Məhkəmə qərarları › İş №2(107)-218/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-218/2021

02.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-218/2021 02.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə İddiaçı - İddiaçı nümayəndəsi X2; Cavabdeh - “xxxx” ASC-nin nümayəndəsi X11 iştirakı ilə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(075)-1210/2020 saylı qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(075)-1210/2020 saylı qətnaməsi ilə (hakim Cahid İmanov) iddia təmin edilmiş, Cavabdehndə təsdiq edilmiş xx xxxx 2020-ci il tarixli, 8İ-7470 reyestr nömrəli icra qeydinin ləğv edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki regional “Asan xidmət" mərkəzində notariat ofisi tərəfindən aparılmış xx xxxx 2020-ci il tarixli 8İ- 7470 № reyestr nömrəli İcra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı izahatında göstərmişdir ki, X10 ilə “xxxx” ASC-nin Şəki filialı arasında xx xxxx 2015-ci il tarixdə ASC-nin Kreditləşmə və Xidmət Şərtləri imzalanmış və həmin tarixdə RF/53523/52/13 nömrəli Kredit sazişi bağlanmışdır. Həmin sazişə görə M.İsmayılova 60 ay müddətinə illik 25,5 faiz olmaqla 12829 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit sazişinə 1 nömrəli əlavəyə görə M.İsmayılov əsas borc və faizlər daxil olmaqla ümumilikdə 22597,19 ABŞ dolları ödəməli olmuşdur. Kredit sazişində zaminlik müddəti və digər şərtlər göstərilməmişdir.Kredit sazişində 10000 (on min) ABŞ dolları dəyərində biznes avadanlığı girov predmeti olaraq göstərilmiş, həmçinin o və X12 zamin kimi qeyd edilmişlər. X16 Şəki rayonu Böyük Dəhnə kənd İnzibati ərazi dairə üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZ- İ№863950 nömrəli ölüm haqqında şəhadətnaməyə görə 2017-ci ilin mart ayının 3-də vəfat etmişdir. X16 müqavilə tələblərini, habelə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələbləri - kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyindən Kreditor həmin öhdəliyin icra edilməsi üçün Murad İsmayılovdan kreditin və ona hesablanmış faiz borcunun qaytarılması tələbi ilə məhkəmə əmrinin verilməsinə dair Şəki Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx xxxx 2017-ci il tarixli, 2(075)-2664/2017 nömrəli məhkəmə əmri ilə M.İsmayılovdan 12729,45 ABŞ dolları məbləğində əsas kredit borcu və 4808,71 ABŞ dolları faiz borcu olmaqla cəmi 17538,16 ABŞ dolları borcun məhkəmə əmrinin icra olunduğu günə Azərbaycan manatına məzənnəsi ilə və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb “xxxx” ASC- nin xeyrinə verilməsi əmri verilmişdir. Həmin məhkəmə əmrində qeyd olunan əsas borcdan görünür ki, X16 kredit sazişi bağlanıldığı gündən- 2015-ci ilin iyul ayının 23, 2017-ci ilin mart ayının 3-dək öldüyü günədək- eləcədə ondan sonrakı dövrlərdə 3 ildən artıq müddətdə kredit borcu üzrə öhdəlik ümumiyyətlə yerinə yetirlməmiş, kreditor tərəfindən bu müddət ərzində iddia tələbi verilməmişdir. Borclunun vəfat etməsinə baxmayaraq “xxxx” ASC tərəfindən bu vaxtadək heç bir hərəkət edilməmiş, girov predmeti ilə maraqlanmamış, vərəsələrlə işləməmiş, eləcə də X16un vərəsələri oğlu Vahid İsmayılov (arvadı, oğlu və qızı) ölənin borcları onlara məlum olduğundan mirasın açılması barədə miras qoyanın kreditoruna (xxxx ASC-nə) məlumat verməyə borclu olduqları üçün Mülki Məcəllənin 1309-cu maddəsinin tələblərinə uyğun olaraq deməsinə görə ölüm haqqında şəhadətnaməni şəxsən özü “xxxx”ya və icra şöbəsinə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində müqavilə tələbləri, habelə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər iizrə - üç il iddia müddəti nəzərdə tutulmuşdur ki, “xxxx" ASC iddia üçün bu müddəti keçirmişdir. X16 2015-ci ilin iyul ayının 23-dən 2017-ci ilin mart ayının 3-dək, yəni öldüyü günədək nə özü və ondan sonra da vərəsələri vaxtaşırı icra edilməli öhdəlikləri yerinə yetirməmişdir ki, bununla əlaqədar qeyd olunan 3 il müddət (2015-ci ilin iyul ayının 23-dən hesablasaq 4 il 11 ay 15 gün) bitmişdir ki, icra qeydinin aparılması, eləcədə iddia tələbi üzrə müddət keçirilmişdir. İcra qeydinin aparılması üçün iddia tələbinin müddəti keçdikdən xeyli müddət sonra xx.xx.2020-ci il tarixdə notarius tərəfindən icra qeydləri açılmışdır. Göründüyü kimi Şəki regional Asan xidmət mərkəzinin notariat ofisinin xüsusi notariusu X13 tərəfindən “Notariat haqqında" Azərbaycan Respublikasının Qanununun 162-ci maddəsinin tələbləri kobud şəkildə pozularaq əsassız olaraq icra qeydi açılmış və aidiyyəti üzrə göndərilmişdir. Qanunvericilikdə icra qeydi institutu tələbkarın deyil, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Lakin İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır. Çünki tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. Bundan əlavə, Şəki regional Asan xidmət mərkəzinin notariat ofisinin xüsusi notariusu X13 borcun ödənilməsi barədə zaminlər İddiaçı və X8 yazılı bildiriş göndərməmiş, borclu hesab edilən zaminlərin hüquqlarını pozmaqla yalnız tələbkarın mövqeyindən çıxış etmiş, borcun mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək üçün heç bir hərəkət etməyərək yalnız kredit sazişinə əsaslanmaqla həmin Kredit sazişi üzrə yoxlama aparmadan Şəki Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(075)2664/2017 nömrəli məhkəmə əmri olduğu halda eyni kredit sazişi üzrə əsassız icra qeydi aparmışdır. Hesab edir ki, iddia əsaslıdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi X3 İddiaçı ilə eyni məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X14 izahat verərək göstərmişdir ki, iddia tələbi hazırkı vəziyyətdə icraata qəbul edilib baxıla bilməz. Belə ki, qanunvericilikdə "icra qeydinin ləğvi" deyilən anlayış yoxdur. İcra qeydinin hüquqi statusu "Notariat haqqında" Azərbaycan Respublikasının Qanununun 76cı maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydi aparmalıdır. Göründüyü kimi icra qeydi qərar və ya ləğv edilməsi mümkün olan hər hansı digər hüquqi kateqoriyaya aid deyil. Digər tərəfdən "icra qeydinin ləğvi” mümkün olsa belə icra qeydinin formal və texniki tələblərə uyğun gəlməməsi əsası ilə ola bilər. Məhz bu kimi hallarda icra qeydi mübahisələndirilə bilər. İndiki halda isə iddiaçı sadəcə Banka qarşı olan maddi hüquqi tələbini notariusun icra qeydinin ləğv edilməsi formasında irəli sürmüşdür. Borclu hesab edə bilər ki, onunla Bank arasında bağlanmış kredit müqaviləsi etibarsız sayılmalı və ya ləğv edilməlidir, yaxud müqavilə düzgün olsa da borc artıq hesablanmışdır və s. Göründüyü kimi bu kimi tələblər sırf banka qarşıdır, notariusa və ya icra qeydinə aidiyyatı yoxdur. İddiaçı real tələbini müəyyən edib Banka qarşı iddia verməli idi. Məhz onda onun həmin tələbi məhkəmə baxışının predmeti ola bilərdi. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən cavabdeh “xxxx” ASC tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, icra qeydi haqda bildiriş cavabdehə xx.xx.2020-ci il tarixdə çatdırılmışdır. Əslində borclu icra qeydinin özünü deyil, onun əsasında duran maddi hüquqi tələbini mübahisələndirə bilər. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Yəni borclu iddia qaldırıb borcun məbləğini, kredit müqaviləsinin etibarsızlığını və s. məsələləri mübahisələndirərək nəticədə icra qeydinin ləğvini tələb edə bilərdi. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(075)-1210/2020 saylı qətnаməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X14 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(075)-1210/2020 saylı qətnаməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(075)-1210/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Şəki regional “Asan xidmət" mərkəzində notariat ofisinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(075)- 1210/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş “xxxx” ASC ilə X10 arasında bağlanmış xx xxxx 2015ci il tarixli, RF/53523/52/13 nömrəli kredit sazişindən görünür ki, “xxxx” ASC tərəfindən X6 60 ay müddətinə illik 25 faiz şərti ilə 12829 ABŞ dolları kredit verilmişdir. Zaminlər İddiaçı və X1 Murad Veysəl oğlunun bank qarşısındakı öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməsi üçün eyni həcmdə və birgə məsuliyət daşıyırlar. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(075)-2664/2017 saylı əmrinin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1948-ci il tarixdə Şəki rayonu Böyük Dəhnə kəndində andan olmuş, Şəki rayonu Böyük Dəhnə kəndində yaşayan X4 12729.45 ABŞ dolları məbləğində əsas kredit borcu, 4808.71 ABŞ dolları faiz borcu olmaqla, cəmi 17538.16 ABŞ dolları borc məhkəmə əmrinin icra olunduğu günə Azərbaycan manatına məzənnəsi ilə və 20 manat məbləğində dövlət rüsumu xərcinin alınıb “xxxx” ASC-nin xeyrinə verilməsi əmr edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ 863950 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2017-ci il tarixdə Şəki şəhərində ölmüşdür. İş materiallarına əlavə edilmiş Şəki regional ”Asan xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 8İ-7470 reyestr nömrəli icra qeydinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh xüsusi notariusu X13 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif etmişdir ki, həmin sənədlər üzrə AZ1069. Bakı şəhəri Nərimanov rayonu. X18, ev 42 ünvanında yerləşən “xxxx" ASC xeyrinə ünvan 2i ünvanında qeydiyyatda olan İddiaçı (AZE0*******, xx.xx.2005- Şəki) müddət üçün vaxtında ödənilməmiş 17538 ABŞ Dollar 16 sent (on yeddi min beş yüz otuz səkkiz ABŞ Dolları on altı sent) tutulsun. Bundan əlavə təklif emişdir ki, borcludan İddiaçı tələbkar tərəfindən ödənilmiş 20 manat 00 qəpik (iyirmi manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq), 17538 ABŞ Dolları 16 sent (on yeddi min beş yüz otuz səkkiz ABŞ Dollar on altı sent) pul tutulsun. Həmin icra qeydi xx.xx.2020 tarixdə aparılmışdır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsində göstərilmişdir ki, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət həddində verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın (bundan sonra-Təlimat) 161-ci bəndinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Təlimatın 162-ci bəndinə əsasən İcra qeydi aşağıdakı hallarda aparılır: -əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; -tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Həmin Təlimatın 170-1-ci bəndinə əsasən icra qeydinin aparılması ilə əlaqədar notariusa müraciət edildikdə, notarius icra qeydinin aparıldığı əqd üzrə öhdəliklərin icra intizamını mənfi xarakterizə edən neqativ məlumatı bu Təlimatın 7-ci hissəsinin on altıncı abzasının məqsədləri üçün “Elektron notariat” informasiya sisteminə daxil edir. Məhkəmə kollegiyasının araşdırılması zamanı müəyyən edilmişdir ki, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməmiş və tələbkar belə bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə edilməmişdir. Həmçinin Şəki regional Asan xidmət mərkəzinin notariat ofisinin xüsusi notariusu tərəfindən Təlimatın 162-ci maddəsinin tələbləri kobud şəkildə pozularaq əsassız olaraq icra qeydi açılmış və aidiyyəti üzrə göndərilmişdir. Qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır. Çünki tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. Bundan əlavə notariat ofisi borcun ödənilməsi barədə zamin İddiaçı yazılı bildiriş göndərməmiş, onun hüquqlarını pozaraq borcun mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək üçün heç bir notarial hərəkət etməyərək yalnız kredit sazişinə əsaslanmaqla həmin Kredit sazişi üzrə yoxlama aparmadan əsassız icra qeydi aparmışdır. Eyni zamanda, hazırkı kredit mübahisəsi üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(075)-2664/2017 saylı məhkəmə əmrinin qüvvədə olduğu qeyd edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi hazırkı mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlili ilə razılaşmır. Belə ki, apellyasiya şikayəti ancaq formal mülahizələrdən ibarət olduğundan, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Halbuki, Mülki Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(075)-1210/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(075)-1210/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar