Məhkəmə qərarları › İş №2(107)-2090/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2090/2021

16.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2090/2021 16.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, iddiaçı Balakən Rayon İstehsal-İstehlak Kooperativinin direktoru Nümayəndə1, Cavabdeh və onun vəkili X1 iştirakı ilə İddiaçı Balakən Rayon İstehsal-İstehlak Kooperativinin Cavabdeh qarşı Cavabdeh Balakən rayon İstehsalİstehlak Kooperativinə məxsus 21 saylı mağazanın (R.Səmədov küçəsi, Qabaqçöl vağzalı ərazisi, (“Universam“) Ticarət Cərgəsin bir şöbəsini boşaldıb kooperativə təhvil verməsi” tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(019)-612/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Balakən Rayon İstehsal-İstehlak Kooperativi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Balakən rayon İstehsal-İstehlak Kooperativinə məxsus 21 saylı mağazanın (R.Səmədov küçəsi, Qabaqçöl vağzalı ərazisi, (“Universam”) Ticarət Cərgəsin bir şöbəsini boşaldıb kooperativə təhvil verməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin (hakim Z.Tahirov) 26 iyul 2021-ci il tarixli, 2(019)- 612/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh Balakən Rayon İstehsal- İstehlak Kooperativinə məxsus Balakən şəhəri, R.Səmədov küçəsində yerləşən 21 nömrəli Ticarət cərgəsinin 1-ci şöbəsindən çıxarılması və həmin daşınmaz əmlakın Balakən Rayon İstehsalİstehlak Kooperativinə təhvil verilməsi, iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı Balakən Rayon İstehsal-İstehlak Kooperativinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, fərdi sahibkar statusuna malik olmaqla, neçə illərdir ki, həmin mağazanı özü işlədir. Lakin birinci instansiya məhkəməsi işi lazımi qaydada araşdırmadan, düzgün olmayan nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili X3 apellyasiya şikayətini müdafiə edərək, sonda şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Balakən Rayon İstehsal-İstehlak Kooperativinin direktoru Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdehlə onların arasında icarə müqaviləsi bağlanamsına baxamayaraq, sonuncu icarə haqqını ödəməkdən yayınır. Odur ki, apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işdə iştirak edən tərəflərin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(019)-612/2021 nömrəli qətnaməsi tamamilə ləğv edilərək, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, apellyasiya məhkəməsinin icraatı zamanı, məhkəmənin istifadəsində olan “AZEMİS vasitəsilə və Vergilər Nazirliyinin rəsmi internet səhifəsindən istifadə edilməklə, “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” bölməsinə baxış keçirilmiş və bu zaman iddiaçı tərəfin hüquqi şəxs, Cavabdeh isə fərdi sahibkar statusuna malik olması müəyyən edilmişdir (iddiaçı Balakən Rayon İstehsal-İstehlak Kooperativi VÖEN **********, Cavabdeh VÖEN **********). İş materiallarının 75-ci səhifəsində olan “Əmək müqaviləsi” adlandırılmış müqavilənin məzmunundan müəyyən edilir ki, tərəflər arasında imzalanmış həmin müqavilə “əmək müqaviləsi” adlandırılsa da, özü-özlüyündə icarə müqaviləsinin elementlərini əks etdirir. Belə ki, sözügedən müqavilənin 2.3-cü bəndinin a) yarımbəndinə əsasən Cavabdeh üzərinə hər ayın 25-dən gec olmayaraq 60 manat satış pulu keçirmək, kommunal və elektrik xərcini ödəmək, kassa aparatlarına aid qanunsuzluqlara yol verməmək öhdəliyi qoyulmuşdur. Göründüyü kimi tərəflər arasında icarə müqaviləsi münasibətləri mövcud olmuşdur. İddiaçının hüquqi şəxs, cavabdehin isə fərdi sahibkar statusuna malik olması artıq onlar arasında kommersiya fəaliyyəti ilə bağlı hüquq münasibətləri yaradır ki, bu da mübahisənin kommersiya məhkəməsi tərəfindən həll edilməsini labüd edir. Beləliklə yuxarıda qeyd olunanlardan göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir və aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.7.Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 384.0.4-cü maddəsinin tələbinə görə işə apellyasiya instansiyası məhkəməsi məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. 387.2.9.-cu maddəsinə əsasən işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. 387.3-cü maddəsinin tələbinə görə bu Məcəllənin 387.2.1-387.2.9-cu maddələrində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(019)-612/2021 nömrəli qətnaməsi prosessual qanunvericiliyin normaları kobud pozulmaqla qəbul edildiyindən ləğv edilməli və Mülki Prosessual Məcəllənin tələbləri baxımından mülki iş məhkəmə aidyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 24, 25 32-ci və 263-264-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər X2 və X5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(019)-612/2021 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İddiaçı Balakən Rayon İstehsal-İstehlak Kooperativinin Cavabdeh qarşı Cavabdeh Balakən rayon İstehsal-İstehlak Kooperativinə məxsus 21 saylı mağazanın (R.Səmədov küçəsi, Qabaqçöl vağzalı ərazisi, (“Universam“) Ticarət Cərgəsin bir şöbəsini boşaldıb kooperativə təhvil verməsi” tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar