Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-251/2020 14.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” barədə ilk iddiası, Cavabdeh1 İddiaçı1 və İddiaçı2 qarşı “şərəf və ləyaqətin müdafiəsi, maddi və mənəvi ziyanın ödənilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(037)-798/2019 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətinəaçıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada maddi zərərin əvəzi kimi 650 manat alınaraq İddiaçı2, mənəvi zərərin əvəzi kimi 20000 manat alınaraq İddiaçı1 və İddiaçı2 verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı1 və İddiaçı2 üzərinə şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatları təkzib edib üzr istəmək vəzifəsi qoyulmasını, 710 manat maddi, 30000 manat mənəvi zərərə görə olmaqla, cəmi 30710 manat alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(037)-798/2019 nömrəli (hаkim R.Şirinov) qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 ilk iddiaları, Cavabdeh1 qarşlıqlı iddiasının rədd edilməsi qət edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(037)-798/2019 nömrəli qətnaməsindən narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2 apelyаsiyа şikаyəti verərək, həmin qətnamənin ləğv edilib, ilk iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. İşin halları: İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 şəhid ailəsidir. Həyat yoldaşı Qarabağ müharibəsində şəhid olmuşdur. Həyat yoldaşının xatirəsi ona hər şeydən əzizdir. O, 2019-cu ilin iyun ayında idarə etdiyi “Mercedes A 160” markalı avtomaşınla doğulduğu İsmayıllı rayon Cülyan kəndinə gəlmişdir. xx xxxx 2019-cu il tarixdə, saat 20:00 radələrində qardaşı İddiaçı2 ilə birlikdə idarə etdiyi, özünə məxsus “Mercedes A 160” markalı minik avtomobili ilə Cülyan kəndindən İsmayıllı şəhərinə gələrkən İsmayıllı şəhəri, İ.Bünyətov küçəsi ilə hərəkət edərkən asfalt yola təqribən bir “Kamaz” yüklü taxıl töküldüyünü görmüşdür. O, avtomobili asfalt yolun kənarına çıxararaq taxılın kənarı ilə maneəni keçmişdir. Həmin vaxt taxıldan az miqdarda avtomobilin təkərləri altında qalmışdır. Onlar yollarına davam edərkən arxadan onların ünvanına kəskin söyüş səslərini eştimişlər. O, avtomobili saxlamış, qardaşı İddiaçı2 maşından düşərək Cavabdeh1 və Cavabdeh2 nalayiq söyüşlərinə qarşı etirazını bildirmişdir. Cavabdeh2 isə söyüşlərini davam etdirərək onun ölü və dirilərini nalayiq söyüşlərlə söyərək qardaşı İddiaçı2 üstünə gələrək sonuncunu yumruqla vurmuşdur. O, avtomobildən düşənə qədər Cavabdeh2 atası Cavabdeh1 da qaçaraq gəlib qardaşını əl ilə vurmağa başlamışdır. Həmin vaxt qardaşı İddiaçı2 polisə zəng vurmaq üçün əlinə götürdüyü telefonu Cavabdeh2 vuraraq sonuncunun əlindən yerə salmış və telefon sınaraq yararsız hala düşmüşdür. Həmin “Samsung A7” markalı telefonu qardaşı İddiaçı2 650 manata almışdır. O, onları ayırmaq istəyərkən Cavabdeh1 və Cavabdeh2 onu ağır təhqiramiz söyüşlərlə söymüş, ölülərini və dirilərini bir daha söyərək şəhid ərinin ruhunu təhqir etmişlər. Baş vermiş hadisədən Cavabdeh1 və Cavabdeh2 ona və qardaşı İddiaçı2 qarşı qeyri-insani hərəkətləri qardaşına fiziki ağrı ilə yanaşı hər ikisinə ağır mənəvi zərər vurmuşdur. Keçirtdikləri mənəvi əzab və iztirablara görə hələ də o və qardaşı İddiaçı2 özlərinə gəlməmiş, uzun müddət iş qabiliyyətlərini itirmiş və iş fəaliyyətlərinə davam edə bilməmişlər. Onun və qardaşı İddiaçı2 bu vəziyyətə düşməyinə səbəb Cavabdeh1 və Cavabdeh2 tərəfindən onlara qarşı edilən haqsız təhqirlər, söyüşlər, fiziki və mənəvi iztirablar, habelə digər haqsız təsirlər olmuşdur. Ona görə də Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada maddi zərərin əvəzi kimi 650 manat alınaraq qardaşı İddiaçı2, mənəvi zərərin əvəzi kimi 20000 manat alınaraq ona və qardaşı İddiaçı2 verilməsini tələb edir. Qeyd etdikləri nəzərə alınmaqla özünün iddia tələbinin təmin edilməsini, Cavabdeh1 qarşılıqlı iddia tələbinin isə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İsmayıllı şəhəri, İ.Bünyətov küçəsi, ev 10 ünvanında yaşayır. xx xxxx 2016-cı il tarixdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əkdiyi buğdanı biçib məhsulunu həmin ünvana gətirmişdir. Yük maşını həyətə girə bilmədiyi üçün buğdanı darvazanın qarşısına boşaltmış və oradan həyətə əllə daşımışlar. Həmin məhsulu yerə boşaldanda ictimai yolun bir tərəfi məhdudlaşmış, digər tərəfindən isə istənilən maşınların normal hərəkət etməsi üçün yol saxlanılmışdır. Buğdanı daşıdıqları vaxt “mercedes” markalı avtomobilin surətlə buğda topasının üstündən sürüb keçdiyini görmüşdür. Qeyri-ixtiyarı olaraq “korsan buğdanı tapdalayırsan” deməklə iradını bildirmişdir. Həmin avtomobili 25-30 metr məsafə qət etdikdən sonra saxlamaq mümkün olmuş, sükan arxasından qadın və qabaq oturacaqdan isə İddiaçı2 düşüb “əcəb elədim, sizə kim ixtiyar verib ki, yola buğda tökmüsünüz, şərəfsizlər” deyərək üstünə hücum etmişdir. Oğlu Cavabdeh2 dərhal yaxınlaşaraq İddiaçı2 imkan vermədi ki, onu vursun. İddiaçı1 isə onu “köpək oğlu, vicdansızlar, qeyrətsizlər” söyməklə təhqir etmişdir. Qonşuluqda yas mərasimi keçirildiyi üçün xeyli şəxs İddiaçı2 və İddiaçı1 səsini eşidib ora gəlmiş, onun təhqir olduğunu görüb eşitmişlər. X1 və Ağamirov Məhəmməd Əlövsət oğlu isə həmin hadisənin əvvəlindən orada olmuş və bütün prosessləri görmüşlər. İddiaçı2 sakitləşdirmək mümkün olmamış, acıq edərək əlindəki telefonu yerə çırpmışdır. Sonuncu telefonu sınıdırdığı halda böhtan ataraq oğlu Cavabdeh2 günahlandırmışdır. Qadın olduğu üçün İddiaçı1 isə “gözün üstə qaşın var” deyən olmamışdır. Həmin hadisədən sonra səhhəti kəskin şəkildə pisləşmiş və həmin səbəblərdən həkim müayinəsindən keçmişdir. Ona görə də İddiaçı1 və İddiaçı2 üzərinə şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatları təkzib edib üzr istəmək vəzifəsi qoyulmasını, 710 manat maddi, 30000 manat mənəvi zərərə görə olmaqla, cəmi 30710 manat alınaraq ona verilməsini tələb edir. Qeyd etdikləri nəzərə alınmaqla özünün qarşılıqlı iddia tələbinin təmin edilməsini, İddiaçı1 və İddiaçı2 iddia tələbinin isə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi tam, obyektiv və hərtərəfli araşdırmadan, maddi və prosessual hüquq normalarını pozmaqla iddianın təmin edilməməsi barədə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətiə etiraz edərək bildirmişdir ki, 40 ildən çox müəllim işləmiş, bugünə kimi dilindən ədəbsiz söz çıxmamışdır. Yaşadığı həyətə yük maşını girə bilmədiyindən özləri üçün aldığı buğdanı darvazanın qarşısına boşaltmış və oradan həyətə daşımışlar. Həmin məhsulu yerə boşaldanda ictimai yolun bir tərəfi məhdudlaşmış, digər tərəfindən isə istənilən maşınların normal hərəkət etməsi üçün yol saxlanılmışdır. Buğdanı daşıdıqları vaxt cavabdehlərin idarə etdiyi “Mercedes” markalı avtomobil surətlə buğda topasının üstündən sürüb keçib getmişdir. O, da həmin avtomobilin arxasınca qeyri-ixtiyarı olaraq “korsan buğdanı tapdalayırsan” deməklə iradını bildirmişdir. Həmin avtomobil 25-30 metr məsafə qət etdikdən sonra saxlamış, sükan arxasından qadın və qabaq oturacaqdan isə bir kişi düşərək “əcəb elədim, sizə kim ixtiyar verib ki, yola buğda tökmüsünüz, şərəfsizlər” deyərək onun üstünə gəlmişlər. Bu vaxt oğlu Cavabdeh2 araya girərək cavabdehin onun üstünə gəlməsinə maneə olmuşdur. Cavabdeh İddiaçı1 onu “köpək oğlu, vicdansızlar, qeyrətsizlər” söyməklə təhqir etmişdir. Həmin vaxt qonşuluqda yas mərasimi keçirildiyi üçün səsə orada olan adamlar yığışmışdır. Lakin cavabdeh İddiaçı2 sakitləşdirmək mümkün olmadığından acıq edərək əlindəki telefonu yerə çırpmışdır. Apelyasiya şikayətini qəbul etmir, ona görə də İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, əksinə cavabdeh tərəf onların şərəf və ləyaqətinə toxunan ifadələr işlətmişdir. İddiaçı2 əsəbi halda onun atasının üstünə gəlmiş, ona atasının vurulmasından ehtiyat edərək Yanvarın qarşısını kəsmiş, bundan sonra aralarında mübahisə yaranmışdır. İddiaçı2 özü əsəbi halda əlindəki telefonu yerə çırpmışdır. Digər İddiaçı1 isə onların ünvanına “köpək oğlu, vicdansızlar, qeyrətsizlər” söyməklə təhqir etmişdir. Apelyasiya şikayəti əsassızdır, ona görə də İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı1 və İddiaçı2 məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. İddiaçı2 rəsmi poçt vasitəsilə yanaşı, həmçinin istifadəsində olan 055 421 56 36 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə də xəbərdar olunmuşdur.Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(037)-798/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından,cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş; İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli, 3(037)-320 nömrəli qərarının sürətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə olunmuş, İddiaçı2 məxsus “Samsung A7” markalı mobil telefona dəymiş maddi ziyanın ödənilməmiş hissəsi ilə əlaqədar məsələ isə baxılmamış saxlanılmışdır. Məhkəmə kollegiyası cavabdehlərin (qaşılıqlı iddiaçının) izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəflər arasındakı yaranmış münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarında izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və X6 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir... Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır... Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu sözügedən Qərarında həmçinin izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun... Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər... Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İddiаçılar onlara 20.000 manat həcmində, qarşılıqlı iddiaçılar isə 30.000 manat həcmində mənəvi zərər dəyməsini iddia etsələr də, lakin buna dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı1 və İddiaçı2 buğda topasının üstündən sürüb keçdikdən sonra Cavabdeh1 və Cavabdeh2 onları camaat içərisində yüksək səslə nalayiq söyüşlərlə şərəf və ləyaqətini alçaldacaq dərəcədə onları təhqir etdiyini, şərəf və ləyaqətlərinin alçaldığını, 650 manat maddi və 20000 manat məbləğində mənəvi zərər dəydiyini bildirsələr də həmin faktlar məhkəmə iclasında təsdiq edilməmişdir. Hadisə zamanı Cavabdeh1 və Hacıyev X5 Turac Alcan qızı və İddiaçı2 onları təhqir etdiklərini və həmçinin onların şərəf və ləyaqətlərini alçaldaraq onlara 710 manat maddi və 30000 manat məbləğində mənəvi zərər vurduqlarını bildirsələr də həmin faktlar da məhkəmə iclasında təsdiq edilməmişdir. Qeyd olunan əsaslara görə birinci instansiya məhkəməsi hər iki iddia tələbi rədd etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qarşılıqlı iddia üzrə də gəldiyi nəticələr və həmin nəticələrə gəlməsinin əsasları ilə də razılaşır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə görə, hər kəsin öz şərəf və ləyaqətinı müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə görə, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 23.4-cü maddəsinə görə, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx xxxx 2002-ci il tarixli qərarına əsasən şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunarsa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər biləvasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunveriliciyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxx 1999-cu il tarixli 7 nömrəli qərarının 3-cü bəndinə əsasən, şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç hal aydınlaşdırılmalı və onlara məcmu halda hüquqi qiymət verilməlidir: məlumatların vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olması, bu məlumatların yayılması. Məlumat əxlaq prinsipləri, istehsaltəsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradarsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması başa düşülür. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab olunur. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirilməklə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə... məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlarda çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər... Qanunla xüsusi şikayət verilmə qaydası müəyyən edilmiş rəsmi sənədlərdə (məsələn, məhkəmə, istintaq orqanlarının qərarlarında və s.) olan məlumatların təkzib ediməsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin qaydaları tətbiq edilmir. Belə rəsmi sənədlərdən müvafiq qanunvericilik aktlarında (mülki, əmək, cinayət və mülki-prosessual və s. qanunvericilik aktlarında müəyyən edilmiş qaydalarda baxılır. Lakin cinayət, mülki və inzibati hüquq pozuntusu haqqında işin materiallarına əsasən hazırlanıb kütləvi informasiya vasitəsində istifadə olunmuş yazılarda verilən məlumatlar maraqlı şəxslər tərəfindən onların şərəf və ləyaqətlərinin ləkələnməsi kimi qiymətləndirildikdə bu cür iddialara da şərəf və ləyaqətin müdafiəsi kimi baxıla bilər. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən, eyni zamanda “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunveriliciyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxx 1999-cu il tarixli 7 nömrəli tövsiyyə xarakterli qərarının 3-cü bəndinə əsasən, şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç hal aydınlaşdırılmalı və onlara məcmu halda hüquqi qiymət verilməlidir: məlumatların vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olması və bu məlumatların yayılması. Göründüyü kimi şərəf və ləyaqətin müdafiəsi ilə bağlı hallar araşdırılarkən yuxarıda göstərilən üç elementin vahidliyi mövcud olmalı, onlardan hər-hansı birinin olmaması şəxsin şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Apelyasiya instansiyası məhkəməsi qeyd edir ki, apelyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılması üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Hazırki iş üzrə, iddia tələblərinin faktiki halları qanuni əsasların şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğun olmadığından birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Əvvəla, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də apelyasiya baxışı zamanı hansısa mötəbər dəlilə istinad etməmişdir. Maddi və mənəvi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Buna görə də, cavabdehin iddiaçıya zərər vurması inandırıcı və ağlabatan görünmür. İkincisi, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırki iş üzrə, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi inandırıcı deyildir. Çünki, iddiaçı iddia tələbində qeyd etdiklərinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(037)-798/2019 nömrəli qətnaməsidəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-251/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-251/2020
14.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver