Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2282/2021 02.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(046)- 1730/2021 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin (hakim İ.Fəttahov) 01 oktyabr 2021-ci il tarixli, 2(046)- 1730/2021 nömrəli qərardadı ilə İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş baxılmamış saxlanılmışdır. İddiaçı Göyçay Rayon Məhkəməsinin 2(046)-1730/2021 saylı 01 oktyabr 2021-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsi və iddia ərizəsini mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətində tələbini belə əsaslandırmışdır ki, iş üzrə ilk məhkəmə iclası 01 oktyabr 2021-ci il tarixdə saat 09:45-da təyin edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi (vəkil) Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Bununla əlaqədar Göyçay Rayon Məhkəməsi Azərbaycan Respublikası MPM-in 259.0.7 maddəsinə əsasən 01 oktyabr 2021-ci il tarixli, “İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş baxılmamış saxlanılması barədə qərardad qəbul etmişdir. İşin məhkəmə hazırlıq iclası Göyçay Rayon Məhkəməsində 13.08.2021-ci il saat 10:15-də təyin edilmişdir. Məhkəmə hazırlıq iclasına Göyçay rayon Məhkəməsinə saat 10:00-da gəlmiş və o vaxtdan saat 12:00-dək cavabdehin tərəfini gözləmiş, lakin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və hətta onların nümayəndəsi (vəkil) məhkəməyə hörmətsizlik göstərmiş və məhkəmə hazırlıq iclasına gəlməmişlər. Göyçay Rayon Məhkəməsində 13 avqust 2021-ci ildə olarkən rəsmi olaraq hakimin köməkçisinə şifahi vəsatət qaldırmışdır. Müraciətinin mahiyyəti ondan ibarət idi ki, Bakı şəhərində yaşayır, maddi cəhətdən çox təminatlı deyil və şəxsi avtomobili yoxdur. Göyçay rayonuna səhər tezdən məhkəmə iclaslarına gəlmək çox çətindir, yol çox vaxt aparır. Bakı şəhər Avtovağzalından ilk avtobus səhər saat 8:00-da yola düşür və saat 11:00-da Göyçay rayonuna gəlir. Bununla əlaqədar 13 avqust 2021-ci ildə Göyçay Məhkəməsində şifahi şəkildə vəsatət qaldırdı ki, bütün gələcək məhkəmə iclasları günün saat 12:00-dan sonra təyin edilsin. 01 oktyabr 2021-ci il saat 09:45-də təyin olunmuş məhkəmə iclası barədə ona SMS bildirişi gəldikdə, Göyçay Rayon Məhkəməsinə telefonla zəng vurmuş və məhkəmə iclaslarının vaxtının təyin edilməsi barədə vəsatətini onlara xatırlatmış, və bir daha bildirmiş ki, belə erkən gün fiziki olaraq məhkəməyə gələ bilmir. Məhkəmə məmurları ona demişlər ki, vaxt artıq təyin olunub, amma geciksə cavabdeh tərəf onu gözləyəcək. Bu prosesdə iddiaçı və maraqlı bir şəxs olaraq, əlbəttə ki, məhkəmə iclasına gəlməyə bilməzdir, çünki bu onun marağı deyil. Bir az gecikmişdir və Göyçay Rayon Məhkəməsinə saat 11:10-da gəlmişdir. Görünən odur ki, bu işdə insan faktoru var, daha doğrusu, Göyçay Rayon Məhkəməsinin işçiləri ilə anlaşılmazlıq yaranıb. Həmçinin, Fors Major adlanan və insanların taleyinə təsir edən təbii bir faktor də var. Əsas məsələ isə ondan ibarətdir ki, 27 sentyabr 2021-ci ildən 02 oktyabr 2021-ci ilə qədər Azərbaycan ərazisində leysan yağışları yağıb, bəzi yerlərdə sel olub. Bakı şəhərində və Azərbaycanın rayonlarında bütün nəqliyyat vasitələrinin hərəkəti həddindən artıq yüklənmiş və çətinləşmişdir. Bu Göyçay Rayon Məhkəməsinə gecikməyimin daha bir səbəbidir. Göyçay Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(046)-1730/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, mübahisələndirilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı 01.10.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak etməmiş, eləcədə mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Cavabdeh tərəf də məhkəməyə ərizə ünvanlayaraq işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərardadın qəbul olunması zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə düzgün əməl olunmuşdur. Belə ki, iş materiallarının 45-ci səhifəsində olan SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişdən müəyyən edilir ki, İddiaçı istifadəsində olan 055 772 62 63 mobil telefon nömrəsi vasitəsilə xəbərdar olunmuşdur. İş materiallarının 62-ci səhifəsində olan məhkəmə bildirişindən görünür ki, məhkəmənin 01.10.2021-ci il tarixli iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi məlumat verilmiş, həmçinin həmin bildiriş “AZEMİS”-ə yerləşdirilməklə, elektron imza ilə imzalanmışdır. Bundan sonra məhkəmənin istifadəsində olan “AZEMİS vasitəsilə “proses iştirkaçıları” bölməsinə baxış keçirilmiş və bu zaman iddiaçının elektron kabinetinin olması məlum olmuşdur. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, “AZEMİS”-ə yerləşdirilmiş və elektron imza ilə imzalanmış bütün sənədlər elektron kabinetinə malik olan proses iştirakçıları tərəfindən kabinetə daxil olduqda görünür. İddiaçı elektron kabineti vasitəsindən istifadə edərək məhkəmə prosesi ilə əlaqədar bütün hərərkətlərdən, tərtib olunan sənədlərdən məlumat əldə etmək imkanına malik olmuşdur. Həmçinin iddiaçı elektron kabinet vasitəsindən istifadə etməklə məhkəməyə ərizə, şikayət və digər sənədlərin göndərilməsi həyata keçirmək imkanına malik olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.1-ci maddəsinə əsasən Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3-cü maddəsinə əsasən Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.8-ci maddəsinə əsasən “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. Göründüyü kimi keçiriləcək məhkəmə iclası barədə tərəflərin hər birinin məlumatı olmuş, lakin İddiaçı məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə hər hansı bir rəsmi məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə yazılı ərizə təqdim edərək, iddiaçı və ya onun nümayəndəsinin məhkəmə iclasında iştirak etməməsini əsas götürərək, işə mahiyyəti üzrə baxılmasını tələb etməmiş, mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci. maddəsinə görə, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunan normanın mahiyyətindən görünür ki, ərizənin baxılmamış saxlanılması üçün aşağıda göstərilən şərtlər məcmu halında mövcud olmalıdır:
1. iddiaçı onun iştirakı olmadan işə baxılmasını xahiş etməməlidir;
2. iddiaçı (üzrlü səbəblər olmadan) məhkəmənin birinci çağırışına gəlməməlidir;
3. cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etməməlidir. Ərizənin qeyd olunan əsasla baxılmamış saxlanılmasının ikinci şərti - iddiaçının məhkəmənin birinci çağırışına gəlməməsinə münasibətdə kollegiya hesab edir ki, qeyd olunan şərt Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011ci il tarixli Qərarının 9.2-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qanunla müəyyən edilmiş qaydada işə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı üzrsüz səbəbdən məhkəmə iclasına gəlmədikdə və buna görə ərizə baxılmamış saxlanıldıqda məhkəmə iddiaçının ərizəsi ilə icraatı təzələməyə və işə baxmağa haqlı deyildir. Həmin şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin tələbinə uyğun olaraq iddia ərizəsini baxılmamış saxlamışdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(046)-1730/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyrimümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; . kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 264, 357, 398, 400 , 402 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(046)-1730/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Sədrlik edən Ayaz Mahmudov