Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-26/2022 05.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərər” tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi ziyan, əsassız varlanma, ekspertiza məsələləri) Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı hüquqi varisi X1, Cavabdeh iştirakları ilə, Qəbələ Rayon Məhkəməsinin 01 noyabr 2019-cu il tаrixli, 2(025)-1306/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan 15000 (on beş min) manat pulun, yol və s. xərcləri olaraq 1500 manatın, cəmi 16.500 manat məbləğində pulun (maddi zərərin), 5000 manat məbləğində mənəvi zərərin və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2016-cı ilin dekabr ayında cavabdeh təsərrüfat yaratmaq üçün onunla görüşməyi təklif etmişdir. İlkinlə qohumluq münasibətlərini nəzərə alaraq təklifini qəbul etmiş və onunla görüşmüşdür. Görüş zamanı İlkin ona qoyunçuluq təsərrüfatının qazanc gətirən, az vəsait qoyulmaqla daha çox gəlir əldə etmək mümkün olan təsərrüfat sahəsi olduğuna onu inandırmış və həmin istiqamətdə təsərrüfatın yaradılmasını təklif etmişdir. İxtisasca iqtisadçı olduğundan bir müddət cavabdehin təklifini analiz edərək İlkinin təklifi barədə fikirləşdikdən sonra həmin təklifi qəbul etmişdir. Şifahi olaraq razılığagəlmişlər ki, o, İlkinə qoyun almaq üçün pul vəsaiti verməli, sonuncu da müfaviq qaydada bir neçə baş qoyun-quzu alaraq saxlamalı, kökəltməli və satışa çıxartmalı, qoyunların satışından əldə olunan pul vəsaitinə uyğun surətdə təsərrüfatın genişləndirilməsi işini təşkil etməlidir. Qohumluq münasibətlərini və İlkini tanıdığını, ona etibar etdiyini nəzərə alaraq razılıqlarını notarial qaydada rəsmiləşdirməmişdir. Bundan sonra o, İlkinə 40.000 manat məbləğində pul vermişdir. Birinci mərhələdə 2017-ci ildə cavabdeh ona verilən pula uyğun olaraq qoyun-quzu almış, saxlayaraq kökəltmiş və satmışdır. Bu zaman normal qazanc əldə olunmuşdur. Vəziyyəti analiz edərək təsərrüfatın genişləndirilməsi üçün ona məsləhətlərini verməklə əldə olunan pul vəsaitinin həmin istiqamətdə xərclənməsini ona tapşırmışdır. Lakin İlkin qoyun-quzunun saxlanması üçün onda olan tövlənin balaca olduğunu bəhanə gətirərək, geniş ölçüdə tövlə tikilməsi üçün əlavə pul vəsaitinin lazım olduğunu demişdir. Bunu nəzərə alaraq işin lazımi qaydada getməsi məqsədi ilə şəxsi vəsaiti hesabına onun həyətində heyvanlar üçün geniş tövlə tikmişdir. Tövlə tikilən zaman razılaşmışlar ki, işləri alınmasa da, tikili cavabdehin həyətində qalacaqdı və istənilən vaxt ondan istifadə edəcəklər. Tövlənin tikilməsinə 7438 manat məbləğində pul xərclənmişdir. Təsərrüfata baxmaq üçün götürülmüş işçiyə zəhmət haqqının onun tərəfindən ödənilməsinə dair İlkinlə əvvəlcədən hər hansı razılıqları olmamışdır. Həmin ilin iyun ayında heyvanları satmışlar, lakin heç bir qazanc əldə olunmamışdır. Yenidən iyul ayında 100-150 baş qoyun-quzu almış, avqust ayında qurbanlıq heyvanların alınıb-satıldığını nəzərə alaraq aldıqları qoyunları satmışlar. Sentyabr ayında İlkin qoyun-quzunun satılmasından 5000 manat məbləğində pul əldə olunduğunu bildirmişdir. Həmin pulun ona düşən 2500 manatını cavabdeh vermişdir. Dekabr ayında cavabdehlə haqq-hesab etmiş və belə nəticəyə gəlmişlər ki, gözlənilən (fikirləşdikləri) qazanc əldə olunmamışdır. Bundan sonra da bir müddət gözləmişdir. Lakin təsərrüfatdan qazanc əldə olunmadığını görüb 2018-ci ilin mart ayının 7-də İlkinin evinə gedərək yenidən haqq-hesab etmişlər. Bu zaman İlkinin əlində təsərrüfatın 14800 manat nəğd pulunun olduğu, 7438 manat pulun tövlənin tikintisinə xərcləndiyi və 5500 manata yaxın heyvanın olduğu ona məlum olmuşdur. Buna görə də İlkinə işin dayandırılmasını tapşırmışdır. Əvvəldən razılaşdığı kimi cavabdehdə olan, özünə məxsus 14800 manat mələğində pulu ondan almışdır. İlkində onun 25200 manat məbləğində pulu qalmışdır. İlkin ona qalan heyvanları satıb, nisyələri yığıb aprel ayınadək qaytaracağını, o, isə cavabdehə may ayında vəsaitini ondan geri alacağını bildirmişdir. 2018-ci ilin may ayının 4-də İlkin Bakı şəhərinə gələrək ona 5000 manat pul qaytarmış, qalan 20000 manatı isə yaxın iki-üç ay ərzində qaytaracağını vəd etmişdir. Bu zaman razılaşmışlar ki, İlkin ona qalan 20000 manatı bir dəfəyə ödəyəcəyi halda tövlə üçün xərclənmiş vəsaiti yarı-yarı bölsünlər. Bundan sonra İlkin yenidən sentyabr ayının 5də Bakı şəhərinə gələrək ona 5000 manat pul vermişdir. Lakin həmin puldan sonra cavabdeh ona pul qaytarmamışdır. Hazırda İlkinin ona 15000 manat borcu qalmışdır. İlkinlə görüşüb məsələni həll etmək üçün dəfələrlə Qəbələ şəhərinə gəlmiş, yola, qidalanmağa, qalmağa 1500 manat məbləğində pul vəsaiti xərcləmişdir. Cavabdehin qanunsuz əməlləri nəticəsində mənəvi sarsıntı keçirmiş və nəticədə İlkin ona öz əməlləri ilə 5000 manat məbləğində mənəvi zərər vurmuşdur. Qəbələ Rayon Məhkəməsinin 01.11.2019-cu il tarixli, 2(025)-1306/2019 saylı qətnaməsi ilə (hakim A.Əliyev) iddia qismən təmin edilmiş, Cavabdeh 15000 manat məbləğində borc və 30 manat dövlət rüsumu, ümumilikdə 15030 manat məbləğində pul alınıb İddiaçı verilməsi qət edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli 2(025)-1306/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən apellyаsiyа şikаyəti verilmişdir. Apellyasiya instansiya məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-401/2020 saylı, 06 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər X5 (sədrlik edən və məruzəçi), X2 və X7) cavabdeh tərəfin apellyasiya şikayətinin qismən təmin edilməsi, Qəbələ Rayon Məhkəməsinin 01.11.2019-cu il tarixli, 2(025)-1306/2019 saylı qətnaməsinin qismən- Cavabdeh tutulmuş 15000 manat məbləğə münasibətdə ləğv edilməsi, tutulmalı olan məbləğin 7562 manat müəyyən edilməsi, qətnamənin qalan hissəsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-401/2020 saylı, 06 fevral 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 21.10.2020-ci il tarixli, 2(102)-3393/2020 saylı qərarı ilə, İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-401/2020 saylı işi üzrə 06 fevral 2020-ci il tarixli qətnaməsinin ferma tikintisinə sərf edilmiş vəsaitə aid hissədə ləğv edilməsi və işin həmin hissədə yeni apellyasiya baxışına göndərilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərar alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin 01.11.2019-cu il tarixli, 2(025)-1306/2019 saylı qətnaməsi ilə (hakim A.Əliyev) iddia qismən təmin edilmiş, Cavabdeh 15000 manat məbləğində borc və 30 manat dövlət rüsumu, ümumilikdə 15030 manat məbləğində pul alınıb İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında olan şifahi razılaşmaya görə iddiaçı ona qoyun quzunun alınaraq saxlanması, kökəldildikdən sonra satılması, bir sözlə təsərrüfat məqsədləri üçün ümumilikdə 40.000 manat məbləğində pul vəsaiti vermişdir. İşin bu halını işin məhkəmə araşdırılması zamanı Cavabdeh etiraf etmişdir. Birinci mərhələdə verilən pul vəsaitinə cavabdeh qoyun-quzu alaraq müəyyən müddətə saxlamış və satmışdır. Əldə olunan pul vəsaiti iddiaçının tapşırığı əsasında yaradılan təsərrüfatın inkişaf etdirilməsi məqsədi ilə sonradan cavabdeh tərəfindən yenidən bir neçə dəfə quzular alınmış və müəyyən müddətə saxlanıldıqdan sonra satılmışdır. Onların qoyun-quzu alıb satması dörd mərhələdə həyata keçirilmişdir. Əldə olunan gəlir onlar arasında bərabər olaraq bölünmüşdür. Lakin təsərrüfat bir ildən artıq müddətdə fəaliyyət göstərdikdən sonra, nəzərdə tutulan gəlirin (rentabelliyinin) olmadığını görən iddiaçı təsərrüfatın fəaliyyətinin dayandırılmasını Cavabdeh tapşıraraq, onda qalan pulun qaytarılmasını cavabdehdən tələb etmişdir. Bundan əvvəl isə cavabdeh müxtəlif vaxtlarda iddiaçıya cəmi 25.000 manat məlbəğində pulu qaytarmış, ona verilən 40000 manatdan cavabdehin 15000 manat borcu qalmışdır. Qalan pulun ödənilməsini dəfələrlə cavabdehdən tələb etməsinə baxmayaraq sonuncu həmin pulu iddiaçıya qaytarmamış, üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmişdir. Buna görə də İddiaçı ödənilməmiş qalan pulun alınması məqsədi ilə Qəbələ rayon Polis Şöbəsinə müraciət etmiş, şöbədə müvafiq araşdırılma aparılmışdır. Həmin araşdırılma zamanı da cavabdeh verdiyi izahatında iddiaçının qoyunların alınması məqsədi ilə ona 40.000 manat məbləğində pulun verildiyini etiraf etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır: Qoyunçuluq təsərrüfatının yaradılaraq lazımi qaydada fəaliyyətinin qurulması məqsədi ilə iddiaçı tərəfindən cavabdehə verilən və göndərilən pul vəsaitini sonuncu lazımi qaydada istifadə etməmiş, Cavabdeh İddiaçı ona verdiyi tapşırıqdan doğan öhdəliyi lazımınca yerinə yetirməmiş, iddiaçının hesabına Cavabdeh müəyyən əmlak həyətində iddiaçının vəsaiti hesabına tikilən tövlə, anbar, qoyun-quzu (xırda buynuzlu heyvanlar) əldə etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı işin məhkəmə araşdırılması zamanı yaratdıqları təsərrüfatla bağlı yaranmış problemlərin həlli üçün bir neçə dəfə Bakı şəhərindən Qəbələ rayonuna gəldiyini göstərərək yol, qidalanmaq, qalmaq və s. kimi xərclərə görə 1500 manat məbləğində vəsatin xərcləndiyini, bundan savayı ipoteka müqaviləsi üzrə borcunun yarandığını göstərməklə həmin xərclərin cavabdehdən alınmasına dair iddia tələbinin təmin olunmasını xahiş etsə də, çəkilən əlavə xərclərlə (yol, qidalanmaq, qalmaq və s.) bağlı, eləcə də ipoteka kreditinin onun tərəfindən imzalanmasının aralarındakı razılaşma əsasında yaradılan və hazırda mübahisələndirilən qoyunçuluq təsərrüfatının fəaliyyəti ilə səbəbli əlaqəsinə dair heç bir mötəbər sübutu onda olmaması səbəbindən məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, E.N. Mustafayevin iddiası həmin hissədə təmin edilməməlidir. Məhkəmə sübutetmə yükünün tərəflərin üzərinə düşdüyünə dair qanun normalarına istinad edərək qeyd etmişdir ki, Cavabdeh ondan tələb olunan 15.000 manat puldan 8.600 manatının tövlənin və anbarın tikintisinə, 4.000 manatının əmək haqqına xərcləndiyini, 3.000 manat pulun isə nisyə verilmiş ətə görə müştərilərdə qaldığını əsas gətirməklə iddia tələbinə etiraz etsə də, hazırda həmin tövlənin onun mülkiyyətində olan torpaq sahəsində olması və ondan istifadə etməsi, işçilərə verilən əmək haqqının ödənilməsini pul verən (tapşırıq verən) şəxsin vəsaiti əsasında həyata keçirilməsini və nisyə pulun hazırkı işə aidiyyəti barədə heç bir sübutu məhkəməyə təqim edə bilməmişdir. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından, sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulduğundan məhkəmə Cavabdeh iddia tələbinə etirazını özünə haqq qazandırmaqla, üzərinə götürdüyü öhdəliyin lazımi qaydada icra olunmamasına görə mülki məsuliyyətdən yayınmaq məqsədi daşıdığı kimi qiymətləndirərək cavabdehin bu cürə etirazına və izahatında göstərdiyi fikirlərə tənqidi yanaşır. Hazırkı iş üzrə tərəflər arasında mübahisələndirilən pulun məbləği ilə əlaqədar iddiaçının mənəvi sarsıntı keçirtməsi, cavabdehin hərəkət və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi reaksiyaya səbəb olması, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsinə dair İddiaçı heç bir sübutu onda olmaması səbəbindən məhkəməyə təqdim etməmişdir. Məhkəmə işin faktiki hallarına qeyd olunan hüquq normalarının tələbləri ilə müqayisəli və obyektiv şəkildə qiymət verərək hesab etmişdir ki, İddiaçı cavabdehdən 5.000 manat məbləğində mənəvi zərər tələbi təmin edilməməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edilməli və Cavabdeh 15000 manat məbləğində borc və 30 manat dövlət rüsumu, ümumilikdə 15030 manat məbləğində pul alınıb İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 389.1, 389.2. 425.1, 442, 777.1, 777.2, 778.1, 779.1, 1091.1, 1091.2, 1092.1, 1093.1-ci maddələri, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı, Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli qərarının 10-cu bəndi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, hazırki işlə əlaqədar polis orqanında araşdırma zamanı dindirilmiş şahidlərin və tərəflərin izahatından birgə təsərrüfatın yaradılmasında birinci təşəbbüskarın iddiaçının özü olması müəyyən edilir. Belə ki, məhkəmə iclası zamanı iddiaçı işin halları barədə izahat verərkən bildirmişdir ki, iqtisadçı olaraq təsərrüfatın genişləndirilməsi və işin lazımi qaydada getməsi məqsədi ilə şəxsi vəsaiti hesabına cavabdehin həyətində heyvanlar üçün geniş tövlənin tikintisinə icazə vermiş və gələcəkdə birgə fəaliyyətin alınmadığı təqdirdə tövlənin cavabdehin həyətində qalacağına razılıq vermişdir. Eyni zamanda tövlənin tikintisinə 7438 manat vəsaitin xərclənməsini iddiaçı öz izahatında təsdiq etmişdir. Mülki məhkəmə icraatı zamanı cavabdeh maliyyə vəziyyətinin ağır olduğunu, sahibliyində qoyun-quzunun mövcud olmadığını əsas gətirərək, həyətindəki tikilmiş tövləyə ehtiyacı olmadığını bildirmiş və cavabdehin üzərinə qoyulmuş tövlənin tikintisinə xərclənmiş vəsaitin əvəzinə həmin tövlənin iddiaçı tərəfindən sökülərək aparılmasını təklif etmişdir. İddiaçı məhkəmədə izahat verərkən bildirmişdir ki, cavabdeh ilə arasında əldə olunmuş şifahi razılığa əsasən, qoyun-quzunun saxlanılması ilə bağlı işçiyə əmək haqqının ödənilməsini cavabdeh öz üzərinə götürmüşdür. Lakin həmin faktı təsdiq edə biləcək hər hansı sübutedici sənəd iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Buna baxmayaraq, məhkəmə qətnamənin əsaslandırıcı hissəsində belə nəticəyə gəlmişdir ki, iddiaçı ilə cavabdeh arasında təsərrüfatda qoyun-quzuya baxmaq üçün işçiyə zəhmət haqqının ödənilməsinə dair razılaşma olmadığından, həmin işçiyə əmək haqqı formasında ümumilikdə ödənilmiş 4000 manat məbləğində vəsait yalnız cavabdehin üzərinə qoyulmalıdır. Bundan başqa, məhkəmə iddiaçının izahatını əsas götürərək, qətnamədə göstərib ki, guya iddiaçı ilə cavabdeh arasında əldə olunmuş şifahi razılığa əsasən qoyun-quzuların nisyə satılması nəzərdə tutulmadığından, nisyə satılmış heyvanların dəyəri, yəni 3000 manat məbləğində vəsait cavabdehə aid edilməlidir. Lakin heyvanların nisyə satılmasına məhdudiyyətin qoyulması ilə bağlı hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə ki, dəmir konstruksiyadan ibarət olan tövlənin şəkilləri və həmin tövlənin tikilməsi üçün istifadə olunmuş inşaat materiallarının qaimə-fakturası (4892 manat) cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında Şahid3 şahid qismində ifadə verərək bildirib ki, cavabdehin təklifi ilə həyətində usta kimi işləyərək tövləni tikmiş və bunun müqabilində zəhmət haqqı olaraq ondan 1000 manat pul almışdır. Həmçinin, tövlənin tikilməsi ilə bağlı əlavə xərclərin siyahısına daxil olan və ümumi dəyəri 3720 manat təşkil edən işlər - həyətdən torpağın yük avtomobillərinə yüklənərək daşınması, xırda çay daşlarının yayılması, suyun çəkilməsi, ot axırlarının tikilməsi, su çəninin, ot üyüdən avadanlığın alınması, dəmir konstruksiyaların qaynağı, dəmir qapıların quraşdırılması və s. barədə izahatı cavabdeh məhkəmə icraatı zamanı məhkəmənin diqqətinə çatdırmışdır. Eyni zamanda, tövlənin tikintisinə cavabdeh tərəfindən ümumilikdə 7438 manat vəsaitin xərclənməsini iddiaçı məhkəmə prosesi zamanı öz izahatında təsdiq etmişdir. Məhkəmə iclasında Şahid2 sahid qismində verdiyi izahatında göstərmişdir ki, birgə yaradılmış təsərrüfatda qoyunquzuya qulluq etmək məqsədi ilə iddiaçının razılığı əsasında işə götürülmüş və bunun müqabilində zəhmət haqqı olaraq ona ümumilikdə cavabdeh tərəfindən 4000 manat pul verilmişdir. Mülki məhkəmə icraatı zamanı şahid qisminda ifadə vermiş Şahid1 bildirmişdir ki, Qəbələ rayonu Zarağan kəndində yerləşən dükanında pərakəndə satış üçün cavabdehdən nisyə ət almış və borcunu hələ də cavabdehə qaytarmamışdır. Beləliklə, mülki iş üzrə icraat zamanı etirazın əsası kimi 15000 manat vəsaitin xərclənməsi ilə bağlı cavabdeh tərəfindən məhkəməyə mötəbər sübutlar təqdim edilmişdir. Birgə fəaliyyət məqsədləri üçün xərclənmiş 15000 manat vəsaitin məhkəmə tərəfindən yalnız cavabdehin üzərinə qoyulması və eyni zamanda iddiaçını məsuliyyətdən tam azad edilməsi həm məntiqə, həm də ki birgə sahibkarlıq və işgüzar adətlərə uyğun gələ bilməz. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı hüquqi varisi X3 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsi, Qəbələ Rayon Məhkəməsinin 01 noyabr 2019-cu il tаrixli, 2(025)-1306/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsi, Qəbələ Rayon Məhkəməsinin 01 noyabr 2019-cu il tаrixli, 2(025)-1306/2019 saylı qətnaməsinin ləğv edilməsini, qanuni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.7-ci maddəsinə əsasən müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi: Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Apellyator apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin 01 noyabr 2019-cu il tаrixli, 2(025)-1306/2019 saylı qətnaməsinin ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 21.10.2020-ci il tarixli, 2(102)-3393/2020 saylı qərarı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-401/2020 saylı işi üzrə 06 fevral 2020-ci il tarixli qətnaməsi ferma tikintisinə sərf edilmiş vəsaitə aid hissədə ləğv edilmiş və mülki iş həmin hissədə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasına qaytarılmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin digər hissəsinə dair Ali Məhkəmənin Mülki Kollegiyasının yuxarıda qeyd edilmiş qərarına əsasən hüquqi münasibət bildirilərək, həmin hissə dəyişdirilmədən saxlanıldığından, cavabdehin apellyasiya şikayətinin hədlərini yalnız Qəbələ Rayon Məhkəməsinin 01 noyabr 2019-cu il tаrixli, 2(025)-1306/2019 saylı qətnaməsinin iddianın qismən təmin olunmuş maddi ziyan hissəsində 7438 manat pulun tutulmasına münasibətdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə yəni, 7438 manat pulun cavabdehdən tutulması hissəsində, maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı mübahisələndirilən hissədə düzgün olaraq təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 2(025)-1306/2019 saylı, 01 noyabr 2019-cu il tаrixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya qeyd etməyi lazım bilir ki, İddiaçı 08.01.2022-ci il tarixdə vəfat etdiyindən onun hüquqi varisi müəyyən edilmiş və həyat yoldaşı X3 mülki işə iddiaçının hüquqi varisi kimi işə cəlb edilmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, iddianın qismən təmin olunmuş 7438 manat maddi ziyan hissəsi üzrə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq norması iş üzrə müəyyən olunmuş hallara uyğun tətbiq olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlillərinin əsasını fermanın tikintisinə sərf edilmiş 7438 manat vəsaitin yalnız ondan deyil həm də iddiaçıdan tutulmalı olduğu təşkil edir. Məhkəmə kollegiyası bu dəlili əsaslı saymır və gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır; İddiaçının qoyduğu vəsait və cavabdehin ferma işini təşkil etməsi ilə tərəflərin birgə fəaliyyətə dair razılaşmaları olmuş və hər iki tərəf bu ortaqlıqdan səmərəli nəticə əldə etmək istəmişlər. Bununla belə, tərəflərin birgə fəaliyyəti uğurlu şəkildə davam etməmiş və ortaqlığı dayandırmalı olmuşlar. Tərəflərin razılaşdıqları birgə fəaliyyətdə cavabdehin öz öhdəliyini pozması aşkardır, lakin iddiaçının üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsinə dair mötəbər sübutlar müəyyən olunmamışdır. Cavabdeh, razılaşmaya zidd şəkildə xeyli məbləğdə heyvanı nisyə verməklə birgə fəaliyyətin normal axarına maneçilik törətdiyi halda, iddiaçıdan belə fəaliyyəti uzun müddət davam etdirməsini gözləmək, bunu etmədiyi halda isə onu təqsirli saymaq qanuni və ədalətli yanaşma hesab edilə bilməz. Belə ki, müqavilə tərəfləri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və qanunvericiliyin tələblərinə uyğun şəkildə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Hər bir tərəf öhdəlikləri icra edərkən müqavilənin yerinə yetirilməsinə zəmin yaratmalı, bunun üçün birgə hərəkət etməli və ortaq məqsədinə çatmağa maneçilik törədə biləcək, öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Hazırkı işdə cavabdehin öz üzərinə götürdüyü öhdəlikdən kənara çıxması yuxarıda qeyd edildiyi kimi təsdiq olunur. Qarşılıqlı öhdəliklərdə isə müqavilənin bir tərəfi əqddən irəli gələn öhdəliklərini icra etmirsə, müqavilənin digər tərəfinin müvafiq şərtlərə riayət etməklə, müqavilədən imtina edərək düşdüyü zərərin əvəzini tələb etməsi qanunvericiliyə uyğundur. İşin hallarından göründüyü kimi, qoyunçuluq təsərrüfatının yaradılaraq lazımi qaydada fəaliyyətinin qurulması məqsədi ilə iddiaçı tərəfindən cavabdehə verilən və göndərilən pul vəsaitini cavabdeh lazımi qaydada istifadə etməmiş, Cavabdeh İddiaçı ona verdiyi tapşırıqdan doğan öhdəliyi lazımınca yerinə yetirməmiş, iddiaçının hesabına Cavabdeh müəyyən əmlak - həyətində iddiaçının vəsaiti hesabına tikilən tövlə, anbar, qoyun-quzu (xırda buynuzlu heyvanlar) əldə etmişdir. Məhkəmə kollegiyası mülki işin tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə Cavabdeh məxsus həyətyanı torpaq sahəsində yerləşən, mübahisə predmeti olan tövlənin tikilməsinə xərclənmiş pulun müəyyən edilməsi üçün ekspertiza təyin edilmişdir. 10/4412 saylı 17.12.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Qəbələ rayonu, Bılıx kəndi ərazisində yerləşən tövlə tikilisinin inşasının bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 5401 manat məbləğində müəyyən edilmişdir. Lakin cavabdeh apellyasiya şikayətinin dəlillərində tövlənin tikintisinə 7438 manat pul xərclədiyini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəliyi lazımınca icra etməyərək ona etibar edilmiş, müqavilə əsasları olmadan başqa şəxsin hesabına əldə etdiyi pul vəsaitini qaytarmaqdan imtina etməklə əsassız varlanmışdır. Ekspert rəyindən göründüyü kimi o, tövlənin tikintisinə 5401 manat pul vəsaiti sərf etmiş və qalan 2037 manat məbləği də qaytarmayaraq iddiaçıya maddi ziyan vurmuşdur. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb və Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamənin mübahisələndirilən hissəsi üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Qəbələ Rayon Məhkəməsinin 01 noyabr 2019-cu il tаrixli, 2(025)-1306/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza xərci olan 50 manat Cavabdeh tutularaq dövlət büdcəsinı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 01 noyabr 2019-cu il tаrixli, 2(025)-1306/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. 10/4412 saylı, 17.12.2021-ci il tarixli ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq Dövlət büdcəsinə-AZ.MEM.VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-26/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-26/2022
05.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver