Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-340/2024 01.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X2 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, Göyçay Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 2(046)-1809/2016 saylı qərardadından Cavabdeh verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı «pulun geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, BƏDRX-nin Ucar Ərazi İdarəsinin xx.xx.2011 -ci il tarixli MA-0149950 nömrəli Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən, Cavabdeh xüsusi mülkiyyətində olan Göyçay rayon Üngütlü kəndində yerləşən, ümumi sahəsi 159 kv.m olan qeyri-yaşayış binasının ona satılması görə Cavabdeh verilmiş 65000 (altmış beş min) manat pulun alınıb, onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 10 iyun 2016-cı il tarixli, 2(046)-1809/2016 saylı qətnaməsi ilə iddia təmin edilməsi, 65.000 (altmış beş min) manat Cavabdeh alınıb İddiaçı xeyrinə verilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək, Göyçay Rayon Məhkəməsinin 2(046)-1809/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün üzrlü buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh ərizəsində bildirmişdir ki, Göyçay Rayon Məhkəməsinin 2(046)- 1809/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə ondan İddiaçı xeyrinə 65000 manatın tutulması qət edilmiş, lakin onun həmin qətnamənin çıxarılmasından xəbəri olmamışdır. Belə ki, İddiaçı qardaşı X5 ilə aralarında mübahisə yaranmış, 2016-cı ildə İddiaçı qohumu və yaxını Vidadi İsgəndərli ilə birləşərək ona oğlu ilə hədə-qorxu gəlmiş, qardaşı Çingiz ilə aralarında olan mübahisədə ona məxsus olan torpaq sahəsinin pulunu Çingizin Ağalara, Ağaların isə guya ona verməsini təsdiq etməyi tələb etmişlər. Lakin hal-hazırda ona məlum olmuşdur ki, sözügedən ərizə guya ki, borcun etirafı imiş. Həmin ərizəni Ağalar və Vidadi poçt vasitəsi ilə məhkəməyə göndərərək saxta qətnamə çıxarılmasına nail olmuşlar. İcra məmuru tərəfindən borcun ödənilməsi tələb edildikdən sonra ona məlum olmuşdur ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-1809/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi mövcuddur. Sözügedən qətnamənin icrasını təmin etmək məqsədi ilə evinin üzərinə həbs qoyulmuşdur. Qətnamədən ondan asılı omayan səbəblərə görə apelyasiya şikayətinin verilməsi müddəti ötürülmüşdür. Göyçay Rayon Məhkəməsinin 2(046)-1809/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsindən apelyasiya şikayətinin verilməsi üçün üzrlü buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 2(046)-1809/2016 saylı qərardadı ilə Cavabdeh Göyçay Rayon Məhkəməsinin 2(046)-1809/2016 saylı xx.xx.2016cı il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün üzrlü buraxılmış müddətin bərpası barədə vəsatəti təmin edilməmişdir. Həmin qərardaddan Cavabdeh şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəməyə vəsatətlə müraciət edərək Göyçay Rayon Məhkəməsinin 2(046)-1809/2016 saylı, 10 iyun 2016-cı il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün üzrlü səbəblərdən buraxılmış müddətinin bərpa edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 2(046)- 1809/2016 saylı, 29 noyabr 2023-cü il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. Qərardadda qeyd edilmişdir ki, ərizədə göstərilən xüsusat həmin qətnamədən şikayət vermə müddətinin bərpası üçün əsas ola bilməz və apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş bir aylıq müddət üzürsüz səbəblərdən ötürülmüş hesab edilməlidir. Bildirir ki, onun təhsili yoxdur. Latın əlifbası ilə oxuyub yaza bilmir. Qanunları isə ümumiyyətlə bilmir. Təhsilsiz, savadsız, sadəlöhv olmağı səbəbindən bütün bu olanlar başına gəlmiş, indi də küçələrdə qalmaq həddindədir. 2022-ci ilin dekabr ayında qətnaməni imza edib götürməyini isə ümumiyyətlə rədd edir. Bundan başqa, vəsatətində də qeyd etdiyi kimi, 2016-cı ildə notariat xidmətində aldadıldığını bildirmişdir. Orada nə yazılmasından xəbəri olmamışdır. Apellyasiya şikayətinin verilməsi üçün müddət bərpa olunarsa həqiqət meydana çıxacaq və qətnamə ləğv ediləcəkdir. Buna görə də qərardadın ləğv olunmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 2(046)-1809/2016 saylı qərardadı ilə, Cavabdeh Göyçay Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 2(046)- 1809/2016 saylı qərardadının ləğvi barədə şikayət ərizəsinin təmin edilməməsi, qərardaddan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 2(046)-1809/2016 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Məhkəmə kollegiyası iş materiallarına baxaraq qeyd edir ki, 12 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Rayon İcra və Probasiya şöbəsinin bildirişindən və icraata başlama haqqında qərarın surətindən görünür ki, Cavabdeh bildiriş və qərarın surətinin almasını öz imzası ilə təsdiq etmişdir. Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh izahatı alınmışdır. Göyçay rayon Məhkməsinin xx.xx.2023-cü il tarixli, 3(046)-469/2023 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbs tənbeh növü təyin edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında tədqiq edilmiş sübutlardan göründüyü kimi, Cavabdeh barəsində çıxarılmış qətnamədən 2022-ci ilin dekabr ayının 12-də xəbərdar olmuş, eləcə də Göyçay Rayon Məhkəməsinin 2(046)-1809/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsində Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə təsdiq olunmuş ərizə və izahat ünvanlayaraq iddianı etiraf etdiyini və qətnamənin icrasına bir il möhlət verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. MPM-in 133.2-ci maddəsinə əsasən, buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında da deyilir ki, atılmalı olan formal adımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Göyçay Rayon Məhkəməsinin 29 noyabr 2023cü il tarixli 2(046)-1809/2016 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 29 noyabr 2023cü il tarixli 2(046)-1809/2016 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 2(046)-1809/2016 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-340/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-340/2024
01.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver