Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-324/2024 13.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul" tələbinə dair mülki iş üzrə (Açar sözlər: Pul tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul" tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(037)-891/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2800 manat məbləğində pul və ödənilmiş 50 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2850 manat vəsaitin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehi uzun müddətdir ki tanıyır, o maşın alveri ilə məşğul olmuşdur. 2022-ci ilin sentyabr ayında cavabdeh maşın almaq istədiyini, lakin pulu çatmadığını bildirərək, ondan 2900 manat borc almışdır. Lakin cavabdeh aldığı "VAZ 2107" markalı avtomobilin satılmadığını bildirərək ondan aldığı 2900 manat pulu qaytarmamışdır. Bu barədə dəfələrlə cavabdehə pulu qaytarmasını tələb etsə də o, həmin puldan 100 manat qaytarmış, qalan borcunu isə qaytarmaqdan imtina etmişdir. Həmin borcun cavabdehə verilməsi barədə borc müqaviləsi olmasa da cavabdehin ona olan borcunu etiraf etməsi barədə “whatsapp” yazışmaları mövcuddur.
Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə fərqli məzmunlu izahat verib, əlavə olaraq göstərmişdir ki, o, cavabdehlə birlikdə Bakı şəhəri Bakıxanov qəsəbəsində yerləşən Asan Xidmət Mərkəzində Elnur Ələkbərov adlı şəxsə 2600 manat məbləğində pul verərək onun adına olan avtomobili cavabdehə almış, əvvəllər isə ümumilikdə cavabdehə 300 manat məbləğində borc pul vermişdir. Cavabdeh həmin puldan 100 manatını qaytarmış, qalan 2800 manatı isə qaytarmaqdan imtina edir. Ona görə də iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, o, kənd təsərrüfatı məhsullarının satışının əlaqələndirilməsi işi ilə məşğul olmuş və iddiaçı ilə uzun müddət bu işi birlikdə görmüşlər. Eyni zamanda o, avtomobil alveri ilə məşğul olmuş, demək olar ki, aldığı bütün avtomobilləri iddiaçının iştirakı ilə almış, 2022-ci ilin sentyabr ayında iddiaçını bu işlərdə sərişdəsi olduğuna görə avtomobil almaq üçün onunla birlikdə Bakı şəhərinə getmiş, “VAZ 2107” markalı avomobili almaq üçün ona 2600 manat ekvivalenti məbləğində dollar vermiş, həmin vaxt avtomobilin pulunu hər zamankı kimi satıcıya iddiaçı vermişdir. Bir daha bildirmək istəyir ki, onun sürücülük vəsiqəsi olmadığından, eyni zamanda ümumiyyətlə bütün avtomobil alışı zamanı olduğu kimi sonuncu dəfə də o pulu iddiaçıya vermiş satıcıya pulu iddiaçı vermişdir. Lakin həmin pul manatla olmamış, 2600 manat ekvivalentində dollarla olmuşdur. Bundan başqa o, iddiaçı ilə kənd təsərrüfatı məhsullarının satıcını həyata keçirdiyi dövrdə ondan hissə-hissə 300 manat borc almış,lakin həmin pulu ona qaytarmışdır. İddiaçı ilə olan “whatsapp” yazışmaları isə məhz ondan borc aldığı 300 manatla bağlı olmuşdur. İddiaçı əsassız olaraq ondan pul tələb edir.Ona görə də iddianın təmin olunmamasını xahiş etmişdir.
5. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(037)-891/2023 nömrəli qətnaməsi ilə, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 200 manat pul və 30 manat dövlət rüsumu olmaqla, cəmi 230 (iki yüz otuz) manat pulun alınaraq İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumu məbləğinin qalan 20 (iyirmi) manatının iddiaçının özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Birinci intansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər kənd təsərrüfatı məhsullarının satışını həyata keçirdikləri dövrdə cavabdeh iddiaçıdan 300 manat məbləğində borc almışdır. Bu hal işin mübahisəsiz halıdır. Cavabdeh həmin borcdan 100 manat qaytarmış, qalan hissəsini isə hazırkı vaxtadək qaytarmamışdır.Cavabdeh borcunu tam ödədiyini bildirsə də bu faktı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşadıkakılarla əsaslandırmışdır;
7. Məhkəmə iddiaçının cavabdehə avtomobil satın almaq üçün 2600 manat pul verdiyi barədə tələbinə hüquqi qiymət verərək hesab etmişdir ki, iddia bu hissədə əsaslı deyildir. Belə ki, iddiaçı iddia ərizəsində 2022-ci ilin sentyabr ayında avtomobil satın alınması ilə bağlı cavabdehə 2900 manat verdiyini, məhkəmə iclasında isə əslində həmin pulun 300 manat hissəsinin əvvəldən verildiyini, 2600 manat hissəsinin isə avtomobil satın alınarkən verildiyini bildirmişdir. Sözügedən ziddiyətin səbəbini isə iddia ərizəsi tərtib edilərkən vəkilin texniki səhvə yol verdiyini bildirmişdir.
8. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə təqdim edilən “whatsapp” yazışmalarında da cavabdehin iddiaçıya borclu olduğu müəyyən edilmiş, lakin həmin borcun iddiaçının iddia etdiyi kimi 2600 manat borca aid olduğu müəyyən edilməmişdir. Tərəflər arasında olan “whatsapp” yazışmalarının mahiyyətindən borcun 300 manat hissəsinə, yoxsa 2600 manat hissəsinə aid olduğu müəyyən olunmur.
9. Məhkəmə hesab etmişdir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçı ilə aralarında bağlanmış şifahi borc müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır.
10. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddia tələbi qismən təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 50 manat dövlət rüsumu məbləğinin 30 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 20 manatı isə iddiaçının özünə aid edilməlidir.
11. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, cavabdeh iddiaçıdan 300 manat borcundan 100 manat ödəmiş, qalan borcunu isə ödəməkdən yayınır. Belə olan halda cavabdehdən 200 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 230 manat pul iddiaçıların xeyrinə tutulmalıdır.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 425.1, 448.1, 739.1, 739.2, 740.1-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 81, 107, 119.1, 217.4 və 220.5-ci maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin ona bu 200 manatdan əlavə 2600 (iki min altı yüz) manat borcu qalır. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-891/2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi nəticəsində ona sadəcə 200 manat ödənilməsi iddiaçı tərəf olaraq onun hüququnun pozulması deməkdir.
15. Onun tərəfindən borcun alınmasının sübut olunması iddianın təmin edilməsi və həmin məbləğin cavabdehdən tutularaq ona ödənilməsi üçün əsasdır.
16. Cavabdehin borcunu etiraf etməsinə rəğmən İsmayıllı Rayon Məhkəməsinin qətnaməsi ilə iddiası tam təmin edilməmişdir
17. Hesab edir ki, hazırki şikayətin 5-ci və 6-cı bəndlərində göstərilən dəlillər və sübutlar məhkəmənin iş üzrə müəyyən edilmiş hallara maddi hüquq normalarını düzgün tətbiq etməməsi və maddi hüququn tələblərinin və prosessual hüquq normalarının tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Göründüyü kimi, İsmayıllı Rayon Məhkəməsinin qətnaməsi ilə Mülki Prosessual Məcəllənin 386-cı və 387-ci maddələrinin tələbləri pozulmuşdur. Maddi və prosessual hüquq normasının pozulması ilə qəbul edilən qətnamə isə iş üzrə iddiaçının mənafeyinin, qanuni maraqlarının pozulması ilə nəticələnmişdir.
18. Odur ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-891/2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
20. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(037)-891/2023 nömrəli qətnaməsinin iddiasının təmin edilməmiş hissəsində ləğv edilərək, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasıına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəməyə teleqram göndərərək, səhətində yaranan problemlə bağlı məhkəmə prosesində iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsaasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə uyğun olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri
24. Apellyasiya şikayətindən görünür ki, apellyator İsmayıllı Rayon Məhkəməsinin 2(037)-891/2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyi və əsaslılığı təşkil edir.
26. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur.
27. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-891/2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edildiyi halda İddiaçı qətnamənin iddianın təmin edilmiş hissəsində nə üçün ləğv edilməli olmasına heç bir aydınlıq gətirməmişdir.
28. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməmiş hissəsində yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddianın rədd edilmiş hissəsində maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, həmin hissədə mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır.
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
31. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, tərəflərin uzun müddətdir ki, tanışlıq münasibətləri vardır. Tərəflər 2022-ci ilin sentyabr ayında cavabdeh üçün avtomaşın alınması məqsədi ilə Bakı şəhərində avtomaşın satıcısı ilə görüşmüşlər. Cavabdehə alınan avtomaşın üçün 2600 manatın ekvivalentində ABŞ dollarını iddiaçı avtomaşın satıcısına vermiş, avtomaşın ASAN xidmət mərkəzində cavabdehin adına sənədləşdirilmişdir. İddiaçı cavabdehə borc olaraq verdiyi həmin məbləğin qaytarılmamasına istinad edərək, 2600 manat borcun qaytarılmasını tələb edir. Cavabdeh isə avtomaşın satıcısına təqdim edilməsi üçün pulun onun tərəfindən əvvəlcədən iddiaçıya verilməsini əsas gətirərək iddianı qəbul etməmişdir.
32. Apellyator apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, cavabdeh tərəfindən borcun alınmasının sübut olunması iddianın təmin edilməsi və həmin məbləğin cavabdehdən tutularaq ona ödənilməsi üçün əsasdır.
33. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin dəlili ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin qeyd edilən dəlili əsaslıdır.
34. Belə ki, məhkəmə kollegiyası iş materiallarını araşdıraraq ilk növbədə qeyd edir ki, iddiaçı 2600 manat borcu da cavabdehdən tələb etməkdə haqlıdır.
35. Məhkəmə kollegiyası qeyd edir ki, mülki iş materiallarında olan 15 noyabr 2023-cü il tarixli məhkəmə iclas protokolundan görünür ki, cavabdeh məhkəmə iclası zamanı onun üçün alınan VAZ 2107 markalı avtomaşın üçün 2600 manat ekvivalentində dolların iddiaçı tərəfindən avtomaşının satıcısına verildiyini göstərmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində 2022-ci ilin sentyabr ayında özünə məxsus VAZ 2107 markalı avtomobili ASAN xidmət mərkəzində 2600 manata Cavabdeh satdığını, pulun isə İddiaçı tərəfindən verildiyini göstərmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X1 da digər şahid olan oğlu X2 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir.
36. Kollegiya qeyd edir ki, cavabdeh üçün alınan avtomaşına görə 2600 manat ekvivalentində vəsaitin məhz iddiaçı tərəfindən ödənilməsi işin mübahisəsiz halı olduğu halda həmin vəsaitin cavabdeh tərəfindən əvvəlcədən iddiaçıya ödənilməsini sübutetmə yükü məhz cavabdehin üzərinə düşür. Cavabdeh tərəfindən isə onun üçün alınan avtomaşına görə 2600 Azərbaycan manatı ekvivalentində ABŞ dollarının əvvəlcədən iddiaçıya verilməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
37. Mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
39. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
40. Məhkəmə kollegiyası nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Bundan başqa məhkəmə iclasında yalnız həqiqətə uyğun olan və əsaslı şübhədən kənar səsləndirilən ifadələr iş materiallarında olan sübutlarla birgə qiymətləndirilərək, mülki işin həlli zamanı nəzərə alınmalıdır.
41. Daha sonra kollegiya qeyd edir ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Cavabdeh məhkəmə iclasında istinad etdiyi halları sübut etməli olduğu halda, onları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
43. Lakin hazırkı halda birinci instansiya məhkəməsi cavabdehin 2600 Azərbaycan manatı ekvivalentində ABŞ dollarının əvvəlcədən onun tərəfindən iddiaçıya verilməsinə dair izahatını digər bir dəlilə istinad edilmədən əsaslı hesab etməkdə səhvə yol vermiş, cavadehin bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməməsini nəzərə almamış, nəticədə mülki iş üzrə mübahisəni həll edərkən düzgün nəticəyə gəlməmişdir.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
45. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.
46. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iddianın 2600 manat borca və 20 manat dövlət rüsumuna dair gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, həmin hissədə qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, iş üzrə tam qanuni və əsaslı qətnamə qəbul edilməmişdir.
47. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 2600 manat borcun və 18 manat dövlət rüsumunun da cavabdehdən alınmasını tələb etməkdə haqlı olmuşdur.
48. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin 200 manatına dair hissəsi birinci instansiya məhkəməsi, əlavə olaraq 2600 manata dair hissəsi isə məhkəmə kollegiyası tərəfindən əsaslı hesab edildiyindən, cəmi 2800 manata uyğun tutulmalı dövlət rüsumunun məbləği 48 manat təşkil edir. Hansı ki, həmin məbləğdən 30 manatının birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən iddiaçının xeyrinə tutulması qət edildiyindən hazırkı mərhələdə cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan dövlət rüsumunun məbləğini 18 manat təşkil edir. Bu baxımdan iddiaçı tərəfindən dövlət büdcəsinə iddia tələbi üçün nəzərdə tutulan 48 manat dövlət rüsumundan bir qədər artıq, yəni 50 manat dövlət rüsumunun ödənilməsinə baxmayaraq, artıq ödənilmiş 2 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslı hesab edilə bilməz.
49. Kollegiya qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 fevral 2024-cü il tarixli, 2(107)-324/2024 nömrəli qərardadı ilə iddiaçı tərəfindən artıq ödənilmiş 2 manat dövlət rüsumunun dövlət büdcəsindən ona geri qaytarılması qərara alınmışdır.
50. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(037)-891/2023 nömrəli qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən, yəni iddianın təmin edilməmiş 2600 manat borc və 20 manat dövlət rüsumuna aid hissələrdə ləğv edilməli, ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi 2600 manat borc və 18 manat dövlət rüsumu hissələrində də təmin edilərək, Cavabdeh 2600 manat borc və 18 manat dövlət rüsumu da alınaraq, İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir.
51. Qətnamə iddiaçının apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(037)-891/2023 nömrəli qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən, yəni iddianın təmin edilməmiş 2600 manat borc və 20 manat dövlət rüsumuna aid hissələrdə ləğv edilsin. Ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi 2600 manat borc və 18 manat dövlət rüsumu hissələrində də təmin edilərək, Cavabdeh 2600 manat borc və 18 manat dövlət rüsumu alınaraq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə iddiaçının apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.