Məhkəmə qərarları › İş №2(107)-2352/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2352/2020

10.12.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2352/2020 10.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(033)-410/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin (hakim Tural Həsənov) xx xxxxxxxx 2020-ci il tarixli 2(033)-410/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin və evin naturada ayrılması, cavabdehin çıxarılması və onun həmin hissəyə köçürülməsi” tələbinə dair iddiаsı təmin edilərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2020 qeydiyyat tarixli Çıxarışda qeyd edilmiş 0,4674 ha torpaq sahəsinin 2/4 hissəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinin “Müstəqil Məhkəmə Ekspertizası” Məhdud Məsulliyyətli Cəmiyyətinin xx xxxx 2020-ci il tarixli 195 nömrəli ekspert rəyinə əlavə edilmiş sxemə uyğun vəziyyətdə naturada ayrılması, Cavabdeh Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,4674 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 62,90 kv.m. olan fərdi yaşayış evinin İddiaçı məxsus hissəsindən çıxarılması, İddiaçı özünə məxsus həmin hissəyə köçürülməsi qət edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh qarşı (bundan sonra cavabdeh və ya Cavabdeh) iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2020 qeydiyyat tarixli Çıxarışda qeyd edilmiş 0,4674 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ona məxsus 1/2 hissəsinin naturada ayrılması, ona verilən hissədən cavabdehin çıxarılması və onun özünə məxsus hissəyə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,4674 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 62,90 kv.m. yaşayış evinin 1/2 hissəsi İddiaçı mülkiyyətindədir. Həmin xüsusi mülkiyyət mərhum anasından və bacısından qalan miras paylardır. Həmin əmlaklar iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq DƏDRX-nin 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport verilmişdir. İddiaçı özünə məxsus əmlakı barədə sərəncam vermək istəyir. Lakin Zaqatala rayonu Aşağı Tala kəndində yaşayan cavabdeh qanunsuz olaraq onu öz torpağından və evindən istifadə etməyə qoymur. Həmin torpağı və evi zəbt edərək istifadə edir. Ona imkan vermir ki, o, öz əmlakından istifadə etsin. Sözügedən əmlak barədə sərəncam vermək üçün yuxarıda qeyd edilmiş torpaq və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ona düşən ½ hissəsinin naturada ayrılmasını tələb edir. Buna görə də, məhkəməyə müraciət etməli olmuşdur. Keçirilmiş tikinti-texniki ekspertizasının rəyi ilə tanış olmuşdur. Hesab edir ki, iddia tələbi əsaslıdır. İddianın təmin olunmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən cavabdeh iddia ərizəsində göstərilən tələblə razı olmadığını bildirmiş və qeyd etmişdir ki, iddiaçının bölünməsini tələb etdiyi evdə özü və həyat yoldaşı yaşayır, həmin evdən və torpaq sahəsindən özü istifadə edir. Torpaq sahəsinin bir hissəsini iddiaçıya verməyi təklif edib, lakin İddiaçı imtina edib. Ekspert rəyi ilə tanış olmaqdan imtina edir və iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(033)-410/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, anası xx.xx.2012-ci ildə, bacısı isə xx xxxx 2014-cü ildə vəfat etdikdən sonra təsərrüfatda o və həyat yoldaşı qalmışlar, təsərrüfat bağlanmamışdır. İddiaçı iddia ərizəsində yalan qeyd etmiş və göstərmişdir ki, güya o da həmin təsərrüfatda yaşamışdır. Valideynlərinin ölümündən sonra faktiki surətdə o, mirası qəbul edib onu idarə etmişdir. İddiaçı isə 1992-ci ildən Rusiyaya getmiş və orada yaşamışdır. İddiaçı 2018-ci ildə Azərbaycana qayıtdıqdan sonra miras qalmış evin bir hissəsini ələ keçirmək məqsədilə özünə şəxsiyyət vəsiqəsi düzəltmiş və məhkəmədə real vəziyyəti əks etdirməyən iddia qaldırmışdır. Təəsüflər olsun ki, Zaqatala Rayon Məhkəməsi maddi və prosessual hüquq normalarını kobud surətdə pozmuş, vəkili tərəfindən verilmiş vəsatətə heç bir əhəmiyyət verməmişdir. Nəticədə məhkəmə tərəfindən vəsatətdə göstərilmiş hallar araşdırılmamışdır. İddiaçının nə vaxtdan Azərbaycan Respublikasına qayıtması barədə araşdırma aparılmamış, valideynləri vəfat etdikdən sonra təsərrüfatda kimlərin qalması müəyyən edilməmiş, təsərrüfatın nə vaxtdan bağlanması araşdırılmamışdır. Faktiki surətdə həmin təsərrüfat bağlanmamış və həmin təsərrüfatı o, idarə etmişdir. Beləliklə, məhkəmə kobud surətdə maddi və prosessual hüquq normalarını pozmuş və nəticədə onun və həyat yoldaşının həmin evdə normal yaşamasının qarşısını almışdır. Həmin qətnamədən apellyasiya şikayəti və kassasiya şikayəti verilmiş, təəsüflər olsun ki, həm apellyasiya, həm də Ali Məhkəmədə işə laqeyd münasibət bəslənilmiş və Zaqatala Rayon Məhkəməsinin qanunsuz və əsassız qətnaməsini ləğv etməli olduğu halda bunu etməmişdir. Bundan sonra iddiaçı məhkəmədə iddia qaldıraraq valideynlərindən miras qalmış evin naturada ayrılmasına və s. barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə bu işlə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş əvvəlki qətnaməsi olmasını nəzərə alaraq onun iddiasını təmin etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020 ci il tarixli qətnaməsi ilə iddiaçının iddiası təmin edilmiş və valideynlərinin ölümündən sonra faktiki surətdə onun tərəfindən mirasın qəbul edilməsini nəzərə almadan həmin iki otaqlı evin bir otağından onun və həyat yoldaşının çıxarııması qət edilmişdir. Aşağıdakı səbəblərə görə o, məhkəmənin həmin qətnaməsini qanunsuz və əsassız sayır. Zaqatala Rayon Məhkəməsi əvvəllər qətnamə qəbul edərkən, real faktları düzgün araşdırmamış, iş üçün əhəmiyyətli faktların dəqiqləşdirilməsi və araşdırılması düzgün həyata keçirilməmiş və nəticədə saxta yollarla əldə edilmiş sənədlərə əsasən miras qalmış ev üzərində vərəsəlik adı ilə bəhanə gətirərək qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, valideynlərinin dörd uşağı olmuş, bacıları Kərimova (Kələşova) Mirvari Feyzullah qızı 1989-cü ildə, iddiaçı Kərimova (Alxasova) Əminəxatın Feyzullah qızı 1991ci ildə ailə həyatı quraraq kolxozçu həyəti təsərrüfatından çıxmışlar və həmin müddətdən sonra onların bu təsərrüfatla heç bir əlaqələri olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(033)-410/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasına gəlməmişlər. Vəkil məhkəmənin elektron ünvanına ərizə göndərərək işə iddiaçının və onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(102)-7654/2019 nömrəli qərarından görünür ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdehh oğluna qarşı qanun üzrə vərəsəlik hüququnun verilməsi tələbinə dair iddiası təmin edilmiş, xx xxxxxx 2012-ci il tarixdə vəfat etmiş X3 miras qalmış Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən, RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx xxxxxx 2019-cu il tarixli qeydiyyat nömrəsi ********** olan çıxarışda qeyd edilmiş 0,39 ha torpaq sahəsinin mərhuma aid hissəsinin və xx xxxx 2014-cü il tarixdə vəfat etmiş X2 miras qalmış Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən, RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx xxxxxx 2019-cu il tarixli qeydiyyat nömrəsi ********** olan çıxarışda qeyd edilmiş ümumi sahəsi 62,90 kv.m. olan yaşayış evinin və 0,39 ha həyətyanı torpaq sahəsinin mərhuma aid hissəsinin üzərində İddiaçı 1/2 hissəyə dair qanun üzrə vərəsəlik hüququnun verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019cu il tarixli qətnaməsi ilə Cavabdehh oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-7654/2019 nömrəli xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Cavabdehh oğlu tərəfindən verilmiş kassasiya şikayəti də təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2020 qeydiyyat tarixli Çıxarışdan görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,4674 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi və üzərində yerləşən 62,90 kv.m. yaşayış evi paylı mülkiyyət hüququ əsasında X7 (fərdi yaşayış evinin 1/2 və torpaq sahəsinin 1/4 hissəsi), X8 (torpaq sahəsinin 1/4 hissəsi) və İddiaçı (fərdi yaşayış evinin 1/2 və torpaq sahəsinin 2/4 hissəsi) məxsusdur. “Müstəqil Məhkəmə Ekspertizası” Məhdud Məsulliyyətli Cəmiyyətinin xx xxxx 2020-ci il tarixli 195 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublfkası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışda göstərilən paylı mülkiyyət hüququ əsasında X7 (fərdi yaşayış evinin 1/2 və torpaq sahəsinin 1/4 hissəsi), X8 (torpaq sahəsinin 1/4 hissəsi) və İddiaçı (fərdi yaşayış evinin 1/2 və torpaq sahəsinin 2/4 hissəsi) məxsus olan və Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən sənəd üzrə sahəsi 0.4674 ha olan, amma faktiki olaraq naturada sahəsi 0.39 ha təşkil edən yaşayış məntəqələri təyinatlı torpaq sahəsi və üzərində yerləşən sənəd üzrə sahəsi 62.9 kv.m. olan, lakin sonradan artırılaraq sahəsi 102 kv.m. olan fərdi yaşayış evinin «İnşaat Norma və Qaydaları» 2.08.01.89*-un tələbinə uyğun olaraq paylara münasib şəkildə naturada bölünməsi mümkündür. 1-ci plan üzrə bölgü aşağıdakı qaydada aprılmışdır: -X4 fərdi yaşayış evinin 1/2 paya uyğun faktiki 102 kv.m. olan sahənin 51.0 kv.m. hissəsi, sənəd üzrə 62.9 olan sahənin 31.45 kv.m. hissəsi, 0.39 ha torpaq sahəsinin 1/4 hissə paya uyğun olaraq 0.0975 ha hissəsi; -X5 torpaq sahəsinin 1/4 hissə paya uyğun 0.39 ha torpaq sahəsinin 0.0975 ha hissəsi; -İddiaçı fərdi yaşayış evinin 1/2 hissəyə uyğun faktiki 102 kv.m olan sahənin 51.0 kv.m. hissəsi, sənəd üzrə 62.9 sahənin 31.45 kv.m. hissəsi və torpaq sahəsinin 2/4 hissəyə uyğun faktiki 0,39 ha olan torpaq sahəsinin 0.1950 ha hissəsi paya uyğun olaraq müəyyən edildi. 2-ci plan üzrə bölgü aşağıdakı qaydada aparılmışdır: -X4 fərdi yaşayış evinin 1/2 paya uyğun faktiki 102 kv.m. olan sahənin 51.0 kv.m. hissəsi, sənəd üzrə 62,9 olan sahənin 31,45 kv.m. hissəsi, 0.39 ha torpaq sahəsinin 1/4 hissə paya uyğun olaraq X5 1/4 payına düşən hissəsilə birlikdə ümumi olaraq 0.1950 ha təşkil etməsi; - İddiaçı fərdi yaşayış evinin 1/2 hissəyə uyğun faktiki 102 kv.m. olan sahənin 51.0 kv.m. hissəsi, sənəd üzrə 62.9 kv.m. sahənin 31.45 kv.m. hissəsi və torpaq sahəsinin 2/4 hissəyə uyğun faktiki 0.39 ha olan torpaq sahəsinin 0.1950 ha hissəsi paya uyğun olaraq müəyyən edildi. İşin gerçək halı ondan ibarətdir ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,4674 ha torpaq sahəsinin 1/2 hissəsi və həmin torpaq sahəsində yerləşən 62,90 kv.m. yaşayış evinin 2/4 hissəsi iddiaçının adına xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı 0,4674 ha torpaq sahəsinin 2/4 hissəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 62,90 kv.m. olan fərdi yaşayış evinin ona məxsus 1/2 hissəssinin naturada ayrılmasını tələb edir. Cavabdeh iddianın təmin edilməsinə etiraz edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən iddiaçı və cavabdehin ümumi paylı mülkiyyətində olan torpaq sahəsinin və fərdi yaşayış evinin ekspert rəyinə əlavə edilmiş sxemə uyğun qaydada naturada mövcud vəziyyətə uyğun iddiaçıya faktiki 102 kv.m. olan sahənin 51,0 kv.m. hissəsi sənəd üzrə 62,9 kv.m. sahənin 31,45 kv.m. hissəsi və torpaq sahəsinin 2/4 hissəyə uyğun faktiki 0,39 ha olan torpaq 0,1950 ha hissəsi olmaqla ayrılması təmin edilməli, həmin torpaq sahəsi iddiaçının faktiki sahibliyinə və istifadəsinə verilməlidir. Məhkəmə iddia tələbinin cavabdehin Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,4674 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin iddiaçıya məxsus hissəsindən çıxarılması və iddiaçının həmin əmlaka köçürülməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia ərizəsi həmin hissədə də qanuni və əsaslı olduğundan təmin edilməlidir.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.1-ci maddəsinə görə, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 213.1-ci maddəsinə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə görə, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.4-cü maddəsinə əsasən, ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 213.5-ci maddəsinə görə, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 215.1-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 220.1-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2.-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinin tələbinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Göründüyü kimi, iddiaçı Alxasova X1 rayonu Aşağı Tala kəndində yerləşən 0,4674 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinin mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. MPM-in 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Kollegiya hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Belə ki, “Müstəqil Məhkəmə Ekspertizası” Məhdud Məsulliyyətli Cəmiyyətinin xx xxxx 2020-ci il tarixli 195 nömrəli ekspert rəyinə əsasən sənəd üzrə 0.4674 ha olan, amma faktiki olaraq naturada sahəsi 0.39 ha təşkil edən torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən sənəd üzrə sahəsi 62.9 kv.m. olan, lakin sonradan artırılaraq sahəsi 102 kv.m. olan fərdi yaşayış evinin paylara münasib şəkildə naturada bölünməsi mümkün hesab edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi hazırkı iş üzrə ekspert rəyini mötəbər sübut kimi qəbul etməkdə haqlı olmuşdur. Cavabdeh iddia tələbinin əsassız olmasını təsdiq edən hər hansı mötəbər sübutu nə birinci instansiya məhkəməsinə, nə də məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. Cavabdehin apellyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. X11 Məhkəməsi “X6” qarşı xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, habelə təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və X11 Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəf öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyasiya şikayəti təmin edilməməli və Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(033)-410/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(033)-410/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar