Məhkəmə qərarları › İş №2(107)-301/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-301/2020

08.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-301/2020 08.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əfəndizadə Həmdiyyə Natiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı "vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair" mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(075)-1522/2019 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətləri üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hаkim P.Hacıyev) xx xxxxxxx 2019-cu il tаrixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı vurulmuş mənəvi zərərə görə dövlət büdcəsinin vəsaiti hesabına 2000 (iki min) manat məbləğində pulun ödənilməsi, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 sabiq rəisi Əbülfəz Rzayevin göstərişi əsasında ona qarşı başlayan qərəzli kompaniya ilə əlaqədar qanunsuz hərəkətlər nəticəsində dəymiş maddi ziyana görə 2000 (iki min) manat və mənəvi zərərə görə 40000 (qırx min) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsindən Cavabdeh2 vasitəsi ilə alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxx 2017-ci il və xx xxx 2017-ci il tarixlərdə Şəkinin bir qrup ziyalı və ictimaiyyət nümayəndələri adından Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Ramil Usubova müraciət edərək, Cavabdeh1 Şəki ictimaiyyətinə qarşı şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə, insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları əleyhinə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayət əməlləri barədə məlumat vermiş və lazımi tədbir görülməsini xahiş etmişdir. Nəticədə Cavabdeh1 ona qarşı olan qərəzli mövqeyini bir qədər də geniş nümayiş etdirərək qanunsuz hərəkətlərini artırmış, Şəki Rayon Prokurorluğu isə liberal mövqeyini davam etdirmişdir. Belə ki, Şəki Rayon Məhkəməsinin (hakim E.M.Mehdiyev) xx xxxxxxx 2018-ci il tarixli, 1(075)-22/2018 saylı hökmü ilə onun və X3 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi üzrə ona CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş, bununla əlaqədar cinayət təqibi orqanlarının qanunsuz hərəkətlərinə qarşı mülki mühakimə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququ izah edilmişdir. Bundan başqa, onun və X3 CM-in 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi üzrə əməllərində CM-in 315-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin olmasını iddia edən müstəntiq qərarını Şəki rayon prokuroru rədd etmişdir. Şəki Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə xx xxxx 2018-ci il tarixli, 3(075)-391/2018 saylı qərarı ilə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair iş üzrə xx xxxx 2018-ci il tarixli, ******* saylı protokolla ona münasibətdə başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. Həmçinin, Şəki rayon prokurorunun qərarı ilə 2017-ci ildə Cavabdeh1 tərəfindən qabaqcadan hazırlanmış plan əsasında hərəkət edən Şəki şəhər sakini X2 “özünü asaraq intihar etməsinə cəhd göstərməsi” faktına görə onun Azərbaycan Respublikası CM-in 125-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əməlində həmin cinayətin tərkib əlamətlərinin olmaması öz təsdiqini tapmışdır. Qax rayonu Qum kənd sakini X1 Şəki Rayon Prokurorluğuna daxil olmuş əsassız şikayəti üzrə Cavabdeh1ndə toplanmış materiallar əsasında ibtidai araşdırma aparan təhqiqatçı onun təqsirsiz və şikayətin əsassız olmasını sübuta yetirmişdir. Həmçinin, Şəki rayon prokurorunun qərarı ilə 2017-ci ildə Şəki şəhər sakini X4 onun barəsində əsassız şikayəti rədd edilmişdir. Onun Azərbaycan Respublikası CM-in 125, 178, 221.2.1 və 315-ci maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinməyinə dair süni şəkildə təşkil edilmiş hadisələrlə bağlı toplanmış materiallar öz hüquqi qiymətini almışdır. Həmin materiallar və işlər üzrə aparılan təhqiqat və istintaq Şəki Rayon Prokurorluğu, Cavabdeh1 ilə yanaşı, Yevlax və Qax rayonlarının polis şöbəsi və prokurorluğunda aparılmışdır. Bu səbəbdən də 2018-ci ildən 1 ilə yaxın müddət ərzində eyni zamanda dəfələrlə Yevlax və Qax şəhərlərinə gedərək izahat vermişdir. Əsassız təhqiqata və istintaqa cəlb edilməyi nəticəsində ona xeyli maddi və mənəvi zərər dəymişdir. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, o, istintaqa cəlb olunduqdan sonra mənəvi sarsıntı və iztirablar keçirmiş, həmçinin qohumları, dostları və tanışları arasında nüfuzdan düşmüşdür. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclaslarının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, bunun səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apelyasiya qaydasında şikayət etmək hüquqları izah olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(075)-1522/2019 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh2 tərəfindən apelyаsiyа şikаyətləri verilmişdir. Apelyasiya şikayətləri və işdə iştirak edən şəxsin dəlilləri İddiaçı tərəfindən apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi sübutlara obyektiv, hərtərəfli və tam baxmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Nəticədə də birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi cavabdeh Şəki şəhər- rayon Polis Şöbəsinin sabiq rəisi Əbülfəz Rzayevin rəhbərliyi altında ona qarşı başlayan və 5 ildən artıq davam edən qərəzli kompaniya nəticəsaində ona qarşı törədilən qanunsuz əməllərin çoxluğuna dair məhkəməyə təqdim etdiyi sübutlarını nəzərə almamış və nəticədə ona dəyən mənəvi zərəri düzgün qiymətləndirməmişdir. Birinci instansiya məhkəməsi cavabdeh Şəki ŞRPŞ-nin onun Azərbaycan Respublikası CM-in 125, 178, 221.2.1 və 315ci maddələrində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinməsinə dair süni şəkildə təşkil etdiyi hadisələrlə bağlı toplanmış materiallar və işlərlə bağlı uzun müddət Şəki Prokurorluğu və Şəhər-Rayon Polis Şöbəsi ilə yanaşı, Yevlax və Qax rayonlarının polis şöbəsi və prokurorluğunda təhqiqata və ibtidai istintaqa cəlb edildiyini, onunla yanaşı övladına da qanunsuz inzibati tənbeh verildiyinə hüquqi qiymət verməmişdir. İşdə olan sübutlardan görünür ki, Polis Şöbəsi tərəfindən qanunsuz olaraq onun azadlığı məhdudlaşdırılaraq sutkalarla şöbədə saxlanılmış, o, cinayət məsuliyyətinə cəlb edilmiş, onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və ona inzibati tənbeh tətbiq edilmişdir. Hesab edir ki, əsassız təhqiqata və istintaqa cəlb edilməyi nəticəsində ona xeyli maddi zərər də dəymişdir. Odur ki, maddi ziyana görə 2000 manat pul tələb etməkdə özünü haqlı hesab edir və həmin tələbinin də təmin edilməsini xahiş edir. Cavabdeh2 tərəfindən apelyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, işə baxılarkən tərəflərin (iddiaçının və dövlətin) hüquq bərabərliyi prinsipinə əməl edilmədiyindən, habelə iddiaçının xeyrinə tutulmuş vəsaitin dövlət büdcəsinə hansı qaydada bərpa olunması ilə bağlı məsələlərə qiymət verilmədiyindən, eyni zamanda, mənəvi zərərin məbləği tam şəkildə əsaslandırılmadığından həmin qətnamə ləğv edilməlidir. İddiaçı ona maddi və mənəvi ziyanın dəyməsi hallarını təsdiq edən tutarlı sübutlar təqdim edilmədən və ümumi ifadələrlə kifayətlənərək ziyanın ödənilməsini tələb etmişdir... İddiaçı onun cinayət işi ilə aidiyyəti olmayan Maliyyə Nazirliyini iş üzrə cavabdeh qismində göstərmişdir. Halbuki, başqa şəxsin öhdəliyinə Maliyyə Nazirliyi məsuliyyət daşımır. Məlum olduğu kimi, mülki qanunvericiliyin tələblərinə görə hər hansı şəxsə zərər vurmuş şəxs və ya şəxslər ona münasibətdə mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı, o cümlədən qanunvericilikdə Maliyyə Nazirliyinin bu cür tələblər üzrə öhdəliyi olmadığı halda iddiaçının özünün iddia tələbində Maliyyə Nazirliyini cavabdeh qismində göstərməsinin əslində heç bir hüquqi əsası olmamışdır. Qeyd olunmalıdır ki, məhkəmə tərəfindən məhz Maliyyə Nazirliyinin hazırkı iş üzrə Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanı kimi təmsil etməsini sübut edən hər hansı mötəbər sənəd və norma mövcud deyildir. Belə olan halda Maliyyə Nazirliyinin üzərinə hər hansı öhdəlik qoyulması həm iddiaçı tərəfindən, həm də məhkəmə tərəfindən sübut olunmalıdır. Göründüyü kimi, cinayət işini araşdıran orqan (və ya məhkəmə) hazırkı iddia tələbi ilə bağlı təqsirkar sayılmalı və iddia tələbinə həmin orqana (və ya vəzifəli şəxsə) münasibətdə baxılıb qətnamə qəbul edilməli idi. İddiaçı «Təhqiqat, ibtidai istindaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanuna istinad edərək ona maddi və mənəvi ziyanın dəyməsi hallarını təsdiq edən hər hansı bir sübut təqdim etmədən və ümumi ifadələrlə kifayətlənərək ziyanın ödənilməsini tələb etmişdir. Məhkəmə tərəfindən mənəvi zərər müəyyən edilərkən heç bir tutarlı dəlilə istinad edilməmiş, xəyali mülahizəyə əsaslanmaqla mənəvi zərərə görə yüksək məbləğdə kompensasiya müəyyən edilmişdir. Fikirlərincə, Cinayət-Prosessual Məcəlləsinin normaları (190-cı maddə) kontekstində iddiaçıya 2000 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır. İddiaçı barəsində mənfi fikrin formalaşması və ya onu əhatə edən şəxslərlə münasibətlərinin pisləşməsi ilə bağlı heç bir şahid məhkəmə prosesinə cəlb edilməmiş, habelə bununla bağlı heç bir sənəd məhkəməyə təqdim edilməmiş, iddiaçının həmin hüquqlarının pozulduğunu təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edilmədiyi halda məhkəmə həmin tələbi də təmin etməklə büdcə qarşısında əlavə öhdəlik qoymuşdur. Hesab edirlər ki, tərəflərindən verilmiş apelyasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında İddiaçı özü tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsini, Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinin isə təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya məhkəməsi iclasının vaxtı və yeri barədəcavabdehlər Cavabdeh1 və Cavabdeh2nə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə kollegiyasının iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətləri üzrə işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini iş materialları üzrə yoxlayıb, iddiaçının izahat və çıxışını dinləyib hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(075)-1522/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1957-ci il tarixdə Şəki şəhərində doğulmuşdur. Yaşayış yeri Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsi, ev 403-dür. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Şəki ŞRPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi, polis mayoru X5 xx xxxxxx 2017-ci il tarixli qərarından görünür ki, İddiaçı və digərləri barəsində olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə yanaşı, CM-in 315-ci maddəsinə də tövsif edilmiş və aidiyyəti üzrə Şəki Rayon Prokurorluğuna göndərilmişdir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Şəki rayon prokuroru, baş ədliyyə müşaviri X6 xx xxxxxx 2017-ci il tarixli qərarından görünür ki, Şəki ŞRPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi, polis mayoru X5 xx xxxxxx 2017-ci il tarixli qərarı qanunsuz hesab edilərək ləğv edilmişdir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 3(075)-391/2018 saylı qərarının surətindən görünür ki, İddiaçı barəsində İXM-in 535.1-ci maddəsinə əsasən başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 1(075)-22/2018 saylı hökmünün surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmiş, ona Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi bəraət verilməsi ilə əlaqədar cinayət işi üzrə cinayət təqibi orqanlarının qanunsuz hərəkətlərindən mülki mühakimə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququ izah edilmişdir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Yevlax Rayon Polis Şöbəsinin xx xxxxxx 2019-cu il tarixli, 1959-19391-1219 saylı məktubundan görünür ki, İddiaçı və digərlərinin barəsində CM-in 178.2.1 və 178.2.2-ci maddələri ilə istintaqı aparılan ********** nömrəli cinayət işi Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 1(039)154/2018 saylı hökmünün surətindən görünür ki, ********** nömrəli cinayət işi üzrə İddiaçı təqsirləndirilən şəxs qismində cəlb edilməmişdir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Qax Rayon Polis Şöbəsinin xx xxxxxx 2019-cu il tarixli, 172-11336-1219 saylı məktubundan görünür ki, İddiaçı barəsində Qax RPŞ-də hər hansı cinayət təqibi ilə bağlı və ya inzibati xəta haqqında material qeydə alınmamışdır. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı CM-in 315-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi barədə Şəki ŞRPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi, polis mayoru X5 xx xxxxxx 2017-ci il tarixli qərarı qanunsuz hesab edilərək ləğv edilmişdir. Həmçinin, Şəki Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 3(075)-391/2018 saylı qərarı ilə İddiaçı barəsində İXM-nin 535.1-ci maddəsinə əsasən başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bundan başqa, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 1(075)22/2018 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmişdir. Birinci instansiya məhkəməsi bu qənaətə gəlmişdir ki, İddiaçı əsassız olaraq CM-in 221.2.1-ci maddəsi ilə ittiham olunması iddiaçı və onun ailə üzvləri barəsində cəmiyyətdə, o cümlədən iş və yaşayış yerində, qonşuluqda yaşayan şəxslər və ya qohum-əqrəbalar arasında mənfi fikirlərin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərinin «soyuqlaşmasına» gətirib çıxarmış və digər mənəvi xarakterli mənfi nəticələrə səbəb olmuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətləri əsasında işi araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə düzgün nəticəyə gəlmiş, iş üzrə maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmiş, işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olan qətnamə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Konstitusiyanın 47-ci maddəsinə əsasən, hər kəsin fikir və söz azadlığı vardır. İrqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir. Konstitusiyanın 57-ci maddəsinə (İİ hissə) əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarında göstərmişdir ki, bir hüququn həyata keçirilməsi digər hüququn məhdudlaşdırılması və ya ümumiyyətlə nəzərə alınmaması ilə müşayiət edilə bilməz. Bu baxımdan şərəf və ləyaqətin müdafiəsi həyata keçirilərkən fikir və söz azadlığı hüququnu nəzərdə tutan Konstitusiya müddəalarına da riayət edilməli və hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır. Bütün hüquqlar həyata keçirilərkən biri-digəri ilə rəqabətdə olur və ona görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən, bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 46-47-ci maddələrinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən Qərarının işığında hazırkı mübahisə üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1101.1-ci maddəsinə əsasən, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Həmin Məcəllənin 1101.2-ci maddəsinə görə, təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Mülki Məcəllənin 1097-ci maddəsinə müvafiq olaraq, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli Qərarının 1-ci bəndində qeyd olunur ki, «İnsan hüquqlarının və X8 haqqında Konvensiya»nın 41-ci maddəsinə və X12 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 1-ci bəndinin 3-cü abzasında qeyd edilir ki, mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Həmin Qərarın 2-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X8 haqqında Konvensiya»nın müddəaları və X12 Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər, xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qiymətləndirməsi ilə razılaşaraq hesab edir ki, iddiaçının haqsız olaraq cinayət təqibi üzrə və inzibati xəta haqqında icraatlara cəlb edilməsi ilə onun hüquqları pozulmuş, ətrafdakılar tərəfindən ona «cinayətkar», «xətakar» adam kimi baxılmasının şüurunda mənfi psixi reaksiyalara səbəb olması nəticəsində mənəvi sarsıntı keçirmişdir. Bununla yanaşı, iddiaçı tərəf vurulmuş mənəvi zərərin miqdarını 40000 manat məbləğində qiymətləndirsə də, lakin məhkəməyə həmin məbləğin ona vurulmuş mənəvi zərərə mütənasibliyini əsaslandıran sübutlar təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən Qərarında qeyd edilir ki, "Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır". Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi iddiaçıya vurulmuş mənəvi zərərə görə kompensasiyanın miqdarını 2000 manat məbləğində müəyyən edərək bu məbləği ağlaban və məqsədə uyğun hesab etməkdə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.5-ci maddəsində qeyd olunur ki, cinayət prosesini həyata keçirən orqanlar icraatında cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar olan təhqiqat, istintaq, prokurorluq orqanları və ya məhkəmələrdir. Həmin Məcəllənin 56.0 və 56.0.1-ci maddələrinə əsasən, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər. Həmin Məcəllənin 57.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Həmin Məcəllənin 58.2-ci maddəsində deyilir ki, fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. Həmin Məcəllənin 60.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir. Həmin Məcəllənin63-cü maddəsində qeyd olunur ki, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə görə, Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması ilə həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir; - 5-ci maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən, bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir; - 6-cı maddəsində qeyd olunur ki, bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir; - 7-ci maddəsində göstərilir ki, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının, etirazın əsaslarını sübut etmək isə cavabdehlərin üzərinə düşür. Bu baxımdan iddiaçı ona 2000 manat maddi ziyan vurulduğunu sübut etməlidir. İddiaçı tərəfindən isə ona 2000 manat maddi ziyan vurulmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə kollegiyası iddiaçının ona vurulmuş maddi ziyanın əvəzi kimi 2000 manat pul tələbini əsassız sayır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”yə əsasən, Azərbaycan Respublikasında maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən mərkəzi icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyidir. Hazırkı iş üzrə iddiaçıya təhqiqat orqanının (Cavabdeh1) səriştəsiz və ya kifayət qədər qanuni və əsaslı olmayan (iddiaçının mövqeyinə görə isə qərəzli) fəaliyyəti nəticəsində mənəvi zərər dəymişdir. CPM-in və «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Qanunun müddəalarına müvafiq olaraq həmin zərər iddiaçıya dövlət tərəfindən və dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Ona görə də məhkəmə kollegiyasının qənaətincə, Maliyyə Nazirliyinin bu iş üzrə özünü cavabdeh hesab etməməsi əsassızdır və məhkəmənin müəyyən etdiyi kompensasiya məbləğinin iddiaçıya ödənilməsini məhz Maliyyə Nazirliyi təmin etməlidir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələr və həmin nəticələrə gəlməsinin hüquqi əsasları ilə razılaşır, apelyasiya şikayətlərinin dəlillərini isə qəbuledilməz sayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətləri əsaslı olmadığından təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(075)-1522/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş аpelyasiya şikayətləri təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(075)-1522/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar