Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2158/2020 19.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və Cavabdeh iştirakı ilə, Oğuz Rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(054)-180/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Oğuz rayonu Kərimli kənd qəbiristanlığındakı ziyarətgahda cavabdehin qanunsuz fəaliyyətinə son qoyularaq oradan uzaqlaşdırılması, ulu babaları X35 Əfəndinin məzarının üzərindən oğurlanmış baş daşının tapılıb yerinə bərpa olunması, onlara dəymiş cəmi 90.000 (doxsan min) manatlıq maddi və mənəvi zərərin ödənilməsi, habelə cavabdehin 2007-2020-ci illər ərzində ziyarətgahdakı qanunsuz əməllərinin araşdırılaraq məsuliyyətinin müəyyən edilməsi və dini icmanın qanuna uyğun olaraq öz hüquqi ünvanında fəaliyyət göstərməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçılar məhkəmə prosesinin gedişində məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehdən tələb etdikləri cəmi 90.000 (doxsan min) manat məbləğin 40.000 (qırx min) manatdan ibarət hissəsinin maddi zərər, 50.000 (əlli min) manatdan ibarət hissəsinin isə mənəvi zərər məbləği kimi tələb etdiklərini bildirmişlər. Oğuz Rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(054)-180/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Oğuz rayonu Kərimli kəndində yerləşən məzarlıqda Cavabdeh Quban oğlu tərəfindən dəyişdirilən, X35 Əfəndiyə aid olduğu qeyd edilən məzarın üzərində olmuş baş daşının öz əvvəlki yerinə bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması, Cavabdeh Quban oğlundan iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5 hər birinin xeyrinə 1000 (bir min) manat olmaqla, cəmi 5000 (beş min) manat mənəvi zərər məbləğinin tutulması, iddia tələbinin cavabdehdən 40.000 (qırx min) manat maddi zərər məbləğinin tutulması, Oğuz rayonu Kərimli kənd qəbiristanlığındakı ziyarətgahda cavabdehin qanunsuz fəaliyyətinə son qoyularaq oradan uzaqlaşdırılması, cavabdehin 2007-2020-ci illər ərzində ziyarətgahdakı qanunsuz əməllərinin araşdırılaraq məsuliyyətinin müəyyən edilməsi və dini icmanın qanuna uyğun olaraq öz hüquqi ünvanında fəaliyyət göstərməsinə dair hissələrinin rədd edilməsi və iddiaçıların məhkəməyə müraciət edərkən ödədikləri 30 (otuz) manat dövlət rüsumu məbləğinin onların özlərinə aid edilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh tərəfindən apellyаsiyа şikаyəti verilmişdir. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, hazırki iddia ona qarşı deyil, onun sədri olduğu Oğuz rayon Kərimli kənd məscidi dini icmasına qarşı qaldırılmalı idi. Çünki həmin hərəkətlər Oğuz rayon Kərimli kənd məscidi dini icmasının fəaliyyəti ilə əlaqədar olmuşdur. Lakin birinci instansiya məhkəməsi bunu nəzərə almamışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməli, Oğuz Rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(054)-180/2020 saylı qətnaməsi ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı5 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq İddiaçı4 heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Oğuz Rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(054)-180/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və yaapellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsində iddiaçıların vəsatəti əsasında iş üzrə şahid qismində dindirilmiş X15 ifadə verərək göstərmişdir ki, o, əslən Oğuz rayon Kərimli kəndindəndir və hazırda da həmin kənddə yaşayır. Atası Kərimli kəndinin imamı olmuş və 1993-cü ildə atası vəfat edəndən sonra o, həmin kəndin imamıdır. Kərimli kəndində bir məscid və el arasında deyilən sözlərə 360 ziyarətgah vardır. Daha çox tanınan 7-8 ziyarətgah vardır ki, onlardan “Çərşənbə baba”, “Həlim baba”, “Göz ziyarətgahı”, “Pir Baba”, “Qızıl yel” ziyarətgahlarını tanıyır. “Çərşənbə baba” adı ilə tanınan ziyarətgahın Salehovlar nəslinin, yəni hazırki iş üzrə iddiaçıların ulu babasının məzarı olduğu barədə məlumatı vardır. O, kəndin imamı kimi müntəzəm olaraq həmin ziyarətgaha gedib-gəlir və ziyarətgah kimi tanınan məzarın üzərində baş daşı olduğunu görmüşdür. 2007-ci ilədək həmin ziyarətə hazırki iş üzrə iddiaçıların ailə üzvləri, Salehovlar nəslinin digər nümayəndələri nəzarət etmişlər. Həmin vaxtlarda ziyarətdə bu nəsilin yaxın və uzaq qohumları həftənin ayrı-ayrı günlərində növbə ilə dayanmışlar. Ziyarətgah kimi tanınan məzar onun məlumatına görə X35 Əfəndiyə aiddir. Həmin məzarın ətrafında üzərində ərəb əlifbası ilə baş daşı olan digər məzarlar da vardır. İddiaçıların nəslinin nümayəndələri də qeyd olunan məzarlıqda, X35 Əfəndinin məzarının yaxınlığında dəfn edilmişlər. Şeyx X1, onun oğlu Mirbaba, Mirbabanın oğlanları Niymət və Şövkət, həmçinin, bu nəslin vəfat etmiş qadınlarının da məzarı həmin məzarlıqdadır. X35 Əfəndinin məzarının üzərindəki baş daşının kənarında daşı yazdıranın X2 olması yazılmışdır. Daşın ortasında isə X38 Sadiq Əfəndinin adı olmuş və həmin daş son vaxtlaradək ziyarətgahda məzarın üzərində olmuşdur. Bir neçə ay əvvəl onları Oğuz rayon Polis Şöbəsinə çağıraraq məzarın üzərindəki daşın dəyişdirilməsi barədə soruşmuşlar. Həmin vaxt Cavabdeh özü etiraf etdi ki, daşı dəyişdirmişdir. Bundan sonra o özü də baş daşına baxaraq əvvəlki daş olmadığını, yəni daşın dəyişildiyini təsdiq etmişdir. Dəyişdirilən daşı o, sonuncu dəfə Polis Şöbəsinə çağırılandan bir neçə ay əvvəl görmüşdür. Ancaq Cavabdeh həmin daşı nə vaxt və hansı şəraitdə dəyişməsi barədə dəqiq məlumatı yoxdur. Birinci instansiya məhkəməsində iddiaçıların vəsatəti əsasında iş üzrə şahid qismində dindirilmiş Əfəndiyev Mötəbər Mirömər oğlu ifadə verərək göstərmişdir ki, o, 1979-cu ildən 1996-cı ilədək Oğuz rayon İstehlak Cəmiyyətində anbar müdiri vəzifəsində işləmişdir. Anbarda saxlanılan tikinti materialları yalnız sənəd üzrə, yəni qaimə ilə istehlakçılara verilmişdir. Ancaq hərdən ayrı-ayrı şəxslərin müraciəti əsasında həmin şəxslərə sənəd olmadan da, dəyəri nağd şəkildə ödənilməklə tikinti materialları satılmışdır. O, iddiaçıların həmin illərdə Oğuz rayon İstehlak Cəmiyyətinin anbarından dəmir lövhə, dəmir boru, künclük, sement və digər tikinti materialları alıb aparmalarının, həmin materialların Kərimli kəndindəki ziyarətgahda abadlıq işlərinin yerinə yetirilməsinə sərf edildiyinin şahidi olmuşdur. Birinci instansiya məhkəməsində iddiaçıların vəsatəti əsasında iş üzrə şahid qismində dindirilmiş X16 ifadə verərək göstərmişdir ki, o, 1950-ci ildə orta məktəbin birinci sinfinə getmişdir. Onun məktəbə getdiyi yol ziyarətgahın qarşısından keçmiş və o, hər gün məktəbə gedəndə ziyarətgahın qarşısında İddiaçı1 atası Mirbaba kişinin dayandığını görmüşdür. O və digər uşaqlar dərsdən gələndə Mirbaba kişi ziyarətgaha nəzir kimi qoyulan çörək və digər ərzaqlardan onlara vermişdir. Sonralar həmin ərazidə məzarların sayı artdığına görə ziyarətgahın ərazisi də böyümüş, bundan sonra 1950-1960-cı illərdə iddiaçıların ata-babaları həmin ərazinin ətrafını hasarla əhatəyə almışlar. Bir müddət sonra isə təzə qəbiristanlıq, yəni asfalt yolun digər tərəfində olan indiki qəbiristanlıq yaranmışdır. O həmin ziyarətgahı “Çərşənbə baba” ziyarəti kimi tanımış və orada uzun illər boyu İddiaçı1 atası Mirbaba kişinin dayandığını görmüşdür. Birinci instansiya məhkəməsində cavabdehin vəsatəti əsasında iş üzrə şahid qismində dindirilmiş X25 ifadə verərək göstərmişdir ki, o, 1933-cü ildə Oğuz rayonu Kərimli kəndində anadan olmuşdur. 1940-cı ildə atası müharibəyə getmiş, ailədə o özü, dörd bacısı, anası və nənəsi qalmışlar. 1941-ci ildə aclıq dövrü başlamış və onlar çox çıxılmaz vəziyyətə düşmüşlər. İki bacısı acından ölmüş, 1941-ci ilin sonlarına yaxın nənəsi onu aparıb kənddəki ziyarətgahda oturtmuşdur ki, kim nə versə, götürüb çörək alsınlar. Ziyarətgahdan yığılan qəpik-quruşla 1941-ci ili birtəhər başa vurmuşlar. 1943cü ildə müharibədən atasının qara kağızı gəlmişdir. O, 1952-ci ildə hərbi xidmətə gedənədək ziyarətgahda dayanmış, hərbi xidmətə gedəndə ziyarətgahı bacısına təhvil vermişdir. 1955-ci ildə hərbi xidmətdən qayıdıb Oğuz rayonu Padar kəndinə işləməyə getmişdir. Bundan sonra nənəsi ona demişdir ki, Çərşənbə babanın vəsiyyəti var ki, ziyarətin üstündə çarəsiz, yəni möhtac olan, maddi imkansız adam dayansın. O özü işləyərək əmək haqqı aldığına görə nənəsi bacısının daha orada dayanmasına razı olmamışdır. Bundan sonra qonşularında olan Zeynəb arvadın oğu Rauf ziyarətdə dayanmışdır. O, həmin ziyarətgahı “Çarəçi baba” və “Çərşənbə baba” kimi hər iki adla kimi tanımışdır və onun bildiyinə görə hər iki ad eyni mənanı verir. Nənəsinin dedeiyinə görə Çarəçi baba gəlmə olmuş, iki ərəb qardaşlar gəlib neft satırmışlar. Onlar “Çərşəbə baba” ziyarətgahına gəlib-gedirmişlər. Həmin adamlar onun ata babası İsaya demişlər ki, oğlu Musa evlənər, onun da oğlu olanda adını Zənnum qoyar. Ancaq eşitdiyinə görə atası anadan olanda nənəsi bu ada razı olmamış, sonradan isə həmin adı ona qoymuşlar. O, ziyarətgahda dayanan vaxtlarda məzarın üzərində kiçik bir daş olmuş, ancaq hərfləri oxuya bilmədiyindən nə yazıldığını bilmir. Həmin daş yerdə olmuşdur. Sonradan daşın dəyişməsi, təmiri və sair barədə heç nə eşitməmişdir. Hazırki iş üzrə iddiaçılar Mirsadiq Əfəndi nəslinin nümayəndələri kimi tanınırlar və onlar uzun müddət ziyarətgahda dayanmışlar. Ancaq həmin ziyarətgahın Mirsadiq Əfəndiyə aid olub-olmadığını dəqiq bilmir. Eşitdiyinə görə ərəblər hər dəfə həmin əraziyə neft satmağa gələndə həmin məzarı ziyarət edib getmişlər. Ancaq məzarda dəfn olunan şəxsin ərəblərin nəslindən kiminsə olub-olmadığını da bilmir. Bir neçə il əvvəl həmin məzarın üzərindəki daşın dəyişdirilməsinə razılıq verməsi ilə bağlı hansısa protokola imza etdiyini, belə bir iclas keçirildiyini xatırlamır. Protokolda imzası varsa, yəqin ki, iclas da keçirilmişdir. Ancaq o, məzar üzərindəki baş daşının dəyişdiriləcəyini bilməmiş, həmin ərazidən tapılan baş daşının öz əvvəlki yerinə qoyulacağını güman etmişdir. Birinci instansiya məhkəməsində cavabdehin vəsatəti əsasında iş üzrə şahid qismində dindirilmiş X3 ifadə verərək göstərmişdir ki, o, 1941-ci ildə Oğuz rayonu Kərimli kəndində anadan olmuşdur və hazırda da həmin kənddə yaşayır. Kərimli kənd məscidi dini icmasının üzvüdür. Hazırda mübahisələndirilən məzar qədim məzardır və bu məzarda kimin dəfn edildiyini dəqiq bilən yoxdur. 1950-ci illərə qədər həmin ziyarətgahda Zənnum Musayevin anası, daha sonra bacısı, sonralar isə Mirbaba Salehov dayanmışdır. Həmin ziyarətgahda ayrı-ayrı vaxtlarda növbə ilə müxtəlif adamlar dayanmışdır. Ziyarətgah hesab edilən məzarın üzərindəki kiçik daşın üstündə ərəb əlifbası ilə yazılar olmuşdur. Mirsadiq babanın məzarı üstündə əvvəllər baş daşı olmamış, orada yalnız yastı bir qəbir daşı olmuş, ziyarətə gələnlər də nəziri o daşın üstünə qoymuşlar. Məzarın üstünə baş daşı sonradan qoyulmuşdur. Baş daşının üzərində əski əlifba ilə “yazdıran Mirbaba Mirsaleh oğlu” sözləri yazılmışdır. Ancaq onun bildiyinə görə Mirbaba Mirsaleh oğlu həccə getməmişdir və hacı hesab edilmir. Sonralar həmin məzarın üzərinə İlyar Vahabov tərəfindən günbəz düzəltdirilmişdir. İlyar Vahabov kənddəki “Həlim baba” pirini də təmir etdirmişdir. Mirsadiq babanın məzarı üstündə olan daşın dəyişdirilməsi ilə bağlı məsələ 2009-cu ildə müzakirə olunmuş və bu barədə qərar qəbul edilmişdir. Dedilər ki, həmin yerdə torpağın altında daş aşkar olunmuş, üzərində 1261 (1845) rəqəmləri yazılmışdır. Qeyd olunan ərazidə məzar yerləri çoxdur. Daş günbəzin arxa tərəfində boş qəbirdən çıxmışdır. Ona görə də hesab etmişlər ki, qarşı tərəfdəki məzara aiddir. Həmin daş lövhə şəklində, bir tərəfi qırılmış sal daşı olmuş, arxa tərəfində də döymə şəkil kimi at və üstündə adam təsviri omuşdur. Daşın üzərindəki yazıları Milli Elimlər Akademiyasında da oxutdurmuşlar. Bundan sonra həmin daşın ziyarətgaha aid olduğunu fikirləşib dəyişdirilməsinə qərar vermişlər. Ancaq daşın nə vaxt dəyişdirildiyini bilmir. Birinci instansiya məhkəməsində cavabdehin vəsatəti əsasında iş üzrə şahid qismində dindirilmiş X7 ifadə verərək göstərmişdir ki, o, 1951-ci ildə Oğuz rayonu Kərimli kəndində anadan olmuşdur və hazırda da həmin kənddə yaşayır. Kərimli kənd məscidi dini icmasının üzvüdür. 2009-cu ildə dini icmanın iclası keçirilmiş və iclasda qeyd edilmişdir ki, ziyarətgahın ərazisində məzar daşı tapılmışdır və o daş gətirib yerinə qoyulmalıdır. O, daşın özünü və ya üzərindəki yazıları görməmişdir. Ancaq Cavabdeh demişdir ki, daşın üzərindəki yazıları oxutdurmuşdur. Tapılan daşın həmin ziyarətgah hesab edilən məzara aid olduğunu fikirləşib dəyişmək qərarına gəlmişlər. O da bu barədə tərtib edilən protokola dini icmanın üzvü kimi, protokolu oxumadan və məzmunu ilə tanış olmadan imza etmişdir. Ancaq o, daş dəyişdiriləndə orada olmamışdır, məzarın üzərində olan daşı dəyişdirməyə dini icmanın səlahiyyətinin olub-olmadığını da bilmir. Birinci instansiya məhkəməsində cavabdehin vəsatəti əsasında iş üzrə şahid qismində dindirilmiş X17 ifadə verərək göstərmişdir ki, o, 1948-ci ildə Oğuz rayonu Kərimli kəndində anadan olmuşdur və hazırda da həmin kənddə yaşayır. Kərimli kənd məscidi dini icmasının üzvüdür. Kərimli kəndindəki ziyarətgahı “Çərşənbə baba” ziyarəti kimi tanımış və orada baş daşı olduğunu görmüşdür. Ziyarətgahın ərazisindən məzar daşının tapılması ilə əlaqədar 2009-cu ildə Oğuz rayon İcra Hakimiyyətində keçirilən müzakirədə o da iştirak etmişəm. İcra Hakimiyyətində yalnız şifahi müzakirələr olmuşdur. Cavabdeh rayon rəhbərliyi tərəfindən daşın öz yerinə qoyulmalı olduğunun məsləhət bilindiyini demişdir. Lakin o, İcra Hakimiyyəti tərəfindən daşın dəyişdirilməsi ilə bağlı yazılı göstəriş və ya qərar verildiyini görməmiş və eşitməmişdir. Ancaq dini icmanın iclasında qərara almışlar ki, daşı dəyişdirsinlər. O, daşın dəyişdirilməsində iştirak etməmişdir, hər hansı məzarın üzərində olan daşı dəyişdirməyə dini icmanın səlahiyyətinin olub-olmadığını da bilmir. Birinci instansiya məhkəməsində cavabdehin vəsatəti əsasında iş üzrə şahid qismində dindirilmiş X22 ifadə verərək göstərmişdir ki, o, 1963-cü ildə Oğuz rayonu Kərimli kəndində anadan olmuşdur və hazırda da həmin kənddə yaşayır. Kərimli kənd məscidi dini icmasının üzvüdür. Kərimli kəndində olan ziyarətgahı “Çərşənbə baba” ziyarətgahı kimi tanımışdır. O, hələ orta məktəbdə oxuyan illərdə məzarın üzərində döymə yazılar olan xırda baş daşı görmüşdür. Bir neçə il əvvəl dini icmanın iclasında Cavabdeh məzar daşının dəyişdirilməli olduğunu demişdir Əvvəlki daşın üstündə ərəb əlifbası ilə yazılar olmuş, onun məlumatına görə həmin yazılarda “yazdıran X9” məzmununda sözlər yazılmışdır. Cavabdeh daşın dəyişdirilməli olduğu barədə Bakı şəhərindən rəsmi sənəd əldə edildiyini demişdir. Ancaq o həmin sənədi görməmiş, eyni zamanda, daşın dəyişmə prosesində də iştirak etməmişdir. Əvvəlki baş daşının da hara qoyulduğunu bilmir. Birinci instansiya məhkəməsində cavabdehin vəsatəti əsasında iş üzrə şahid qismində dindirilmiş X18 ifadə verərək göstərmişdir ki, o, 1980-ci ildə Oğuz rayonu Kərimli kəndində anadan olmuşdur və hazırda da həmin kənddə yaşayır. Kərimli kənd məscidi dini icmasının üzvüdür. O, ərəb əlifbası ilə oxuya bilməsə də və ziyarətgahın nə olduğunu dəqiq bilməsə də, Kərimli kəndindəki ziyarətgahda üzərində ərəf əlifbası ilə yazılar olan baş daşı olduğunu görmüşdür. 2009-cu ilin avqust ayının 15-də daşın dəyişməsi ilə bağlı dini icmanın iclası olmuşdur. Bununla bağlı tərtib edilmiş protokola o özü də imza etmiş, lakin protokolu oxumamış və məzmunu ilə tanış olmamışdır. Protokolda icma üzvlərinin baş daşının dəyişdirilməsinə razılıq verilməsi barədə qeyd olmasından məlumatı yoxdur. Məzarın üzərində dəyişiklik edilməsi ilə bağlı məsələ üzrə dini icmanın qərar qəbul etmək səlahiyyətinə malik olub olmadığını da bilmir. Birinci instansiya məhkəməsində cavabdehin vəsatəti əsasında iş üzrə şahid qismində dindirilmiş X19 ifadə verərək göstərmişdir ki, o, 1979-cu ildə Oğuz rayonu Kərimli kəndində anadan olmuşdur və hazırda da həmin kənddə yaşayır. 2008-ci ildə Kərimli kəndindəki ziyarətgahın ərazisində təmizlik işləri apararkən günbəzin arxa tərəfində, ziyarətgahdan 2-3 metr kənarda yerdə əlindəki dırmığın torpağın altındakı daşa toxunduğunu hiss etmiş, həmin yerin üst qatını bir qədər qazıyandan sonra torpağın altından məzar daşı çıxmışdır. Daş, təxminən, 15-20 sm dərində olmuşdur. Ancaq daşın 2008-ci ildə dəqiq olaraq hansı ayda və hansı tarixdə tapıldığı yadında deyil.O, daşın üstünü təmizləmiş və dini icmanın sədri kimi hazırki iş üzrə Cavabdeh bu barədə məlumat vermişdir. Cavabdeh gəlib daşa baxmış, bundan sonra daşın dəyişdirilməsi ilə bağlı iclas keçirilmişdir. Həmin ərazidə üzərində ərəb yazıları olan başqa daşlar da vardır. O özü ərəb əlifbasını oxuya bilmir, ancaq cavabdeh torpağın altından tapılan daşa baxıb bu daşın ziyarətgahın daşı olduğunu demişdir. O, daşın dəyişdirilməsi prosesində və ya bununla bağlı iclasda iştirak etməmişdir. Birinci instansiya məhkəməsində cavabdehin vəsatəti əsasında iş üzrə şahid qismində dindirilmiş Bəkirov İbraxim ifadə verərək göstərmişdir ki, o, 1949-cu ildə Özbəkistan Respublikasında anadan olmuş məshəti türküdür. 1991-ci ildən indiyədək isə Oğuz rayonu Kərimli kəndində yaşayır. O, Özbəkistan Respublikasında 6 yaşından mədrəsə təhsili almışdır, ərəb əlifbasını oxuya bilir və Quranı da oxuyur. 2007-ci ildə Kərimli kəndinin icra nümayəndəsi onu kənddəki ziyarətə molla təyin etmişdir. Ziyarətgahdakı məzarın üzərindəki daşın dəyişməsi ilə bağlı 2009-cu ilin avqust ayının 15-də iclas olmuşdur. Ancaq daşın dəyişmə prosesindən onun xəbəri yoxdur. O, hər gün ziyarətgahda olur, ancaq həmin məzarın üzərindəki daşın dəyişməyindən 2019-cu ilin may ayında İddiaçı5 bu barədə ona deyəndən sonra xəbər tutmuşdur. O, 2007-ci ildə işə başlayanda məzarın üzərində gördüyü daşın hazırda orada olmadığını, indi olan daşın dəyişdirilmiş daş olduğunu təsdiq edir. Ancaq daşın 2007-ci ildən 2019-cu ilin may ayınadək olan müddət ərzində nə vaxt dəyişdiyini bilmir. O, bu illər ərzində hər dəfə ziyarətgahda Quran oxuyanda “Çərşənbə baba” ziyarəti adı ilə oxumuşdur. İndi də Quran oxuyanda “Çərşənbə baba” ziyarəti adı ilə oxuyur, “Seyid Əli oğlanları Baba Kəsna və Nəsrin” sözlərini demir. O, ərəb əlifbasını oxuya bilsə də, məzar daşlarının üstü bəzək hərfləri ilə yazıldığından daşların üstündəki yazıları oxumaqda çətinlik çəkir. Birinci instansiya məhkəməsində həm iddiaçıların, həm də cavabdehin vəsatəti əsasında iş üzrə şahid qismində dindirilmiş X8 ifadə verərək göstərmişdir ki, o, Azərbaycan Respublikasının X37 üzrə Dövlət Komitəsinin Oğuz rayonu üzrə nümayəndəsi vəzifəsində işləyir. Kərimli kənd məscidi dini icması 2007-ci ildə yaradılmış və dövlət orqanında rəsmi qeydiyyatdan keçməklə Nizamnaməsi təsdiq edilmişdir. Dini icma ibadət məqsədi ilə yaradılıb və icmanın hüquqi ünvanı Kərimli kənd məscididir. Nizamnaməyə görə dini icmanın yerləşdiyi ərazidə olan ziyarətgahlar icmanın himayəsinə verilə bilər, toplanan vəsaitin xeyriyyə məqsədləri ilə sərf edilməsinə nəzarət edə və abadlıq işlərini yerinə yetirə bilər. Lakin Kərimli kəndindəki ziyarətgahın Kərimli kənd məscidi dini icmasının himayəsinə verilməsi ilə bağl hər hansı rəsmi sənəd yoxdur. X37 üzrə Dövlət Komitəsi dini icmanın qanuni fəaliyyətinə nəzarət edir, ziyarətgahlara isə X12 nəzarət edir. Kərimli kənd məscidi dini icmasına da məsciddə ibadət etmələri tövsiyyə olunmuşdur, ancaq dini icmanın üzvlərinin yalnız məsciddə ibadətlə məşğul olmaları vacib şərt deyildir. Ziyarətgahda olan məzar daşının dəyidirilməsi ilə bağlı 2019-cu ildə məlumat alan kimi o özü dərhal həmin əraziyə gəlib baxmış, cavabdeh özü də məzarın üzərindəki daşı dəyişdirdiyini etiraf etmişdir. Bununla bağlı tərəflər arasında mübahisə yarananda həm iddiaçılar, həm də cavabdeh dəfələrlə dəvət edilərək onlarla profilaktiki söhbətlər aparılmış, mübahisənin həlli yolları izah edilmişdir. Birinci instansiya məhkəməsində həm iddiaçıların, həm də cavabdehin vəsatəti əsasında iş üzrə şahid qismində dindirilmiş X14 ifadə verərək göstərmişdir ki, o, Oğuz şəhərində yaşayır və rəssamlıq fəaliyyəti ilə məşğul olur. Ayrı-ayrı şəxslərin, idarə və təşkilatların sifarişi ilə öz peşəsinə uyğun müəyyən işləri yerinə yetirir. Bir neçə il əvvəl Cavabdeh ona demişdir ki, ziyarətgahda olan məzar daşının üzərindəki yazılar və təsvirlər solduğundan həmin daşı təmir edib yazıları yenidən yazdırmaq istəyir. O, cavabdehə daşı onun yanına gətirməsini demiş, cavabdeh də daşı onun yaşadığı evin həyətinə gətirmişdir. Həmin daşın üzərində ərəb əlifbasına bənzər hərflər və rəqəmlərlə yazılar, ay-ulduz və sünbülvari naxışlar olmuşdur. Cavabdeh daşın üzərindəki yazılar və təsvirləri göstərib nəyin necə rənglənməli olduğunu ona izah etmişdir. O da daşın üzərində olan yazıların və təsvirlərin formasında və zahiri görüntüsündə heç bir dəyişiklik etmədən onları təzələmiş, yəni yenidən rəngləmişdir. Bundan sonra cavabdeh gəlib həmin daşı aparmışdır. Ancaq o, həmin işi dəqiq olaraq nə vaxt yerinə yetirdiyini xatırlamır. Həm iddiaçıların, həm də cavabdehin vəsatəti əsasında iş üzrə şahid qismində dindirilmiş X23 ifadə verərək göstərmişdir ki, o, 1963-cü ildə Oğuz rayonu Kərimli kəndində anadan olmuşdur, hazırda isə Bakı şəhərində yaşayır. Ancaq Kərimli kəndində ailə üzvləri və yaxın qohumları yaşadığına görə mütəmadi olaraq həmin kəndə gəlir. Hər dəfə kəndə gələndə “Çərşənbə baba” ziyarətinə gedir. Uzun müddət övladı olmadığı üçün 2004-cü ildə onun həmin ziyarətə niyyəti olduğuna görə niyyətinə çatdıqdan sonra ziyarətgahın üzərində günbəz inşa etdirmiş və bəzi təmir işlərini yerinə yetirmişdir. Hazırki iş üzrə iddiaçıları ziyarətgahın sahibləri kimi, yəni ziyarətgah hesab olunan məzarda dəfn edilən şəxsin nəvə-nəticələri kimi tanıdığına görə ziyarətgahda təmir-inşaat işləri yerinə yetiriləndə onlardan icazə almış, həmin ziyarətə niyyəti olduğuna və niyyətinə çatdığına görə təmir-inşaat işləri yerinə yetirmək istədiyini bildirmiş, onlar da buna etiraz etməmişlər. Eyni zamanda, ziyarətgaha gələnlərə xidmət göstərilməsi, onların rahatlığı və şəraitinin təmin edilməsi üçün qab-qacaq, xalça və sair məişət əşyaları da alıb vermişdir. Həmin vaxtdan sonra da hər dəfə kəndə gələndə ziyarətgaha getmişdir. 2017-ci ildə kəndə gələndə ziyarətgahın mollası kimi tanıdığı İbraxim Bekirov ona demişdir ki, ziyarətgahın əlavə təmirə ehtiyacı vardır və ziyarətə gələnlər ziyarətgahın baxımsız olmasından giley edirlər. Bundan sonra o, 2017-ci ilin yaz-yay aylarında ziyarətgahda yenidən təmir işləri aparmışdır. O, təmir işlərini yerinə yetirəndə cavabdeh özü də orada olmuş, təmir işlərini yerinə yetirən şəxslərin yanında dayanmış, hətta, onlarla birlikdə fotoşəkillər də çəkdirmişdir. Həmin fotoşəkillər məhkəməyə təqdim edilmişdir. 2017-ci ildə ziyarətgahda təmir işləri aparılanda məzarın üzərində uzun müddətdən bəri mövcud olmuş əvvəlki baş daşı olmuşdur. Bu həmin fotoşəkillərdən də görünür. Ancaq məzarın üzərindəki baş daşının sonradan nə vaxt və hansı şəraitdə dəyişdirildiyi barədə onun məlumatı yoxdur. İş materiallarına əlavə edilmiş, həm iddiaçılar və cavabdeh tərəfindən, həm də hazırki iş üzrə şahid qismində dindirilmiş X23 adlı şəxs tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərə tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, X23 adlı şəxs tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərdən birində - cavabdehin özünün də olduğu fotoşəkildə cavabdeh digər şəxslərlə birlikdə hazırki iddianın predmetinə aid olan məzarın qarşısında dayanmışdır. Həmin vaxt məzarın üzərində olan baş daşının iddiaçıların babası (ulu babası) Mirbaba Mirsaleh oğlu tərəfindən qoyulduğu, üzərində X35 Əfəndinin adı olduğu bildirilən, yəni əvvəlki baş daşının olduğu görünür. Şəkildə məzarın arxa tərəfində digər şəxslərin məzarı davardır. X23 həmin fotoşəklin 2017-ci ilin yaz-yay aylarında, onun özü orada olan zaman çəkildiyini, özünün də məzar daşının kənarında dayandığını bildirir. Cavabdeh həmin şəklin fotomontaj olduğunu güman etdiyini deyir. X23 isə fotoşəkildə olan, cavabdehin yanında dayanan digər şəxslərin məzarın təmir-bərpa edilməsində işləyən Qurban, Əsgər və Əli adlı ustalar olduqlarını və fotoşəkildə məzarın üzərində görünən baş daşının uzun illərdən bəri həmin yerdə olmuş baş daşı olduğunu təsdiq edir. Eyni zamanda, cavabdeh həmin şəklin fotomontaj olduğu barədə dediklərinin həqiqətə uyğun olmadığını bildirir. Mülki işin məhkəmə araşdırılması ilə əlaqədar məhkəmə tərəfindən iddiaçıların və cavabdehin iştirakı ilə hazırki iddianın predmetinə aid olan məzarın yerləşdiyi əraziyə yeridə müayinə keçirilmişdir. Yerində müayinə zamanı müəyyən edilmişdir ki, Kərimli kənd qəbiristanlığında ziyarətgah kimi tanınan məzarın üzərindəki baş daşı bir müddət bundan əvvəl cavabdeh tərəfindən qoyulmuş daşdır. Həmin daşın kənarlarında qopmuş yerlərin olduğu, kənarlarının sonradan beton qarışığı ilə doldurularaq düzbucaqlı şəklinə salındığı açıq-aşkar hiss olunur. Məzarın üzərində (sinə daşı hissəsində) beton örtüyündən çıxıntı şəklində görünən daş vardır. İddiaçılar həmin daşın X35 Əfəndinin məzarı üzərində ilk vaxtlarda, məzar yeri itməsin deyə qoyulmuş daş olduğunu, sonralar qəbrin üstü düzəldilərkən öz babalarının vəsiyyətinə görə həmin daşı çıxarmadıqlarını, daş yerində qalmaqla ətrafının səliqəyə salndığını və betonla örtüldüyünü bildirmişlər. Məzarın arxa tərəfində digər şəxslərin də məzarı vardır və həmin məzarlar hazırki iş üzrə şahid qismində dindirilmiş X23 tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərdə görünən məzarlardır. Məzarlardan birinin 2016-cı ilin avqust ayında vəfat etmiş Yusifov Oktay adlı şəxsə aid olduğu müəyyən edilir və bu da onu deməyə əsas verir ki, iddiaçıların babası (ulu babası) Mirbaba Mirsaleh oğlu tərəfindən qoyulduğu, üzərində X35 Əfəndinin adı olduğu bildirilən, yəni əvvəlki baş daşı ən azı 2016-cı ilin avqust ayınadək, X23 tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərə əsasən isə ən azı 2017-ci ilin yaz-yay aylarınadək həmin məzarın üzərində olmuşdur. Məzarın ətrafında olan digər məzarlardan, habelə, baş daşlarının üzərində kiril və latın əlifbaları ilə aşkar şəkildə yazılar olan məzarlardan görünür ki, həmin məzarın yaxın ətrafında olan məzarların böyük əksəriyyəti iddiaçıların nəslindən olmuş şəxslərə - onların hansısa birinin atasına, digərinin babasına, nənəsinə və başqa qohumluq əlaqələri olan şəxslərə aiddir. Yerində müayinə zamanı həm də müəyyən edildi ki, iddiaçıların onların özünün və ata-babalarının vəsaiti hesabına inşa edildiyini iddia etdikləri əmlaklar və digər avadanlıqların heç biri sökülüb dağıdılmamış, mənimsənilməmiş, mövcud olan əmlaklar yeniləri və daha keyfiyyətliləri ilə əvəz edilmişdir. İddiaçıların məhkəməyə təqdim etdikləri fotoşəkillərdə təsvir olunan, daş hasarın üzərindəki lövhələrdən kənd camaatının xeyir-şər məclislərində istifadə edilmək üçün dəmir stol-stullar düzəldilmişdir və həmin stol-stullar hazırda Kərimli kənd məscidinin qarşısındadır. Təqdim edilmiş fotoşəkillərdə təsvir olunan dəmir məhəccərlər isə sökülərək kənddəki məzarlıqlara mal-qara girməsinin qarşısını almaq üçün həmin məzarlıqların ərazisinin kənarlarının əhatəyə alınmasına sərf edilmişdir. Hazırda həmin məzarlıqlar tam şəkildə əhatəyə alınmışdır. Məhkəmə kollegiyası araşdırması zamanı müəyyən edildi ki, Oğuz rayonu Kərimli kənd sakinləri tərəfindən xx.xx.2007-ci il tarixli ümumi yığıncağında dini icmanın yaradılması qərara alınmış, xx.xx.2007-ci il tarixdə isə dini icma Azərbaycan Respublikası X37 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmiş və icmanın Nizamnaməsi təsdiq edilmişdir. Həmin vaxtdan icma rəsmi şəkildə fəaliyyətə başlamışdır. İcma yaradılandan sonra qeydiyyatdan keçən günədək 4-5 ay ərzində isə qeyri-rəsmi olaraq (protokol ilə) fəaliyyət göstərmişdir. Hazırki iş üzrə cavabdeh Kərimli kənd məscidi dini icmasının sədridir. Kərimli kənd qəbiristanlığında ziyarətgah kimi tanınan məzarın üzərindəki baş daşı bir müddət bundan əvvəl cavabdeh tərəfindən dəyişdirilmişdir. Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən iddia tələbini qismən təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2002-ci il tarixli Qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 saylı Qərarına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X13 Haqqında Konvensiya»nın müddəaları və X27 Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər (2-ci bənd). Həmin Qərarın 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların ca-vabdehin qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zə-rərvuran şəxsin təqsirinin müəyyən edildiyi hallarda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci mad-dəsinə müvafiq olaraq, mənəvi zərərin ödənilməsi barədə iddia təmin edilə bilər. Qərarın 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qərarın 11-ci bəndində göstərilir ki, mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibət bildirərək qeyd etməyi lazım bilir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət omaqla göstərilən əsaslar heç bir sübutla əsaslandırılmamışdır. Belə ki, cavabdeh hazırki iddianın ona qarşı deyil, onun sədri olduğu Oğuz rayon Kərimli kənd məscidi dini icmasına qarşı qaldırılmalı olduğunu, həmin hərəkətlərin Oğuz rayon Kərimli kənd məscidi dini icmasının fəaliyyəti ilə əlaqədar olduğunu bildirsə də, kollegiya həmin dəlillərlə razılaşmır. Məhkəməyə təqdim edilmiş, Kərimli kənd məscidi dini icmasının Nizamnaməsində dini icmanın ziyarətgahlara himayədarlıq etdiyi nəzərdə tutulmuşdur. Cavabdeh ziyarətgahın dini icmanın himayəsinə verildiyini iddia etsə də, məhz hansı ziyarətgahın, hansı səlahiyyətli orqan tərəfindən, nə vaxt və hansı qərarla və ya digər rəsmi sənədlə verildiyi barədə məhkəməyə hər hansı rəsmi sənəd və ya digər sübut təqdim etməmişdir. Cavabdeh həmin məzarın üzərindəki baş daşının dəyişdirilməsinə icazəsinin və ya hüququnun olması barədə digər hər hansı sübutu da məhkəməyə təqdim edə bilməmiş, cavabdehin belə bir səlahiyyətə malik olması məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin məzarın üzərindəki baş daşının dəyişdirilməsinə dini icmanın üzvlərinin razılığının alınması, bu barədə müvafiq orqanların da məlumatlı olması barədə izahatında göstərdikləri xüsusatlar özü-özlüyündə cavabdehin etirazlarının haqlı və dəlillərinin əsaslı olması kimi qəbul edilə bilməz. Bundan başqa birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş icma üzvlərinin ifadələri ilə müəyyən olunur ki, baş daşının dəyişdirilməsinə razılıq verilməsi barədə dini icmanın ümumi yığıncağında iştirak edən şəxslər həmin yığıncağın hansı məsələ ilə əlaqədar keçirildiyini, hansı mövzunun müzakirə olunduğu dərk etməmiş, tərtib edilmiş protokola oxumadan və məzmunu ilə tanış olmadan imza etmişlər. Ümumiyyətlə, belə bir yığıncağın və ya iclasın, həqiqətən də, keçirilmiş olması və baş daşının dəyişdirilməsinə razılıq verilməsi barədə mövzunun müzakirə olunması faktları öz təsdiqini tapmamış, iclas keçirildiyi halda belə, hər hansı şəxsə məxsus olan məzarın üzərində dəyişiklik edilməsi ilə bağlı məsələ üzrə dini icmanın qərar qəbul etmək səlahiyyətinə malik olduğu nə həmin icmanın Nizamnaməsi, nə də digər sənədlə müəyyən edilməmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdeh hazırki iddianın predmetinə aid olan məzarın üzərindəki baş daşını heç bir hüququ və ya səlahiyyəti olmadan, özbaşına və qanunsuz olaraq dəyişmişdir. Ona görə də məhkəmə kollegiyası qeyd edir ki, şikayət birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi üçün əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci mаddəsinə əsаsən, işdə iştаk edən şəxslərin iş üçün əhəmiyyətli olаn və onlаrа məlum olаn fаktlаr bаrədə izаhаtlаrı iş üzrə toplаnmış digər sübutlаrlа yoxlаnılmаlı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Oğuz Rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(054)-180/2020 saylıqətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq,məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Oğuz Rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(054)-180/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2158/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2158/2020
19.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver