Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-227/2021 04.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(025)-789/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin (hakim Elman İsayev) xx xxxxxxxx 2020-ci il tarixli 2(025)-789/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə, Cavabdeh4nə və maraqlı şəxs Bakı şəhəri 12 saylı Notariat Ofisinə qarşı “çıxarış və bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə, Cavabdeh4nə (bundan sonra cavabdeh və ya Cavabdeh1, Cavabdeh2, DƏDRX-in 9 saylı Qəbələ Ərazi İdarəsi və Cavabdeh4) və maraqlı şəxs Bakı şəhəri 12 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qanunsuz və əsassız əldə olunmuş Cavabdeh1 adına verilmiş xx.xx.2016-cı il tarixli Seriya RX ******* nömrəli Çıxarışın, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 4Ə-1433 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və onun əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019cu il tarixdə Cavabdeh2 adına verilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********18, qeydiyyat nömrəsi ********** olan Çıxarış və xx.xx.2019-cu il tarixli A №434211 olan Torpaq sahəsinin planı və ölçüsünün etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1947-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonu Bum kəndində anadan olmuşdur. X1 xx xxxxxx 1998-ci ildə, anası Teymurova Gövhər Əziz qızı isə xx xxxx 1998-ci ildə vəfat etmişdir. Ata-anasının evliliyindən 3 oğul övladları doğulmuşdur-Vaqif, Arif, Nizami. Böyük qardaşı X6 1970-ci illərdə ailə quraraq birgə təsərrüfatdan ayrılmış, başqa torpaq sahəsində özünə ev tikərək ailəsi ilə orada yaşamış və xx xxxxxx 1998-ci ildə vəfat etmişdir. Kiçik qardaşı, eyni zamanda iş üzrə Cavabdeh1 1971-ci ildən Bakı şəhərinə köçərək orada ailə quraraq yaşamış, bu fakt təsərrüfatbaşına kitabdan qeyd olunmuş çıxarışda da öz əksini tapır. Ata və ananın təsərrüfatında o, yaşamış, valideynlərinə baxmış, vəfat etdikləri zaman onları dəfn etmiş, yas mərasimlərini təşkil edərək keçirmişdir. Valideynləri vəfat etdikdən sonra da faktiki olaraq onlardan qalan miras əmlaka (torpaq sahəsi, istismara yararsız ev və tikililər) onun tərəfindən sahiblik edilmiş, qulluq olunaraq istifadə olunmuş, qorunub saxlanılmışdır. Valideynlərinə məxsus əmlakın (torpaq və tikililər) onların adına sənədləşməsi aparılmalı olmasına baxmayaraq, 2019-cu ilin noyabr ayında Cavabdeh2 ona və həyat yoldaşı X2 qarşı Qəbələ Rayon Məhkəməsinə müraciət edərək iddia qaldırmış, məhkəmə iclası təyin olunduqdan və iddia ərizəsinin surəti onun ünvanına daxil olduqdan sonra ona məlum olmuşdur ki, qardaşı Cavabdeh1 onun xəbəri olmadan 2015-ci ildə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsini qeyd etməklə “Teymurova Gövhər Əziz qızının istifadəsində olmuş 0,09 ha torpaq sahəsinə plan-ölçü sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair məhkəmədə iddia qaldırmış və iddiası Azərbaycan Respublikası Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli 2-1 (84)-721/2015 saylı qərarı ilə təmin olunaraq cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə Teymurova Gövhər Əziz qızının istifadəsində olan 0,09 ha torpaq sahəsinə iddiaçı Cavabdeh1 adına torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanıb verilməsi öhdəliyinin qoyulması qət edilmişdir. Sonradan Cavabdeh1 Azərbaycan Respublikası Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli 2-1(84)-721/2015 saylı qərarı əsasında (faktiki olaraq isə qərarda Çıxarışın verilməsi öhdəliyi hər hansı inzibati orqanın üzərinə qoyulmamışdır) torpaq sahəsinə qanunsuz yolla öz adına Qəbələ rayonu Bum kəndindəki 0,09 ha torpaq sahəsinə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il tarixində Seriya RX ******* nömrəli Çıxarış əldə etmiş, Bum bələdiyyəsi isə torpaq sahəsi ayırmışdır. xx.xx.2019-cu il tarixdə isə Bakı şəhəri 12 saylı notariat ofisində (xüsusi notarius X7) 4Ə- 1433 nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsi bağlayaraq Qəbələ rayonu Bum qəsəbəsindəki 0.09 ha torpaq sahəsini Cavabdeh2 bağışlamışdır. Həmin bağışlanma müqaviləsi əsasında müvafiq olaraq Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adına Daşınmaz əmlakın reyestr nömrəsi **********18, qeydiyyat nömrəsi ********** olan Çıxarış və xx.xx.2019-cu il tarixli A №434211 olan Torpaq sahəsinin planı və ölçüsü əldə olunmuşdur. Onun isə bütün bu sənədləşmələrdən xəbəri olmamışdır. Ona görə də o ilkin olaraq Şəki İnzibati Məhkəməsinə müraciət edərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli 2-1(84)-721/2015 saylı qərarı maraqlarına toxunduğundan müvafiq qərarın ləğv edilməsini və həmin iddia tələbi üzrə üçüncü şəxs qismində işə cəlb edilməyi barədə vəsatət ilə müraciət etmiş, vəsatəti təmin olunmuş həmin qərar ləğv edilərək işə mahiyyəti üzrə baxılmışdır. xx.xx.2020-ci il tarixə təyin olunmuş məhkəmə iclasında iddia tələbinin baxılması mümkünsüz olduğundan işə baxılmasının mümkün olmaması barədə qərardad qəbul olunmuşdur. Göründüyü kimi hal-hazırda Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli 2-1(84)-721/2015 saylı qərarı ləğv edildiyindən, həmin qərar əsasında həyata keçirilmiş sənədləşmələr etibarsız hesab olunaraq əldə olunmuş rəsmi sənədlər də ləğv edilməlidir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Qəbələ rayon Bum Bələdiyyəsinin sədri X3 iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı iddiası tamamilə əsassızdır. Qeyd olunan torpaq sahələri vətəndaşlara aqrar islahat komisiyası tərəfindən verilib. Mübahisələndirilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarış isə məhkəmə qətnaməsi əsasında verilmişdir. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 12 saylı notariat ofisində Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 4Ə-1433 nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsi imzalanan zaman Bum Bələdiyyəsinin nümayəndəsi orada iştirak etməmiş, bununla bağlı hər hansı bir məlumatı yoxdur. Ona görə də hesab edir ki, iddiaçının iddia tələbi əsassız olduğu üçün rədd olunmalıdır. İş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(025)-789/2020 nömrəli qətnaməsi qəbul edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020ci il tarixli 2(025)-789/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili Vəkil izahatlarında apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020ci il tarixli 2(025)-789/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh1, Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər, DƏDRX-in 9 saylı Qəbələ Ərazi İdarəsi, Cavabdeh4 və maraqlı şəxs Bakı şəhəri 12 saylı Notariat Ofisi nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdeh1 məhkəməyə teleqram göndərərək xəstələndiyi üçün məhkəmə iclasına gələ bilmədiyini, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışın (qeydiyyat nömrəsi – **********, reyestr nömrəsi – **********18, qeydiyyat tarixi – xx.xx.2016-cı il) surətindən görünür ki, Cavabdeh1 Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0.09 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi üzərində olan xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 138 nömrəli reyestr kitabının 46 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2019-cu il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh1 Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0.09 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsini Cavabdeh2 bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın (qeydiyyat nömrəsi – **********, reyestr nömrəsi –**********18, qeydiyyat tarixi – xx.xx.2019-cu il) surətindən görünür ki, Cavabdeh2 Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0.09 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi üzərində olan xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 138 nömrəli reyestr kitabının 46 nömrəli vərəqində qeydiyyata alınmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-721/2015 saylı xx xxxxxxx 2015-ci il tarixli Qərarından görünür ki, iddiaçı Cavabdeh1 iddiası təmin edilmiş, cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə Teymurova Gövhər Əziz qızının istifadəsində olan 0.09 ha torpaq sahəsinə Cavabdeh1 adına torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanıb verilməsi öhdəliyi qoyulmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin həqiqi halları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayon Bum qəsəbəsində yerləşən 0.09 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi xx.xx.2019-cu il tarixli bağışlanma müqaviləsi əsasında Cavabdeh2 mülkiyyətinə verilmiş və tərəflərin iştirakı ilə müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0.09 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 138 nömrəli reyestr kitabının 46 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hazırda iddiaçı həmin bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş Çıxarışın ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 666.1-ci maddəsinin tələbindən görünür ki, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 668.1.1-ci maddəsinə görə, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə, bağışlama etibarlıdır. 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Qanunvericiliyin tələbindən göründüyü kimi, bağışlama müqaviləsi əvəzsiz ikitərəfli müqavilə olmaqla, hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanaraq, hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə daşınmaz əşyalara dair notariat qaydasında təsdiqləndikdə bağlanmış sayılır. İşin halından görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış bağışlama müqaviləsi yuxarıda qeyd olunan qanunvericiliyin normalarına uyğun olaraq bağlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə iddia tələbi şəxsin yalnız özünün qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə verilə bilər. Əks təqdirdə, həmin şəxs irəli sürülən tələb üzrə əsl olmayan iddiaçı hesab olunmalıdır, çünki həmin işə baxılması onun üçün heç bir hüquqi nəticələr yaratmır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Mülki işin materiallarında İddiaçı mübahisəli torpaq sahəsinə dair hər hansı bir hüququnun olmasını təsdiq edən sənəd yoxdur. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddiaçı onun üçün heç bir hüquqi nəticə yaratmayan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir, deməli, onun maraqlarının məhkəmə qaydasında müdafiəsi tələb olunmur. İddiaçı irəli sürdüyü tələblərin əsasını sübuta yetirə bilməmiş və ümumiyyətlə onun hazırki iddia tələbi ilə müraciət etmək hüququna malik şəxs olmasını təsdiq edən heç bir sübutu yoxdur. Şəxsin öz hüquqlarının müdafiəsinə yönəlməmiş tələblə məhkəməyə müraciət etməsi cavabdehin əmlakından istifadə hüququnun pozulmasına dəlalət edir.” Birinci instansiya məhkəməsi maddi hüquq norması kimi Mülki Məcəllənin aşağıda qeyd edilən normalarına istinad etmişdir. Mülki Məcəllənin: 158.1.2-ci maddəsinə əsasən şəxsin öz hüquqlarının müdafiəsinə yönəlməmiş tələblə məhkəməyə müraciət etməsi cavabdehin əmlakından istifadə hüququnun pozulmasına dəlalət edir. 158.4-cü maddəsinə əsasən isə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin İddiaçı mübahisəli torpaq sahəsinə dair hər hansı bir hüququnun olmasını təsdiq edən sübutun olmaması və ümumiyyətlə onun hazırkı iddia tələbi ilə müraciət etmək hüququna malik şəxs olmasını təsdiq edən heç bir sübutun olmaması, həmin əsasla da iddianın rədd edilməsi barədə gəldiyi nəticə ilə razılaşmaq olmaz. Belə ki, iddia ərizəsindən və əlavə edilən sənədlərdən görünür ki, iddiaçı sözügedən torpaq sahəsində yerləşən 1998-ci ildə vəfat etmiş valideynlərindən qalan evdə öz ailəsi ilə birlikdə sahiblik və istifadə edərək yaşamışdır və indi də yaşayır (Qəbələ Rayon İcra hakimiyyəti Bum qəsəbə İnzibati Ərazi Nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 71 saylı, xx.xx.2021-ci il tarixli 141 saylı arayışları). Yəni, mübahisəli torpaq sahəsinin hüquqi taleyi ilə bağlı baş verənlər iddiaçının maraqlarına toxunur. Lakin iddia tələbindən göründüyü kimi, iddiaçı mübahisələndirdiyi sənədlərin etibarsız hesab olunmasını tələb edir. Həmin sənədlərin etibarsız sayılması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud deyildir. Belə ki, Cavabdeh1 adına verilmiş xx.xx.2016-cı il tarixli Seriya RX ******* nömrəli X10-İqtisadi Məhkəməsinin 2-1(84)-721/2015 saylı xx xxxxxxx 2015-ci il tarixli Qərarı əsasında verilmiş, bundan sonra mülkiyyətçi Cavabdeh1 notariat qaydasında təsdiq edilmiş xx.xx.2019-cu il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə həmin torpaq sahəsini qızı Cavabdeh2 bağışlamış və onun əsasında Cavabdeh2 adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixdə Çıxarış və Torpaq sahəsinin planı və ölçüsü sənədləri tərtib edilmişdir. Belə olan halda hazırkı iddia təmin edilə bilməz. Kollegiya hesab edir ki, iddiaçı irəli sürdüyü tələbin əsasını sübuta yetirə biləcək hər hansı mötəbər sübutu nə birinci instansiya məhkəməsinə, nə də məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(025)-789/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(025)-789/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-227/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-227/2021
04.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver