Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2157/2021 23.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə İddiaçı ASC "xxxx" Sığorta Şirkətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqsiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(016)-119/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlərdən 3,080 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30,40 manat dövlət rüsumunun ASC "xxxx" Sığorta Şirkətinin xeyrinə tutulmasının xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin (hakim A.Əsgərov) 30 iyun 2021-ci il tarixli, 2(016)-119/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 2.690 (iki min altı yüz doxsan) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq ASC "xxxx" Sığorta Şirkətinin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh1 alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermişdir. İşin faktiki halları: İddiaçı ASC "xxxx" Sığorta Şirkəti tələbini onunla əsaslandırmışdır ki, 10.07.2019-cu il tarixdə, saat 15:36 radələrində Bakı-Qazax yolunun 156-cı km-də Cavabdeh1 ASC "xxxx" Sığorta Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış, Cavabdeh2 məxsus və Cavabdeh2 tərəfindən sürücülük vəsiqəsi və etibarnamə olmadan “VAZ-2101” minik markalı, **-BH-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən ara məsafəsini düzgün saxlamamış və nəticədə X1 idarə etdiyi “Mercedes Benz” minik markalı, **-KO-*** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq avtomobilə maddi zərər vurmuşdur. 10.07.2019-cu il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokola və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” 016-67281 nömrəli, 26.07.2019-cu il tarixli arayışa əsasən Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinmişdir. Qiymətləndirmə aktında göstərilmişdir ki, “Mercedes Benz” minik markalı, **-KO-*** dövlət nömrə nişanlı avtomobilə 3,080 manat məbləğində maddi zərər vurulmuşdur. Bununla əlaqədar olaraq, 2887/19 saylı işə dair sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra "xxxx" Sığorta Şirkəti tərəfindən zərərçəkən X2 3,080 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığına görə qanunsuz, əsassız və ədalətsiz qətnamədir. Belə ki, 10.07.2019-cu il tarixdə, saat 15:00 radələrinə "VAZ-2101" minik markalı, **-BH-*** dövlət nömrə nişanlı avtomobil ilə Hacıqabul rayonu istiqamətində hərəkətdə olarkən “Mercedes Benz” minik markalı, **-KO-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsünün səhvi ucbatından avtomobilləri toqquşmuşdur Lakin sürücülük vəsiqəsi olmadığına görə bütün günahlar onun üzərinə yazılmışdır. “Mercedes Benz” minik markalı, **-KO-*** dövlət nömrə nişanlı avtomobilin isə qəza zamanı arxa stop hissəsi əzilmişdir. Qəza zamanı onun zənninə görə avtomobilə 1000 manat dəyərində ziyan dəymişdir. Lakin bu hala məhkəmədə baxılarkən məhkəmə əmtəəşünaslıq ekspertizasına əsaslanaraq dəymiş ziyanın 2690 manat olması müəyyən edilmişdir. Amma ekspertin rəyi əsassızdır. Çünki 2690 manat ziyanın avtomobilə dəyməsi absurddur. Əlavə olaraq bildirir ki, hadisə törətdildiyi vaxtdan 24 saat deyil, 3 gün keçdikdən sonra ASC "Standart İnsurance Sığorta Şirkəti avtomobili müayinə və texniki nümayəndə olmadan fotosunu çəkib yəni incələmədən dəymiş ziyan olaraq 3080 manat qiymətləndirmişdir. Bütün bunları nəzərə alaraq sözü gedən qətnamənin qismən yəni onun etiraf etdiyi həcmdə 1000 manat məbləğində təmin olunması üçün əsasdır. Ona görə də iddianın qismən təmin olunması barədə qətnamə çıxarılması zəruridir. Qeyd edilənlərə əsasən Ağsu Rayon Məhkəməsinin 2(016)-119/2021 saylı 30 iyun 2021-cı il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın qismən təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq işin təxirə salınmasını xahiş etsə də, üzrlü səbəb barədə məhkəməyə hər hansı sənəd təqdim etməmiş, iddiaçı tərəf isə gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(016)-119/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün tam hüquqlu məhkəmə kimi qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çalışmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Cavabdeh2 məxsus "xxxx" markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobil ASC "xxxx" Sığorta Şirkətində 09.08.2018-ci il tarixdən 09.08.2019-cu il tarixədək sığorta olunmuş və göstərilən avtomobilin sığorta olunmasına dair “sığorta aktı” verilmişdir. DYPŞ tərəfindən tərtib edilmiş 10.07.2019-cu il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh1 idarə etdiyi “Vaz 21011” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı-Qazax yolunun 156-cı km-də X1 idarə etdiyi “Mercedes Benz” minik markalı, **-KO-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Yoxlama zamanı onun avtomobili hüququ olmadan idarəetməsi məlum olmuşdur. Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən təqsirli bilinmişdir. Məhkəmə ekspertizasının 9/1752 saylı, 29.04.2021-ci il tarixli rəyindən görünür ki, “Mercedes Benz” markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği 2.690 manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 100 manat məbləğində, təmirbərpa işlərinin qiyməti 850 manat məbləğində müəyyən olunmuşdur Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. Həmin Məcəllənin 1114-cü maddəsinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır. Təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanları vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. “İcbari sığorta haqqında” Azərbaycan Respublikası qanunun 25.1-ci maddəsinə görə sığortaçının mülki məsuliyyətin icbarı sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sğortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır; Sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərkətlərinin nəticəsi olduqda (maddə 25.1.1.) İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istfadə etməyə, idarə etməyə, işlətməyə və diğər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. (maddə 25.1.3.) Apellyasiya instansiya məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsaslı olmadığından təmin edilməməlidir. Əvvəla ona görə ki cavabdeh ekspert rəyinin əsassız olduğunu, hesablanmış ziyan məbləğinin absurd olduğunu bildirsə də şikayətin dəlilləri kimi gətirdiyi arqumentləri təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin iddianın onun etiraf etdiyi həcmdə 1000 manat məbləğində təmin olunmasını isə nəyə əsasən hesablandığını sübut edə bilməmişdir. İkincisi ona görə ki, məhkəmə ekspertizasının 9/1752 saylı, 29.04.2021-ci il tarixli rəyindən görünür ki, “Mercedes Benz” markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği 2.690 manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 100 manat məbləğində, təmir-bərpa işlərinin qiyməti 850 manat məbləğində müəyyən olunmuşdur. Üçüncüsü, Kollegiya qeyd edir ki, “ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Dördüncüsü, apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, cavabdehin iddiaçıya sığorta ödənişini ödəməkdən imtina etməsi sığorta hüququnun ümumi prinsiplərinə ziddir. Çünki, bu imtina sığorta institutunun mahiyyətinə zidd olmaqla ədalətli hesab edilə bilməz. Bu cür münasibət ayrı-ayrı şəxslər tərəfindən sığorta institutlarına və sığorta təşkilatlarına olan inamın və etibarın itirilməsi ilə nəticələnə bilər. Nəticədə isə, bu inamın və etibarın itirilməsindən ən çox sığorta təşiklatları zərər çəkə bilər. Çünki, iddiaçının güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd cavabdehin hüququnu həyata keçirməsi və aralarında yaranmış mülki hüquq münasibətlərini nəzərə almaq istəməməsi yalnız və yalnız hüquqdan sui-istifadə kimi qiymətləndirilə bilər. Beşinci, zərərin əsassız olaraq artıq hesablandığını qeyd edən cavabdeh ekspertizanın keçirilməsinin zəruriliyinə dair də ciddi dəlillər göstərməmişdir. Çünki, hər hansı bir əsaslı səbəb olmadan lüzumsuz olaraq məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi də təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(016)-119/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.. Kollegiya belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(016)-119/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2157/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2157/2021
23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver