Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-271/2023 06.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- maddi və mənəvi zərərin ödənilməsi) Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, Cavabdeh və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 2(019)-716/2022 saylı, 24 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh və onun nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh sağlamlığına vurulan maddi ziyan tələbi olaraq 1371 manat məbləğində pulun, qazana bilmədiyi əmək haqqı olaraq 2100 manatın, mənəvi zərər tələbi olaraq 3000 manatın, banka ödədiyi 85 manat dövlət rüsumunun və vəkilə xidmət haqqı olaraq ödənilmiş 150 manatın, cəmi 6706 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxs Cavabdeh xx.xx.2021-ci il tarixdə idarə etdiyi “VAZ-21154” markalı “**-HX-***” dövlət nömrə nişanlı avtomobillə Balakən şəhəri H.Əliyev prospektində yerləşən Rayon Mərkəzi Xəstəxanasının qarşısında yol hərəkəti qaydalarını pozaraq onu avtomaşının qabaq sol qanad hissəsi ilə vuraraq ehtiyatsızlıqdan ona sağ baldırın hər iki sümüyünün qapalı, qəlpəli, yerini dəyişmiş sınıqları ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aid bədən xəsarəti yetirməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Balakən Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 1(019)-89/2021 saylı qərarı ilə “8 noyabrZəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisin 5 noyabr 2021-ci il tarixli Qərarının 1.16-cı və 9.1-ci bəndlərinə əsasən Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilmiş və o,cinayət məsuliyyətindən azad edilmişdir. Adı çəkilən Amnistiya qərarının 11.4-cü maddəsində qeyd olunur ki, bu qərar tətbiq olunanadək maddi ziyanı tam ödəməmiş şəxslər barəsində tətbiq oluna bilməz. Lakin təqsirləndirilən şəxs Cavabdeh tərəfindən onun müalicəsinə heç bir vəsait sərf olunmamışdır, Cavabdeh ona xəsarət yetirdikdən sonra müalicəsi ilə bağlı heç maraqlanmamış və müalicə olunmağı üçün pul verməmişdir. Buradan görünür ki, Cavabdeh törətdiyi cinayət nəticəsində onun sağlamlığına zərər dəyməklə eyni vaxtda onun müalicə olunmağına xərclədiyi pullara münasibətdə ona maddi zərər dəymişdir.Belə ki, Cavabdeh törətdiyi cinayət nəticəsində onun sağlamlığını əlindən almışdır. Hadisə nəticəsində o, ağır xəsarət almış, kastillərlə gəzir. Heç bir iş görə bilmir, hətta 1 kq yük belə qaldıra bilmir. Onun isə ailəsi və himayəsində üç azyaşlı uşağı vardır. Sağlamlığına zərər dəyənə qədər o, taksi sürməklə, sərnişin daşımaqla məşğul olmuş, orta hesabla ayda 300 manat məbləğində pul qazanmışdır. Törədilən hadisədən sonra o, xəstə olduğu üçün işləyə bilmir və ailəsini dolandırmaq üçün pul qazana bilmir. Lakin o və ailəsi yaşamalıdır və gündəlik tələbat mallarının alınmasına ehtiyac yaranır, lakin o, işləyib qazanc əldə edə bilmədiyinə görə ailəsinin dolanışığı aşağı vəziyyətə düşmüşdür.O, hesab edir ki, uzun müddətə onun sağlamlığı geri qayıda bilər. Lakin sağlamlığı geri qayıdanadək onun kənar şəxslərin qulluğuna ehtiyacı vardır. Bu vaxt ərzində isə o, işləyə bilmir, əldə edə biləcəyi gəliri itirmiş olur.Buna görə də o, sağlamlığına dəymiş ziyanın cüzi bir hissəsini, 3471 manatını Cavabdeh tələb edir. Bundan başqa o, hadisə nəticəsində mənəvi əzab-əziyyət çəkmiş, uzun müddət xəstəxanada qalmış və indi də aldığı xəsarətdən əzab çəkir.O, Cavabdeh xəsarət aldığı üçün müalicəsinə görə maddi ziyan olaraq 1371 manat, mənəvi ziyan olaraq 3000 manat, 7 ay müddətində işləmədiyinə görə 2100 manat, cəmi 6471 manat tələb edir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Birinci instansiya məhkəməsində icraat Balakən Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(019)-716/2022 saylı qətnaməsi ilə (hakim H.Səlimov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh maddi ziyana görə 556,34 manat, mənəvi ziyana görə 1000 manat, dövlət rüsumu xərcinə görə 20,40 manat və vəkilə ödənmiş xidmət haqqına görə 36 manat, cəmi 1612,74 (bir min altı yüz on iki manat yetmiş dörd qəpik) manat alınıb İddiaçı verilməsi, idia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Cavabdeh 08 iyul 2021-ci il tarixdə saat 19 radələrində idarə etdiyi “VAZ-21154” markalı “**-HX-***” dövlət nömrə nişanlı avtomobillə Balakən şəhər mərkəzindən H.Əliyev prospekti ilə Balakən şəhəri aşağı dairəvi yol istiqamətində hərəkətdə olarkən H.Əliyev prospektində yerləşən rayon mərkəzi xəstəxanasının qarşısındakı işıqforu keçib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunları etməyərək yolu sağdan sola doğru asta yerişlə keçən piyada Balakən rayonu Talalar kənd sakini İddiaçı avtomaşının qabaq sol qanad hissəsi ilə vuraraq ehtiyatsızlıqdan ona sağ baldırın hər iki sümüyünün qapalı, qəlpəli, yerini dəyişmiş sınıqları ilə müşayiət edilən sağlamlığının uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aid bədən xəsarəti yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin əməlinə görə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1ci maddəsilə təqsirləndirilərək məhkəmə məsuliyyətinə verilmişdir. Balakən Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli,1(019)-89/2021 nömrəli qərarı ilə “8 Noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 1.16-cı və 9.1-ci bəndlərinə əsasən Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsilə başlanmış cinayət təqibinə xitam verilmiş və Cavabdeh cinayət məsuliyyətindən azad edilmişdir.Zərərçəkmiş şəxs İddiaçı maddi və mənəvi zərərlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. İddiaçı həmin hadisə nəticəsində aldığı xəsarətə görə 7 ay müddətində stasionar və ambulator müalicə olunmuş,nəticədə ona maddi və mənəvi ziyan dəymişdir. Ona dəymiş maddi və mənəvi ziyan tam ödənmədiyindən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İddia tələbinin maddi ziyana aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iclasında müəyyən edildi ki, əməliyyata görə ödənilməli olan 2332 manat pulu iddiaçının əvəzindən Cavabdeh ödəmişdir. Digər ziyanlar isə ödənməmişdir. Ona görə də məhkəmə hesab edir ki, X4 Mərkəzinə İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə ödənmiş 39 manat, xx.xx.2021-ci il tarixdə ödənmiş 175 manat, xx.xx.2021-ci il tarixdə ödənmiş 22.60 manat, xx.xx.2021-ci il tarixdə ödənmiş 149,74 manat , xx.xx.2021-ci il tarixdə ödənmiş 25 manat, xx.xx.2021-ci il tarixdə ödənmiş 25 manat və xx.xx.2021-ci il tarixdə ödənmiş 120 manat, cəmi 556,34 manat Cavabdeh alınıb İddiaçı verilməlidir. Maddi ziyana aid iddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, İddiaçı əldən çıxmış faydaya görə 2100 manat tələb etsə də onunla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir.Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır.Həmçinin “ZEYTUN PHARMACEUTİKALS” Məhdud Məsuliyyəti Cəmiyyətinə ödənmiş 290 manatın və 50 manatın İddiaçı tərəfindən ödənməsi təsdiq olunmur. Ona görə də məhkəmə hesab edir ki,iddia tələbi bu hissədə təmin edilə bilməz. İddia tələbinin mənəvi zərərə aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. İddiaçı Cavabdeh törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aid bədən xəsarəti almasını, onun yeddi aya yaxın müddətdə əmək qabiliyyətini itirməklə stasionar və ambulator qaydada müalicə olunmasını, bu səbəbdən fiziki və mənəvi sarsıntılar keçirməsini,eyni zamanda 3000 manatın mənəvi zərər üçün çox hesablanmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi mənəvi ziyana aid hissədə də qismən təmin edilməli, mənəvi ziyana görə 1000 manat Cavabdeh alınıb İddiaçı verilməlidir. İddia tələbi mənəvi ziyana aid hissədə qalan hissədə təmin edilməməlidir. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 85 manat dövlət rüsumunun 20,40 manatı Cavabdeh alınıb İddiaçı verilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, 1096.1, 1096.1, 1096.2, 1097.1-ci, 23.1, 23.4, -ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1 və 121.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı ona qarşı sağlamlığına vurulan maddi ziyan tələbi olaraq 1371 manat məbləğində pulun, qazana bilmədiyi əmək haqqı olaraq 2100 manatın, mənəvi zərər tələbi olaraq 3000 manatın banka ödədiyi 85 manat dövlət rüsumunun və vəkilə xidmət haqqı olaraq ödənilmiş 150 manatın cəmi 6706 manatın ondan tutulub İddiaçı xeyrinə ödənilməsi tələbinə dair iddia qaldırmış, iddia qismən təmin edilmiş ondan iddiaçının xeyrinə cəmi 1612,74 manatın tutulması iddianın qalan hissədə təmin edilməməsi qət edilmişir. Sözügedən qətnamədə məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında İddiaçı 7 ay müddətində stasionar və ambulator müalicə olunması bunun nəticəsində ona maddi və mənəvi ziyan dəyməsi göstərilmişdir. Lakin qətnamədə sadalanmış sübutların siyahısından müəyyən olunur ki, İddiaçı 7 ay müddətində stasionar və ambulator müalicə almasını təsdiq edən hər hansı sübut mövcud deyildir. Məhkəmə yalnız Şahid ifadəsi əsasında İddiaçı 7 ay müddətində stasionar və ambulator qaydada müalicə olunması qənaətinə gəlmişdir. Nəzərə alsaq ki, Şahid iddiaçının həyat yoldaşıdır bu səbəbdən də yalnız Şahid dedikləri ilə məhkəmənin iddiaçının həqiqətən də 7 ay müddətində stasionar və ambulator müalicə alması qənaətinə gəlməsi ədalətli və qanuni deyildir. Əsaslı sübut hesab edilə bilməz. Məhkəmə sözügedən qətnamədə Şəki Apellyasiya Məhkəməsinin 08 fevral 2022-ci il tarixli 1(107)-66/2021 saylı qərarına istinad etmiş həmin qərarda Cavabdeh zərərçəkmiş şəxs İddiaçı oğunun müalicəsinə 3017,24 manat vəsait sərf etdiyi bir daha öz təsdiqini tapmış lakin Balakən rayon məhkəməsinin sözügedən qətnaməsində isə həmin məbləğ azaldılaraq 2332 manat həddində qeyd olunmuşdur. Şəki Apellyasiya Məhkəməsinin 08 fevral 2022-ci il tarixli qərarı ilə sübut olunmuş əlavə sübuta ehtiyac olmayan məbləğin miqdarının Balakən rayon Məhkəməsinin qətnaməsində azaldılması əsassız və qanunsuzdur. Bundan başqa xüsusi olaraq qeyd etmək lazımdır ki, İddiaçı 3017,24 manat vəsaitin sərf olunduğunun təsdiqi olan Balakən rayon Məhkəməsinin qərarı 16 noyabr 2021-ci il tarixə, həmin qərardan verilmiş apellyasiya şikayətinin nəticəsinə dair qərar 08 fevral 20022-ci il tarixə təsadüf etdiyi halda hazırda şikayət verdiyi Balakən rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(019)-716/2022 saylı qətnaməsi isə 30 noyabr 2022-ci il tarixə aiddir. Yəniki Balakən rayon Məhkəməsinin qətnaməsində sübut olaraq göstərilmiş hesab və qəbzlər 2021-ci ildə Balakən rayon Məhkəməsinin 1 (019)- 89/2021 nömrəli 16 noyabr tarixli qərarından əvvələ təsadüf edir. Hesab edirik ki, Balakən rayon Məhkəməsinin 16 noyabr 2021ci il tarixli qərarında zərərçəkmiş şəxsin müalicəsinə 3017,24 manat məbləğində vəsait xərclənməsinin təsdiq olunuduğu qərardan əvvəlki qəbz və hesablarda olan məbləğlərinin yenidən məhkəmədə iddia qaldırılaraq ondan tələb olunması və məhkəmə qətnaməsində həmin çıxarış və qəbzlərin sübut kimi göstərilməsi qanunsuz və əsassızdır. Məhkəmənin iddiaçının 7 ay müddətində stasionar və ambulator qaydada müalicə aldığı üçün sarsıntılar keçirdiyi üçün ondan 1000 manat məbləğində mənəvi zərərin tutulması isə əsaslı deyildir yuxarıda da qeyd edildiyi kimi iddiaçının ambulator və stasionar müalicə almasını təsdiq edən sənəd iş materiallarında mövcud deyildir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Balakən Rayon Məhkəməsinin xx.xx.2022 tarixli, 2(019)-716/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin 24 noyabr 2022ci il tarixli, 2(019)-716/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur; mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olaraq iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid ( şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Balakən Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(019)-716/2022 saylı qətnaməsinin tamamilə ləğv edilməsini xahiş edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kolegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı qətnamənin mübahisələndirilən mənəvi ziyana aid hissəsi üzrə işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə tam düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(019)-716/2022 saylı qətnaməsi Cavabdeh vurulmuş mənəvi ziyana görə 1000 manatın alınıb İddiaçı verilməsi hissəsində ləğv edilməli, ləğv edilən hissədə yeni qətnamə qəbul edilərək iddia 1000 manat mənəvi ziyana aid hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Cavabdeh 08 iyul 2021-ci il tarixdə saat 19 radələrində idarə etdiyi “VAZ-21154” markalı “**-HX-***” dövlət nömrə nişanlı avtomobillə Balakən şəhər mərkəzindən H.Əliyev prospekti ilə Balakən şəhəri aşağı dairəvi yol istiqamətində hərəkətdə olarkən H.Əliyev prospektində yerləşən rayon mərkəzi xəstəxanasının qarşısındakı işıqforu keçib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunları etməyərək yolu sağdan sola doğru asta yerişlə keçən piyada Balakən rayonu Talalar kənd sakini İddiaçı avtomaşının qabaq sol qanad hissəsi ilə vuraraq ehtiyatsızlıqdan ona sağ baldırın hər iki sümüyünün qapalı, qəlpəli, yerini dəyişmiş sınıqları ilə müşayiət edilən sağlamlığının uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aid bədən xəsarəti yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır. Kollegiya gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır; Məhkəmə kollegoyası hesab edir ki, birinci instasniya məhkəməsi işə baxarkən Cavabdeh maddi ziyana görə 556,34 manatın alınıb İddiaçı verilməsi hissəsində düzgün nəticəyə gəlmişdir. Belə ki, iş mülki işə əlavə olunmuş X2 Klinikasının xx.xx.2021-ci il tarixli Rentgen müayinə protokolundan görünür ki, İddiaçı arxa və yan proyeksiyalarda çəkilmiş, sağ baldır sümüklərinin icmal Rentdenoqrammasında qamış və incik sümükləri diafizində, yerdəyişmiş, köhnə snıqların qənaətbəxş repozisiyası qamış sümüyündə, zəif sümük döyənəyi izlənilir. Sümüklərin ətrafında yumşaq toxumanın kölgəliyində patoloji dəyişiklik qeyd olunmur. Müayinə bölgəsinə daxil olan, ətraf sümüklərin sümük toxumasında, destruktiv və travmatik dəyişikliklər qeyd olunmur. İş materiallarında olan X3 xx.xx.2021ci il tarixli Rentgen müayinə protokolundan görünür ki, İddiaçı-ön-arxa və yan proyeksiyalarda çəkilmiş,sağ baldır sümüklərinin icmal Rentdenoqrammasında qamış və incik sümükləri diafizində, yerdəyişmiş, köhnə sınıqların qənaətbəxş repozisiyası və zəif sümük döyənəyi izlənilir. Sümüklərin ətrafında yumşaq toxumanın kölgəliyində patoloji dəyişiklik qeyd olunmur. Müayinə bölgəsinə daxil olan, ətraf sümüklərin sümük toxumasında, destruktiv və travmatik dəyişikliklər qeyd olunmur. İş materiallarında olan “X4 Mərkəzi” Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən verilmiş hesabdan görünür ki, ödənişli xəstə İddiaçı xx.xx.2021-ci il tarixdə Laboratoriya üçün 39.00 manat ödəniş etmişdir. İş materiallarında olan “X4 Mərkəzi” Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən verilmiş hesabdan görünür ki, ödənişli xəstə İddiaçı xx.xx.2021-ci ildə Ortopedin müayinəsi+lab+Ren+KT üçün 175.00 manat ödəniş etmişdir. İş materiallarında olan “X4 Mərkəzi” Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən verilmiş hesabdan görünür ki, ödənişli xəstə İddiaçı xx.xx.2021-ci ildə Laboratoriya üçün 22.60 manat ödəniş etmişdir. İş materiallarında olan “X4 Mərkəzi” Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən verilmiş hesabdan görünür ki, ödənişli xəstə İddiaçı xx.xx.2021-ci ildə ORT-P-04-007 üçün 2,372.20 manat ödəniş etmişdir. İş materiallarında olan “X4 Mərkəzi” Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən verilmiş hesabdan görünür ki, ödənişli xəstə İddiaçı xx.xx.2021-ci ildə kompyuter Tomoqrafiya üçün 80.00, Laboratoriya üçün 29,00, təcilli yardım üçün 38.00,ödənişli tibbi vəsait üçün 2.74 manat-cəmi 149.74 manat ödəniş etmişdir. İş materiallarında olan “ZEYTUN PHARMACEUTİKALS” Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, tibbi ləvazimatlara-spirt və bint üçün 290 manat ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli «eManat» terminalıdan 150 manat Vəkil üçün xidmət haqqı ödənilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli satış çekindən görünür ki X4 Mərkəzi” Məhdud Məsuliyyəti Cəmiyyətinə əməliyyatın təsdliqlənməsi üçün Şahid tərəfindən 120 manat ödənilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli satış çekindən görünür ki,”Zeytun PHRMACEUTİCALS» MMC-nə 50 manat ödənilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli satış təmənnasız ödəmə qəbzindən görünür ki, həmin tarixdə X4 Mərkəzi” Məhdud Məsuliyyəti Cəmiyyətinə əməliyyatın təsdiqlənməsi üçün 25 manat köçürülmüşdür. İş materiallarında olan 09.2021-ci il tarixli satış təmənnasız ödəmə qəbzindən görünür ki, həmin tarixdə X4 Mərkəzi” Məhdud Məsuliyyəti Cəmiyyətinə əməliyyatın təsdiqlənməsi üçün 25 manat köçürülmüşdür. Eyni zamanda mülki işə əlavə olunmuş Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022ci il tarixli 1(107)-66/2022 nömrəli qərarından görünür ki, Balakən Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli , 1(019)-89/2021 nömrəli qərarı ilə “8 NoyabrZəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 1.16-cı və 9.1-ci bəndlərinə əsasən Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsilə başlanmış cinayət təqibinə xitam verilmiş və Cavabdeh cinayət məsuliyyətindən azad edilmişdir. Zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Balakən Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli,1(019)-89/2021 nömrəli qərarının verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması, zərərçəkmiş şəxslərə vurulmuş maddi və mənəvi zərərlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olmasının izah edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarında olan dəlilləri, eyni zamanda cavabdehin və vəkilin izahatını dinləyərək belə qənaətə gəlirki, birinci instansiya məhkəməsi həmin hissədə düzgün və ədalətli nəticəyə gəlmişdir. Buna baxmayaraq məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh vurulmuş mənəvi zərərə görə 1000 manat məbləğində pulun İddiaçı verilməsi hissəsində razılaşmır. Belə ki məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən vurulmuş mənəvi zərərə görə müəyyən edilmiş 1000 manat məbləğində pulun tutulması hissəsində hüquq normalarının ədalətli tətbiq edilməsi hissəsində şübhələr yaradır. Eyni zamanda iddiaçı mənəvi ziyan çəkməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmiş, tələbini əsaslandırdığı bu halları sübut edə bilməmişdir. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri, habelə işin diqqətəlayiq halları nəzərə alınmalıdır. “Kletsova Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir. "Alexina və digərləri Rusiyaya qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, mənəvi ziyana görə kompensasiya məsələsinə gəldikdə, məhkəmə hazırkı vəziyyətdə Konvensiyanın pozulduğunu aşkar edərsə, bu fakt ərizəçilər üçün mənəvi ziyanın ədalətli kompensasiyası kimi qəbul edilə bilər. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mənəvi ziyana aid hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə tam ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini tam nəzərə almamışdır. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(019)-716/2022 saylı qətnaməsi Cavabdeh vurulmuş mənəvi zərərə görə 1000 manatın alınıb İddiaçı verilməsi hissəsində ləğv edilməli, ləğv edilən hissədə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə təmin edilməməlidir. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(019)-716/2022 saylı qətnaməsi qismən, Cavabdeh vurulmuş mənəvi zərərə görə 1000 manatın alınıb İddiaçı verilməsi hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verillə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-271/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-271/2023
06.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver