Məhkəmə qərarları › İş №2(107)-2040/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2040/2021

16.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2040/2021 16.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «çıxarışın ləğv edilməsi və alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi» tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi, hüquqdan sui-istifadə) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh1 iştirakları ilə, Yevlax Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tаrixli 2(039)-1707/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, X1, X9, X6 və 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax rayon Ərazi İdarəsinə qarşı «çıxarışın ləğv edilməsi və alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 adına 28 iyun 2018-ci il tarixdə verilmiş, seriya RX ******* saylı çıxarışın ləğv edilməsi və Yevlax rayonu Əkşəm kəndində yerləşən 1.08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsinin onunla Cavabdeh1 arasında bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə Yevlax rayonunun Əkşəm kəndində yaşayır. Yaşadığı kənddə təsərrüfat işləri ilə məşğul olmaq üçün torpaq sahəsi almaq fikrində olduğu üçün kəndlərində kimlərinsə torpaq sahəsini satmasını maraqlandıqda məlum oldu ki, Cavabdeh1 özünə və ailəsinə məxsus olan torpaq sahəsini satmaq istəyir. Cavabdeh maddi durumunda çətinliyi olduğu üçün torpaq sahəsini satmaq fikrində olmuşdur. Bundan sonra aralarında olan şifahi razılaşmadan sonra belə qərara gəlmişlər ki, alqı-satqı müqaviləsini sənədləşdirsinlər. Şahidlərin iştirakı ilə aralarında 01 oktyabr 2003-cü il tarixdə rəsmi sənədləşmə həyata keçirilmiş və həmin sənədi cavabdeh, onun ailə üzvləri və şahidlər imzalamışlar. Həmin sənədə əsasən Cavabdeh1 və onun ailə üzvlərinə Yevlax rayon Aqrar İslahat Komissiyasının 04 iyul 1998ci il tarixli 33 saylı qərarı ilə JN 101 saylı ******* kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən özünün, həyat yoldaşı X2, qızı X5 və oğlu X7 mülkiyyət hüquqları təsbit edilmiş Yevlax rayonu Əkşəm kəndində yerləşən 1.08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini cavabdeh tərəfindən ailə üzvlərin razılığı əsasında ona 13000000 manata satıldı. Onun tərəfindən, şahidlərin iştirakı ilə cavabdehə 13000000 manat ödənildi. 01 oktyabr 2003-cü il tarixdən 2020-ci ilin may ayına kimi mübahisə predmeti olan 1.08 ha torpaq sahəsi onun istifadəsində, sahibliyində və faktiki mülkiyyətində olmuşdur. Həmin torpaq sahəsini atası İlhamla birlikdə həmin vaxta kimi əkib-becərmişlər. Torpaq vergisi ilə bağlı ödəniş qəbzində Cavabdeh1 adı göstərilsə də faktiki olaraq ödəniş onun tərəfindən həyata keçirilmişdir. 2003-cü il tarixdən 2020-ci ilin may ayına kimi o, dəfələrlə cavabdehə müraciət edərək aralarında olan alqı-satqı müqaviləsini notariusda rəsmiləşdirilməsini tələb etsə də cavabdeh vaxtı olmadığını, həmin torpaqla bağlı heç bir iddia tələblərinin olmadığını ona bildirmişdir. O, 2020-ci ilin aprel ayında torpaq sahəsinin rəsmiləşdirilməsi üçün cavabdehə müraciət etdikdə, ona bildirmişdir ki, artıq 17 ildir ki, torpaq sahəsindən istifadə edir. Bundan sonra torpaq sahəsindən o istifadə edəcəkdir və torpağı geri qaytarmaq fikrindədir. Aralarında yaranmış mübahisə ilə bağlı Yevlax rayon Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Yevlax rayon Polis şöbəsi tərəfindən verilən rəsmi cavabda qeyd olunmuşdur ki, yaranmış mübahisə mülki mübahisə olduğu üçün məhkəməyə müraciət etməlidir. Yevlax rayon X13 Bölməsində cavabdeh verdiyi izahatda təsdiq edir ki, həqiqətən də o torpaq sahəsini ailə üzvlərinin razdığı əsasında ona satmışdır, buna görə də onun tərəfindən ******* manat ödənmişdir. İndi isə cavabdeh 17 ildən sonra torpaq sahəsindən özü istifadə etmək istədiyini bildirmişdir. Polis şöbəsində araşdırma zamanı o da məlum oldu ki, cavabdeh faktiki aralarında alqı-satqı müqaviləsinin bağlanmasına və 17 il mübahisəli torpaq sahəsindən istifadə etməsinə baxmayaraq gizli surətdə torpağın mülkiyyət hüququna dair dövlət aktının onun və ailə üzvlərinin adına olmasından istifadə edərək 17 saylı YevlaxƏrazi Reyestr Xidmətindən qanuna zidd olaraq adına torpaq üzərində mülkiyyətini təsdiq edən çıxarış almışdır. Yevlax Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tаrixli 2(039)-1707/2020 nömrəli qətnaməsi ilə (hakim R.Əlizadə) İddiaçı cavabdehlər Cavabdeh1, X1, X9 və X6 qarşı «çıxarışın ləğv edilməsi və alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi» tələbinə dair iddiası rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət olunmuşdur. Yevlax Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tаrixli 2(039)-1707/2020 nömrəli qətnаməsindən İddiaçı apellyаsiyа şikаyəti vermişdir. Apellyasiya instansiya məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-494/2021 nömrəli iş üzrə 12 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Hüseynov (sədrlik edən və məruzəçi), M.Hüseynov və G.Abbasov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş. Yevlax Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tаrixli, 2(039)-1707/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı və onun vəkili Vəkil kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02.08.2021-ci il tarixli, 2(102)-4277/2021 nömrəli qərarı ilə İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-494/2021 nömrəli iş üzrə 12 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Yevlax Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tаrixli 2(039)-1707/2020 nömrəli qətnaməsi ilə (hakim R.Əlizadə) İddiaçı cavabdehlər Cavabdeh1, X1, X9 və X6 qarşı «çıxarışın ləğv edilməsi və alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi» tələbinə dair iddiası rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 28 iyun 2018-ci il tarixli ********** saylı çıxarışna əsasən Cavabdeh1, X1, X9 və X6 Yevlax rayonu, Əkşəm kəndində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1.0781 ha torpaq sahəsi verilmişdir. Tərəflər arasında olan razılaşma əsasında cavabdeh həmin torpaq sahəsini ******* manat X12 verilmişdir. Lakin tərəflər arasında notarial qaydada alqı-satqı olmamışdır. İddiaçı çıxarışın ləğv edilməsi və alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi ilə bağlı məhkəməyə müraciət edərək cavabdehin notariat orqanına getməkdən yayındığını bildirmişdir. Bundan əlavə məhkəmə müəyyən etmişdir ki, X12 torpağın alqı-satqısına dair mübahisə məhkəmə predmeti olduğuna görə bununla bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. Yevlax rayonu, Əkşəm kəndində Cavabdeh1, X1, X9 və X6 1.0781 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab etmişdir ki, iddiaçı əqdin bağlanmış hesab edilməsi ilə bağlı məhkəməyə müraciət edərək cavabdehlərin yayındığını bildirsə də, tərəflər öz aralarında müqavilə imzalayarkən notariat orqanlarına getmələrinə hər hansı bir maneə olmamışdır. Məhkəmə hesab etmişdir ki, Dövlət reyestrindən 28 iyun 2018-ci il tarixli ********** saylı çıxarış verilərkən hər hansı bir pozuntu olmamışdır. Həmçinin çıxarışın verilməsinə əsas olmuş sənədlər mübahisələndirilmədiyindən çıxarışın ləğv edilməsi üçün əsas yoxdur. Ona görə də, məhkəmə belə qənaətə gəlmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1, X1, X9 və X6 qarşı «çıxarışın ləğv edilməsi və alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasınn 60-cı, 72-ci maddələri, İnsan Hüquqlarının və X11 Haqqında Konvensiyanın 6-cı, 13-cü maddələri, Konstitusiya Məhkəməsi S.Əliyevanın şikayəti ilə əlaqədar qəbul etdiyi 31 may 2006-cı il tarixli qərarı, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.4-cü, 83.1-ci, 84.1-ci, 111-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci, 152.1-ci, 178.1-ci, 336.1-ci, 567-ci, 646.1-ci, 648.1-ci, maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1-ci, 217.3-cü, 217.4-cü, 222.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia tələbində göstərdiyi dəlillərlə əsaslandıraraq bildirmişdir ki, birinci instansiya məhkəməsi onun hüquq və mənafeyinin kobud surətdə pozulması ilə nəticələnən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tаrixli, 2(039)-1707/2020 saylı qətnaməsi ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və əvvəlki məhkəmə iclasında iştirak etmiş vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tаrixli, 2(039)-1707/2020 saylı qətnaməsi ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsini və Yevlax Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tаrixli, 2(039)- 1707/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər tərəflər heç bir üzürlü səbəblər göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olan 335.2-ci maddəsi) 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. “İ.K.Rəcəbovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 iyun 2005-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarı; “İ.K.Rəcəbovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 iyun 2005-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarı 12.08.2005-ci ilədək qüvvədə olan Azərbaycan Respublikası MM-nin 335, 647-ci maddələri ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin Qərarında ifadə etdiyi mövqeyinə görə, daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılması üçün, mütləq iki şərtin mövcudluğu vacibdir: müqavilənin yazılı formada bağlanılması və notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır və birbaşa onların etibarsızlığına səbəb olur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarı; “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında da Konstitusiya Məhkəməsi qeyd edir ki, daşınmaz əmlaka dair əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı, qanunvericiliyə lazımi qaydada riayət edilməsi məqsədi ilə ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normalarının təfsirində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tаrixli, 2(039)-1707/2020 saylı qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya hesab edir ki, şikayətin dəlilləri qismən əsaslıdır. Məhkəmə kollegiyası ilk növbədə iddia tələbinin cavabdehlər X3 və X9 qarşı olan hissəsinə münasibət bildirərək qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 dekabr 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsinin həmin hissəsi üzrə iş üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı əqdin bağlanmış hesab edilməsi ilə bağlı məhkəməyə müraciət edərək cavabdehlərin yayındığını bildirsə də, tərəflər öz aralarında müqavilə imzalayarkən notariat orqanlarına getmələrinə hər hansı bir maneə olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, qanunu düzgün təfsir etməmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 maddi durumunda çətinliyi olduğu üçün özünə və ailəsinə məxsus olan torpaq sahəsini İddiaçı satmışdır. Tərəflər şahidlərin iştirakı ilə aralarında 01 oktyabr 2003-cü il tarixdə yazılı sənədləşmə həyata keçirilmiş və həmin sənədi cavabdeh, onun arvadı, uşaqların adından Cavabdeh1 və şahidlər imzalamışlar. Həmin sənədə əsasən Cavabdeh1 və onun ailə üzvlərinə Yevlax rayon Aqrar İslahat Komissiyasının 04 iyul 1998-ci il tarixli 33 saylı qərarı ilə JN 101 saylı ******* kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən özünün, həyat yoldaşı X2, qızı X5 və oğlu X7 mülkiyyət hüquqları təsbit edilmiş Yevlax rayonu Əkşəm kəndində yerləşən 1.08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini cavabdeh tərəfindən ailə üzvlərin razılığı əsasında ona 13000000 manata alqı-satqı müqviləsi bağlanmışdır. İddiaçı tərəfindən, şahidlərin iştirakı ilə cavabdehə 13000000 manat pul ödənilmişdir. 01 oktyabr 2003-cü il tarixdən 2020-ci ilin may ayına kimi mübahisə predmeti olan 1.08 ha torpaq sahəsi iddiaçının istifadəsində, sahibliyində olmuşdur. 2003-cü il tarixdən 2020-ci ilin may ayına kimi o, dəfələrlə cavabdehə müraciət edərək aralarında olan alqı-satqı müqaviləsini notariusda rəsmiləşdirilməsini tələb etsə də cavabdeh imtina etmişdir. Eyni zamanda məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 izahat verərək göstərmişdir ki, həqiqətən iddiaçı ilə aralarında mübahisəli torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləni o özü, mərhum həyat yoldaşı X4 və uşaqları xx.xx.1987-ci il təvəllüdlü X5 və mərhum oğlu X7 əvəzindən isə o özü imza etmişdir. Bundan başqa o, izahatında davam edərək bildirmişdir ki, həqiqətən də mübahisəli torpaq sahəsini 13000000 manata iddiaçıya satmışdır. Ancaq maddi imkanı aşağı olduğundan indi həmin torpaq sahəsini iddiaçıya vermək istəmir. Yəni özü əkib-becərmək istəyir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən görünüdüyü kimi, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə, habelə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr və daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılması üçün, mütləq iki şərtin mövcudluğu vacibdir: müqavilənin yazılı formada bağlanılması və notariat qaydasında təsdiqlənməsi. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında qeyd edilir ki, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur; -əqdin natorial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmalıdır. -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. İş materiallarından aydın olur ki, qanunvericinin əqdin bağlanmış hesab edilməsi üçün tələb etdiyi ilkin şərt, yəni tərəflər arasında torpağın alqı-satqısına dair sadə yazılı əqd hesab oluna biləcək yazılı sənəd mövcuddur. Eyni zamanda ikinci şərt də mövcuddur. Belə ki, məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 izahat verərək göstərmişdir ki, həqiqətən iddiaçı ilə aralarında mübahisəli torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsi bağlanmışdır. Ancaq maddi imkanı aşağı olduğundan indi həmin torpaq sahəsini iddiaçıya vermək istəmir, özü əkib-becərmək istəyir. Yəni cavabdeh tərəf etiraf edir ki, pulunu aldığı torpaq sahəsini notarial qaydada iddiaçıya satmaqdan imtina etməklə notariat orqanına getməkdən imtina etmişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddia qismən yəni, Yevlax rayonu Əkşəm kəndində yerləşən 1.08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzrə Cavabdeh1 və müqavilə imzalanan vaxt yetkinlik yaşına çatmayan xx.xx.1987-ci il təvəllüdlü X5 payına münasibətdə alqı-satqı müqaviləsi bağlanmış hesab edilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax rayon Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına 28 iyun 2018-ci il tarixdə verilmiş, seriya RX ******* saylı çıxarışın ləğv edilməsi hissəsi ilə bağlı onu qeyd edir ki, iddia həmin hissədə təmin edilə bilməz. Belə ki, həmin çıxarış Yevlax rayon Aqrar İslahat Komissiyasının 04 iyul 1998-ci il tarixli 33 saylı qərarı ilə JN 101 saylı ******* kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən verilmişdir. Yəni çıxarış verilərkən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax rayon Ərazi İdarəsi tərəfindən qanunvericiliyin tələbləri pozulmamışdır. Eyni zamanda kollegiya qeyd edir ki, nə qədər ki, mübahisəli torpaq sahəsi ilə bağlı digər şəxslərə münasibətdə iddia təmin edilməyib, çıxarışın tamamilə ləğv edilməsi barədə tələb təmin edilə bilməz. Məlum olduğu kimi, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Haqlar istənilən şəkildə deyil, yalnız onların tanınma məqsədlərinə uyğun gəldiyi hədlər daxilində istifadə oluna bilər. Məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan sui-istifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları başda konstitusiya olmaqla bütün qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlmə səbəbi olar. Belə bir nəticə “ədalət mühakiməsi” anlayışının özünə kökündən ziddir. Beləliklə Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normalarının təfsirində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tаrixli, 2(039)-1707/2020 saylı qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia ərizəsi qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tаrixli, 2(039)-1707/2020 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddiaçı ilə Cavabdeh1 və müqavilə imzalanan vaxt yetkinlik yaşına çatmayan xx.xx.1987-ci il təvəllüdlü X5 Yevlax rayon Aqrar İslahat Komissiyasının 04 iyul 1998-ci il tarixli 33 saylı qərarı ilə JN 101 saylı ******* kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən payına münasibətdə alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar