Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2068/2021 02.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- pul tələbi, nisyə alqı-satıqı müqaviləsi, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin 31 may 2021-ci il tаrixli, 2(051)-707/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı 12900 manat vurulmuş maddi zərər və 5000 manat mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə bir müddətdir ki, birbirlərini tanıyırlar. İddiaçı gül mağazası işlədir, həmçinin Cavabdeh ilə birlikdə qızıl alışverişilə də məşğul olurdular. Cavabdeh bir neçə dəfə iddiaçıdan qızıl-zinət əşyaları alıbsatıb, pulu da vaxtında qaytarıb və beləliklə onun etibarını qazanmışdır. Sonuncu dəfə 2019-cu ilin sentyabr ayında cavabdeh iddiaçıdan 12960 manat qiymətində qızıl əşyaları almış, lakin pulunu ödəməmişdir. Dəfələrlə iddiaçı qızıl əşyalarının pulunu ödəməyi, ya da həmin əşyaları qaytarmağı xahiş etmiş, lakin cavabdeh hər dəfə müxtəlif bəhanələrlə pulu və qızıl əşyalarını qaytarmaqdan boyun qaçırmışdır. Bu səbəbdən də onların arasındakı münasibətlər pozulmuşdur. İddiaçı Bakı şəhəri Xətai rayon polis idarəsinə şikayət ərizəsi ilə müraciət etməyə məcbur olmuş, ona aralarındakı mübahisə mülki xarakterli olduğuna görə məhkəməyə müraciət etməli olmasını izah etmişlər. Cavabdehin hərəkətləri nəticəsində iddiaçı stress, mənəvi sarsıntı keçirmişdir, hətta özünü öldürmək həddinə çatmışdır. Ona görə də iddianın təmin olunmasını, cavabdehdən vurulmuş maddi ziyan olan 12900(on iki min doqquz yüz) manat və mənəvi ziyan olaraq 5000 (beş min) manat alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin 31 may 2021-ci il tаrixli, 2(051)-707/2021 saylı qətnaməsi ilə (sədrlik edən M.Kərimova) iddia qismən təmin edilmiş, Cavabdeh 11700 (on bir min yeddi yüz) manat pulun alınıb İddiaçı verilməsi, iddianın mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat tələbinə dair hissədə təmin olunmaması qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh İddiaçı ilə bir neçə il bundan əvvəl tanış olmuşdur. Pərvanə ilə qızıl alış- veriş ilə məşğul olur, qazanc əldə edirdilər. Belə ki, Pərvanədən qızıl-zinət əşyaları götürüb satır, əldə etdikləri qazancı bölürdülər. Sonuncu dəfə Pərvanə bir neçə qızıl əşyalarını satmaq istədiyini bildirmişdir. O, Zamiq adlı bir adamla söhbət zamanı Zamiq həmin qızılları alıb, satdıqdan sonra pulu verəcəyini bildirmişdir. Bu barədə o, Pərvanəyə bildirmiş, Pərvanə də razılaşmışdır. Razılaşdıqları gün Zamiq onun evinə gələrək həmin qızılları ondan götürüb getmişdir. Həmin vaxt da Pərvanə onun yaşadığı binanın yanında dayanmış və Zamiqi görmüşdür. Lakin Zamiq ya vəd etdiyi vaxtda, ya da sonradan qızılların pulunu gətirməmişdir. Bu səbəbdən də Pərvanə ilə onun münasibətləri pisləşmişdir. Onun iddiaçıya cəmi 11700( on bir min yeddi yüz) manat borcu qalmışdır. Zamiq Rzayev onlardan aldığı qızılların pulunu qaytardıqdan sonra həmin borcu ödəyəcəkdir. Zamiq Rzayevin hərəkətləri barədə polis idarəsinə şikayət vermişdir. İddiaçı cavabdehin ona 12900 manat maddi zərər vurduğunu iddia edir, cavabdeh isə iddia tələbinə etiraz edərək iddiaçıya cəmi 11700 manat borcu qaldığını bildirmişdi. İddiaçı, həmçinin, tələbində cavabdeh tərəfindən ona mənəvi zərər vurduğunu və vurulmuş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 5000(beş min) manat alınıb ona verilməsini xahiş etmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İddiaçı cavabdehin ona 12900 manat borcu qalmasını, ona həmin məbləğdə zərər vurmasını təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim etmədiyinə görə iddia maddi zərərin ödənilməsinə dair hissədə qismən təmin edilməli, 11700(on bir min yeddi yüz) manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Məhkəmə iclasında iddiaçı iddiasının mənəvi zərər tələbinə dair hissəsini əsaslandırdığı hallar nədən ibarət olması, özünün hansı fiziki və mənəvi sarsıntılar keçirməsi, habelə keçirdiyi fiziki və mənəvi sarsıntıların nədə ifadə olunması, bunların cavabdehin qanunsuz hərəkətləri nəticəsində baş verməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmədi. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddia mənəvi ziyan tələbinə dair hissədə də təmin olunmamalıdır. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni İnsan Haqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı, «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 №li Qərarının 6-cı bəndi, «Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrubəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 2-ci və 82-ci bəndləri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1-ci, 406.1-ci, 329.2-ci, 389.3-cü, 442-ci, 448.1-ci maddələri ilə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü, 14.2-ci, 88-ci, 218.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla çıxarılmışdır. Məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun gəlmir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar birinci instansiya məhkəməsi tərəfindən sübut edilməmişdir. Birinci instansiya məhkəməsində aparılan məhkəmə araşdırması zamanı işin halları tam və hərtərəfli araşdırılmamış, məhkəmə prosesi tərəflərin hüquq bərabərliyi, çəkişmə prinsiplərinə əməl edilmədən aparılmış, iş üçün əhəmiyyətli olan halları təsdiq edən sübutların toplanması üçün tədbir görülməmişdir. Məhkəmə yalnız iddiaçının vəkilinin və onun verdiyi ifadələrə əsaslanmış, onun ifadəsi isə təhrif olunmuş şəkildə verilmişdir. Bir məhkəmə iclasında iştirak etdiyini və həmin məhkəmə baxış iclasında onun Pərvanəyə borcunun yalnız onun bir sırğasını itirdiyi üçün yarandığını, iddiaçıya 11700 manat borcunun olduğunu etiraf etməmişdir.O məhkəmədə apellyasiya şikayətindəki kimi ifadə vermişdir. İşin faktiki hallarının bu xırdalıqlarını iddiaçı, Zamiq və o bildiyindən, onların iştirakının təmin edilməsini xahiş etsə də məhkəmə bunlara məhəl qoymamışdır. İddiaçı Zamiqə qızıl əşyaları satarkən özü təşəbbüs göstərmiş, özünün sərbəst iradə ifadəsi ilə hərəkət etmişdir. Onun Zamiqə verilən qızılları Pərvanənin müəyyən etdiyi qiymətə verməsi, sonradan hər ikisinin özünün razılaşması və ona qarışma demələri, qızılların siyahısında Pərvanənin özünün həmin qızılların Zamiqə verilməsini göstərməsi, Minayədən bunu gizlətməsi onu təsdiq edir ki, malları Zamiqə Pərvanə özü vermişdir. İddiaçı ona borclu olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə guya onun etirafının əsasında qətnamə çıxarmışdır. O isə yuxarıda göstərdiyi kimi heç vaxt Pərvanəyə 11700 manat borcum olduğunu etiraf etməmişdir. Onun vasitəsilə Zamiqə verdiyi qızıl-zinət əşyalarının Pərvanənin yazdığı siyahısında həmin qızılları Zamiqə verdiyini göstərmişdir. O həmin siyahını məhkəməyə təqdim etmək istəyirdi, lakin məhkəmə onun iştirakı olmadan bir baxış iclasında qətnamə çıxardı və o həmin siyahını və digər sübutları məhkəməyə təqdim edə bilməmişdir. O, 31 may 2021-ci il tarixdə Mingəçevir Şəhər Məhkəməsinə teleqram göndərərək şikayəti əsasında Bakı şəhəri Nərimanov rayon Pİ-nin 18-ci Polis Şöbəsində araşdırma aparıldığını, işin təxirə salınmasını xahiş etsə də, məhkəmə onun iştirakı olmadan həmin iclasda qətnamə çıxarmışdır. Zamiq Rzayev özü etiraf etmişdir ki, onun borcu Pərvanəyədir və Pərvanəyə deyirdi ki, Lalə xanımı bu işə qatma, qızılları mən almışam və mən də ödəyəcəyəm. Ona görə də Zamiqin işdə iştirakı mütləq təmin edilməli idi. Məhkəmə çəkişmə prinsipinə riayət etməmiş, iddiaçı işə cəlb edilməmiş, onun iddiaya qarşı etirazının əsaslarını sübut etmək üçün şərait yaratmamışdır. Qeyd edilənləri nəzərə alaraq, o, Mingəçevir Şəhər Məhkəməsinin 31 may 2021 -ci il tarixli, 2(051)-707/2021 saylı qətnaməsinin iddianın qismən təmin edildiyi hissədə ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kollegiyanın iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 31 may 2021-ci il tаrixli, 2(051)-707/2021 saylı qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Digər proses iştirakçıları məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə heç bir üzürlü səbəb bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 431.1-ci maddəsinə görə, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətində apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını iddianın təmin edilmiş hissəsini mübahisələndirir. Mingəçevir Şəhər Məhkəməsinin 31 may 2021 -ci il tarixli, 2(051)-707/2021 saylı qətnaməsinin iddianın qismən təmin edildiyi hissədə ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi, yəni iddianın təmin edilmiş hissəsinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, qətnamənin mübahisələndirilən hissəsi üzrə birinci instansiya məhkəməsi mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 31 may 2021 -ci il tarixli, 2(051)-707/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh bir müddətdir ki, bir-birlərini tanıyırlar. İddiaçı gül mağazası işlədir, həmçinin Cavabdeh ilə birlikdə qızıl alış-verişlə də məşğul olurmuşlar. Cavabdeh bir neçə dəfə iddiaçıdan nisyə olaraq qızıl-zinət əşyaları alıb-satmış, pulu da vaxtında qaytararaq iddiaçının etibarını qazanmışdır. Sonuncu dəfə 2019-cu ilin sentyabr ayında cavabdeh iddiaçıdan nisyə olaraq 11700 manat qiymətində qızıl əşyaları almış, lakin pulunu ödəməmişdir. Dəfələrlə iddiaçı qızıl əşyalarının pulunu ödəməyi, ya da həmin əşyaları qaytarmağı xahiş etmiş, lakin cavabdeh hər dəfə müxtəlif bəhanələrlə pulu və qızıl əşyalarını qaytarmaqdan boyun qaçırmışdır. Bu səbəbdən də onların arasındakı münasibətlər pozulmuşdur. İddiaçı Bakı şəhəri Xətai rayon polis idarəsinə şikayət ərizəsi ilə müraciət etməyə məcbur olmuş, ona aralarındakı mübahisə mülki xarakterli olduğuna görə məhkəməyə müraciət etməli olmasını izah etmişlər. Eyni zamanda cavabdeh Polis İdarəsində verdiyi izahatında iddiaçıdan 12600 manat qiymətində qızıl əşyaları almasını etiraf etmişdir. Bundan başqa cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında iddiaçıya 11700 manat borclu olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri əsassızdır. İşin mübahisə ediməyən halı onda ibarətdir ki, iddiaçı ilə cavabdeh biri-birini tanımaqla nisyə olaraq qızıl-zinət əşyaları ilə bağlı alqı-satqı həyata keçirmişlər. İş materialları ilə müəyyən edilir ki, cavabdeh bir neçə dəfə iddiaçıdan nisyə olaraq qızıl-zinət əşyaları alıb-satmışdır. Sonuncu dəfə 2019-cu ilin sentyabr ayında cavabdeh iddiaçıdan nisyə olaraq 11700 manat qiymətində qızıl əşyaları almış, lakin pulunu ödəməmişdir. İşin bu halı cavabdehin Polis İdarəsində verdiyi izahatında iddiaçıdan 12600 manat qiymətində qızıl əşyaları almasını etiraf etməsi, eyni zamanda cavabdehin birinci instansiya məhkəməsində verdiyi izahatında iddiaçıya 11700 manat borclu olduğunu qeyd etməsidir. Cavabdeh isə bununla bağlı birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolu ilə tanış olmamış, ona dair qeydlər vermək hüququndan istifadə etməmişdir. Daha sonra Apellyator şikayətində qeyd edir ki, martın 28-də Pərvanə onun evinə gəlmiş, qızılları birbir sayaraq ona təhvil vermişdir. Bundan sonra Zamiq adlı şəxs gələrək qızılları təhvil almış və bu barədə qəbz vermişdir. Ancaq apellyator qeyd etdiyi dəlilləri təsdiq edə biləcək hər hansı bir sübut növü məhkəməyə təqdim etməmişdir. Bundan sonra apellyator şikayətində iddiaçının qızıllarını Zamiq adlı şəxsə verməsi və bu barədə siyahının mövcud olmasını qeyd etmiş, həmin siyahının birinci instansiya məhkəməsinə təqdim edə bilmədiyini qeyd etmişdir. Ancaq apelyator kollegiyanın əvvəlki iclasında iştirak etmiş və qeyd edilən siyahını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. Belə ki, iddiaçı tərəf iddiasını əsaslandıran sübutları məhkəməyə təqdim etmişdir. Cavabdeh tərəf isə apellyasiya şikayətində qeyd etdiyi dəlilləri, yəni iddiaçıya ödəmiş olduğu pul məbləğlərinə dair sübut təqdim etməmişdir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmə vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, nisyə alınmış qızılların pulunun qaytarıldığını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh bu barədə heç bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, mübahisələndirilən hissə üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Mingəçevir Şəhər Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(051)-707/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(051)-707/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-2068/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2068/2021
02.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver