Məhkəmə qərarları › İş №2(107)-300/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-300/2022

26.01.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-300/2022 26.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qeyri-qanuni hərəkətlərin qarşısının alınması tələbinə dair iddia ərizəsinin geri qaytarılması barədə Yevlax Rayon Məhkəməsinin 8 dekabr 2021-ci il tarixli e-2(039)-2671/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərin hərəkətinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 8 dekabr 2021-ci il tarixli e-2(039)-2671/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qeyri-qanuni hərəkətlərin qarşısının alınması tələbinə dair iddia ərizəsi iddiaçıya geri qaytarılmışdır. Qeyd olunan qərardad ilə razı olmayan İddiaçı qərardaddan şikayət verərək, Yevlax Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 08 dekabr 2021- ci il tarixli qərardadının ləğv olunmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 9 dekabr 2021-ci il tarixli 2(039)-2671/2021 nömrəli qərardadı ilə Yevlax Rayon Məhkəməsinin 2(039)-2671/2021 saylı iş üzrə qəbul etdiyi 08 dekabr 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin 8 dekabr 2021-ci il tarixli 2(039)- 2671/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, ərizəyə qanunla müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.6-cı maddəsinə əsasən fiziki şəxs tərəfindən mülkiyyətində, istifadəsində (icarəsində) olan yaşayış evi, mənzil, həyətyanı sahənin torpağı, o cümlədən bağ sahəsi ilə bağlı ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu tutulur. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Yevlax Rayon Məhkəməsinin 8 dekabr 2021-ci il tarixli 2(039)-2671/2021 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Yevlax Rayon Məhkəməsinin 8 dekabr 2021-ci il tarixli 2(039)-2671/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikasının MPM-nin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 8 dekabr 2021-ci il tarixli 2(039)-2671/2021 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar