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-386/2020 nömrəli qətnaməsinin ləğv edilərək yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, mübahisəli torpaq sahəsinin iddiaçılara heç bir aidiyyəti yoxdur. Həmin torpaq sahəsi İddiaçı1 qardaşına məxsusdur. Ağacların kəsilməsini də iddiaçının qardaşı sifariş etmişdir. Hesab edir ki, iddiaçılar ona qarşı iddia verə bilməzlər. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmamasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı (həmçinin digər iddiaçılar İddiaçı5 və İddiaçı4 nümayəndəsi) İddiaçı1 apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, ağaclar kəsilən torpaq sahəsi ona və ailə üzvlərinə məxsusdur. Qardaşının həmin torpağa heç bir aidiyyəti yoxdur. Ekspert komissiyası da gəlib yerində baxmış, həmin vaxt ağaclar kəsilən torpaq sahəsinin onun torpaq sahəsinin koordinatları daxilində yerləşdiyi müəyyən edilmişdir. Apelyasiya şikayətini qəbul etmir və Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, digər iddiaçılar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işəonların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli, 1059 nömrəli məktubdan görünür ki, İddiaçı1 şöbəyə ünvanladığı şikayət ərizəsi araşdırılmışdır Araşdırma zamanı məlum olmuşdur ki, 7 (yeddi) ədəd qovaq ağaclarının kəsildiyi 0.12 ha ərazi sabiq Partiyanın XXİİ qurultayı adma üzümçülük sovxozunun xx xxxxxx 1987-ci il tarixli, 917 nömrəli əmrinə və Şəki XDSİK-nin xx xxxx 1987-ci il tarixli, 15 nömrəli qərarına əsasən həyətyanı torpaq sahəsi kimi verilmiş və iddiaçının mülkiyyətində olmuşdur. 07 (yeddi) ədəd qovaq ağaclarının kəsildiyi ərazi bələdiyyədə heç bir alqı-satqı aparmadan Dövlət arxivinin Şəki filialının xx xxxxxx 2014-cü il tarixli, 1500 nömrəli arxiv çıxarışı əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində xx xxxx 2018-ci il tarixində rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 12-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətdə olan torpaq sahələrində yerləşən ağac-kol bitkiləri qanunvericiliklə digər hallar müəyyən edilmədikdə onların xüsusi mülkiyyətinə aid edilir. Göstərilən ağac-kol bitkiləri üzərində sahiblik, istiladə və sərəncam hüquqları Azərbaycan Respublikası Meşə qanunvericiliyinin və digər qanunvericilik aktlarının tələblərinə uyğun olaraq mülkiyyətçi tərəfindən həyata keçirilir. Odur ki, hazırkı mübahisənin mülki qaydada həll edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X5 tərəfindən xx xxxx 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Cəfərabad kəndində yerləşən 0.11 ha torpaq sahəsi İddiaçı1, Əhmədova İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 ümumi birgə mülkiyyətlərindədir. «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 196/1/2 saylı ekspert rəyindən görünür ki, Şəki rayonu, Cəfərabad kəndi ərazisində yerləşən torpaq sahəsində İddiaçı1 göstərdiyi 7 ədəd kəsilmiş ağacların yerləşdiyi koordinatlar üzrə yer səthi üzərində qalan ağacların kötükləri elektron məlumat bazasına əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X5 tərəfindən xx xxxx 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ı və onun A seriyalı 244794 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki 0.11 ha torpaq sahəsinin koordinatları ilə qeyd olunan sərhədləri daxilində yerləşir. Keçirilən baxışın nəticələrinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi məktub məlumatlarına əsasən kəsilmiş, diametri orta hesabla 35 sm olan 7 ədəd ağacın, Azərbaycan Respublikası ərazisində geniş yayılmış qovaq ağacı növünə aid olması müəyyən edilir. Respublikanın bütün ərazilərində geniş yayılmış, meşədə bitən adi yaşıllıq ağacına aid qovaq ağacı yaşıllıq zonasından və mühafizə edilən meşə ərazisindən qanunsuz kəsilərsə, bu zaman dövlət meşə fonduna dəymiş ziyan Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən nırx qiyməti ilə müəyyən edilir. Hazırkı halda isə 7 ədəd qovaq ağacınan kəsilməsindən xüsusi mülkiyyətçiyə dəymiş maddi ziyanın məbləği ağacların əmtəə dəyəri ilə hesablanmalıdır. Bir qayda olaraq, bu ağacdan alınmış taxta, yəni tikinti materialı çox aşağı keyfiyyətli olmaqla, nadir hallarda bu məqsədlə qarbil kimi istiifadə edilir. Əksər hallarda bu ağacdan yanacaq məqsədilə oduncaq kimi istifadə edilir. Təxmini hesablamalara görə, ağacın əsas gövdəsinin uzunluğundan və inkişaf səviyyəsindən asılı olaraq oduncaq çıxarı müxtəlif olur. Kəsilmiş ağacı müayinə etmək (həcmini ölçmək) müşkün olmadığına görə, hər bir ağacdan təxminən 2.0 m3 (1.5-2.5m3) aşağı keyfiyyətli qarbil taxta əldə edilməsi ehtimal olunur. Bu hesaba, 7 ədəd diametri 35 sm olan qovaq ağacından təxminən 14 m3 (2x7) qarbil taxta alınması ehtimal olunur. 7 ədəd diametri 35 sm olan qovaq ağacının kəsilməsi nəticəsində, əldə edilməsi ehtimal olunan 14 m3 qabil taxtanın əmtəə dəyəri təxminən 1274.00 (min iki yüz yetmiş dörd) manat müəyyən edilir. Qeyd: Kəsilmiş ağaclardan alınan qarbil taxtanın həcmindən, Respublika bazarlarında mövcud olan qiymətlərdən, tələbdən və təklifdən, eləcə də qiymətə təsir göstərən digər amillərdən asılı olaraq, yuxarıda müəyyən edilmiş qiymətlərdə qismən dəyişiklik olması istisna edilmir. Tədqiqatın dəyəri 300 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəflər arasındakı yaranmış münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, qüvvədə olan mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən və ya icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki hüquq məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normaları əsasında həll olunur. Beləliklə, müqavilədən kənar (delikt) məsuliyyət odur ki, bu məsuliyyət bir-biri ilə müqavilə münasibətlərində olmayan zərərvuranla (borcu ilə) zərərçəkən (kreditor) arasında əmələ gəlir. Bu cür məsuliyyət fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına və işgüzar nüfuzuna ziyan vurulması nəticəsində əmələ gəlir. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş faktiki hallara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddiaçı ilə cavabdeh arasında hər hansı bir müqavilə öhdəlikləri olmadığından iddiaçının ziyanın əvəzinin ödənilməsi barədə tələblərinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsində mülki hüquq pozuntualrı (deliklər) üçün nəzərdə tutulmuş hüquq normalarına istinad edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinin təfsirindən göründüyü kimi, qanunvericilik mülki hüquq məsuliyyətinin yaranması üçün mülki hüquq pozuntusunun tərkibini təşkil edən zərərin vurulması, borclunun (zərərvuranın) hüquqa zidd, yəni qeyriqanuni davranışı, borclunun (zərərvuranın) hüquqa zidd davranışı ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri olması kimi elementləri ilə şərtləndirmişdir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət düzgün olmuşdur. Birincisi ona görə ki, işin faktiki halından göründüyü kimi mübahisəli torpaq sahəsi mülkiyyət hüququ ilə iddiaçı və onun ailə üzvlərinə məxsusdur. Cavabdeh isə ağacları kəsilmiş həmin torpaq sahəsinin iddiaçının qardaşına aid olduğunu bildirmişdir. Lakin məhkəmə kollegiyasının iclasında təklif olunmasına baxmayaraq cavabdeh bununla bağlı hər hansı sənədi məhkəmə kollegiyasına təqdim etməmiş, bunu öz mülahizəsi əsasında əsaslandırmağa çalışmışdır. Cavabdeh tərəfin özünün izahatına və dəlillərinə münasibətdə isə kollegiya nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İkincisi, kollegiyanın iclasında iddiaçının qardaşının həmin torpaqla bağlı hər hansı səbəbli əlaqəsinin olmamaması müəyyən edilmiş, həmçinin cavabdehin bu izahatı ekspert tərəfindən verilmiş rəylə də təkzib olunmuşdur. Üçüncüsü, göründüyü kimi mübahisəli ərazidə olan ağaclar da məhz iddiaçı tərəfindən becərilmiş, zəhmət və xərc tələb edən aqrotexniki qulluq göstərməklə həmin ağacları bu illər ərzində hazırki vəziyyətə gətirib çıxarmışdır. Lakin cavabdeh tərəf heç bir hüquqi əsas olmadan həmin ağacları kəsmiş, məhkəmə kollegiyasının iclasında da özünü “təqsirsiz” hesab etməyə çalışmışdır. Məhz bundan sonra iddiaçı tərəf öz zəhmət və gəliri, xərci sayəsində əkib-becərdiyi, faktiki olaraq özünə məxsus olan və öz mülkiyyəti sayılan ağaclarının dəyərini tələb edir. Kollegiya qeyd edir ki, bu halda işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçünheç bir hüquqi əsas yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-386/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar