Məhkəmə qərarları › İş №2(107)-266/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-266/2023

09.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-266/2023 09.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı güzəştli əmlaka pay hüququnun tanınması və əmlak hüququnun müdafiəsi tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 2(024)-438/2022 saylı, 30 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ünvan 1 ünvanında 2004-cü ilin avqust ayınadək fəaliyyət göstərmiş “Sevinc-78” kiçik müəssisəsində avtomobillərə texniki xidmət göstərən çilingər peşəsi üzrə rəsmi əmrlə işə qəbul olunmuş X2, 10 avqust 2004-cü ildə onun məlumatı və iştirakı olmadan özəlləşdirilməsindən sonra yenidən təsis edilimiş “ Mahir-K “ MMC-nin mülkiyyətinə verilən “Sevinc-78 “ kiçik müəssisənin ümümi əmlak kütləsində ifadə olunmuş 15% əmlaka pay hüququnun tanınması, həmin hüququnun "xxxx" MMC-i tərəfindən pozulmasından müdafiə olunması və həmin pay hüququnun "xxxx" MMCnin təsis müqaviləsində qeydiyyatının aparılmasının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 13 sentyabr 2022-ci il tarixdə İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia ərizəsində “Mahir-K MMC”-nin 10 avqust 2008-ci il tarixində təsis edilməsi, onun 2004-cü ilin avqust ayında sözü gedən "xxxx" MMC-nin əsası kimi təşkilat hüquqi şəxs olmuş Sevinc-78 kiçik müəssisəsinin təsis olunması faktını və onun 2004-cü ilin avqust ayında “Sevinc-78” kiçik müəssisəsinin çilingər vəzifəsinə qəbul olunmasına dair hazırki dəqiqləşdirilməsinin nəzərə alınmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tаrixli, 2(024)-438/2022 saylı qətnaməsi ilə, iddianın təmin edilməməsi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Mahir-K MMC”-nin 10 avqust 2008-ci il tarixində təsis edilməsi, onun 2004-cü ilin avqust ayında sözü gedən "xxxx" MMC-nin əsası kimi təşkilat hüquqi şəxs olmuş Sevinc-78 kiçik müəssisəsinin təsis olunması faktını və onun 2004-cü ilin avqust ayında “Sevinc-78” kiçik müəssisəsinin çilingər vəzifəsinə qəbul olunması tələbi”nə dair iddiasının əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq Cavabdeh1 heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Qax Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tаrixli, 2(024)-438/2022 saylı qətnaməsi ləğv edilməli, İddiaçı “Mahir-K MMC”-nin 10 avqust 2008-ci il tarixində təsis edilməsi, onun 2004-cü ilin avqust ayında sözü gedən "xxxx" MMC-nin əsası kimi təşkilat hüquqi şəxs olmuş Sevinc-78 kiçik müəssisəsinin təsis olunması faktını və onun 2004-cü ilin avqust ayında “Sevinc-78” kiçik müəssisəsinin çilingər vəzifəsinə qəbul olunması faktının müəyyən edilməsi tələbi barədə mülki iş barədə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən, məhkəmə tərəfindən baxılan hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlərə aşağıdakılar daxildir: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. İş materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, İddiaçı “Mahir-K MMC”-nin 10 avqust 2008-ci il tarixində təsis edilməsi faktının müəyyən edilməsi, onun 2004-cü ilin avqust ayında sözü gedən "xxxx" MMC-nin əsası kimi təşkilat hüquqi şəxs olmuş Sevinc-78 kiçik müəssisəsinin təsis olunması faktını və onun 2004-cü ilin avqust ayında “Sevinc-78” kiçik müəssisəsinin çilingər vəzifəsinə qəbul olunması faktının məhkəmə qaydasında xüsusi icraat qaydasında baxılması yol verilməzdir. Belə ki, işə əlavə edilmiş “Sevinc-78” firmasına məxsus xx.xx.2004-cü il tarixli Dəftərxana Kitabının notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, X3 xx.xx.2004-cü il tarixli əmrlə müəssisəyə avtomobillərin texniki xidmət sexində Çilingər vəzifəsinə təyin edilmişdir. İşə əlavə edilmiş "xxxx" MMC-nə məxsus Əmr Kitabının notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, X3 01 fevral 2009-cu il tarixli əmrlə müəssisəyə texniki usta təyin edilmişdir. İşə əlavə edilmiş “Sevinc-78” firmasının direktoru X4 ilə İddiaçı arasında bağlanmış 01 oktyabr 2005-ci il tarixli əmək müqaviləsinin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, X3 müəssisəyə motorist vəzifəsinə qəbul edilmişdir. İşə əlavə edilmiş "xxxx" MMC-nin direktoru X4 ilə İddiaçı arasında bağlanmış 01 fevral 2009-cu il tarixli əmək müqaviləsinin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, X3 həmin müəssisəyə texniki nəzarət ustası vəzifəsinə qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Halbuki tanınması tələb edilən faktlar artıq mövcuddur. Yəni həmin faktların yenidən məhkəmə qaydasında tanınmasına lüzum yoxdur. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel tarixli qərarında aşağıdakılar qeyd edilmişdir; Məhkəmələr hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində təsbit edilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Mülki prosessual qanunvericiliyin istinad olunan müddəasının mənasından göründüyü kimi iki halda məhkəmədə mülki işə başlamaq mümkündür-pozulmuş hüququn bərpası üçün və ya qanunla qorunan hüququn yaxud mənafenin təsdiqi üçün. Hazırkı iş isə özünün xarakteri etibarilə pozulmuş hüququn bərpasına dair mübahisəyə aid deyildir. Şəxsin hüquqi vəziyyətinin strukturunu bir-biri ilə qarşılıqlı əlaqədə olan şəxsin hüquqları, azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir. Hüquqa müdaxilədən və bunun nəticəsində güman edilən pozuntudan yalnız şəxsin hüquqi vəziyyətinin (statusunun) dəyişməsi halında söz edilə bilər. Yalnız elə hallar şəxsin hüquqi vəziyyətinə təsir edən hallar kimi qəbul edilə bilər ki, onların nəticəsində hüquqlara qoyulmuş məhdudiyyətlər götürülsün və ya yeni məhdudiyyətlər qoyulsun, şəxs əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilsin və ya onun üzərinə yeni vəzifələr qoyulsun və s. Bu mənada, kollegiya hesab ki, iddianın təmin edilməsi özlüyündə iddiaçı ilə bağlı hər hansı yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə onun qəbul edilməsi nəticəsində iddiaçının hər hansı hüququnun pozuntusu nəticəsinə də gəlmək mümkün deyildir. Belə olan halda isə faktın müəyyən edilməsi ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Göstərilən müddəaların mənasından göründüyü kimi iş məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər – iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Beləliklə, hazırkı halda iddiaçı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə münasibətdə mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddia qaldırıldığı üçün qətnamə ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında yuxarıda göstərilən məsləyə münasibət bildirərək göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsi apelyasiya şikayəti əsasında qətnamənin əsaslılığının yoxlanılması ilə bağlı apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən etmişdir. Bu hədlər isə apellyasiya şikayətinin dəlillərindən asılı olaraq müəyyən edilir. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur. MPM-in 387-ci maddəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin prosessual əsasları göstərilmişdir. MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tаrixli, 2(024)-438/2022 saylı qətnaməsi ləğv edilməli, İddiaçı "xxxx" MMC-nin 10 avqust 2008-ci il tarixində təsis edilməsi, onun 2004-cü ilin avqust ayında sözü gedən "xxxx" MMC-nin əsası kimi təşkilat hüquqi şəxs olmuş “Sevinc-78” kiçik müəssisəsinin təsis olunması faktını və onun 2004-cü ilin avqust ayında “Sevinc-78” kiçik müəssisəsinin çilingər vəzifəsinə qəbul olunması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki iş məhkəmədə baxılmalı olmadığından icraata xitam verilməlidir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 261-262, 263-264, 384-385, 387, 391, 400 və 402-405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərara aldı: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Qax Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tаrixli, 2(024)-438/2022 saylı qətnaməsiləğv edilsin. İddiaçı "xxxx" MMC-nin 10 avqust 2008-ci il tarixində təsis edilməsi, onun 2004-cü ilin avqust ayında sözü gedən "xxxx" MMC-nin əsası kimi təşkilat hüquqi şəxs olmuş “Sevinc-78” kiçik müəssisəsinin təsis olunması faktını və onun 2004-cü ilin avqust ayında “Sevinc-78” kiçik müəssisəsinin çilingər vəzifəsinə qəbul olunması faktının müəyyən edilməsi tələbinə dair mülki iş məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilsin. Qərаrdаddаn surəti rəsmi qaydada alındığı vaxtdan, qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyаsiyа Məhkəməsinin Mülki Kollegiyаsı vаsitəsi ilə Azərbаycаn Respublikаsı Ali Məhkəməsinin Mülki Kollegiyаsınа kаssаsiyа şikаyəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar