Məhkəmə qərarları › İş №2(107)-217/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-217/2021

28.01.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-217/2021 28.01.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(046)-24/2020 nömrəli qiyabi qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 Novruz oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin (hakim Zəfər Quliyev) xx xxxxxx 2020-ci il tarixli 2(046)-24/2020 nömrəli qiyabi qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair iddiası təmin edilərək Cavabdeh 52000 (əlli iki min) ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı və iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 10 (on) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İşin halları İddiаçı İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cаvаbdeh Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qаrşı, üçüncü şəxs X9 cəlb edilməklə, iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək Göyçay şəhəri H.Əliyev prospekti 87 saylı evin 36 saylı mənzilinin alınmasına görə onun tərəfindən ödənilmiş 52000 ABŞ dolları məbləğində pulun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarımasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, cavabdehlə 2011-ci ilin may ayından faktiki nikah münasibətlərində olmuşdur. Həmin müddətdə onların uşaqları olmamışdır. O, cavabdehlə Göyçay şəhərində kirayə götürdüyü evdə yaşamış, 2012-ci ildə o, mənzil almaq qərarına gəlmiş və bununla bağlı yaşayış sahəsi axtarmağa başlamışdır. Göyçay şəhəri H. Əliyev prospekti 87 saylı evin 36 saylı mənzilinin satılması barədə ona məlumat verilmişdir. Cavabdehlə bu ünvana gedərək mənzilin şəraitinə baxmışlar. Mənzil 3 otaqlı və normal təmirli olmaqla, yaşamaq üçün çox əlverişli şəraitdə idi. Bir həyat yoldaşı olaraq cavabdehin də həmin mənzili bəyənməsini və alınmasını arzu etdiyini görüb, sözügedən mənzili almaq qərarına gəlmişdir. Mənzilin mülkiyyətçisi olan X7 mənzili neçəyə satmasını soruşduqda sonuncu mənzili 52000 ABŞ dollara satdığını bildirmişdir. X9 mənzili almaq niyyətini gördükdən sonra ondan müqavilə bağlananadək borcunu qaytarmaq uçun ona 52000 ABŞ dollarından 32000 ABŞ dolları pulun verilməsini xahiş etmişdir. Qalan məbləği, yəni 20000 dollar pulu isə notariat kontorunun məktubu əsasında «xxxx» ASC-nin Göyçay filialında notariat kontorunun hesabına qoymuşdur. Mənzilin rəsmiləşdirilməsi ərəfəsində səhhətində olan ciddi xəstəliklə əlaqədar yataqdan qalxa biləcək imkanı olmadığından, mənzilin faktiki nikahda olduğu cavabdehin adına rəsmiləşdırılməsinə razılıq vermişdir. xx xxxxxx 2012-ci il tarixdə Göyçay rayon notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsi əsasında Göyçay şəhəri H.Əliyev prospekti 87 saylı evin 36 saylı mənzilini cavabdehin adına rəsmiləşdirilməklə almış və mənzil cavabdehin mülkiyyətinə keçmişdir. Cavabdehlə münasibəti əvvəllər normal olsa da, xx xxxxxx 2013-cu il tarixdən bu vaxta qədər kəskin surətdə munasibətlər dəyişməyə başlamışdır. Cavabdeh heç bır əsaslı səbəb olmadan onunla münasibətləri kəsmiş, hətta onun vəsaiti hesabına alınmış mənzilə daxıl olmağa belə imkan verməmişdir. Cavabdehin atasının qeyd olunan mənzili almaq üçün vəsaiti olmamışdır. O, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməmiş və onun rədd olunmasını xahiş etmişdir. O, qeyd etmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, mübahisəli mənzil onun atasının vəsaiti hesabına əldə olunmuşdur. O, iddiaçı ilə faktiki nikah münasibətlərində olduğunu və mənzilə birgə baxıb seçdiklərini söyləmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 bildirmişdir ki, o, Göyçay şəhəri H.Əliyev prospekti 87 saylı evin 36 saylı mənzilinin mülkiyyətçisi olmuşdur. Mənzili 52000 ABŞ dollarına satmışdır. Həmin mənzilin pulunu İddiaçı ona vermişdir. O, iddiaçının mənzili almaq niyyətini gördükdən sonra ondan müqavilə bağlananadək borcunu qaytarmaq uçun 52000 ABŞ dollarından 32000 ABŞ dolları pulun əvvəlcədən verilməsini xahiş etmişdir. İddiaçı da 32000 ABŞ dolları pulu ona ödəmişdir. Həmin pulu oğlu iddiaçıdan almışdır. Qalan məbləğ, yəni 20000 dollar pulu isə alqı-satqı müqaviləsi bağlandıqdan sonra almışdır. Həmin pulu da iddiaçı ödəmişdir. Lakin mənzil iddiaçı ilə cavabdehin qarşılıqlı razılığına əsasən cavabdehin adına rəsmiləşdirilmişdir. İddiaçı cavabdehlə birgə mənzilinə baxmağa gəlmişlər. İddiaçı qızıl əşyalarının alqı-satqısı məşğul olur və maddi imkanı yaxşıdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, o, daşınmaz əmlakların alqı-satqısında vasitəçilik xidmətləri göstərir. Göyçay şəhəri H.Əliyev prospekti 87 saylı evin 36 saylı mənzilinin alqı-satqısı da onun vasitəçiliyi ilə baş tutmuşdur. Həmin mənzilin alınması üçün İddiaçı ona müraciət etmişdir. Mənzilin pulunu, yəni 52000 ABŞ dolları vəsaiti İsgəndər X2 ödəmişdir. İddiaçı 500 ABŞ dolları məbləğində behi də X7 onun iştirakı ilə vermişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, onun anası X9 Göyçay şəhəri H.Əliyev prospekti 87 saylı evin 36 saylı mənzilinin mülkiyyətçisi olmuşdur. Mənzil 52000 ABŞ dollara satılmışdır. Həmin mənzilin pulunu iddiaçı vermişdir. İddiaçı da 32000 ABŞ dolları pulu ona ödəmişdir. Bu pul cavabdehin atasının evində iddiaçı tərəfindən ona verilmişdir. Qalan məbləğ, yəni 20000 dolları pulu isə alqı-satqı müqaviləsi bağlandıqdan sonra ödənilmişdir. Həmin pulu da iddiaçı ödəmişdir. Lakin mənzil iddiaçı ilə cavabdehin qarşılıqlı razılığına əsasən cavabdehin adına rəsmiləşdirilmişdir. İddiaçı cavabdehlə birgə mənzilinə baxmağa gəlmişlər. İddiaçı qızıl əşyalarının alqı-satqısı məşğul olur və maddi imkanı yaxşıdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, cavabdeh onun qızıdır. O, əvvəllər, yəni 1988-1996-cı illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 1998-2000-ci illərdə torpaq sahəsini satmış və ona görə də maddi vəsaiti vardır. Qızı Cavabdeh kömək məqsədi ilə bu mənzili almışdır. Qızı Cavabdeh ilə iddiaçı faktiki nikah münasibətlərində olmuşlar. O, hazırda təqaüdçüdür. İş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(046)-24/2020 nömrəli qiyabi qətnaməsi çıxarılmışdır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 Novruz oğlu Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(046)-24/2020 nömrəli qiyabi qətnaməsindən apellyasiya şikayəti verərək qiyabi qətnamənin ləğv edilməsini və iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun deyil və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir. Məhkəmə maddi və prosessual hüquq normalarım pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallan aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Məhkəmə qətnaməsindən görünür ki, guya cavabdeh məhkəmə iclasında iştirak etmiş, hətta qətnamənin təsviri hissəsində onun izahatı qeyd edilmişdir. Qətnamənin təsviri hissəsində qeyd olunmuşdur ki, məhkəmə baxışında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, iddia tələbi əsassızdır və onun rədd olunmasım xahiş etmişdir. O, qeyd etmişdir ki, mübahisəli mənzil onun atasının vəsaiti hesabına əldə olunmuşdur. O, iddiaçı ilə faktiki nikah münasibətlərində olduğunu və mənzilin birgə baxıb seçdiklərini söyləmişdir. Bu halda məhkəmə mülki işə qiyabi icraat qaydasında baxmaqda haqlı olmamış, prosessual pozuntuya yol vermişdir. Cavabdeh faktiki olaraq məhkəmə iclasında iştirak etməmişdir. Ona görə də məhkəmə mülki işə qiyabi icraat qaydasında baxmaqda haqlı olmuş, lakin cavabdehin məhkəmə iclasında iştirakı, hətta qətnamənin təsviri hissəsində onun adından izahat qeyd edilməsi tamamilə yanlışdır. Cavabdehin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən iddiaçının iddia müddətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürməsi və bu səbəbdən iddianın rədd edilməsi barədə ərizə təqdim etmək hüququndan məhrum olmuşdur. İş materiallarında İsgəndər X1 mənzili almaq uçun 52000 ABŞ dollarından 32000 ABŞ dolları pulu verməsi, qalan 20000 dollar pulu isə notariat kontorunun məktubu əsasında «xxxx» ASC-nin Göyçay filialında notariat kontorunun hesabına qoyması barədə heç bir sübut yoxdur. Əksinə, iş materiallarında olan X9 ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən X9 Göyçay şəhəri H.Əliyev prospekti 87 saylı ev 36 saylı mənzili 15700 manata Cavabdeh satmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və nümayəndəsi və vəkili Vəkil2 Novruz oğlu apelyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(046)-24/2020 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və üçüncü şəxs X9 məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, Cavabdeh onun qızıdır, sözügedən mənzili qızına kömək məqsədi ilə o almışdır. Otuz iki min ABŞ dolları məbləğində pulu X4 qızına ev almaq üçün o, şəxsən əlbəəl özü vermişdir. Qızına ev almaq üçün verdiyi pul ona aid idi. O, alqısatqı müqaviləsi bağlamaq üçün notariusa getməmişdir. Qalan 20 min ABŞ dolları məbləğində pulu notariusda alqı-satqı müqaviləsi bağlandıqdan sonra Sitarə Əliyevaya qızı Könül və onun həyat yoldaşı, yəni Könülün anası verib. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Azərbaycan Respublikası Vergilər Nazirliyinin 9 saylı ərazi vergilər idarəsinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən fiziki şəxs İddiaçı 9 saylı X12 xx.xx.2004-cü il tarixdə ********** nömrəli VÖEN-lə vergi uçotuna alınaraq xx.xx.2011-ci il tarixdən xx.xx.2019-cu il tarixədək dövlət büdcəsinə 5784,65 manat vəsait ödəmişdir. Cavabdeh vergi ödəyicisi kimi 9 saylı X12 qeydiyyatdan keçməmişdir. Göyçay Rayon Notariat X3 ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, X9 mülkiyyətində olan və Göyçay şəhəri H.Əliyev prospekti 87 saylı ünvanda yerləşən 36 saylı mənzili Cavabdeh 15700 (on beş min yeddi yüz) manata satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* nömrəli xx.xx.2012-ci il tarixli çıxarışa əsasən Göyçay şəhəri H.Əliyev prospekti 87 saylı evin 36 saylı mənzili X5 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən Göyçay şəhəri H.Əliyev prospekti 87 saylı evin 36 saylı mənzili xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə Cavabdeh adına, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası isə xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bank Techniquenin xx.xx.2012-ci il tarixli Kassa məxaric/mədaxil orderindən görünür ki, Cavabdeh 15700 (on beş min yeddi yüz) manat məbləğində pulu əmlak alqı-satqısı ilə əlaqədar depozitə vermişdir. Göyçay rayon xüsusi notariusu Polad Nəcəflinin Bank Technique ASC-nin 14 saylı Göyçay şöbəsinə ünvanladığı xx.xx.2012-ci il tarixli məktubundan görünür ki, Göyçay şəhər sakini Cavabdeh notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 15700 (on beş min yeddi yüz) manat məbləğində pulun müvafiq müqavilə təsdiq edildikdən sonra notariusun məktubu əsasında Göyçay şəhər sakini X7 verilməsi üçün bankda olan notariusun depozit hesabına qəbul olunması xahiş edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin: 6.1.2 və 6.1.5-ci mаddələrində mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləri kimi müəyyən оlunmuşdur. 14.2.1-ci mаddəsinə görə, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındаn biridir. 135.1-ci maddəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və qiymətli kağızlar da əşyadır. 135.2-ci maddəsinə görə, əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə görə, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Göyçay şəhəri H.Əliyev prospekti 87 saylı evin 36 saylı mənzilinə görə 52000 ABŞ dolları məbləğində pulu İddiaçı həmin mənzilin əvvəlki mülkiyyətçisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 ödəmişdir. Lakin mənzil iddiaçı ilə cavabdehin qarşılıqlı razılığına əsasən cavabdehin adına rəsmiləşdirilmişdir. Bu faktı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 və iş üzrə dindirilmiş şahidlər təsdiq etmişlər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının pul vəsaiti hesabına əmlak əldə etmişdir. Buna görə də iddiaçı cavabdehin qanunsuz sahibliyində olan pul vəsaitini tələb edə bilər, cavabdeh də öz növbəsində iddiaçının tələb etdiyi pul məbləğini ona qaytarmağa borcludur. Beləliklə cavabdeh iddiaçının hesabına əsassız varlanmış və buna görə də 52000 ABŞ dolları məbləğində pul iddiaçının tələbi ilə cavabdehdən alınıb ona qaytarılmalıdır. Cavabdeh mənzilin atasının vəsaiti hesabına əldə olunduğunu qeyd etsə də, bu fakt məhkəmə baxışında öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşır. Belə ki, işin gerçək hallarından görünür ki, iddiaçı və cavabdeh 2011-2012-ci illərdə rəsmi nikah bağlamadan faktiki ər-arvad münasibətlərində olmuşlar. İddiaçı cavabdehlə birlikdə 2012-ci ildə mənzil almaq qərarına gəlmiş və bununla bağlı yaşayış sahəsi axtarmağa başlamışlar. Göyçay şəhəri H. Əliyev prospekti 87 saylı evin 36 saylı mənzili satışa çıxarıldığından cavabdehlə bu ünvana gedərək mənzilin şəraitinə baxmışlar. Mənzili almaq qərarına gəlmişlər, mənzilin mülkiyyətçisi olan X9 mənzili 52000 ABŞ dollara satdığını bildirmiş, X9 iddiaçının mənzili almaq niyyətini gördükdən sonra ondan müqavilə bağlananadək borcunu qaytarmaq uçun 52000 ABŞ dollarından 32000 ABŞ dolları pulun nəqd olaraq əvvəlcədən verilməsini xahiş etmişdir. İddiaçı da 32000 ABŞ dolları pulu X7 qabaqcadan ödəmişdir. Qeyd edilən hallar birinci instansiya məhkəməsində izahat vermiş X9, onun oğlu X8 və mənzilin alqı-satqısında vasitəçi (makler) kimi iştirak etmiş X6 izahatları ilə təsdiq edilmişdir. Göründüyü kimi, Göyçay şəhəri H. Əliyev prospekti 87 saylı evin 36 saylı mənzilinin alışı üçün ödənilən 52000 ABŞ dolları məbləğində pulun 32000 ABŞ dollarını satıcı X7 iddiaçı ödəmişdir. xx xxxxxx 2012-cı ıl tarixdə Göyçay rayon notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsi əsasında sözügedən mənzil cavabdehin adına rəsmiləşdirilməklə alınmış və mənzil cavabdehin mülkiyyətinə keçmişdir. Sonradan iddiaçı ilə cavabdehin münasibətləri pozulduğuna görə onlar ayrılmışlar. Kollegiya hesab edir ki, iddiaçının evin alqı-satqısı üçün 32000 ABŞ dolları pulu X7 ödəməsi iş materialları ilə öz təsdiqini tapır. Razılaşdırılmış pulun qalan 20000 ABŞ dolları məbləğinin isə iddiaçı tərəfindən ödənilməsi öz təsdiqini tapmır. İşdə olan X9 ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən X9 Göyçay şəhəri H.Əliyev prospekti 87 saylı evin 36 saylı mənzilini 15700 manata Cavabdeh satmışdır. Bank Techniquenin xx.xx.2012-ci il tarixli Kassa məxaric/mədaxil orderi və Göyçay rayon xüsusi notariusu Polad Nəcəflinin Bank Technique ASC-nin 14 saylı Göyçay şöbəsinə ünvanladığı xx.xx.2012-ci il tarixli məktubu ilə müəyyən edilir ki, xx.xx.2012-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən Göyçay şəhəri H.Əliyev prospekti 87 saylı evin 36 saylı mənzilinin dəyəri olan 15700 manat məbləğində pul X7 ödənilməsi üçün Cavabdeh tərəfindən notariusun depozit hesabına verilmişdir. Belə olan halda, sözügedən mənzilin alqı-satqısı üçün ödənilmiş 52000 ABŞ dolları məbləğində pulun qalan 20000 ABŞ dolları məbləğinin (faktiki ödənilən 15700 manat məbləğində pulun həmin dövr üçün məzənnəsi ilə) Cavabdeh tərəfindən ödənilməsi sübut olunur. İddia tələbi həmin hissədə əsassızdır. Cavabdehdən alınıb iddiaçıya verilməli olan məbləğin dəyəri 32000 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Çünki, cavabdeh iddiaçının 32000 ABŞ dolları məbləğində pul vəsaitinin hesabına əmlak əldə etmiş, bununla da əsassız varlanmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq bildirir ki, birinci instansiya məhkəməsi iddia tələbini qətnamədə müəyyən edilmiş həddə təmin etməkdə haqlı olmamışdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. X14 Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin apellyasiya şikayətinin tamamilə təmin edilməsinə dair dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikasının MPM-in 384.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddia tələbini tam təmin edərək 52000 (əlli iki min) ABŞ dolları məbləğində pulun cavabdehdən alınıb iddiaçıya verilməsini təmin etməklə düzgün nəticəyə gəlmədiyindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(046)- 24/2020 nömrəli qətnaməsi Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmiş 52000 (əlli iki min) ABŞ dolları məbləğdə pul hissəsində dəyişdirilməli, Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmiş 52000 (əlli iki min) ABŞ dolları məbləğində pulun məbləği azaldılaraq 32000 (otuz iki min) ABŞ dolları məbləğində müəyyən edilməli, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 Novruz oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(046)-24/2020 nömrəli qiyabi qətnaməsi dəyişdirilsin. Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmiş 52000 (əlli iki min) ABŞ dolları məbləğində pulun məbləği azaldılaraq 32000 (otuz iki min) ABŞ dolları məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar