Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-258/2023 14.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair (Açar sözlər: Torpaq sahəsinin dəyəri, maddi və mənəvi ziyan, sübutetmə yükü) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Salmanov Əli Sabir oğlunun katibliyi ilə İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(037)-1108/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehlərdən 1,0296 hektar torpaq sahəsinin hazırki bazar qiymətinə uyğun olaraq 9500 manat, 3000 manat maddi, 1000 manat mənəvi ziyanın və 130,5 manat dövlət rüsumunun, ümumilikdə 13630,5 manatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2010-cu ildə mərhum X8 ona yaxınlaşaraq təcili pula ehtiyacı olduğundan özünə və ailə üzvləri Məmmədova Fənarǝ Arif qızı, X4, Cavabdeh3 və Cavabdeh4 aid paylı mülkiyyətdə olan, ümumilikdə 1,0296 kənd təsərüfatlı əkin torpaq sahəsini və bağ təyinatlı torpaq sahəsini satmaq istədiyini bildirmişdir. O, mərhum Abasəli Cabbarovun satmaq istədiyi əkin torpaq sahəsinə yerində baxdıqdan sonra razılığa gələrək bütün paylı mülkiyyətçilərin, onların yaxın qohumu X10 və qonşusu Şahid iştirakı ilə 1,0296 hektar torpaq sahəsini almaq üçün mərhum Abasəli Cabbarova 2000 manat məbləğində pul vermişdir. Bundan sonra mərhum Abasəli Cabbarov həmin torpaq sahəsinə dair MH seriyalı 002698 nömrəli çıxarışı və torpaq sahəsinin planı və ölçü sənədlərini ona təqdim etmişdir. O, mülkiyyətçilərlə razılığa gəlmişdir ki, ona satdıqları əkin torpaq sahəsinə dair gələcəkdə heç bir iddiaları olmayacaqdır və qısa müddətdə notariusa gedib həmin torpaq sahəsini alğı-satqı yolu ilə onun adına rəsmiləşdirəcəklər. Lakin ötən dövr ərzində dəyərini ödəməklə əldə etdiyi 1,0296 hektar əkin torpaq sahəsi onun adına rəsmiləşdirilməmişdir. O, dəfələrlə Abasəli Cabbarovdan əkin torpaq sahəsinin onun adına rəsmiləşdirilməsini xahiş etsə də sonuncu hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldatmış və ailə üzvlərini notariusa gətirməkdən boyun qaçırmışdır. Abasəli Cabbarovun vəfatından sonra oğlu Cavabdeh3 2020-ci ildən başlayaraq atası tərəfindən ona satılmış torpaq sahəsinin geri qaytarılmasını tələb edir. Cavabdeh3 o, torpaq sahəsini geri vermədiyi təqdirdə aidiyyatı üzrə hüquq mühafizə orqanına şikayət ərizəsi ilə müraciət edəcəyini bildirmişdir. Hazırda həmin torpaq sahəsinin bu günə olan bazar qiymətinə uyğun olaraq hər hektarı 9500-10000 manat arasında dəyişir. Artıq 12 ildir ki, həmin torpaq sahəsini o, əkib-becərmiş və bütün vergiləri ödəmişdir. Belə ki, torpaq sahəsinə lazımi qaydada qulluq etmiş və hər il gübrə vermişdir. Bütün aqrotexniki qaydalara əməl etmiş və öz əmlakı kimi həmin torpaq sahəsini qoruyub saxlamışdır. Buna baxmayaraq cavabdehlər həmin torpaq sahəsini ondan geri istəyirlər. Cavabdehlər tərəfindən ona həm maddi, həm də mənəvi ziyan vurulmuşdur. Torpaq sahəsinə ümumilikdə 3000 manat xərc çəkməklə ona 3000 manat maddi ziyan dəymişdir. Ona dəymiş mənəvi ziyanı isə 1000 manat məbləğində qiymətləndirir. Cavabdehlərdən 1,0296 hektar torpaq sahəsinin hazırki bazar qiymətinə uyğun olaraq 9500 manat, 3000 manat maddi, 1000 manat mənəvi ziyan və 130,5 manat dövlət rüsumu, ümumilikdə 13630,5 manatın alınaraq ona ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh3 birinci instansiya məhkəməsinin məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 14 yanvar 2009-cu il tarixli, MH seriyalı, ******* nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Mican kəndində yerləşən 1,0296 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun atası X6, anası Cavabdeh1, bacıları X2 və Cavabdeh4 birgə mülkiyyətinə verilmişdir. 2010-cu ilin iyun ayında atası Abasəli Cabbarov iddiaçının kombaynında işləmiş, atası ağır xəstəliyə tutulduğundan və maddi imkanı yaxşı olmadığından iddiaçıdan 250 manat borc pul almışdır. Bundan sonra atası vəfat etmiş, həmin torpaq sahəsi atasının borcunun əvəzində əkilmişdir. Borcu qaytara bilmədiklərindən iddiaçı 13 il ərzində həmin torpaq sahəsini əkib-becərmiş, lakin onlara taxıl verməmişdir. İddiaçı torpaq sahəsini 250 manat borcun əvəzi olaraq əkib-becərmişdir. Atası iddiaçıya mübahisə predmeti olan torpaq sahəsini satmamışdır. Bu səbəbdən də iddia tələbini əssasız hesab etməklə rədd edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Cavabdeh3 izahatının məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Cavabdehlərdən Cavabdeh4 birinci instansiya məhkəməsinin iclasında iştirak etməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X10 göstərmişdir ki, o, iddiaçının tanıyır, cavabdehlərlə də qohumluq əlaqəsi vardır. İddiaçının Abbasəli Cabbarovun torpaq sahəsini aldığını bilir. Abbasəli Cabbarov iddiaçıdan torpaq sahəsinin əvəzi olaraq pul almışdır. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş Şahid göstərmişdir ki, o, iddiaçını tanıyır. O, sahədə bir il qarolçu işləmişdir. Abbasəli Cabbarov traktorist işləmiş və orada yoldaşlıqları yaranmışdır. Abbasəli Cabbarovun torpaq sahəsini uzun müddət olaraq iddiaçı əkib becərmişdir. Abbasəli Cabbarovun iddiaçıya mübahisə predmeti olan torpaq sahəsini satıb-satmadığını bilmir. İsmayıllı Rayon Məhkəməsinin (hakim R.Şirinov) 14 noyabr 2022-ci il tarixli, 2(037)- 1108/2022 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 14 yanvar 2009-cu il tarixli, MH seriyalı, ******* nömrəli çıxarışa və həmin tarixli, AA 003762 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İsmayıllı rayonu Mican kəndində yerləşən 1,0296 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X8, Cavabdeh1, X4, Cavabdeh3 və Cavabdeh4 birgə mülkiyyətinə verilmişdir. İddiaçı cavabdehlərdən 1,0296 hektar torpaq sahəsinin hazırki bazar qiymətinə uyğun olaraq 9500 manat, 3000 manat maddi, 1000 manat mənəvi və 130,5 manat dövlət rüsumu, ümumilikdə 13630,5 manat alınaraq ona ödənilməsini tələb edir. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Nümayə Cabbarova izahatlarında Abasəli Cabbarovun iddiaçıya torpaq sahəsini satmadığını bildirərək iddia tələbini əssasız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv halı üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Hazırkı iş üzrə iddiaçı tərəfindən iddia tələbinin əsasını təşkil edən əsaslı sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı iddia tələbinin əsasını təşkil edən halları məhkəmə iclasında da mötəbər sübutlarla izah edə bilməmişdir. Məhkəmə öz mövqeyini “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 214-220, 227.2, 227.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan iddiaçı tərəf apellyasiya şikayəti vermişdir Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, dəfələrlə Abasəli Cabbarovdan əkin torpaq sahəsinin onun adına rəsmiləşdirilməsini xahiş etsə də sonuncu hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldatmış və ailə üzvlərini notariusa gətirməkdən boyun qaçırmışdır. Abasəli Cabbarovun vəfatından sonra oğlu Cavabdeh3 2020-ci ildən başlayaraq atası tərəfindən ona satılmış torpaq sahəsinin geri qaytarılmasını tələb etmişdir. Cavabdeh3 o, torpaq sahəsini geri vermədiyi təqdirdə aidiyyatı üzrə hüquq mühafizə orqanına şikayət ərizəsi ilə müraciət edəcəyini bildirmişdir. Hazırda həmin torpaq sahəsinin bu günə olan bazar qiymətinə uyğun olaraq hər hektarı 9500-10000 manat arasında dəyişir. Artıq 12 ildir ki, həmin torpaq sahəsini o əkib becərdirir və bütün vergiləri ödəyir. Belə ki, torpaq sahəsinə lazımi qaydada qulluq etmiş və hər il gübrə vermişdir. Bütün aqrotexniki qaydalara əməl etmiş və öz əmlakı kimi həmin torpaq sahəsini qoruyub saxlamışdır. Buna baxmayaraq cavabdehlər həmin torpaq sahəsini ondan geri istəyirlər. Abasəli Cabbarovun 2010-cu ildə 2000 manata satdığı torpaq sahəsi hal-hazıradək onun faktiki sahibliyində və istifadəsindədir. Mübahisə predmeti olan torpaq sahəsinin satışından hazırda təxminən 9500 manatdan yuxarı vəsait əldə etmək mümkündür. Bu səbəbdən də cavabdeh hazırda əsassız varlanan şəxs sayılır. Lakin birinci instansiya məhkəməsi onun göstərdiyi halları nəzərə almamış, işin həqiqi hallarını düzgün müəyyən etməmişdir. Belə ki, o, cavabdehlərlə həmin məzmunda müqavilə bağladığını iddia etmir əksinə bu müqavilənin bağlanmaması nəticəsində ona vurulmuş ziyanın ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsi isə zərərin dəyməsinin səbəbləri ilə bağlı işin bütün faktiki hallarını aydınlaşdırmadan qətnamə qəbul etmişdir. Qeyd edilənlərə əsasən İsmayıllı Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(037)-1108/2022 nömrəli qətnaməsinin ləğv edilərək apellyasiya şikayətinin təmin edilməsinə və iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək İsmayıllı Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(037)-1108/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və onun iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ayrıayrılıqda apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini və İsmayıllı Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(037)-1108/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 146.1-ci maddəsinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. aşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Qanunun; 8.0.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator İsmayıllı Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(037)-1108/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Kollegiya İsmayıllı Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(037)-1108/2022 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddia tələbi 1,0296 hektar torpaq sahəsinin hazırki bazar qiymətini təşkil edən 9500 manatın, 3000 manat maddi ziyan, 1000 manat mənəvi ziyan və 130,5 manat dövlət rüsumu, ümumilikdə 13630,5 manat məbləğində pulun ödənilməsi barədədir. İddiaçı 9500 manat pul, yəni əsassız varlanma tələbinin əsası kimi 1,0296 hektar torpaq sahəsinə görə Abasəli Cabbarova 2010-cu ildə 2000 manat pul vəsaitini verməsinə baxmayaraq, adına rəsmiləşdirilməmiş torpaq sahəsinin dəyərinin hazırda 9500 manat təşkil etməsinə, bu sövdələşmə nəticəsində isə ona 3000 manat maddi, 1000 manat mənəvi ziyanın dəyməsinə istinad etmişdir. İddiaçı 12 ildir ki, həmin torpaq sahəsini özünün əkib-becərdiyini, bütün vergiləri ödədiyini, torpaq sahəsinə lazımi qaydada qulluq etdiyini, hər il gübrə verdiyini, bütün aqrotexniki qaydalara əməl etdiyini, öz əmlakı kimi həmin torpaq sahəsini qoruyub saxladığını göstərmişdir. İşdən görünür ki, işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi iddianı rədd edərkən iddiaçının istinad etdiyi halları sübut etməməsinə istinad etmişdir. Mülki qanunvericilik öhdəliyin əmələ gəlməsini tərəflər arasındakı müqavilə münasibətlərinin mövcudluğu, zərərin vurulması və hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlakın əldə edilməsi ilə əlaqələndirmişdir. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi Abasəli Cabbarova qanunvericilikdə bunun üçün nəzərdə tutulmuş formada və qaydada müqavilə bağlamadan aldığı torpaq sahəsinin hazırkı dəyərini tələb edir. Həmçinin mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir. Qanunvericililin tələbinə görə zərər vurulmasına gətirib çıxaran hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlik) təqsirdə ifadə olunur. Başqa sözlə, hüquqa zidd əməl təqsirli olaraq törədilməli, vurulmuş ziyanla hüquqa zidd əməl arasında səbəbli əlaqə olmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya qeyd edir ki, iddiaçı Abasəli Cabbarova 2010-cu ildə 2000 manat pul vəsaitini verməklə sonuncunun və cavabdehlərin mülkiyyətində olan 1,0296 ha torpaq sahəsini pul ödəyib aldığını göstərsə də bununla bağlı notarial qaydada təsdiq edilmiş alqı-satqı rəsmiləşdirilməmişdir. Həmçinin daşınmaz əmlakın dövlət reyestrindən 14 yanvar 2009-cu il tarixdə verilmiş çıxarışla 1,0296 ha torpaq sahəsi X6, Cavabdeh1, X3, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətinə rəsmiləşdirildiyindən 2010-cu ildə həmin torpaq sahəsinin notarial qaydada alqı-satqısının həyata keçirilməsi üçün maneənin olması müəyyən edilməmişdir. İddiaçı torpaq sahəsini adına rəsmiləşdirməməsini X6 ailə üzvlərinin ona satdıqları torpaq sahəsinə gələcəkdə heç bir iddialarının olmayacağını göstərmələri, qısa müddət ərzində notariata gedib ona satdıqları həmin torpaq sahəsini alqı-satqı yolu ilə onun adına rəsmiləşdirəcəklərinə vəd vermələrinə baxmayaraq sonradan bu vədlərinə əməl etməmələri ilə izah etmişdir. Lakin iddiaçı iddia tələbi ilə bağlı hər hansı mötəbər sübutu məhkəmələrə təqdim edə bilməmiş, iddiasını və apellyasiya şikayətini özünün mülahizələri ilə əsaslandırmağa çalışmışdır. Birinci instansiya məhkəməsinin iclasında dindirilmiş şahidlər də İddiaçı tərəfindən X7 hər hansı bir məbləğdə pul vəsaitini verməsi barədə qəti fikir ifadə etməmişlər. Kollegiya qeyd edir ki, baxılan iddianın təmin olunması üçün iddiaçı tərəfindən torpaq sahəsinin alışı üçün 2000 manat pul vəsaitinin X7 ödənilməsi, cavabdehlər tərəfindən iddiaçıya zərərin vurulması, zərər vurulması sübut olunduğu halda həmin zərərin məhz cavabdehlərlə səbəbli əlaqəsi sübut olunmalıdır. Kollegiya qeyd edir ki, bu halda işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Lakin iddiaçı tərəf iddia ərizəsində qeyd etdiklərini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmiş, ümumi qaydada fikir ifadə etməklə iddiasının təmin olunmasını xahiş etmişdir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin sübuta yetirilməsi iddaçının üzərinə düşdüyü və buna baxmayaraq, iddiaçı öz tələblərini sübuta yetirə bilmədiyi üçün birinci instansiyası məhkəməsinin iddianı rədd etməklə mövqeyi əsaslı olmuşdur. Ona görə də kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(037)-1108/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-258/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-258/2023
14.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver