Məhkəmə qərarları › İş №2(107)-263/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-263/2025

30.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-263/2025 30.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) -Hüseynov Elçin Şirin oğlu; Hakimlər - X6 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə; İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-in 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** №li, 16 iyul 2019-cu il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən onun mülkiyyətində olan Qax rayonu, Zəyəm kəndində yerləşən evinin və torpaq sahəsinin 7/8 hissəsinin və ********** №li, 03 dekabr 2019-cu il tarixli Çıxarışa əsasən onun mülkiyyətində olan pay torpaq sahəsinin 13/16 sahəsinin naturada bölgüsü və cavabdehin həmin hissədən məcburi qaydada çıxarılması tələbinə dair” mülki iş üzrə Qax Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 2(024)-10/2022 saylı qətnaməsindən Cavabdeh1 “apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatətinin təmin edilməməsinə dair” həmin məhkəmənin 11 dekabr 2024-cü il tarixli, 2(024)-10/2022 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikаyətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3 və Cavabdeh4 qızma qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən onun mülkiyyəti olan, Qax rayonu Zəyəm kəndində yerləşən evin və torpaq sahəsinin 7/8 hissəsinin və ********** qeydiyyat nömrəli. xx.xx.2019-cu il tarixli Çıxarışa əsasən onun mülkiyyəti olan pay torpaq sahəsinin 13/16 hissəsinin naturada bölünməsi və cavabdehlərin onun paylı mülkiyyəti olan əmlakın onun mülkiyyəti olan hissəsindən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin (hakim Malik Qarayev) 18 iyul 2022-ci il tarixli, 2(024)- 10/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Azərbaycan Respublikasının ƏMDK-in yanında DƏDRX-ın 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** №li, 16 iyul 2019-cu il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Qax rayonu, Zəyəm kəndində yerləşən 0.3660 ha həyətyanı torpaq sahəsinin İddiaçı paylı mülkiyyətində olan 7/8 hissəsi və ********** qeydiyyat №li, 03 dekabr 2019-cu il tarixli Çıxarışa əsasən Qax rayonu, Zəyəm kəndində yerləşən 0.5831 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı paylı mülkiyyətində olan 13/16 hissəsi 13 iyun 2022-ci il tarixli, 10/1817 №li ekspert rəyinə uyğun olaraq naturada ayrılıb İddiaçı verilməsi qət edilmiş, iddianın qalan hissəsi isə əsassız olduğundan təmin edilməmişdir. Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ...qətnaməni almışdır. Lakin qətnamənin məzmunu ona izah edilməmişdir. Belə ki, qətnamənin icrası zamanı ona məlum olmuşdur ki, iş üzrə təkrar ekspertiza keçirilmiş, ekspertiza rəyi əsasında torpaqların bölünməsinin mümkün olması qeyd olunmuş, ekspertiza rəyinə bölgü sxemləri əlavə olunmuş, lakin bütün bunlardan mənim məlumatım olmamışdır. Məhkəmə təkrar keçirdiyi ekspertizanın rəyini ona təqdim etməmiş, ekspertiza rəyi ilə ona tanış olmamışdır. Ekspertiza rəyi məhkəmə iclası zamanı elan olunmamışdır. Ekspert rəy verərkən mübahisəli torpaq sahəsində onun tərəfindən inşa edilmiş evin olmasını nəzərə almamışdır. Beləliklə də məhkəmə tərəfindən onun hüquqları kobud şəkildə pozulmuşdur. Hüquqları pozulduğu isə qətnamənin icrası zamanı ona məlum olmuşdur. Bundan sonra o, Qax Rayon Məhkəməsinə müraciət edərək ekspertiza rəyinin surətinin ona verilməsini xahiş etmişdir. Onun hüquqları məhkəmə tərəfindən kobud şəkildə pozulmuşdur. Buna görə də onun şikayət etmək hüququndan istifadə etmək istəyir. Lakin şikayət vermə müddətini ötürdüyünə görə məhkəmədən yuxarıda sadalanan kobud qanun pozuntularını nəzərə alaraq, eyni zamanda onun inşa etdiyi yaşayış evinin iş üzrə digər tərəfin mülkiyyətinə verilməsini, bununla da gələcəkdə daha ağır mübahisələrin olmasını nəzərə alaraq şikayət vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 ərizənin məzmununa uyğun izahat verərək vəsatətin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı izahatında göstərmişdir ki, qətnamə çıxarılmış, rəsmi qaydada təqdim olunmuş, qətnamə icra olunmuşdur. Vəsatət əsassızdır. Vəsatətin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin (hakim Mirheydər Zeynalov) 11 dekabr 2024-cü il tarixli, 2(024)-10/2022 saylı qərardadı ilə Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilmiş, Qax Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 2(024)-10/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan narazı qalan Cavabdeh1 şikayət verərək Qax Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 2(024)-10/2022 saylı qərardadının ləğv edilməsini, müddətin bərpa edilməsini və apellyasiya şikayətinin baxılması üçün göndərilməsini, əks halda işlə birlikdə apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, rəydə qeyd olunan dəlillər müzakirə edilməmiş və onlara hüquqi qiymət verməmişdir. Ekspertiza rəyləri ona təqdim olunmamış, ekspert rəyləri ilə tanış olmaq üçün şərait yaradılmamışdır. Ekspertiza rəyində mübahisəli torpaq sahəsində qarşı tərəfin etirazım olmadan tərəfindən inşa edilmiş yaşayış evinin ona məxsus olması həmin ev üzərində onun sahiblik hüququnun olması nəzərə alınmamışdır. Onun mülkiyyət hüquqları pozulmuşdur. Qax Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, 2(024)-10/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, iş üzrə Qax Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 2(024)-10/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki işin materiallarından görünür ki, Qax Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 2(024)-10/2022 saylı qətnaməsi tərəflərə rəsmi qaydada təqdim olunmuşdur. Bundan başqa sözügedən qətnaməsində verilmiş icra vərəqəsi icra olunması üçün Qax rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. 20 sentyabr 2022-ci il tarixdə Qax Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. «İcraata başlamaq» haqqında qərar qəbul edilərək, müvafiq bildirişlə birlikdə tərəflərə və müvafiq məhkəməyə göndərilmişdir. 31 oktyabr 2022-ci il tarixdə tərəflərin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin mütəxəssisinin texniki vasitələr tətbiq edilməklə iştirakı təmin edilərək, icra vərəqəsində qeyd olunan torpaq sahələri ekspert rəyinə uyğun olaraq naturada ayrılıb İddiaçı verilmiş bu barədə müvafiq akt tərtib edilmişdir. Qax Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 2(024)-10/2022 saylı icra vərəqinin tam şəkildə icra olunmasını nəzərə alaraq 28 noyabr 2022-ci il tarixdə icraata xitam verilərək müvafiq təstiqləyici sənədlərin surətləri əlavə edilməklə icra vərəqi 08 dekabr 2022-ci il tarixli, 10810/1 saylı məktubla Qax Rayon Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.3-ci maddəsinə əsasən, müddətin bərpası barədə ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməlidir və s.). 133.5-ci maddəsinə əsasən prosessual müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsinə əsasən, bu Məcəllənin 355-7.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmə aktlarından apellyasiya şikayəti vermək hüququnun əlverişli şəraitdə həyata keçirilməsini təmin etməkdən ötrü qanunverici kifayət qədər böyük - 1 aylıq müddət müəyyən etmiş (MPM, maddə 360) və bu müddət üzürlü səbəblərdən buraxıldıqda, onun məhkəmə qaydasında bərpa edilməsi imkanlarını da nəzərdə tutmuşdur (MPM, maddə 133). Mülki Prosessual Məcəllənin 133-cü maddəsi prosessual müddətlərin, o cümlədən məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası üzrə məsələnin həllini həmin müddətin davamiyyətindən asılı etmir. Müddətin bərpa edilməsi məsələsi bütün hallarda artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə əlaqədar olan məsələ kimi ortaya çıxır. Odur ki, Mülki Prosessual Məcəllənin 133-cü maddəsində məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi imkanlarının həmin müddətin davamiyyəti ilə əlaqələndirilməməsi, bu prosessual hüquq normasından sui-istifadəyə yol açmamalı və maddənin müddəaları qüvvəyə minmiş məhkəmə aktının istənilən vaxt mübahisələndirilməsinə imkan yaradan qaydalar kimi təfsir olunmamalıdır. Çünki, apellyasiya şikayəti vermək hüququ, konkret şəxsin, pozulduğunu ehtimal etdiyi, birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş vəzifələrin növbəti məhkəmə instansiyasında müdafiə vasitəsi olub, mülki-mühakimə icraatında fərdi maraqların təminat mexanizmi kimi çıxış edir. Lakin bu hüquq, yalnız fərdi maraqların deyil, həm də ictimai maraqların mühafızəsi təyinatına malik olan prosessual qaydaların pozulması hesabına həyata keçirilməməlidir. Başqa sözlə, mülki-prosessual hüquqlardan, o cümlədən MPM-in 133-cü maddəsində nəzərdə tutulan, buraxılmış müddətin bərpa edilməsi yolu ilə şikayət vermək imkanlarından elə istifadə olunmalıdır ki, mülki mühakimə icraatında fərdi və ictimai maraqlar arasında tarazlıq pozulmasın. Ümumilikdə “hüquqi müəyyənlik” prinsipi altında birləşən, ictimai maraqları əks etdirən prosessual qaydalar məcmusuna, məhkəmə qətnaməsinin şikayət verilmədiyi halda, qəbul edildiyi andan 1 ay müddətində hüquqi qüvvəyə minməsini, yəni onun təkzib edilməzliyini, qətnamənin müstəsnalığını, məcburiliyini, icra edilənliyini müəyyən edən MPM-in 233, 234 və bir sıra başqa maddələrini aid etmək olar. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında formalaşmış mülki hüquq münasibətlərinin tanınması və onların sabitliyinin təmin edilməsi, yalnız qətnamənin bilavasitə aid olduğu şəxsləri maraqlandıran məsələ deyil, həm də ictimai maraq obyektidir. Çünki, ümumilikdə mülki mühakimə sisteminin səmərəliliyi ilk növbədə qanuni qüvvəyə minmiş məhkəmə akllarının hüquqi qüvvəsinin tanınmasından, onların sabitliyinin təmin edilməsindən asılıdır. Aydındır ki, qüvvəyə minmiş məhkəmə aktına müddət keçdikdən sonra müdaxilə edilməsi və belə müdaxilə üçün prosessual imkanların yaradılması fərdi maraq ilə ictimai maraq arasında tarazlığı pozur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də baxılan məsələyə həmin aspektdən yanaşır. Konstitusiya Məhkəməsi Cavid İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi 13 fevral 2007-ci il tarixli qərarda qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə etmişdir: “qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res cudikata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyət cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır”. Odur ki, yalnız müstəsna hallarda, şikayətlə mübahisələndirilən məhkəmə qətnaməsində buraxılan səhvin xarakterindən və əhəmiyyətindən asılı olaraq, müddətin buraxılmasından şikayət verən şəxsin özünün səhlənkarlığı müəyyən olunmadığı hallarda müddətin bərpasına yol vermək, yəni qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yenidən baxmaq olar. Digər hallarda, belə müdaxilə ilə mülki mühakimə icraatında ictimai maraqlarla fərdi maraqların müdafiəsi arasında tarazlıq pozulur və buna haqq qazandırmaq mümkün deyil. Məhkəmə kollegiyasının bu mülahizələri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə aktlarının mübahisələndirilməsi ilə bağlı bir sıra işlərə baxan zaman nümayiş etdirdiyi və ardıcıl olaraq müdafiə elədiyi hüquqi mövqelərdən də qaynaqlanır. Məsələn: “V.K.Nelyubin Rusiya Federasiyasına qarşı iş üzrə” 12 oktyabr 2006-cı il tarixli qərardadında Avropa Məhkəməsi bildirdi ki, insan Hüquqlarının müdafiəsi və əsas azadlıqlar haqqında Avropa konvensiyasının 6-cı maddəsində təsbit edilmiş ağlabatan müddət daxilində ədalətli məhkəmə araşdırmasına (məhkəməyə) olan hüquq, Konvensiyanın hüququn aliliyini bəyan edən Preambulası nəzərə alınmaqla təfsir edilməlidir. Hüququn aliliyini təmin edən təməl şərtlərdən biri isə məhkəmələrin qəti (yəni, artıq qüvvəyə minmiş) qərarlarının şübhə altına alınmasını istisna edən hüququ müəyyənlik prinsipidir (qərardadın 22-ci bəndi). Beynəlxalq Məhkəmənin mövqeyinə görə hüquqi müəyyənlik prinsipi heç bir tərəfə sadəcə təkrar məhkəmə dinləmələrinin keçirilməsi və iş üzrə yeni qərarın çıxarılması naminə məhkəmələrin qəti və icra üçün məcburi olan qərarlarına yenidən baxılmasını tələb etməyə imkan vermir. Artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və dəyişdirilməsi üzrə yuxarı məhkəmələrin səlahiyyətləri yalnız fundamental səhvlərin düzəldilməsi üçün istifadə olunmalıdır. Baxılan məsələ üzrə sadəcə iki fərqli mövqenin mövcudluğu təkrar baxılma üçün əsas ola bilməz. Bu prinsipdən kənara çıxılmasına yalnız əhəmiyyətli və təkzibedilməz hallar olduqda bəraət qazandırmaq mümkündür (23-cü bənd). Ümumiyyətlə, Avropa Məhkəməsi Konvensiyanm 6-cı maddəsinin 1-ci paraqrafında təsbit edilən məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasını hüquqi müəyyənlik prinsipinə əməl olunması ilə əlaqələndirərək, qeyd etdi ki, konvensiya iştirakçılarının hüquq sistemlərində, verilməsi hər hansı müddət hüdudları ilə məhdudlaşdırılmayan şikayət əsasında artıq qüvvəyə minmiş və icrası məcburi olan məhkəmə qərarının ləğv edilməsi imkanının nəzərdə tutulması ədalətli məhkəmə araşdırmasına (məhkəmə müdafiəsinə) olan hüququ illüziyaya çevirir (24-cü bənd). Avropa Məhkəməsi eyni yanaşmanı Brumareskunun Rumıniyaya qarşı 28 oktyabr 1999-cu il tarixli, X1rşı 25 iyul 2002-ci il tarixli, Ryabıxın Rusiyaya qarşı 24 iyul 2003-cü il tarixli, X3rşı 19 oktyabr 2004-cü il tarixli qərardadlarda və bir sıra başqa qərarlarında da nümayiş etdirmişdir. Həmin qərarlar mülki işlər üzrə çıxarılmış qətnamələrin nəzarət icraatında təkrar araşdırılması ilə bağlı olsalar da, beynəlxalq məhkəmə bu işlərə baxarkən, ümumiyyətlə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yenidən baxılması məsələsinə dair hüquqi mövqeyini açıqladığından, kollegiya həmin presedentlərə baxdığı məsələyə aid olan mühüm beynəlxalq hüquqi mənbələr kimi istinad edir. Belə olan halda buraxılmış prosessual müddətin bərpasından imtina ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi, vaxtı keçmiş şikayətin qarşısının alınması və məhkəmənin dəyərli vaxtını almaqdan çəkindirmək məqsədinə xidmət edir. Bu məhdudiyyət də ədalət mühakiməsinin maraqlarının təmin edilməsi, vaxtı keçmiş şikayətlərin qarşısının alınması və məhkəmənin dəyərli vaxtının alınmasından çəkindirməkdə ifadə olunan qanuni məqsəd daşıyır və tətbiq edilən bu vasitə ilə qarşıya qoyulan həmin məqsəd arasında ağlabatan əlaqə mövcuddur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı sayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş və şikayətin dəlilləri əsassızdır, ona görə də Qax Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 2(024)-10/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında, kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında, kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Qax Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 2(024)-10/2022 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar