Məhkəmə qərarları › İş №2(107)-2203/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2203/2020

26.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2203/2020 26.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(037)-464/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2300 manat əsas, 452 manat vurulmuş zərər və 30 manat dövlət rüsumu olmaqla, cəmi 2782 manat pulun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(037)-464/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 2300 manat əsas borc, 452 manat vurulmuş zərər məbləği və 30 manat dövlət rüsumu olmaqla, cəmi 2782 (iki min yeddi yüz səksən iki) manat pul alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh tərəfindən apellyasiya şikаyəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsində maddi-hüquq normaları düzgün tətbiq edilməmiş, işin faktiki hallarına düzgün qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Belə ki, iddia ərizəsində qeyd edilənlər şər və böhtandır. O, iddiaçıdan heç vaxt borc pul almamış iddiaçıya ziyan vurmamışdır. Birinci instansiya məhkəməsində isə dindirilməmişdir. Odur ki, qeyd edilənlər nəzərə alınaraq İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(037)-464/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(037)-464/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət, qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh həmkəndlidirlər və aralarında dostluq münasibətləri olmuşdur. 2019-cu ildə cavabdeh iddiaçıya yaxınlaşaraq “xxxx” ASC-dən öz adına götürdüyü kredit kartından borca pul çıxarıb verməsini xahiş etmişdir. Cavabdeh iddiaçıya kartdan çıxarılacaq pula görə hesablanacaq faizləri özü ödəyəcəyini bildirmişdir. Aralarında olan dostluq münasibətlərinə görə iddiaçı cavabdehə inanaraq “xxxx” ASC-dən öz adına götürdüyü kredit kartını cavabdehə vermişdir. 2019-cu ilin dekabrın 19-dan 2020-ci ilin yanvarın 20dək olan bir aylıq müddət ərzində cavabdeh iddiaçıya məxsus kredit kartından hissə-hissə olmaqla, ümumilikdə 2300 manat məbləğində kreditə pul götürmüş və həmin pulu ödəməmişdir. Cavabdeh 2300 manat pulu ödəmədiyindən həmin pula 452 manat faiz hesablanmışdır. Cavabdeh 2752 manat pulu banka ödəmədiyindən həmin pulu banka iddiaçı özü ödəmişdir. İddiaçı cavabdehdən 2752 manat pulu tələb etsə də sonuncu həmin pulu iddiaçıya qaytarmamışdır. Cavabdehin 2752 manat pulu iddiaçıya qaytarmaması nəticəsində sonuncuya 2752 manat məbləğində maddi zərər dəymişdir. Məhkəmə kollegiyası bu qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə görə borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Qanunvericilik aktının qeyd olunan normasından da göründüyü kimi hazırki mülki iş üzrə tərəflər arasında etibarlı borc müqaviləsinin bağlanması, borc alana razılaşdırılmış borcun verilməsi və verilmiş borcun qaytarılma vaxtının çatması kimi şərtlərin mövcud olub-olmaması yoxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibətdə iş üzrə verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, iş materiallarında olan məhkəməyə ünvanlanmış ərizədən, eyni zamanda xx xxxx 2020-ci il tarixli məhəkəmə iclas protokolu və qətnaməsindən görünür ki, cavabdeh birinci instansiya məhkəməsində izahat verərək bildirmişdir ki, iddiaçı sinif yoldaşıdır. Maddi ehtiyacı olduğundan kredit götürmək qərarına gəlmişdir. Bunun üçün banka müraciət etsə də adına rəsmi əmək haqqı olmadığından ona kredit verilməmişdir. 2019-cu ildə iddiaçıya yaxınlaşaraq “xxxx” ASC-dən öz adına götürdüyü kredit kartından ona borca pul çıxarıb verməsini xahiş etmişdir. İddiaçı “xxxx” ASC-dən öz adına götürdüyü kredit kartını ona vermişdir. 2019-cu ilin dekabrın 19-dan 2020-ci ilin yanvarın 20-dək olan bir aylıq müddət ərzində iddiaçıya məxsus kredit kartından hissə-hissə olmaqla ümumilikdə 2300 manat pul götürmüşdür. İddiaçıya məxsus kredit kartından götürdüyü pulu ödəmədiyindən həmin pula 452 manat faiz hesablanmışdır. İddiaçı 2752 manat pulu ondan tələb etsə də maddi imkanı olmadığından həmin pulu iddaçıya qaytara bilməmişdir. 2752 manat pulu qaytarmadığından həmin pulu iddiaçı özü banka ödəmişdir. Onun iddiaçıya 2752 manat və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2782 manat borcu vardır və həmin borcu yaxın vaxtlarda iddiaçıya qaytaracaqdır. Cavabdeh apellyasiya şikayətində ona şər və böhtan atıldığını, birinci instansiya məhkəməsi iclasında dindirilmədiyini bildirsə də, bununla bağlı məhkəmə kollegiyasına hər hansı bir mötəbər sübut təqdim etməmiş, həmçinin izahatına düzəlişlər edilməsi ilə bağlı xx xxxx 2020-ci il tarixli məhəkəmə iclas protokoluna qeydlər edilməsi üçün birinci instansiya məhkəməsinə müraciət etməmişdir. Beləliklə, kollegiya hesab edir ki, iddia tələbini təmin etməklə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təkzib olunduğundan birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apelyasiya şikayətİ təmin edilməməli və iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(037)- 464/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(037)-464/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar