Məhkəmə qərarları › İş №2(107)-319/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-319/2022

10.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-319/2022 10.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X2 və X7 qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, iddia müddəti) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Göyçay Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli 2(046)-855/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X1 və X3 2000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Sədərək Ticarət mərkəzində ticarətlə məşğul olur. 2015-ci ilin yay aylarında şərikli işləyən cavabdehlər, işlədiyi dükana gəlib ondan 2500 manat dəyərində ayaqqabı almışlar, həmin puldan 500 manatını ödəmişlər. Pulun qalan hissəsini isə növbəti ay verəcəklərini bildirmişlər. Lakin cavabdehlər bu günədək borclu olduqları pulu qaytarmamışlar. X4 işlədiyi dükana getmiş, ona borcunu niyə ödəmədiyini soruşduqda, cavabdeh öz payına düşən pulu Ceyhuna verdiyini bildirmişdir. Bu barədə prokurorluğa, polis şöbəsinə müraciət etmiş, məsələnin mülki xarakterli olduğu izah edilərək, məhkəmə müraciət etməyi tövsiyə edilmişdir. Buna görə də iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Göyçay Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli 2(046)-855/2021 saylı qətnaməsi ilə (hakim İ.Fəttahov) İddiaçı cavabdehlər X1 və X3 2000 manat məbləğində pulun tutulması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 2015-ci ilin iyun ayında İddiaçı cavabdeh X2 2500 manat dəyərində nisyə ayaqqabı satmışdır, cavabdeh X5 həmin puldan 500 manatını iddiaçıya ödəmiş, qalan 2000 manat pulu 1 həftə ərzində ödəyəcəyini öhdəsinə götürmüşdür. Bundan başqa məhkəmə müəyyən etmişdir ki, X8 izahatında göstərmişdir ki, Bakı şəhərində Xalqİar Dostluğu Metrosunun yanında yun bazarında ticarətlə məşqul olur, X5 ilə həmin bazarda tanış olmuşlar. X5 bir neçə yerdə alverlə məşqul olduğu üçün malları qarışdırmamaq üçün ona gələn malların üzərinə onun adının yazıldığını qeyd etmişdir. Məhkəmə baxışı zamanı cavabdeh X3 2000 manat pulun alınaraq iddiaçıya ödənilməsinə əsas ola bilən heç bir mötəbər sübut müəyyən edilməmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab etmişdir ki, tərəflər arasında 2015-ci il tarixli şifahi nisyə alqı-satqı müqaviləsi bağlandığı vaxtdan 6 il artıq müddət keçdiyindən, qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti iddiaçı tərəfindən buraxılmış hesab edilməlidir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı cavabdeh X2 və X7 qarşı pul tələbinə dair iddiası rədd edilməlidir. İddia rədd edildiyindən dövlət rüsumu ödənilmiş 30 manat məbləğində pul iddiaçıya aid edilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı, Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü, 375.2.-ci, 376.-cı, 377.2-ci, maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 119.1-ci, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, cavabdeh X5 məhkəməyə verdiyi izahatında ondan 2015-ci ilin iyun ayında 2500 manat dəyərində ayaqqabı aldıqlarını, həmin puldan 500 manat ödədiklərini,q alan 2000 manatını isə bir həftəyə ödəyəcəklərinə söz vermişlər.Yəni iddia tələbi məhkəmə baxışında etiraf olunmuşdur. Lakin cavabdeh üç illik iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə ərizə təqdim etmişdir. Halbuki, 2017-ci ildə Qaradağ rayon Polis idarəsinə X6 və X8 verdiyi ərizə üzrə barələrində cinayət işinin başlanılması rədd ediimişdir. Qaradağ rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli 6(002)-09/2019 nömrəli qərarı ilə cavabdehlər barəsində verdiyi şikayət ərizəsi araşdırılmış, Qaradağ rayon Polis İdarəsinin 10-cu PR-nin təhqiqatçısı polis polkovnikleytenantı X13 tərəfindən HK-1-1228 saylı material üzrə 22 fevral 2018-ci il tarixdə qəbul edılmiş ”cinayət işinin başlaılmasının rədd edilməsi barədə” qərar qanunsuz hesab edilərək ləğv edilmişdir. Material və qərarın surəti Qaradağ rayon Prokurorluğuna göndərilmişdir. Yəni ki, iddia müddəti ərzində və ondan sonra o müxtəlif inzibati orqanlara müraciət edərək cavabdehlərin əməlində dələduzluq cinayəti olduğundan onların məsuliyyətə cəlb edilmələrini xahiş etmişdir. Həmin proseslərdə tələb cavabdehlər tərəfindən etiraf olunmuşdur. Məhkəmənin qətnaməsi qanunsuz (maddi və prosessual hüquq normalarına ziddir) və əsassızdır (iş materialları ilə təkzib edilir).Belə ki, birinci instansiya məhkəməsində işə qeyri-obyektiv və bir tərəfli baxılmiş, işin faktiki halları araşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdir. Qeyd olunanlara əsasən o, Göyçay rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(046)-855/2021 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı cavabdeh etiraz göndərərək etirazını belə əsaslandırmışdır ki, o 2015-ci ilin yay aylarında ticarət işləri ilə məşğul olub. «Sədərək» Ticarət Mərkəzində ticarətlə məşğul olan İddiaçı qiyməti 2500 manat olan ayaqqabılar almış, ilkin ödəniş kimi Ağakişiyə 500 manat pul vermişdir. Pulun qalan hissəsini isə bir həftədən sonra ödəyəcəyini demişdir. Bir neçə gündən sonra şəxsi problemləri olduğundan müflisləşmiş və borcunu ödəyə bilməmişdir. Bundan sonra işləmək üçün Rusiya Fedarasiyasına getmişdir. O iddia ərizəsində adı çəkilən X8 ilə şərik olmamışdır. Ümumiyyətlə Məhbubənin onların alverinə aidiyyəti olmamışdır. X11 metrosunun yaxınlığında yerləşən yun bazarında qadın paltarları satışı ilə məşğul olurdu. Məhbuba ilə həmin bazarda tanış olmuşdur. Bakı şəhərində bir neçə yerdə də alverlə məşğul olduğu üçün malları qarışdırmamaq məqsədilə Ağakişidən aldığı malları Xalqlar Dostluğu metrosunun yaxınlığında verləşən yun bazarında satdığını nəzərə alaraq, malların üzərindəki qutuya Məhbubənin adını yazmışdır. Buna görə də İddiaçı elə bilir ki, o Məhbuba ilə şərikdir. Aralarında şifahi nisyə alqı-satqı olmuşdur. Belə ki, şərtlərə əsasən o 2015-ci ilin yay ayında aldığı malların pulunu 1 həftəyə (7 gün) qaytarmalı idi. Belə olan halda iddiaçı 3 (üç) illik iddia müddətini buraxmışdır. Belə ki, aralarındakı razılıq 2015-ci il tarixdə bitmiş və iddiaçı 2018-ci il tarixə kimi məhkəmədə iddia qaldırmalı idi. İddia tələbi 3 (üç) illik iddia müddəti keçdiyi üçün rədd edilməlidir. Yuxarıda göstərdiklərini nəzərə alaraq, o, İddiaçı iddia ərizəsi üzrə 3 (üç) illik iddia müddətini ötürdüyündən, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin rədd edilməsini, Göyçay Rayon Məhkəməsinin 14.10.2021 -ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli 2(046)-855/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər X5 və X8 məhkəmə kollegiyası iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbаycаn Respublikаsı Konstutsiyа Məhkəməsinin Plenimunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tаrixli qərаrınа əsаsən kredit münаsibətlərindən yаrаnаn məsələlərə Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 373.2-ci mаddəsində nəzərdə tutulаn üç illik iddiа müddəti tətbiq edilməlidir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 384.0.4-cü mаddəsində nəzərdə tutulаn əşyа hüquqlаrının müdаfiəsi ilə əlаqədаr tələblərə iddiа müddətinin şаmil edilməməsi kredit müqаvilələrindən yаrаnаn münаsibətlərə аid edilə bilməz. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 373.2-ci mаddəsinə əsаsən müqаvilə tələbləri üzrə iddiа müddəti üç il, dаşınmаz əşyаlаrlа bаğlı müqаvilə tələbləri üzrə iddiа müddəti isə аltı ildir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 373.2 və 377.2-ci mаddələrinin mənаsınа görə kredit müqаviləsində bаşqа hаl nəzərdə tutulmаyıbsа, iddiа müddətinin аxımı bu müqаvilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icrа müddəti bitdikdə bаşlаnır. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 375.1-ci mаddəsinin mənаsınа görə hüququn müdаfiəsi hаqqındа tələb iddiа müddətinin keçməsindən аsılı olmаyаrаq məhkəmə tərəfindən bаxılmаğа qəbul edilir. .İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli qərarında Konstitutsiya Məhkəməsi qeyd etmişdir ki, hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətində apellyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Göyçay Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli 2(046)-855/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin qanuniliyini tam həcmdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə doğru nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, maddi hüququn tətbiqində səhvə yol verməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli 2(046)-855/2021 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri əsassızdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, 2015-ci ilin iyun ayında İddiaçı cavabdeh X2 2500 manat dəyərində nisyə ayaqqabı satmışdır, cavabdeh X5 həmin puldan 500 manatını iddiaçıya ödəmiş, qalan 2000 manat pulu 1 həftə ərzində ödəyəcəyini öhdəsinə götürmüşdür. Göründüyü kimi birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, tərəflər arasında 2015-ci il tarixli şifahi nisyə alqı-satqı müqaviləsi bağlandığı vaxtdan 6 il artıq müddət keçdiyindən, qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti iddiaçı tərəfindən buraxılmış hesab edilməlidir. Bundan başqa müəyyən edilmişdir ki, digər cavabdeh X8 Bakı şəhərində Xalqİar Dostluğu Metrosunun yanında yun bazarında ticarətlə məşqul olur, X5 ilə həmin bazarda tanış olmuşlar. X5 bir neçə yerdə alverlə məşqul olduğu üçün malları qarışdırmamaq üçün ona gələn malların üzərinə onun adının yazıldığını qeyd etmişdir. Məhkəmə baxışı zamanı cavabdeh X3 2000 manat pulun alınaraq iddiaçıya ödənilməsinə əsas ola bilən heç bir mötəbər sübut müəyyən edilməmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiya hesab edir ki, iddiaçının tələblərinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi nəzərdən keçirilə bilər; Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Mülki Məcəllənin 157-ci maddəsinə əsaslanan iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi (yaxud qanuni sahibi) olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Hazırki iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi əmlakların özünün mülkiyyətində (qanuni sahibliyində) olduğunun, onun cavabdehdə saxlandığının, cavabdehlərin həmin əşyaya qanunsuz sahiblik etməsinin sübut olunmasıdır. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddianın ikinci cavabdehə aid hissəsinə düzgün hüquqi qiymət verilmişdir. Belə ki, iddiaçı tərəf cavabdeh X7 2000 manatlıq mal verdiyini bildirsə də buna dair hər hansı bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, mübahisələndirilən hissə üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə doğru nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, maddi hüququn tətbiqində səhvə yol verməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli 2(046)-855/2021 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli 2(046)-855/2021 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar