Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2064/2021 03.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Maddi və mənəvi ziyan” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2(051)-526/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2(051)-526/2021 nömrəli qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) iddia qismən təmin olunmuş, Cavabdeh dəyişilməli hissələrin qiyməti 1563,0 (bir min beş yüz altmış üç) manat, Təmir-bərpa işlərinin qiyməti 900,0 (doqquz yüz) manat olmaqla, cəmi 2463,0 (iki min dörd yüz altmış üç) manat məbləğində pulun alınıb iddiaçıya verilməsi, iş üzrə ekspertiza xərci kimi hesablanmış 100 (bir yüz) manat məbləğində pulun cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməsi, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat məbləğində pul vəsaitinin də cavabdehdən iddiaçının xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh 2583 (iki min beş yüz səksən üç) manat məbləğində maddi ziyanın, 1000 (bir min) manat əldən çıxmış faydanın, 10000 (on min) manat mənəvi ziyanın, cəmi 13583 (on min beş yüz səksən üç) manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbində qalaraq izahatında göstərmişdir ki, o, Musayev X3 şəhərində anadan olmuşdur. Halhazırda da Mingəçevir şəhərində yaşayır, 26 dekabr 2020-ci il tarixdə saat 14:20 radələrində idarə etdiyi “Mercedec Benz C240” markalı **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhəri Gəncə şosesi ilə Kür çayı istiqamətində hərəkət edərkən cavabdeh idarə etdiyi “VAZ 2106” markalı, **-RS- *** dövlət qeydiyyat nişanlı avtomobillə manevr qaydalarını pozaraq ona yol verməli olduğu halda yol verməyərək onun hərəkət etdiyi zolağa çıxaraq yol nəqliyyat hadisəsi törətmişdir. Cavabdeh barəsində MN № ******* saylı, 26.10.2020-ci il tarixli qərar çıxarılmış və 60 manat inzibati cərimə edilmişdir. Lakin cavabdehin sığortası olmadığı üçün ona dəymiş ziyan ödənilməmişdir. Ona cavabdehin hərəkətləri nəticəsində 2583 manat ziyan dəymişdir. Lakin cavabdeh indiyə kimi həmin puldan heç bir ödəniş etməmişdir. Ona maddi ziyan vurmaqla bərabər işiylə əlaqədar daim maşına ehtiyacı olduğu üçün və bu imkandan məhrum olduğu üçün ona bir daha maddi və mənəvi ziyan vurmuşdur. Halbu ki onun maşınsız olmağı onun hər gün əlavə pul xərcləməyə vadar edir. O ona dəymiş ziyanın ödənilməsini istəyir. Bundan əlavə cavabdehlərin hərəkəti nəticəsində o sarsıntı keçirtmişdir.Əsəblərini müalicə etdirmişdir. Bunun nəticəsində cavabdeh tərəfindən ona heç bir ziyan ödənilməmişdir. Ona görə də məhkəmən Cavabdeh 2583 (iki min beş yüz səksən üç) manat məbləğində maddi ziyanın, 1000 (bir min) manat əldən çıxmış faydanın, 10000 (on min) manat mənəvi ziyanın, cəmi 13583 (on min beş yüz səksən üç) manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin 16 may 2021-ci il tarixli, 9/2315 saylı rəyi ilə razı deyil. O, iddiaçının daşınar əmlakına (avtomobilinə) deyil, əksinə iddiaçı onun avtombilinə zərər vuraraq ona maddi ziyanla nəticələnən avto-qəza törətmişdir. Həmin avto-qəzanın baş verməsinin səbəbi və günahkarı da iddiaçının özüdür. Həmçinin onun barəsində tərtib olunmuş protkolun əsassız və qanunsuz olduğunu hesab edir. Buna görə də iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qətnamə qəbul olunarkən Mülki Prosessual Məcəllənin və Mülki Məcəlləsinin tələbləri pozulmuş, məhkəmə qanuna əsaslanmayan qətnamə qəbul etmişdir. İddiaçı tətəfindən verilən iddia tələbində müəyyən nüanslar doğru olsa da lakin müəyyən şişirtmə və pozuntular var. Məhkəmə iclasında göstərilən məsələ araşdırılsa da qətnamə çıxarılarkən bəzi hallara diqqət yetirilməmişdir. Belə ki, o, iddiaçının daşınar əmlakına (avtomobilinə) deyil, əksinə iddiaçı onun avtombilinə zərər vuraraq ona maddi ziyanla nəticələnən avto-qəza törətmişdir. Məhkəmə iddiaçının maraqlarını nəzərə almış, lakin qəza nəticəsində ona dəymiş ziyanla bağlı məsələ araşdırılmamış, günahın onda olduğu qənaətinə gələrək iddiaçının xeyrinə nəticələnən qətnamə çıxarılmışdır. Avto qəza nəticəsində tək onun yox, həm də iddiaçının günahı olmuşdur. Belə ki, o, düz yolunu gəldiyi halda iddiaçı özünə məxsus avtomobillə onun yoluna çıxmış və nəticədə istənilmədən və iddiaçının da özünün səhlənkarlığı səbəbindən sözü gedən qəza baş vermişdir. Həmin avto-qəzanın baş verməsinin səbəbi və günahkarı da məhz iddiaçının özü olmuşdur. Lakin buna baxmayaraq onun barəsində protokolun tərtib olunmuş, protokol əsasında ona həmin qəza ilə bağlı cərimə də müəyyən edilmişdir. Buna baxmayaraq ölkə qanunlarına uyğun olaraq o, müəyyən edilmiş cəriməni də ödəmişdir. Lakin həm onun barəsində tərtib edilmiş protokol, həm də iddiaçının xeyrinə əsaslanaraq çıxarılmış qətnamə əsassızdır. Düzdür, məhkəmədə müəyyən araşdırmalar aparılmışdır. Məhkəmədə işə baxılarkən onun vəsatəti ilə məhkəmə tərəfindən ekspertiza təyin olunmuşdur. Rəy verilərək iş ekspertizadan qayıtmışdır. İşə əlavə olunmuş Məhkəmə-Əmtəəşünaslıq ekspertizasının 9/2315 JNb-li 16 may 2021-ci il tarixli rəyindən görünür ki, dəyişilməli hissələrin qiyməti- 1563,0 manat, Təmir-bərpa işlərinin qiyməti-900,0 manat olmaqla, cəmi 2463,0 manat məbləğində dəyərləndirilmişdir. Lakin, ziyan hesablanarkən yalnız iddiaçının maraqları nəzərə alınmışdır. Nə məhkəmə qətnaməsinin nəticəsi ilə, nə də ekspertizanın rəyi ilə razıalşmır. Hazırda onun maddi vəziyyəti də yaxşı deyildir. Özü heç bir yerdə işləmir, başqa yerdən də gəliri yoxdur. Himayəsində az yaşlı uşaqları və ailəsi var, məhkəmənin çıxardığı qətnaməyə əsasən qeyd edilən məbləğin hazırkı vəziyyətdə ödənilməsi demək olar ki, mümkünsüz olmuşdur. Məhkəmənin qətnaməsinin nəticəsi ilə razı deyil. Ümumiyyətcə onun haqqında daha əvvəldən tərtib edilən protokol da əsassızdır. Barəsində tərtib edilən İnzibati Xəta haqqında AP ******* JMb-li 26 oktyabr 2020-ci il tarixli Protokolda göstərilir ki, 26.10.2020ci il tarixdə saat 14:20 radələrində Vaz-2106 markalı **-RS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Mingəçevir şəhəri Gəncə şosesində idarə etdiyim avtomobillə manevr etmə qaydasını pozaraq iddiaçıya məxsus Mercedes C240 markalı, **-HK-*** dövlət qeydiyyta nişanlı avrobillə toqquşma nəticəsində Azərbaycan Respublikasının 327.2-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətməyi qeyd edilmişdir. O, qeyd edilən protokolla razılaşmayaraq həmin protokolun ləğv edilməsi haqqında məhkəməyə şikayət də etmişdir. Lakin qeyd edilən məsələ ilə bağlı onun şikayəti məhkəmə tərəfindən təmin edilməmişdir. Hesab edir ki, məhkəmənin barəsində çıxardığı qətnamə əsassızdır. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2(051)- 526/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 07 iyul 2021ci il tarixli, 2(051)-526/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2(051)-526/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşə əlavə olunmuş Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təsərrüfatları barədə arayışdan görünür ki, 26.10.2020-ci il tarixdə saat 14:20 radələrində Mingəçevir şəhəri Gəncə şosesi ndə toqquşma növündə yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsiri olan şəxs VAZ-2106 markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobilin həmin vaxt sürücüsü Cavabdeh müəyyən olmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxs Mercedes Benz C240 markalı **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı müəyyən olunmuşdur. İşə əlavə olunmuş İnzibati Xəta haqqında AP ******* №-li 26 oktyabr 2020-ci il tarixli Protokoldan görünür ki, 26.10.2020-ci il tarixdə saat 14:20 radələrində Vaz-2106 markalı 10-RS091 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Nəsibov X5 şəhəri Gəncə şosesində idarə etdiyi avtomobillə manevr etmə qaydasını pozaraq Mercedes C240 markalı, **-HK-*** dövlət qeydiyyta nişanlı avrobillə toqquşmuşdur. Nəticədə Azərbaycan Respublikasının 327,2-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşə əlavə olunmuş İnzibati tənbeh Vermə haqqında MN ******* №-li 26 oktyabr 2020ci il tarixli Qərardan görünür ki, Cavabdeh barəsində tərtib edilmiş 26.10.2020-ci il tarixli AP ******* nömrəli protokola baxılaraq Cavabdeh Mingəçevir şəhəri Gəncə şosesində idarə etdiyi avtomobillə manevr etmə qaydasını pozaraq Mercedes C240 markalı, **-HK- *** dövlət qeydiyyta nişanlı avrobillə toqquşduğu müəyyən edilmişdir. Nəticədə Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327,2 –ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Beləliklə Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327,2 –ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 60 manat məbləğində cərimə olunmuşdur. İşə əlavə olunmuş X1 Edilməsinə dair 26 oktaybr 2020-ci il tarixli Etibarnamadən görünür ki, X2 2016 minik markalı 2006-cı il buraxılış illi XTK**********4717 Ban nömrəli nəqliyyat vasitəsini idarə etdilməsini Cavabdeh etibar etmişdir. İşə əlavə olunmuş 26 oktyabr 2020-ci il tarixdə tərib olunmuş 711 və 712 №li Sərxoşluq Vəziyyətinin tibbi müayinəsi Aktlarından görünür ki, Cavabdeh və İddiaçı şüuru aydındır və nitqi rabitəlidir. İşə əlavə olunmuş Nəqliyyat Vasitələrinin təmirinə dair SMETA-dan görünür ki, İ təmir işlərinin dəyəri-760 manat, İİ Nəqliyyat vasitəsinn təzə hissələrinin, detallarının və ləvazimatlarının dəyəri- 1563 manat , İİİ Təzə materialların dəyəri- 260 manat məbləğində hesablanmışdır. İşə əlavə olunmuş Məhkəmə-Əmtəəşünaslıq ekspertizasının 9/2315 №-li 16 may 2021-ci il tarixli rəyindən görünür ki, dəyişilməli hissələrin qiyməti- 1563,0 manat, Təmirbərpa işlərinin qiyməti-900,0 manat olmaqla, cəmi 2463,0 manat məbləğində dəyərləndirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1108.1 və 1115-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına və “Oyalın Türkiyəyə qarşı işi üzrə 23 mart 2010-cü il, nömrə 4864/05 tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsində verilmiş tərifə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinin tələblərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərər vurulduqda ödənilə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın müddəları və Avropa nsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülməlidir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericliyin müddəları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarının və ya iş yerinin itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfusunun ləkələnməsi, hər hansı başqa hüquqların müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan mərhum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. “Oyalın Türkiyəyə qarşı işi üzrə 23 mart 2010-cü il, nömrə 4864/05 tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında deyilir; “Dövlət etiraz edərək bildirdi ki, mənəvi zərərlə bağlı tələb hədsiz çoxdur və ədalətsizdir. Dövlət daha sonra bildirdi ki, hər hansı məbləğdə mənəvi zərərin tutulması əsassız zənginləşməyə səbəb olacaqdır. Dövlətin təmin olunacaq məbləğin səbəbsiz zənginləşmə təşkil etməsi arqumentinə gəldikdə, məhkəmə qeyd etmişdir ki, şəxsin çəkdiyi əzab və istirab, sarsıntı heç bir məbləğlə, hətta ən yüksək məbləğlə belə kompensasiya edilə bilməz.” Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının cavabdehə qarşı mənəvi ziyanın və əldən çıxmış faydanın ödənilməsi tələbi əsassız və maddi ziyanın ödənilməsi tələbi isə qismən əsaslıdır. İddiaçıya vurulmuş vurulmuş maddi ziyanın real olması müşahidə olunmuş, mənəvi ziyanın və əldən çıxmış faydanın mövcud olmasına dair heç bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Cavabdeh iddiaçıya onun tərəfindən maddi ziyan vurulmasını inkar etsə də, bu, iş materiallarında olan mötəbər sübutlarla təkzib olunmuşdur. Lakin iddianın mənəvi ziyan və əldən çıxmış fayda olan hissələri sübut oluna bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmiş ki, Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülməlidir. Hazırki işin faktiki hallarından da görünür ki, zərəçəkənin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsinə dair heç bir əsaslı sübut işə əlavə olunmamışdır. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən əldən çıxmış fayda dedikdə zərərçəkmiş şəxsin hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Lakin həmin əldən çıxmış faydanın mövcudluğunu sübut edə biləcək, habelə nə qədər məbləğdə olduğunu göstərə biləcək hər hansı bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Belə vəziyyətdə cavabdehdən yalnız maddi ziyanın tutulması məqsədə müvafiqdir. Lakin məhkəmə iş materialları arasında olan ekspert rəyini mötəbər sübut kimi qəbul edir və maddi ziyan tələbinin rəydə gödtərilən məbləğdə tutulması qənaətinə gəlir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının mənəvi ziyan və əldən çıxmış fayda tələbi rədd olunmalı, maddi ziyan tələbi isə qismən, yəni ekspert rəyinə uyğun təmin olunmalı və Cavabdeh dəyişilməli hissələrin qiyməti 1563,0 manat, Təmirbərpa işlərinin qiyməti 900,0 manat olmaqla, cəmi 2463,0 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin olunmuş 2463 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2(051)-526/2021 nömrəli qətnaməsi iddianın təmin olunmuş 2463 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə iddia tələbi cəmi 13583 (on min beş yüz səksən üç) manat təşkil etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddianın 2463 manata aid hissəsi təmin edilmişdir. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilmədiyindən onun hazırki qətnamədən kassasiya şikayəti vermək hüququ yoxdur. Cavabdeh apellyasiya şikayətində qətnamənin tamamilə ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan və işin hallarından görünür ki, onun niyyəti təmin olunmuş 2463 manatı mübahisələndirmək olmuşdur. Ona görə də, Azərbаycаn Respublikаsı MPMin 402-ci maddəsinin tələbinə əsasən hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2(051)-526/2021 nömrəli qətnaməsi iddianın təmin olunmuş 2463 manat pulun Cavabdeh alınıb İddiaçı verilməsi hissəsində dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2064/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2064/2021
03.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver