Məhkəmə qərarları › İş №2(107)-244/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-244/2024

31.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-244/2024 31.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 3 saylı Şəki-Zaqatala Regional filialına qarşı ahıllara qulluq etmə faktının müəyyən edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: ahıllara qulluq etmə faktının müəyyən edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 3 saylı Şəki-Zaqatala Regional filialının nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 3 saylı Şəki-Zaqatala Regional filialına qarşı ahıllara qulluq etmə faktının müəyyən edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli 2(033)-974/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. X13 ilə X10 22 noyabr 1984-cü il tarixdə nikaha daxil olmuşlar. İddiaçının ərinin 1926-cı il təvəllüdlü atası X16 2011-ci il tarixdə və 1932-ci il təvəllüdlü anası X7 isə 2008-ci il tarixdə vəfat etmişlər. İddiaçı iddia ərizəsi ilə müraciət edərək, onun 2002- ci il tarixdən 2011-ci il tarixinədək ahıl olan 1926-cı il təvəllüdlü qaynatası X14 və 1932-ci il təvəllüdlü qaynanası X5 qulluq etmə faktının müəyyən edilməsini xahiş edir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 2002-ci il tarixdən 2011-ci il tarixinədək ahıl olan 1926-cı il təvəllüdlü qaynatası X14 və 1932-ci il təvəllüdlü qaynanası X5 qulluq etmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxxx 1957-ci il tarixdə Zaqatala rayonu Cimcimax kəndində doğulmuşdur. 1975-1982, 1984-1987 və 1989-1996-cı illərdə keçmiş Zaqatala rayon Gözbarax kənd “Dan ulduzu” adına kolxozunda kolxozçu işləməklə həmin kolxozun üzvü olmuşdur. Lakin ona kolxoz tərəfindən əmək kitabçası verilməmişdir. Hazırda onun pensiya yaşı çatdığı üçün yaşa görə əmək pensiyası almaqdan ötrü Azərbaycan Respublikası DSMF-nın X4 müraciət etmişdir. Lakin ona bildirdilər ki, 25 illik sığorta stajı tamam olmadığına görə ona əmək pensiyası verilməsi qanuna uyğun deyildir. Bundan sonra o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.1 və 4.1.8-ci bəndlərinə əsasən Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajının ahıllara qulluqetmə müddəti üzrə müəyyən edildiyini bildirmiş və 2002-ci il tarixdən yaşı yetmişə çatmış ahıl olan qayınanası və qayınatasına qulluq etdiyi müddətlərin sığorta stajına daxil edilməsini xahiş etmişdir. Lakin bildirdilər ki, bununla bağlı məhkəmə qərarı olmalıdır. Bildirir ki, 1984-cü ilin noyabr ayının 22-də Zaqatala rayonu Gözbarax kənd sovetliyində rəsmi qaydada nikahını qeyd etdirməklə X8 ərə köçmüşdür. Ərə köçdüyü gündən əri ilə birlikdə 1926-cı il təvəllüdlü qayınatası X16 və 1932-ci il təvəllüdlü X1 ilə birgə yaşamışdır. 2002-ci il tarixdə X1nın 70 yaşı tamam olmuşdur. Həmin tarixdən sonra 1926-cı il təvəllüdlü qayınatası X14 və 1932-ci il təvəllüdlü X1na onların vəfat etdiyi günədək qulluq etmişdir. X1 xx.xx.2008-ci il tarixdə, qayınatası X16 isə xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Buna görə də, 2002-ci il tarixdən 2011-ci il tarixinədək ahıl olan 1926-cı il təvəllüdlü qayınatası X16 və 1932-ci il təvəllüdlü X1na qulluq etmə faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. Bununla bağlı bildirir ki, onun 2002-ci il tarixdən 2011-ci il tarixinədək ahıl olan 1926-cı il təvəllüdlü qayınatası X16 və 1932-ci il təvəllüdlü X1na qulluq etməyini həyat yoldaşı X13 (ş/v: AZE № ********), qızları X9 (ş/v: AZE № ********), X11 (ş/v: AZE № ********) və qonşusu X17 (ş/v: AZE № ********) təsdiq edə bilərlər.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı bu qətnamənin 1-ci bəndində göstərilənlər müəyyən edilmişdir.

5. İddiaçı cavabdehdən ahıllara qulluq etmə faktının müəyyən edilməsini tələb edir. Bu tələblərə dair iddiaçının izahatından başqa iş materiallarında hər hansı bir mötəbər sübut mövcud deyildir. İddiaçının izahatı isə iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir ki, belə bir sübutlar da iddiaçı tərəfindən təqdim edilməmişdir.

6. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından da məlum olur ki, İddiaçı 2002-ci il tarixdən 2011-ci il tarixinədək ahıl olan 1926-cı il təvəllüdlü qaynatası X14 və 1932-ci il təvəllüdlü qaynanası X5 qulluq etməsi öz təsdiqini tapmamışdır. Belə ki, iş üzrə şahid ifadələrindən də göründüyü kimi, şahidlər iddiaçının qaynanası və qaynatası ilə birlikdə yaşamalarını və onlara qulluq etməsini bildirsələr də, sonuncunun onlara qulluq etməsi və ya mərhumların hər hansı xəstəlikdən əziyyət çəkməsi öz təsdiqini tapmamaqla onlara qulluq etməsi sübuta yetirilməmişdir.

7. Zaqatala Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli 2(033)-974/2023 nömrəli qətnaməsi ilə (hakim Tural Həsənov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 3 saylı Şəki-Zaqatala Regional filialına qarşı ahıllara qulluq etmə faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin rədd edilməsi, 100 (bir yüz) manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa və “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli qərarına istinad etmişdir.

9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Zaqatala rayonu Gözbarax kənd soveti tərəfindən 22 noyabr 1984-cü il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamə Zaqatala rayonu Gözbarax kənd soveti tərəfindən 20 avqust 1975-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamə Zaqatala rayonu Mamrux kənd ərazi nümayəndəliyi tərəfindən 29 mart 2016-cı il tarixdə verilmiş ölüm haqqında şəhadətnamə Zaqatala rayonu qeydiyyat şöbəsi tərəfindən 29 mart 2016-cı il tarixdə verilmiş ölüm haqqında şəhadətnamə

10. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsi məhkəmə hazırlıq mərhələsində ondan ölmüş ahıl şəxslərə qulluq etmə faktını sübut edən əlavə hər-hansı yazılı sübut təqdim edilməsini və yaxud hər hansı əlavə şahidlərin gətirilməsini təklif etməmişdir. Çünki məhkəmə hazırlıq iclasında ifadə verən şahidlər onun ahıl şəxslərə qulluq etməyini təsdiq edirdi. Ölmüş ahıl şəxslərə qulluq etmə faktının məhkəmədə sübut edilməsi yalnız şahid ifadələri ilə mümkündür. Birinci instansiya məhkəməsi qətnamədə məhkəmə hazırlıq iclasında dindirilmiş şahidlərin verdiyi ifadələrin sübut qismində qəbul edilməməsinin səbəblərini aydın izah etməmiş, həmçinin məhkəmə hazırlığında əlavə sübutların təqdim edilməsi barədə hərhansı təklif verməmişdir.

12. Birinci instansiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində qüvvədən düşmüş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın müddəalarına istinad etmişdir.

13. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli 2(033)- 974/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 3 saylı Şəki-Zaqatala Regional filialının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli 2(033)-974/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 21.2-ci maddəsinə əsasən, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət; müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti: müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və va 18 yaşinadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti; işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin peşə hazırlığı keçdiyi müddət; istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət; zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət; şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyriqanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət; əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət; mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət; hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).

18. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli qərarı 4-cü bəndində göstərilmişdir ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.8. ahıllara qulluqetmə müddəti üzrə:

1. patronajın təyin edilməsi barədə qərara əsasən;

2. qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən;

3. qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən;

19. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsində hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər qeyd edilmişdir. Həmin şərtlər kimi məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

21. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

22. İddiaçı Zaqatala Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli 2(033)- 974/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Zaqatala Rayon Məhkəməsinin 9 avqust 2023-cü il tarixli 2(033)-698/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 3 saylı Şəki-Zaqatala Regional filialına qarşı ahıllara qulluq etmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsi məhkəməyə aid hüquq haqqında mübahisə olduğundan baxılmamış saxlanılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbi və cavabdehin apellyasiya şikayəti ilə bağlı hazırki qətnamənin 4-7-ci bəndlərində əks edilən dəyərləndirməsini və gəldiyi nəticəni əsaslı hesab edir Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi mövcuddur ki, agentliyin fəaliyyət istiqamətlərindən biri də evdə (səyyar) sosial xidmət göstərilməsidir. Bu Qayda “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən hazırlanmışdır və əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, əlilliyi olan şəxslərə, xəstəliyin terminal (son) mərhələsində olan şəxslərə evdə (səyyar) sosial xidmətin göstərilməsi məsələlərini tənzimləyir. Evdə (səyyar) sosial xidmət həmin xidmətin xarakterindən asılı olaraq, sosial işçi və sosial xidmətçi tərəfindən göstərilir. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmişdir. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 12-ci bəndində göstərilmiş arqumentlərinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21.2-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4-cü bəndinə istinad edilmişdir ki, hər iki hüquq norması da edilmiş son dəyişikliklərlə qeyd edilmişdir və hal-hazırda qüvvədədir.

25. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli 2(033)-974/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli 2(033)-974/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar